Məhkəmə qərarları › İş №2(078)-1236/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1236/2023

20.11.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1236/2023 20.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ərizəçi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X6 iştirakları ilə, Ərizəçi Xəlilov İlham Ədalət oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab olunması tələbinə dair mülki işə açıq məhkəmə baxış iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1977-ci il tarixdə anadan olmuş Xəlilov İlham Ədalət oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi iddia ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, oğlu Xəlilov İlham Ədalət oğlu xx.xx.1977-ci il tarixdə Naxçıvan MR, Culfa rayon, Xanağa kəndində anadan olmuşdur. 14 fevral 1995-ci il tarixində Xəlilov İlhama 037821 nömrəli Əlilliyin təsdiq olunması ilə bağlı arayış verilmişdir. Əlilliyin təsdiq olunması ilə bağlı arayışda da göstərilir ki, oğlu uşaqlıqdan birinci qrup əlildir. Oğlunun birinci qrup əlillik vəsiqəsi ömürlük verilmişdir. Beləliklə xəstənin hüquqlarını həyata keçirilməsi üçün imzaları lazım olur ki, onun sağlamlıq imkanları məhdud olduğu üçün həmin hüquqlarını həyata keçirə bilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxsin səhhəti yol verirsə, məhkəmə iclasına çağırılması nəzərdə tutulduğundan 21 sentyabr 2023-cü il tarixli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin olunmuş və ekspertin qarşısına Xəlilov İlham Ədalət oğlunun sağlamlıq vəziyyətinin onun məhkəmə iclasında iştirak etməsinə imkan verib-verməməsinin araşdırılması ilə bağlı sual qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 18 oktyabr 2023-cü il tarixli 318 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Xəlilov İlham Ədalət oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Bunu nəzərə alan məhkəmə Xəlilov İlham Ədalət oğlunu məhkəmə iclaslarına dəvət etməmiş və dindirməmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi izahatında iddia ərizəsində qeyd etdiklərinin nəzərə alınmasını, iddia ərizəsində qeyd etdiklərinə əlavəsinin olmadığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X1 Xəlilov İlham Ədalət oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə hallarının olmamasını müəyyən etdiyini qeyd etdi. Mülki iş materiallarını tədqiq edən məhkəmə müəyyən edir ki, barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş Xəlilov İlham Ədalət oğlunun xx.xx.1977-ci il tarixdə Naxçıvan MR, Culfa rayon, Xanağa kəndində anadan olması, onun hazırda ünvan 1 ünvanında yaşaması, Ərizəçi Xəlilov İlham Ədalət oğlunun anası olması, Xəlilov İlham Ədalət oğlunun birinci qrup əlil kimi sosial müavinət alması, onun Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X3 qeydiyyatda dayanması mülki işin mübahisəsiz hallarıdır. Bunların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iş materiallarına əlavə edilmiş Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 22 noyabr 1977-ci il tarixli, İV ЖГ seriyalı, 383423 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Xəlilov İlham Ədalət oğlunun xx.xx.1977-ci il tarixdə Naxçıvan MR, Culfa rayon, Xanağa kəndində anadan olması, atasının Xəlilov Ədalət Məhəmməd oğlu, anasının isə Ərizəçi olması; - iş materiallarına əlavə edilmiş Xanağa kənd Sovet Zaks şöbəsi tərəfindən verilmiş xx.xx.1975-ci il tarixli A3 seriyalı, 213854 nömrəli evlənmək haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Ərizəçi ilə Xəlilov Ədalət Məhəmməd oğlu arasında xx.xx.1975-ci il tarixdə nikah bağlanması; -İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X5 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1356 nömrəli məktubundan xx.xx.1977-ci il təvəllüdlü Xəlilov İlham Ədalət oğlunun xx.xx.1990-cı il tarixdən “Daun xəstəliyi nəticəsində əqli zəiflik. İmbesillik səviyyəsində” diaqnozu ilə Y.Budaqov adına Naxçıvan MR X3 qeydiyyatda olması; -İş materiallarına əlavə olunmuş Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 saylı Mənzil-İstismar İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 237 nömrəli arayışdan Xəlilov İlham Ədalət oğlunun ünvan 1 ünvanında qeydiyyatda olması; - İş materiallarına əlavə olunmuş Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 saylı Mənzil-İstismar İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 238 nömrəli arayışdan Ərizəçi ünvan 1 ünvanında qeydiyyatda olması aydın olur. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən mübahisəyə dair 07 noyabr 2023-cü il tarixli müayinə aktı tərtib edilmişdir. Həmin aktda Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının üzvlərinin Naxçıvan şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına Naxçıvan Şəhər Məhkəməsindən daxil olmuş 22 sentyabr 2023-cü il tarixli 2(078)-1236/2023 nömrəli məktubuna əsasən Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə mülki işlə əlaqədar ərizəçinın yaşadığı mənzilin həyat şəraitini müayinə etmək məqsədi ilə Naxçıvan şəhəri, Əlincə məhəlləsi, bina 1-də yerləşən 5 mərtəbəli binanın 1-ci girişinin 5-ci mərtəbəsindəki 15 nömrəli mənzildə olduqları, Ərizəçi özünə məxsus ümumi sahəsi 74 m2, yaşayış sahəsi 50 m2, qeyri-yaşayış sahəsi 24 m2 olmaqla salon, 1 otaq, mətbəx və sanitar qovşaqdan ibarət tam təmirli mənzildə yaşamaları, Ərizəçi burada əri Xəlilov Ədalət Məhəmməd oğlu və övladı Xəlilov İlham Ədalət oğlu ilə yaşaması, mənzildə normal ailə mühitinin olması qeyd olunmuşdur. Mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində onları bir-biri ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Şəxsin ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını dərk etməsinin və ya öz hərəkətlərinə rəhbərlik edə bilməsinin müəyyən olunması isə xüsusi bilik tələb edən məsələ olduğundan məhkəmənin hazırlıq iclasında bunun müəyyən olunması üçün 21 sentyabr 2023-cü il tarixli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 18 oktyabr 2023-cü il tarixli 318 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X3 Xəlilov İlham Ədalət oğlunda “Daun sindromu nəticəsində anadangəlmə əqli zəiflik. İmbeçillik səviyyəsində” psixi xəstəliyi aşkar olunmuş, Xəlilov İlham Ədalət oğlu öz hərəkətlərini dərk etmək və öz hərəkətlərini idarə edə bilmək iqtidarında deyil, sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qəbul ediləndir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi Xəlilov İlham Ədalət oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına dair ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, Xəlilov İlham Ədalət oğlunun əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin və Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsinin izahatları ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, Xəlilov İlham Ədalət oğlu əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən o, fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ərizə təmin olunmalı; - xx.xx.1977-ci il tarixdə Naxçıvan MR, Culfa rayon, Xanağa kəndində anadan olan Xəlilov İlham Ədalət oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilməli; -ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1977-ci il tarixdə Naxçıvan MR, Culfa rayon, Xanağa kəndində anadan olan Xəlilov İlham Ədalət oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar