Məhkəmə qərarları › İş №2(078)-1158/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1158/2024

15.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1158/2024 15.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evinə həmin ünvanda qeydiyyatda olan və yaşayan Cavabdeh yaşayış və istifadə hüququna 18000 (on səkkiz min) manat kompensasiya ödənilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində ünvan 1 ünvanında yerləşən mənzilin 26 noyabr 2020-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində MH ******* nömrə ilə onun adına qeydiyyata alındığını, həmin mənzilin mülkiyyət hüququ ilə ona məxsus olduğunu, həmin evin pasport qeydiyyatında 1988-ci il təvəllüdlü Cavabdeh və 1977-ci il təvəllüdlü X2 qeydiyyatda durduğunu, mərhum həyat yoldaşı X3 06 iyul 2020ci il tarixdə vəfat etdiyini, Cavabdeh onunla birgə yaşasa da, birgə yaşayış qaydalarına riayət etmədiyini, məhz bu baxımdan da onun həmin evin tərkib hissəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsini istədiyini göstərmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən evi tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin ev xx.xx.2020-ci il tarixdə onun adına qeydiyyata alınıb. Oğlu Nurlan ailə üzvləri ilə birlikdə onunla yaşayır. Ancaq ona həmin evdə nə oğlu, nə də gəlini hörmət etmir. Evdə hər gün narahatçılıq yaşanır. Oğlunun ailəsi ilə birlikdə həmin evdən çıxarılmasını tələb edir. Oğluna bunun müqabilində 18000 manat təklif etmişdir. Evi mərhum həyat yoldaşı ilə birgə nikah zamanı əldə etmişlər. Verdiyi kompensasiya məbləği cavabdeh üçün böyük məbləğdir. Özünə torpaq sahəsi alıb hissə-hissə ev tikə bilər və ya kirayə yaşaya bilər. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının vəkili qismində izahat verən X4 iddianı müdafiə etdiyini, kompensasiya məbləğinin çox olduğunu, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddia əsassızdır. Neçə illər həmin evdə yaşamışdır. Hazırda ailə üzvləri ilə yaşayır. Ona o vaxt anası tərəfindən deyilmişdir ki, qardaşlarının ayrı evi olacaq ancaq sən evin balacasısan deyə mənimlə yaşayacaqsan. Bunu qəbul etmişdir. Bundan qabaqkı məhkəmə prosesində ona 1000 manat pul təklif etmişdir. Məhkəmə iddiaçının iddiasını təmin edən zaman həmin qərardan apellasiya şikayəti vermişdir. Apellasiya məhkəməsi 1-ci məhkəmənin qərarını ləğv etmişdir. İndi də ona 18000 manat təklif edir. Heç olmasa ona 1 və ya 2 otaqlı ev alsınlar, həmin evdən çıxsın. Ayrıca o vaxt bu ev onlara dövlət tərəfindən verilib. Onların ailə sayına görə 4 otaq verilib. Demək ki, burada onun da ailə üzvü kimi haqqı var. Özü və həyat yoldaşı səhər işə gedib axşam qayıdırlar. Onların heç bir maneələri yoxdur. Anası ilə heç bir mübahisələri olmur. iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə izahatları, işin digər hallarını nəzərdən keçirib iddianın dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək iddianın təmin edilməsi nəticəsinə gəlir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və 24 noyabr 2020-ci il tarixli, 7969 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportunun təsdiqlənmiş surətinə əsasən, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 93.78 kv.m olan mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/25 nömrəli reyestr kitabının 4925 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********33-05101-093036, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2020). İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı, 749730 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X5 06 iyul 2020-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 284 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilən Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2024-cü il tarixli 214 nömrəli rəyi ilə ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 93.78 kv.m olan mənzilin real bazar qiyməti 103000 (bir yüz üç min) manat məbləğində olması müəyyən edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(078)-1206/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən istifadə hüququna 10800 (on min səkkiz yüz) manat kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair iddiası təmin edilmişdir. Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasının 2(108)-12/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(078)-1206/2023 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməklə Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(078)-1206/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilərək iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı tərəfindən Cavabdeh 18000 (on səkkiz min) manat kompensasiya ödənilməklə, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 93.78 kv.m olan mənzilə Cavabdeh yaşayış və istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyən edilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin mənasına görə, mülkiyyətçinin ödəməli olduğu kompensasiya mənzil istifadəçisinin itirdiklərinin ədalətlə əvəzi kimi çıxış etməlidir. Belə hallarda, həmin şəxsin məhrum olduğu hüquq qismində mənzil tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən ödənilən kompensasiya da başqa yerdə yaşamaq və yeni yaşayış sahəsindən istifadə etmək hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdi ki, “Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onunla elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin”. Bu isə o deməkdir ki, kompensasiya istifadəçiyə mənsub olmayan mülkiyyət hüququnun əvəzi kimi çıxış etmədiyindən, onun ədalətliliyi kompensasiya məbləğinin mülkiyyətə mənzil əldə etmək üçün kifayət edib-etməməsinə görə deyil, ümumiyyətlə şəxsin yaşayış sahəsində olan hüququnu nə dərəcədə təmin edə bilməsinə görə müəyyən edilməlidir. Məsələyə bu cür yanaşdıqda, təklif olunan kompensasiya eyni yaşayış məntəqəsində mülkiyyətdə mənzilin əldə edilməsi üçün yetərli olmayıb, onun dəyərinin əhəmiyyətli hissəsini təşkil etdiyi hallarda da, həmin məbləğ itirilmiş istifadə hüququnun ədalətli əvəzi kimi qəbul edilə bilər. Çünki bu halda, şəxsin itirdiyi mənzildən istifadə hüququ əvəzinə birbaşa mülkiyyətinə ev (mənzil) əldə etmək üçün real və əhəmiyyətli maddi dəstək qazanır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenum Qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, .... kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə, ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə, prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır”. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarında o da vurğulanmışdır ki, “Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğinin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar...”. Beləliklə, Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. İstifadə hüququnun kompensasiya verilməklə xitam olunması zamanı digər diqqətəlayiq hallarla yanaşı, həmçinin istifadə hüququna malik olan şəxslərin istifadə hüququnun yaranması əsasları, mənzildə hansı müddətdə yaşamaları, ailə və maddi vəziyyətləri, uzun illər ərzində təsərrüfatın idarə olunmasında iştirak dərəcəsi və digər diqqətəlayiq məqamlar da nəzərə alınmalı, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüquqları arasında ədalətli tarazlığa nail olunmalıdır. Göstərilən amillər nəzərə alınmadan təklif olunan kompensasiyanın istifadə hüququna xitam verilməsi üçün yetərli olub-olmaması barədə qənaətə gəlmək qanunun məqsədləri baxımından əsaslı hesab edilə bilməz. Mülki iş materiallarından da göründüyü kimi, hazırda İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildə Cavabdeh yaşamaqdadır. Cavabdeh kompensasiya müqabilində hüququna xitam verilməsinə razılıq verməyəcəyi ilə əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda da qeyd edilən Qərarlarında ifadə olunmuş hüquqi mövqe nöqteyi-nəzərindən yanaşılarsa Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu deyil, ona yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanının təmin edilməsini nəzərdə tutur. O da qeyd olunmalıdır ki, mənzildən istifadə hüququ şəxsin həmin mənzildə mülkiyyətçi kimi paya sahib olması və həmin payı tələb etməsi və ya həmin pay müqabilində kompensasiya ödənilməsini tələb etməsi kimi qəbul edilə bilməz. İstifadə hüququna görə ödənilməli kompensasiya məhkəmə tərəfindən hesablanarkən mənzilin şəraiti, həmin ərazidə kirayə haqlarının miqdarı, mülkiyyətçinin və mənzildən istifadə edən şəxsin maddi imkanı nəzərə alınmaqla mövcud bazar qiyməti ilə ağlabatan həddə təyin edilir. Bu səbəbdən istifadə hüququna xitama görə ödənilməli məbləğ həddən artıq şişirdilmiş olmamalıdır. Məhkəmə hesab edir ki, istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Cavabdeh ünvan 4 ünvanında yerləşən mənzilə olan yaşayış və istifadə hüquqlarına 18000 (on səkkiz min) manat kompensasiya ödənilməklə xitam verilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilər. Belə ki, tərəflər arasında mövcud hüquqi münasibətlər üzrə 2023-cü il tarixdə məhkəmə mübahisəsi olmuş və 2024-cu il tarixdə verilmiş ekspert rəyi əsasında daşınmaz əmlakın real dəyəri müəyyən edilmişdir. Eskpert rəyində müəyyən edilmiş əmlakın dəyərinə münasibətdə iddiaçının təklif etdiyi kompensasiya məbləği kifayət qədərdir və yaşayış və istifadə hüququna xitam verilməsi üçün ədalətli kompensasiya məbləğidir. Cavabdeh İddiaçı tərəfindən verilməsinə razılıq verilmiş 18000 (on səkkiz min) manat məbləğində kompensasiya cavabdehin mülkiyyətinə mənzil əldə etmək və ya Konstitusiya Məhkəməsinin qərarında da qeyd olunduğu kimi, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən ağlabatan məbləğ hesab edilməlidir. Belə olan halda da, məhkəmə İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilindən Cavabdeh təklif etdiyi bu məbləği yaşayış və istifadə etmək hüquqlarına xitam verilməsini mümkün edən ədalətli və qaneedici əvəz kimi qəbul edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə xx.xx.2024-cü il tarixdə 11365 nömrəli qəbzlə ödənilmiş 144 (yüz qırx dörd) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh 18000 (on səkkiz min) manat kompensasiya ödənilməklə, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 93.78 kv.m olan mənzilə Cavabdeh yaşayış və istifadə hüququna xitam verilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə xx.xx.2024-cü il tarixdə 11365 nömrəli qəbzlə ödənilmiş 144 (yüz qırx dörd) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar