Məhkəmə qərarları › İş №2(078)-1242/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1242/2023

28.08.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1242/2023 28.08.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı iddiaçı X4 cavabdehlər X8, X7, X9, Cavabdeh2, Naxçıvan şəhər 1 №li Mənzil İstismar İdarəsi və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə qarşı özəlləşdirmənin, Naxçıvan birinci dövlət notariat kontorunda və 1 saylı Bakı “Asan xidmət” mərkəzində bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı X10 iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan Şəhəri, Atabəylər məhəlləsi 7 saylı evin ümumi sahəsi 58.0 kv/m, yaşayış sahəsi 38.42 kv/m olan üçotaqlı 26-cı mənzildə pasport qeydiyyatı olmayan və yaşamayan X2 adına Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərədindən verilmiş çıxarışın, X5 verilmiş və Naxçıvan birinci dövlət notariusu tərəfindən xx.xx.2004-cü il tarixdə təsdiq edilmiş və 4Ə-856 nömrə ilə dövlət reyestrində qeydə alınmış evin bəxşiş müqaviləsinin, X5 həmin mənzildə mülkiyyət hüququnu təsdiq edən çıxarışın, X9 ilə Cavabdeh2 arasında xx.xx.2019-cu ildə Naxçıvan şəhər 1 saylı notariat ofisində bağlanmış və reyestrdə 4Ə-116 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin və ona verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir: İddiaçı X4 məhkəməyə təqdim etdiyi iddia ərizəsində cavabdeh qismində X8, X7, X9, Cavabdeh2, Naxçıvan şəhər 1 №li Mənzil İstismar İdarəsi və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi göstərilmişdir. Həmin cavabdehlərdən X7 və X9 iddia ərizəsində “mərhum” kimi qeyd olunmuşdurlar. Bu isə o deməkdir ki, iddia tələbi hazırda sağ olmayan şəxslərə qarşı qaldırılıb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunur ki, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Qanunvericiliyin yuxarıda qeyd olunan normasından aydın olur ki, prosessual hüquq varisliyinə iş məhkəmənin icraatına daxil olduqdan sonra yol verilir. Bu Məcəllənin 48-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 49.1.-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Məhkəmə hesab edir ki, mülki iş icraata götürülməmişdən əvvəl onun ərazi aidiyyəti müəyyən edilməli, iddia tələbinin yönəldiyi şəxs müəyyən edilməli, məhkəmə tərəfindən həmin şəxsə iddia ərizəsinin surətinin göndərilməsi və işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrinin izahı haqqında bildiriş göndərilməsi təmin olunmalıdır. Ölmüş şəxsə münasibətdə isə bu tələblərə əməl edilə bilməz. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2 və 149.2.2ci maddələrinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Hazırki mülki iş üzrə yuxarıda qeyd olunan cavabdehlər öldüyündən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 149.2.2-ci maddənin tələblərinə əməl edilməmişdir. Çünki qanunvericiliyin tələbinə əsasən iddia ərizəsində cavabdehin yaşayış yeri həmçinin olduğu halda iş yeri göstərilməlidir. Ölmüş fiziki şəxsin yaşayış yerinin iddia ərizəsində qeyd olunması mümkün deyildir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən ölmüş şəxsin özünə yox hüquq varislərinə qarşı iddia qaldırıla bilər. Həmçinin iddiaçının diqqətinə çatdırılır ki, iddiaçı X6 oğlu iddia ərizəsində cavabdeh qismində Naxçıvan şəhər 1 №li Mənzil İstismar İdarəsi və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsini qeyd etsə də cavabdehlərin yerləşdiyi ünvanı göstərməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin formasına və məzmununa riayət edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı X1 cavabdehlər X8, X7, X9, Cavabdeh2, Naxçıvan şəhər 1 №li Mənzil İstismar İdarəsi və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə qarşı özəlləşdirmənin, Naxçıvan birinci dövlət notariat kontorunda və 1 saylı Bakı “Asan xidmət” mərkəzində bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, iddiaçı X6 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 21 avqust 2023-cü il tarixli, 12209 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu X3 qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı X1 cavabdehlər X8, X7, X9, Cavabdeh2, Naxçıvan şəhər 1 №li Mənzil İstismar İdarəsi və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə qarşı özəlləşdirmənin, Naxçıvan birinci dövlət notariat kontorunda və 1 saylı Bakı “Asan xidmət” mərkəzində bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı X6 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 21 avqust 2023-cü il tarixli, 12209 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ona geri qaytarılsın. İddiaçı X3 izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar