Məhkəmə qərarları › İş №2(078)-1122/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1122/2024

19.07.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1122/2024 19.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdə keçirərək, müəyyənetdim: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Şərur şəhərində olan SMR fərdi firmasının direktoru arasında 28 dekabr 2006-cı il tarixdə Şərur rayon 2-ci Notariat Kontorunda 4-Ə-107 nömrə ilə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və müqavilədən irəli gələn öhdəliklərin ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin məhkəmə icraatına qəbul edilib-edilməməsini araşdıraraq müəyyən edirəm ki, iddia ərizəsi verilərkən məhkəmə aidiyyət qaydaları pozulmuşdur. Ona görə də, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, sistem məlumatlarından görünür ki, İddiaçı taksi fəaliyyəti üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçmiş, ona ********** nömrəli VÖEN verilmişdir. Həmçinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh da Şərur şəhərində SMR fərdi firmasının direktoru olaraq həmin müqaviləni imzalamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 saylı qərarının 11-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Qeyd edilən Qərarın 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 152.1 və 152.1.3-cü maddələrinin tələbinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsi geri qaytarıldığına görə, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 16 iyul 2024-cü il tarixli, 19432 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Ona görə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hazırki tələbin kommersiya tələbi olduğu xatırladılmaqla, müvafiq qaydada kommeriya məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldİm: İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 16 iyul 2024-cü il tarixli, 19432 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu qaytarılsın. İddiaçı izah olunsun ki, hazırki tələbin kommersiya tələbi olduğu xatırladılmaqla, müvafiq qaydada kommeriya məhkəməsinə müraciət edə bilər. Qərardaddan, o rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar