Məhkəmə qərarları › İş №2(078)-1136/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1136/2024

02.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1136/2024 02.12.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Cavabdeh5, mütəxəssis X15 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X10 qarşı əmlakda payların müəyyən olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı vəkili Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 vəfatından sonra ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 144.36 kv.m olan fərdi yaşayış evinin və 0.1 ha torpaq sahəsinin bərabər qaydada vərəsələr arasında bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası mərhum X11 28 yanvar 2020ci il tarixində Naxçıvan şəhərində vəfat etmişdir və onun ölüm faktı Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 yanvar 2020-ci il tarixli, 702175 nömrəli ölüm haqqında şəhadətnamə ilə təsdiq olunmuşdur. X2 adına ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 144.36 kv.m olan fərdi yaşayış evi və 0.1 ha torpaq sahəsi qeydə alınmışdır. Mirasın qəbul edilməsi faktının müəyyən olunması barədə tələb ilə bağlı məhkəməyə ərizə ilə müraciət edilmiş, mübahisə olduğundan ərizə məhkəmədə baxılmamış saxlanılmışdır. Məhkəmə qəbul etdiyi qərardadla miras əmlakda payların müəyyən edilməsi hüququnun olduğunu bildirmişdir. Bu səbəbdən də miras əmlakda payların müəyyən olunması tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. X2 vərəsələri: həyat yoldaşı Cavabdeh2, qızı Cavabdeh3, oğlu Cavabdeh1, qızı Cavabdeh4 Məhərəm qızı, qızı X13 və oğlu İddiaçıdur. Məhkəmə iclası zamanı iş üzrə İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, vərəsələrdən yalnız Anar öz payını tələb edir. Digər vərəsələr öz paylarından onun xeyrinə imtina edib. Evdə hazırda Sevil xanım yaşayır. Sevil xanım atasının qeyri-rəsmi həyat yoldaşı olub. Atası vəfat edəndən sonra da orada yaşamağa davam edib. Sevil xanımın da bütün ehtiyaclarını o qarşılayır. Evdə hansı iş görüləcəksə, təmir işi, kommunal xərclərin ödənilməsi o təmin edir. Özü Bakıda yaşayır və işləyir. Lakin Naxçıvanda atasından qalan ev üçün nə lazımdırsa edir. Sözügedən evdə yaşamasa da, evin bütün xərclərini çəkib. O, Anarın payının verilməsinə qarşı deyil. Qanuni vərəsədir. Anasının payına qarışmır. Onlar atasının payını mübahisələndirir. Hər kəsin payı müəyyən edilsin. Anarın iddia etdiyi sahənin bələdiyyənin mülkiyyətində olduğunu əvvəldən bilirdilər. Bacıları və anası öz payını ona verir. Anara bir pay çatır. Bu qanunun tələbidir. Həmin payın verilməsinə etiraz edə bilməz. Məhkəmə iclası zamanı iş üzrə iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək izahatında bildirmişdir ki, ərizədə hər şey qeyd edilib. Mərhumdan qalmış əmlaka hazırda iddiaçı baxır və bütün evə aid işlərə İlqar nəzarət edib. Digər vərəsələr ayrılıblar. Hazırda İlqar anası Dilşad xanımla Bakı şəhərində yaşayır. Evi də başqa bir qadına baxması və müvəqqəti yaşaması üçün verilib. Həmin qadın İlqarın atasının qeyri-rəsmi arvadı olub. İllərlə Məhərrəm kişiyə qulluq edib. Ona görə evi İlqar özü könüllü Sevil adında xanıma yaşaması üçün verib. Sevilin övladı olmayıb. Mərhum Məhərrəm kişi öldükdən sonra vərəsələr heç bir notariat qaydada ərizə verməyiblər. İddiaçının anası və bacısı Vəfa notariat orqana müraciət etdiyində notariat orqan ərizə verilmədiyi üçün bundan imtina edilib. Məhkəmə iclası zamanı dindirilən iş üzrə Cavabdeh1 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. İlqar onun qardaşıdır. Atası hələ sağlığında həmin həyətdə ona 2 sot torpaq bağışlayıb. Düzdür rəsmi sənədlər yoxdur. Ancaq şifahi bildirmişdir ki,” bu iki sot torpağı Anara vermişəm” deyib. Hətta qonşular da bunun şahidi olub. Anası Dilşadla və qardaşı İlqarla soyuq münasibəti var. Anası illər öncə atasını tərk edib getdi. Atası Sevil adında qadınla yaşamağa başladı. Sevil atasının rəsmi nikahlı arvadı olmayıb. Ancaq atasına baxıb, qulluq edib bütün nə lazımdırsa bir həyat yoldaşı kimi atasının qulluğunda durub. İndi həmin ev İlqara deyil Sevil xanıma çatmalıdır. Çünki o evdə Sevil xanım qalıb və atası ilə yaşayıb. Onun evinin olduğu torpaq sənədləşməyib. Bələdiyyənin torpağı sayılır. Ancaq hamı təsdiq edə bilər ki, o, torpaq onundur. Həmin torpaqda olan evi kirayə verib, kirayə pulunu hər ay Sevil xanıma verir. O hər dəfə borc-xərc edib Naxçıvana məhkəmə prosesinə gəlir. Lakin bilet almağa pulu olmasa da, ona məxsus evdə kirayə yaşayan şəxsdən kirayə pulunu özü üçün almır. Çünki bu pul Sevilin haqqıdır. Özü Bakı şəhərində gül işi görürdü. Hər dəfə Naxçıvana gələndə həyətə gül gətirib əkir. Lakin onun evdə gedən təmir işlərində maddi köməyi olmayıb. Çünki onun imkanı yoxdur. Həmin işləri İlqar edib. Məhkəmə iclası zamanı izahat verən iş üzrə Cavabdeh3 izahatında bildirmişdir ki, iddianı qəbul edir. Atası böyük qardaşının payını əvvəldən verib. Anar da Bakıda yaşayır. Lakin o, pis vərdişlərə qurşandığı üçün əmlaklarını itirib. Atası vəfat edəndə ev üçün əşya alıb, qab, pərdə və sair nə lazımdırsa alır. Evi qardaşı İlqarın bilir, ona görə də ona çatası paydan İlqarın xeyrinə imtina edir. Bununla bağlı notariat orqanına müraciət etsə də imtina ərizəsi yazılmamışdır. Nəzərə alınmasını xahiş edir. Məhkəmə iclası zamanı izahat verən iş üzrə Cavabdeh4 izahatında bildirmişdir ki, iddianı qəbul edir. Atalarının sağlığında, ondan sonra da onlar könüllü qəbul etmişlər ki, ev İlqarındı. Atası Anarın payını sağlığında verib. Tası vəfat edəndən sonra ev üçün nə lazımdırsa o və bacısı Könül alıb. Qab dəsti, çıxol-mələfə dəsti alıblar. Sevil xanıma nə lazımdırsa onları ikisi alır. İlqarın toyu həmin həyətdə olubdur. Onda atası vəfat etmişdi. Lakin o bilir ki, ev üçün nə lazımdırsa İlqar edir. Ona görə də ona çatası paydan İlqarın xeyrinə imtina edir. Bununla bağlı notariat orqanına müraciət etsə də imtina ərizəsi yazılmamışdır. Nəzərə alınmasını xahiş edir. Məhkəmə iclası zamanı izahat verən iş üzrə cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Cavabdeh5 izahatında bildirmişdir ki, iddianı qəbul edir. Mirası qəbul etməyib. Anası da qəbul etməyib. Qardaşı İlqara güvənir. Ona görə də iddianın təmin olunmasına etirazı yoxdur. Atasının sağlığında da onun müalicə xərclərini, dəfnində də bütün maddi xərcləri İlqar çəkib. Məhkəmə iclası zamanı mütəxəssis qismində izahat verən Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” phş tabeliyində "xxxx" MMC-nin nümayəndəsi X22 bildirmişdir ki, mülki iş kameral şəkildə araşdırılanda məlum olmuşdur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 2020-ci ildə **********64-10301 reyestr nömrəsi ilə 0.10 ha olaraq qeydiyyata alınmışdır, mübahisəli olan 0.0292 ha torpaq sahəsi hələ də bələdiyyə mülkiyyəti kimi qeydiyyatdadır. Məhkəmə iclasında şahid qismində ifadə verən X8 bildirmişdir ki, hazırda mübahisəli evdə yaşayır. O, Məhərrəmin qeyri-rəsmi həyat yoldaşıdır. 2000-ci ildə ailə qurub. Lakin onu nikaha saldırmadı. Məhərrəm 4 il əvvəl vəfat edib. Həyat yoldaşı vəfat etdikdən sonra da həmin evdə yaşayır. Arada övladları gəlir. Bir neçə gün qalıb gedirlər. Evin kommunal xərclərini İlqar ödəyir. Onun kartına pul göndərir. Həyətdə kirayə yaşayır və aylıq 70 manat kirayə pulu da ona verilir. Məhərrəmin oğlu İlqar, qızı Könül ona daima maddi dəstək olur. Evin hamamı bir il olar ki, İlqar təmir etdirib. İlqar pul göndərib o da həyətdəki qurumuş ağacları kəsdirib. Anar da atası xəstə olanda gəldi atasına baxdı, yasında iştirak etdi. Yasdan sonra kirayə yaşanılan evi o Məhərrəmlə evlənəndə yarım tikili idi. Sonra tədricən evi düzəldib. Kirayə verilən ev Məhərrəmin istifadəsində olub. Evin sənədi yoxdur. Kommunal xərclər Anarın adına ödənilir. Məhərrəm o evi Anar üçün düzəldib. Anar Bakıdan gələndə həmişəbahar gülü gətirib ona verib o da həyətə əkib. Təqribən 20 gül idi. Məhərrəmdəm sonra o həyətdə heç bir yenilik yoxdur. Özü 24 ildir o ailənin üzvüdürsə Məhərrəmin həyat yoldaşı Dilşadı görməyib. Onun maddi tələbatlarını İlqar qarşılayır. Hər gələndə Könül pərdə, tül, qab-qazan gətirib verib ona ki, ev təmir olunanda asılar. Əşyaları yas ərəfəsində, ondan sonra da gətiriblər. Atalarının il dönümü dövründə gəlib 2-3 gün qalırlar. Könül, İlqar, Turac gəlir. Vəfa keçən il mələfə-çexol gətirib. İlqarın toyuna gələndə gətirdi. Toy həmin həyətdə oldu. Ehsanın verilməsində, qəbrin götürülməsində hər iki qardaş iştirak edib. Ancaq hansının daha çox xərc çəkdiyini deyə bilməz. Məhərrəmin sağlığında 1000 manatı var idi. Məhərrəm xəstələnəndə həmin pulu Könülə verib. İlqar atasının bütün dərmanlarını Bakıdan alıb göndərirdi. Evin bütün xərcini İlqar çəkir. Həyətdəki ağaçların qulluq edilməsinə budanmasına İlqar pul verib, o da etdirib. Kirayə evdən verilən 70 manat pulu Anar heç vaxt ondan istəməyib. Həmişə özü alıb xərcləyib. Məhkəmə iclasında şahid qismində ifadə verən X16 bildirmişdir ki, hazırda həmin evdə Sevil xanım yaşayır. Məhərrəm onun dayısıdır. Təqribən 4 ildir vəfat edib. Xəstə idi. İnsult keçirmişdir. Yasdan sonra da övladları gəlib-gedir. Gələndə həmin evdə yaşayırlar. Bildiyi qədəri ilə yasdan sonra İlqar hamamı qismən təmir etdirib, suqızdırıcı qoyub. Anar da gələndə atasının evində yaşayır. Həyətdəki ağacların budanmasına yəqin ki, İlqar maliyyələşdirib. Anara verilən sahə qeydiyyata alınmayıb. Həmin torpağın dayısının adına sənədləşib-sənədləşmədiyini bilmir. Məhkəmə iclasında şahid qismində ifadə verən X17 bildirmişdir ki, qohumluq əlaqələri var. Məhərrəm kişi vəfat edəndə yas üçün lazım olan ərzaqları ondan götürüblər. Pulunu da İlqar verib. İlqar tez-tez gəlib atası ilə maraqlanırdı. Təmir işlərinin aparılıbaparılmamasını bilmir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, onları iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş Naxçıvan şəhər Nikah evi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş nikah akt qeydindən çıxarışdan aydın olur ki, X11 ilə Qoçəliyeva (Budaqova) Dilşad Ziyad qızı xx.xx.1969-cu il tarixdə nikah bağlamış, bu barədə nikah kitabının 170-ci səhifəsində qeyd aparılmışdır. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilımiş AZ-İ seriyalı 702175 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X11 xx.xx.2020-ci il tarixdə işemik insult diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu haqda ölüm haqqında akt qeydləri kitabında 53 nömrə ilə qeydiyyat aparılmışdır. xx.xx.2019-cu ildə tərtib olunmuş 19303 inventar nömrəli Daşənmaz əmlakın (fərdi yaşayış evi) texniki pasportunun surətindən məlum olur ki, ünvan 1 X5 adına qeydiyyata alınmışdır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan aydın olur ki, ünvan 3 ünvanında olan 0.1 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 144.36 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 18/39 nömrəli reyestr kitabının 7551 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan Şəhər İcra Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1585 nömrəli arayışdan aydın olur ki, X11 həqiqətən ünvan 3 ünvanında yaşayıb və vərəsələri bunlardır:

1. Cavabdeh2 -həyat yoldaşı-1950;

2. Cavabdeh3 -qızı-1970;

3. Cavabdeh1 -oğlu-1972;

4. Cavabdeh4 Məhərəm qızı -qızı-1973;

5. X13 -qızı-1976;

6. İddiaçı-oğlu-1979. Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” phş tabeliyində "xxxx" MMCnin verdiyi mütəxəssis rəyində qeyd olunmuşdur ki, mülki iş kameral şəkildə araşdırılanda məlum olmuşdur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 2020-ci ildə **********64-10301 reyestr nömrəsi ilə 0.10 ha olaraq qeydiyyata alınmışdır, mübahisəli olan 0.0292 ha torpaq sahəsi hələ də bələdiyyə mülkiyyəti kimi qeydiyyatdadır. Məhkəmə iddianı qismən təmin edərkən gəldiyi nəticəni yuxarıda qeyd olunan işin faktiki halları ilə əlaqəli şəkildə əsaslandırmaqla iddia tələbinin mirasın qəbul edilməsi və payın müəyyən edilməsi tələbinin hər bir hissəsinə ayrı-ayrılıqda qiymət verir. Belə ki, iddiaçının tələbi miras əmlakda payların müəyyən olunması tələbidir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən qeyd edir ki, aydınlaşdırılmalı halların birincisi iddiaçının miras əmlakı qəbul edib-etməməsidir. Belə ki, qəbul edilməyən miras barəsində pay müəyyən edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır. Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən vərəsəlik münasibətlərinin yaranmasında əsas kimi miras qoyanın vəsiyyəti qanun üzrə vərəsəlikdən daha üstün tutulur. Lakin miras qoyan vəsiyyətnamə qoymadığı halda, qanun üzrə vərəsəlik qüvvədə olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə hesab edir ki, İddiaçı X2 vəfatından sonra miras əmlakı faktiki qəbul edərək idarə etmişdir. Belə ki, iş üzrə tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, miras əmlakda miras qoyanın faktiki ailə münasibətlərində olan yoldaşı Sevil xanım yaşayır. Həmin şəxsin ifadəsindən də aydın olur ki, evin saxlanılması ilə bağlı, evin təmir və tikintisinə, kommunal xərclərin ödənilməsi bilavasitə iddiaçı tərəfindən həyata keçirilməkdədir. Məhkəmə iddia tələbinin ikinci hissəsinə-miras əmlakdan payın müəyyən olunması tələbinə hüquqi qiymət verərək aşağıdakılı halların zəruriliyini qeyd edir. Belə ki, işin yuxarıda şərh olunmuş hallarından aydın olduğu kimi X1 miras qalan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 144.36 kv.m olan fərdi yaşayış evinin və 0.1 ha torpaq sahəsindən iddiaçının payının hansı hissədə müəyyən edilməsi məsələsi araşdırılarkən miras qoyanın qoyanın bütün vərəsələri tam araşdırılmalı və mirası qəbul etmiş şəxslərə münasibətdə paylar müəyyən edilməli, iddiaçının payı da həmçinin bu araşdırma nəticəsində müəyyənləşdirilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan Plenum Qərarında formalaşmış hüquqi mövqeyini nəzərə alaraq miras əmlakla bağlı bütün məsələlərin aydınlaşdırılmasını zəruri hesab edir və qeyd edir ki, bu halın müəyyən edilməsi iddia tələbindən kənara çıxarılma olaraq qiymətləndirilməməlidir. Tərəflərin izahatları, şahid ifadələri ilə müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 Məhərrən qızı və Cavabdeh4 da miras əmlakın qorunub saxlanılması üçün miras əmlakın qəbul edilməsinə əsaslanan iradə ifadələrini həyata keçirmişlər. Belə ki, həmin şəxslərdən Cavabdeh3 və Cavabdeh4 miras əmlakın sahiblənməsinə dair müvafqi hərəkətlərin edilməsi (əmlaka dair əşyaların alınmasına və sair) həmin mirasın qəbul edilməsi kimi qiymətləndirilməlidir. Cavabdeh1 Məhərrəm oğlunun isə mirasın qəbul etməsini isə məhkəmə hələ atasının sağlığında ona ayrılaraq verilmiş və tikili inşa edilmiş torpaq sahəsinin və evin miras əmlakın kütləsinə daxil olmayan əmlaka sahiblikdə qiymətləndirmir. Tərəflərin izahatlarından və şahid ifadələrindən də görünür ki, Cavabdeh1 miras əmlakın qorunması üçün müəyyən hərəkətləri həyata keçirmişdir (miras əmlakın yerləşdiyi torpaq sahəsinə gül kollarının əkilməsi və sair). Digər vərəsələr X9 və X12 miras əmlakın qəbul edilməsinə dair hər hansı sübut təqdim edilmir. Belə ki, tərəflərin izahatlarından görünür ki, miras qoyanın vəfatından sonra Cavabdeh2 həmin miras əmlakın onun tərəfindən qəbul edilməsini nəzərdə tutan hər hansı hərəkəti həyata keçirməmiş, eləcə də notariat orqanına miras əmlakın qəbul edilməsinə dair yazılı qaydada müraciət etməmişdir. Eləcə də X9 atasından qalan miras əmlakı qəbul etməsinə dəlalət edən hər hansı hərəkəti həyata keçirməmişdir. X3 ifadəsində keçən il Vəfanın həmin evə müvafiq əşya aldığını göstərmişdir. Məhkəmə qeyd edir ki, miras qoyanın vəfat etdiyi 2020-ci il nəzərə alınaraq hazırki mübahisə 2023-cü il 26 dekabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarının qəbul edilməsindən əvvəl baş verən hüquq münasibəti olduğundan Qərardan əvvəlki qanun və hüquq tənzimlənməsi qaydasında həll olunmalıdır. Yəni hazırki iddia tələbi üzrə mübahisə həll edilərkən hazırda qüvvədə olmayan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1273-cü maddələrində nəzərdə tutulan mirasın qəbul edilmə və mirasdan imtina etmə müddətləri əsas götürülməlidir. Həm mirasın qəbul edilməsi, həm də mirasdan imtina edilmə müddətinin qüvvədə olmayan, lakin hüquq münasibəti yaranan zaman qüvvədə olan üç aylıq müddət çərçivəsində müvafiq iradə ifadələrinin nümayiş etdirilməsi sübuta yetirilməlidir. Həmin müddət keçdikdən sonra aparılan hərəkətlərin mirasın qəbul edilməsi baxımından hüquqi qüvvəsi yoxdur. Buna görə də cavabdehlər Cavabdeh2 və X9 miras əmlakın qəbul edilməsi öz təsdiqini tapmadığından payın müəyyən edilməsində nəzərə alına bilməz. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin məhz miras əmlakda yaşamaqla onu qəbul etməsi ilə şərtləndirilmir, həmçinin miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. Hazırki iddia tələbi üzrə vərəsə İddiaçı atasının vəfatından sonra mirasın qorunması üçün həyata keçirdiyi hərəkətləri məhkəmə tərəfindən həmin mirasın onun tərəfindən qorunması, mirasa sahiblik etməklə faktiki idarə etməsi kimi qiymətləndirilir və onun miras əmlakda payı digər vərəsələrin-cavabdehlərin miras əmlakı qəbul edibetməməsi aydınlaşdırıldıqdan sonra müəyyən edilməlidir. İşin yuxarıda şərh olunmuş hallarından da göründüyü kimi X1 miras qalan ünvan 1 ünvanında ümumi sahəsi 144.36 kv.m olan fərdi yaşayış evi və 0.1 ha torpaq sahəsi onun 4 vərəsəsi-İddiaçı, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tərəfindən qəbul edilmişdir və hər birinin payı ¼ hissədə müəyyən edilməlidir. Lakin cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasında verdikləri izahatlarında onlara çatası paydan qardaşları İddiaçı xeyrinə imtina etdikləri barədə bildirdiyi hallar nəzərə alınmalı və bunun nəticəsində İddiaçı payı ¾ hissədə müəyyən olunmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə İddiaçı X1 qalan miras əmlakdakı payı ¾, Cavabdeh1 payı isə ¼ hissə müəyyən olunmasını düzgün hesab edir. İddia tələbi payın bərabər qaydada müəyyən edilməsi təşkil etməsi nəzərə alınaraq payın qeyri-bərabər bölünməsi nəticəsinə gəlindiyindən tələb həmin hissədə əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu və digər xərclərlə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə 26322 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) dövlət rüsumunun 50 (əlli) manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X7 tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. X1 qalan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 144.36 kv.m olan fərdi yaşayış evi və 0.1 ha torpaq sahəsindən ibarət miras əmlakdakı payı İddiaçı payı ¾, Cavabdeh1 payının ¼ hissə olması müəyyən olunsun. İddia tələbi qalmış hissədə rədd edilsin. İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə 26322 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) dövlət rüsumunun 50 (əlli) manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X7 tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar