Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1147/2025 13.10.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏ (Açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi) Hаkim Heydarov Aslan Nazim oğlunun sədrliyi, X5 iclas kаtibliyi ilə, Ərizəçi və maraqlı şəxs Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X4 iştirakları ilə, Ərizəçi Adıgözəlov Kamran Məmməd oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ:
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Adıgözəlov Kamran Məmməd oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Adıgözəlov Kamran Məmməd oğlu onun oğludur. Adıgözəlov Kamran Məmməd oğlu xx.xx.2006-cı il tarixində ünvan 1 ünvanında anadan olmuşdur. Adıgözəlov Kamran Məmməd oğlu xx.xx.2013-cü il tarixində "Orta dərəcəli əqli gerilik, davranış pozuntusu" diaqnozu ilə Yaqub Budaqov adına Naxçıvan MR X1 dispanser qeydiyyatına alınmışdır. xx.xx.2020-ci il tarixdə əlillik vəsiqəsi verilmişdir. Oğlu Kamranın bütün hərəkətləri onun iştirakı ilə mümküdür. O torpaq sahəsini satmaq üçün "ASAN xidmətdə" olmuş, lakin oğlu Kamran notariat kontorunda özünü tam ifadə edə bilmədiyindən, notariat kontorunda alqı-satqı işlərini apara bilməmişdir. Qeyd etdiyi kimi sənədləşdirmə işini apara bilmədiyindən qəyyumluğun ona verilməsi üçün fəaliyyət qabiliyyətinin olmaması barədə məhkəmədən qətnamə çıxarılmasını xahiş edir.
3. Ərizəçi iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında Ərizəçi izahatında bildirmişdir ki, oğlunda anadan gəlmə əqli gerilik olmuş, lakin 6 yaşında bilmişdirlər. Yaşıdlarından geri qalır. Yaqub Budaqov adına Naxçıvan MR X1 dispanser qeydiyyatına alınmışdır.
5. Məhkəmə iclasında maraqlı şəxs Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X6 izahatında bildirmişdir ki, vətəndaşın əqli geriliyi vardır. Yəni, işdən görünür ki sui-istifadə halları yoxdur.
Sübutların tədqiqi:
6. İş materiallarında olan, Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 023237 nömrəli Vəsiqənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Adıgözəlov Kamran Məmməd oğlu uşaqlıqdan SİM-18 qrup əlilidir.
7. İş materiallarında olan, Y.Budaqov adına Naxçıvan MR X3 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-28-34-4/2-1516 nömrəli verilmiş arayışdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan 2006-cı il təvəllüdlü Adıgözəlov Kamran Məmməd oğlu xx.xx.2013-cü il tarixdən “Orta dərəcəli əqli gerilik”. Davranış pozuntusu” diaqnozu ilə həmin Dispanserdə dispanser qeydiyyatdadır.
8. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 04 sentyabr 2025-ci il tarixli, 417 nömrəli ambulator məhkəməpsixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Adıgözəlov Kamran Məmməd oğlu “Orta dərəcəli əqli gerilik. Davranış pozuntusu” psixi xəstəliyindən əziyyət çəkir. Adıgözəlov Kamran Məmməd oğlu öz hərəkətlərini dərk etmək və öz hərəkətlərini idarə edə bilmək iqtidarında deyil. Adıgözəlov Kamran Məmməd oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
9. Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.
10. Maddə 34.2. Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
11. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
12. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
13. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
14. Maddə 317.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır.
15. Maddə 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir.
16. Maddə 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
Məhkəmənin mövqeyi:
17. Mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində onları bir-biri ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslıdır.
18. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi Adıgözəlov Kamran Məmməd oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına dair ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir.
19. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxsin səhhəti yol verirsə, məhkəmə iclasına çağırılması nəzərdə tutulduğundan 18 avqust 2025-ci il tarixli qərardadla məhkəməpsixiatriya ekspertizası təyin olunmuş və ekspertin qarşısına Adıgözəlov Kamran Məmməd oğlunun sağlamlıq vəziyyətinin onun məhkəmə iclasında iştirak etməsinə imkan veribverməməsinin araşdırılması ilə bağlı sual qoyulmuşdur.
20. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 04 sentyabr 2025-ci il tarixli, 417 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Adıgözəlov Kamran Məmməd oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Bunu nəzərə alan məhkəmə Adıgözəlov Kamran Məmməd oğlunu məhkəmə iclaslarına dəvət etməmiş və dindirməmişdir.
21. Ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qəbul ediləndir.
22. Beləliklə, Adıgözəlov Kamran Məmməd oğlunun əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin və Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsinin izahatları ilə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, Adıgözəlov Kamran Məmməd oğlu əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən o, fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir.
23. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
25. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda nəticəyə gəlir ki, ərizə təmin olunmalı 16 iyun 2006-cı il tarixdə Naxçıvan şəhərində anadan olan Adıgözəlov Kamran Məmməd oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilməli və ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir.
26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. 16 iyun 2006-ci il tarixdə Naxçıvan şəhərində anadan olan Adıgözəlov Kamran Məmməd oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Aslan Heydarov