Məhkəmə qərarları › İş №2(078)-1230/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1230/2025

03.02.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1230/2025 03.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı Məhəmməd qızının, iddiaçının vəkil və nümayəndəsi Vəkil və Cavabdeh2 iştirakları ilə, İddiaçı Məhəmməd qızının Cavabdeh2 qarşı kompensasiya verilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən məcburi qaydada çıxarılma tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Məhəmməd qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya verilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən məcburi qaydada çıxarılma tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onun himayəsində olan oğlu azyaşlı Rzayev Əlövsət Əziz oğlunun Naxçıvan şəhəri, Atabəylər məhəlləsində yerləşən 5 saylı binanın 29 nömrəli mənzilindən istifadə hüquqlarına ümumilikdə 15000 (on beş min) manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsi və onların Naxçıvan şəhəri, Atabəylər məhəlləsində yerləşən 5 saylı binanın 29 nömrəli mənzilindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Məhəmməd qızı tələbini əsaslandıraraq iddia ərizəsində bildirmişdir ki, Naxçıvan şəhər ZDS İcraiyyə Komitəsinin 11 mart 1979-cu il tarixli 168 nömrəli qərarı ilə 15 oktyabr 1979-cu il tarixli 644 nömrəli order əsasında Naxçıvan şəhəri, Atabəylər məhəlləsi, 5 saylı binada yerləşən 29 nömrəli mənzil 5 beş nəfər ailə üzvü olmaqla anası X2, X3nun, qardaşı X4, qardaşı Rzayev Əlövsət Məmməd oğlunun və özünün, yəni İddiaçı istifadəsinə verilmişdir. X3 2000-ci il tarixdə, qardaşı Rzayev Əlövsət Məmməd oğlu isə 2020-ci il tarixdə ölmüşdür. Sonradan anası X2 və qardaşı X4 notarial qaydada təsdiq olunmuş razılıq ərizələri əsasında Naxçıvan şəhəri, Atabəylər məhəlləsi, 5 saylı binada yerləşən 29 nömrəli mənzilin sosial kirayə müqaviləsi Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının 30 may 2025-ci il tarixli, 73 nömrəli sərəncamı əsasında özünün adına dəyişdirilmişdir. Mərhum qardaşı Rzayev Əlövsət Məmməd oğlunun orderdə adları olmayan, lakin Atabəylər məhəlləsi, 5 saylı binada yerləşən 29 nömrəli mənzildə qeydiyyatda olan yaşayan arvadı Cavabdeh1 və oğlu Cavabdeh2 anasının həmin evdə yaşamasına imkan verməmiş, anasını evdən çıxarmışlar. Artıq neçə ildir ki, anası özünün himayəsində yaşayır. Hazırda yaşadığı mənzilin özü üçün rahat olmaması səbəbindən anası ilə birlikdə qeyd olunan mənzildə yaşamaq istəyir. Hazırda yaşadığı evdə oğlu ailəsi ilə birlikdə yaşayır. Anası yaşlı olduğundan sakit şəraitdə yaşamaq istəyir, çünki körpə uşaqlarla birlikdə iki ailənin birlikdə yaşaması çox çətindir. Eyni zamanda qeyd edir ki, həmin şəxslər razılıq ərizələri vermədiklərindən sözügedən mənzili öz adına özəlləşdirə bilmir. Dəfələrlə onlara müraciət etmişdir ki, “razılıq ərizələri verin evi adıma sənədləşdirim siz həmin evdə yaşamağınıza davam edin”. Lakin heç bir nəticə əldə edə bilmədiyi üçün hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin Cavabdeh2 yetkinlik yaşına çatmayan uşağı Rzayev Əlövsət Əziz oğlunu da həmin ünvanda qeydiyyata saldırmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1230/2025 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadı ilə İddiaçı Məhəmməd qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya verilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən məcburi qaydada çıxarılma tələbinə dair mülki iş üzrə iddiaçının iddia tələbinin Cavabdeh1 kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən məcburi qaydada çıxarılmasına dair hissəsinə münasibətdə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Mülki iş üzrə 03 fevral 2026-cı il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Naxçıvan Şəhər İcra Hakimiyyətinə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Mülki iş üzrə 03 fevral 2026-cı il tarixdə keçirilən məhkəmə baxış iclasında İddiaçı Məhəmməd qızı və Cavabdeh2 aralarında bağlanmış 03 fevral 2026-cı il tarixli barışıq sazişi ilə məhkəməyə müraciət edərək işin məhkəmədə gedişi zamanı aralarında razılığa gəldiklərini və aşağıda qeyd edilən şərtlər daxilində barışıq sazişinin təsdiq edilməsini xahiş etdilər: -iş üzrə Cavabdeh2 sosial kirayə müqaviləsi ilə İddiaçı məxsus Naxçıvan şəhəri, Atabəylər məhəlləsi, 5 saylı binada yerləşən 29 nömrəli mənzilin İddiaçı adına özəlləşməsinə razılıq ərizəsinin və digər zəruri sənədlərin verilməsini öhdəsinə götürür, bu şərtlə ki, iddiaçı Rzayeva X5 şəhəri, Atabəylər məhəlləsi, 5 saylı binada yerləşən 29 nömrəli mənzili öz adına özəlləşdirdikdən sonra həmin mənzili bilavasitə onun iştirakı ilə hazırki bazar qiymətinə müvafiq olaraq sataraq, əldə edəcəyi pul vəsaitinin yarısını ona verəcək, eyni zamanda həmin mənzil satılıb pulun yarısını ona verdiyi günədək İddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamalarına heç bir maneə yaratmayacaq. -iş üzrə İddiaçı sosial kirayə müqaviləsi ilə ona məxsus olan Naxçıvan şəhəri, Atabəylər məhəlləsi, 5 saylı binada yerləşən 29 nömrəli mənzilin onun adına özəlləşdirilməsi üçün Cavabdeh2 razılıq ərizəsini və digər zəruri sənədləri ona verəcəyi təqdirdə həmin mənzilin onun iştirakı ilə hazırki bazar qiymətinə müvafiq olaraq, satılması və satışından əldə olunacaq pulun yarısını Cavabdeh2 verilməsi, eyni zamanda həmin mənzil satılıb pulun yarısını ona verdiyi günədək Cavabdeh2 ailə üzvlər ilə birlikdə həmin mənzildə yaşamalarına heç bir maneə yaratmayacağına dair öhdəlik götürür. -onlar bu barışıq sazişini imzalayarkən iş üzrə icraata xitam verilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərini yəni, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyini bilirlər və imzaları ilə təsdiq edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə iş materiallarını, İddiaçı Məhəmməd qızı ilə Cavabdeh2 arasında bağlanmış barışıq sazişinin şərtlərini araşdırıb yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, İddiaçı Məhəmməd qızı ilə Cavabdeh2 arasında bağlanmış barışıq sazişinin şərtləri qanunazidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, həmin barışıq sazişi məhkəmə tərəfindən qəbul olunmalı, barışıq sazişinin şərtləri təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.5-ci maddələrinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Məhəmməd qızı tərəfindən "xxxx" MMC vasitəsilə 25 iyul 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 134.6 (bir yüz otuz dörd manat altmış qəpik) manat məbləğində dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı Məhəmməd qızının Cavabdeh2 qarşı kompensasiya verilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən məcburi qaydada çıxarılma tələbinə dair mülk mülki iş üzrə İddiaçı Məhəmməd qızı ilə Cavabdeh2 arasında bağlanmış 03 fevral 2026-cı il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: -İddiaçı sosial kirayə müqaviləsi ilə ona məxsus olan Naxçıvan şəhəri, Atabəylər məhəlləsi, 5 saylı binada yerləşən 29 nömrəli mənzilin onun adına özəlləşdirilməsi üçün Cavabdeh2 razılıq ərizəsini və digər zəruri sənədləri ona verəcəyi təqdirdə həmin mənzilin onun iştirakı ilə hazırki bazar qiymətinə müvafiq olaraq satılmasını və satışından əldə olunacaq pulun yarısını Cavabdeh2 verilməsini, eyni zamanda həmin mənzil satılıb pulun yarısını ona verdiyi günədək Cavabdeh2 ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamalarına heç bir maneə yaratmayacağına dair öhdəlik götürür. -Cavabdeh2 İddiaçı Naxçıvan şəhəri, Atabəylər məhəlləsi, 5 saylı binada yerləşən 29 nömrəli mənzili öz adına özəlləşdirdikdən sonra həmin mənzili bilavasitə onun iştirakı ilə hazırki bazar qiymətinə müvafiq olaraq sataraq, əldə edəcəyi pul vəsaitinin yarısını ona verəcəyi, eyni zamanda həmin mənzil satılıb pulun yarısını ona verdiyi günədək İddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamalarına heç bir maneə yaratmaması şərti ilə sosial kirayə müqaviləsi ilə İddiaçı məxsus Naxçıvan şəhəri, Atabəylər məhəlləsi, 5 saylı binada yerləşən 29 nömrəli mənzilin İddiaçı adına özəlləşməsinə razılıq ərizəsinin və digər zəruri sənədlərin verilməsini öhdəsinə götürür. İddiaçı Məhəmməd qızı ilə Cavabdeh2 arasında bağlanmış 03 fevral 2026-cı il tarixli barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyindən mülki iş üzrə icraata xitam verilsin. İddiaçı Məhəmməd qızı tərəfindən "xxxx" MMC vasitəsilə 25 iyul 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 134.6 (bir yüz otuz dörd manat altmış qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı Məhəmməd qızına geri qaytarılsın. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar