Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1275/2023 04.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Ərizəçi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi Kərimova Məhsəti Nəriman qızının fəaliyyət qabiliyyəti olmayan hesab olunması tələbinə dair mülki işə açıq məhkəmə baxış iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1969-cu il tarixdə anadan olmuş Kərimova Məhsəti Nəriman qızının fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi iddia ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, qızı Kərimova Məhsəti Nəriman qızı xx.xx.1969-cu il tarixdə Naxçıvan şəhərində anadan olmuşdur. 02 fevral 2016-cı il tarixində Kərimova Məhsətiyə 095777 nömrəli Əlillik vəsiqəsi verilmişdir. Əlillik vəsiqəsində də göstərilir ki, qızı uşaqlıqdan birinci qrup əlildir. Beləliklə xəstənin hüquqlarını həyata keçirilməsi üçün imzaları lazım olur ki, onun sağlamlıq imkanları məhdud olduğu üçün həmin hüquqlarını həyata keçirə bilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxsin səhhəti yol verirsə, məhkəmə iclasına çağırılması nəzərdə tutulduğundan 28 sentyabr 2023-cü il tarixli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin olunmuş və ekspertin qarşısına Kərimova Məhsəti Nəriman qızının sağlamlıq vəziyyətinin onun məhkəmə iclasında iştirak etməsinə imkan verib-verməməsinin araşdırılması ilə bağlı sual qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 04 noyabr 2023-cü il tarixli 348 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Kərimova Məhsəti Nəriman qızının sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan verir. Bunu nəzərə alan məhkəmə Kərimova Məhsəti Nəriman qızını məhkəmə iclaslarına dəvət etmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə maraqlı şəxs Kərimova Məhsəti Nəriman qızına mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxs Kərimova Məhsəti Nəriman qızının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X6 ekspert rəyinin nəzərə alınaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarını tədqiq edən məhkəmə müəyyən edir ki, barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş Kərimova Məhsəti Nəriman qızının 01 dekabr 1969-cu il tarixdə ünvan 1 ünvanında yaşaması, Ərizəçi Kərimova Məhsəti Nəriman qızının atası olması, Kərimova Məhsəti Nəriman qızına birinci dərəcəli əlilliyinə görə əlillik vəsiqəsinin verilməsi mülki işin mübahisəsiz hallarıdır. Bunların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər Zaks Bürosu tərəfindən verilmiş 21 may 1970-ci il tarixli, A3 seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Kərimova Məhsəti Nəriman qızının 01 dekabr 1969-cu il tarixdə Naxçıvan şəhərində anadan olması, atasının Ərizəçi, anasının isə X5 olması; -İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər Zaks Bürosu tərəfindən verilmiş xx.xx.1967-ci il tarixli, İ ИE seriyalı, 192521 nömrəli evlənmək haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Ərizəçi ilə X4 arasında xx.xx.1967-ci il tarixdə nikah bağlanması; -İş materiallarına əlavə olunmuş Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 5 saylı Mənzil-İstismar idarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 1046 nömrəli arayışdan Kərimova Məhsəti Nəriman qızının Naxçıvan şəhəri, İstiqlal 75, ev 20 ünvanında qeydiyyatda olması; -İş materiallarına əlavə olunmuş Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 2525 nömrəli arayışdan Ərizəçi ünvan 3 ünvanında qeydiyyatda olması; - İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 02 fevral 2016-cı il tarixdə verilmiş əlillik vəsiqəsindən Kərimova Məhsəti Nəriman qızının uşaqlıqdan birinci dərəcə əlilliyinin olması aydın olur. Mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində onları bir-biri ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Şəxsin ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını dərk etməsinin və ya öz hərəkətlərinə rəhbərlik edə bilməsinin müəyyən olunması isə xüsusi bilik tələb edən məsələ olduğundan məhkəmənin hazırlıq iclasında bunun müəyyən olunması üçün 28 sentyabr 2023-cü il tarixli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 04 noyabr 2023-cü il tarixli 348 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Kərimova Məhsəti Nəriman qızında “Məktəb vərdişlərinin qarışıq tip pozuntusu” psixi xəstəliyi var. Kərimova Məhsəti Nəriman qızı öz hərəkətlərini dərk etmək və öz hərəkətlərini idarə edə bilmək iqtidarındadır. Kərimova Məhsəti Nəriman qızının sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan verir. Ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qəbul ediləndir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Beləliklə, işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Kərimova Məhsəti Nəriman qızında hər hansı ağıl zəifliyi və ya ruhi xəstəlik mövcud deyildir. Onda məktəb vərdişlərinin qarışıq tip pozuntusu psixi xəstəliyi mövcuddur. Qeyd olunan ekspert rəyindən də göründüyü kimi Kərimova Məhsəti Nəriman qızı öz hərəkətlərini dərk etmək və öz hərəkətlərini idarə edə bilmək iqtidarındadır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, qanunvericiliyin tələbinə əsasən Kərimova Məhsəti Nəriman qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün heç bir əsas yoxdur, ona görə də verilmiş ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizə təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - Ərizəçi Kərimova Məhsəti Nəriman qızının fəaliyyət qabiliyyəti olmayan hesab olunması tələbinə dair ərizəsi təmin edilməməli; -ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi Kərimova Məhsəti Nəriman qızının fəaliyyət qabiliyyəti olmayan hesab olunması tələbinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №2(078)-1275/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1275/2023
04.12.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver