Məhkəmə qərarları › İş №2(078)-128/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-128/2021

22.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-128/2021 22.02.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə yaşayış hüququna xitam verilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 5000 (beş min) manat kompensasiya verilməklə mülkiyyətində olan Naxçıvan şəhəri, H.Əliyev prospekti, 10 nömrəli binanın 41 nömrəli mənzilin tərkibindən yaşayış və istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, o, Naxçıvan şəhəri, H.Əliyev prospektində 10 nömrəli binanın 41 nömrəli mənzilin mülkiyyətçisidir. Həmin mənzili xx xxxxx 2009-cu il tarixdə daşınmaz əmlakda qeydiyyatdan keçirərək müvafiq çıxarış almışdır. Mənzil iki otaqlıdır. Bir otağında o və həyat yoldaşı, digərində oğlu Elxan, arvadı və iki uşağı yaşayır. Oğlu ilə yola getmir və mənzili satmaq istəyir. Digər övladları həmin mənzilin satılmasına razılıq versələr də Elxan razılıq vermir. O, və həyat yoldaşı artıq yaşlıdır, mənzili satıb hər övlada pay vermək və qalan pula fərdi yaşayış evi alıb rahat yaşamaq istəyir. Bütün övladları ailə qurub onun evindən çıxıblar və özlərinə ev alıb yaşayırlar. Elxan evlənən zaman ona şərtini demişdir ki, evlənsin 1-2 ay yaşasın sonra kirayə çıxsın. Elxan razılaşsa da, evləndikdən sonra evdən çıxmamışdır. Qeyd etdiklərinə əsasən iddianın təmin edilməsini və cavabdehə 5000 (beş min) manat kompensasiya ödənilməklə onun mənzildən yaşayış və istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zaman izahat verən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, 1984-cü ildə atasının adına olan mənzildə doğulmuş və hazırda da həmin mənzildə yaşayır. Ailədə 4 qardaş, bir bacı olmuşlar və bacı-qardaşlarının hamısı ailə qurub özlərinə ayrı ev alaraq yaşayırlar. Evin balaca uşağı kimi o həmin evdə yaşamış və 2018-ci ildə ailə qurmuşdur. Hazırda həmin evdə o, yoldaşı və iki azyaşlı övladı yaşayır. Balaca övladı iki aylıqdır. Vaxtilə valideynləri həmin evdə onun qalacağını bildirmiş, atası indi qardaşlarının öyrətməsi ilə onu evdən çıxarmaq istəyir. Özü Naxçıvan Şəhər Energetika Xidmətində montyor işləyir, 317 manat əmək haqqı alır. Adına heç bir torpaq sahəsi, ev yoxdur. Yoldaşı uşaqlar azyaşlı olduqlarından işləmir. Evin bazar dəyəri 65000 manat olsa da ona ədalətsiz şəkildə 5000 manat kompensasiya təklif edilir. Əgər atası ona 20000 (iyirmi min) manat kompensasiya ödəyərsə evdən çıxa bilər. Atası iddia qaldırdıqdan sonra bütün orqanlara öz şikayətini bildiribdir. Onlar da işə məhkəmənin baxacağını ona izah etmişdirlər. Qeyd etdiklərinə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Mülki işin materiallarına əlavə edilmiş Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla müəyyən edilir ki, Naxçıvan şəhəri, H.Əliyev prospektində istifadədə olan 0.108 ha torpaq sahəsində yerləşən 10 nömrəli, 5 mərtəbəli binanın 5-ci girişində, 4-cü mərtəbəsində 55 kv.metr ümumi, 28.13 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 41 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/1 nömrəli reyestr kitabının 143 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, ilk növbədə cavabdehin həmin mənzilə istifadə hüququnun yaranıb-yaranmaması, yaranmış istifadə hüququna həmin mənzildə yaşamadığına, yaşayış sahəsinə ehtiyacının olub-olmadığına görə xitam verilib- verilməməməsi, istifadə hüququ mövcud olduğu və yaşayış sahəsinə ehtiyac mövcud olduğu halda isə həmin hüquqa xitam verilməsi üçün kompensasiya məbləğini müəyyən etməklə, həmin kompensasiya məbləğini iddiaçı ödəməyə razı olduqda, istifadəyə xitam verilməsi məsələsini araşdırmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mülki Məcəllənin 228.5-ci maddəsinin mənasından aydın olur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız ər, arvad, valideynlər və uşaqlar yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər və onların istifadə hüququnun tanınması üçün notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunmur. Həmin maddədə göstərilən digər şəxslərin istifadə hüququnun tanınması üçün isə notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunur. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının övladı olmaqla mübahisəli mənzilin mülkiyyətçisinin qeyd olunan ailə üzvləri sırasına daxildir. Buna görə də, onun mənzildən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı bağlanan və notariat qaydasında təsdiqlənən razılaşma tələb olunmur. Cavabdehin öz ailə üzvləri ilə birlikdə istifadə hüququ olduğu mənzildə yaşaması işin mübahisəsiz halıdır. Buna görə də, məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququ mövcud olduğundan yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi tələbinə baxarkən yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərini və həmin maddi hüquq normaları ilə bağlı Konstitusiya Məhkəməsinin şərhlərini nəzərə almaqla düzgün araşdırma aparılmalıdır Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin-in 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Mövcud istifadə hüququna xitam verilməsi üçün kompensasiya məbləğinin müəyyən edilməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. "R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2007-ci il tarixli qərarında göstərilir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2 maddəsinin Azərbaycan Respublikası MPM-nin 53,149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Qərarına görə birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib- göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. İşə məhkəmədə baxılan zaman kompensasiya ödənilməsi ilə bağlı mübahisəli mənzilin yerləşdiyi ərazidə bağlanılan kirayə qiymətləri barədə məlumat əldə edilməsi üçün notariat ofislərinə sorğu göndərilmiş, notariat ofisləri tərəfindən sorğuya cavab olaraq mənzilin şəraitindən asılı olaraq bağlanılan kirayə müqavilələri üzrə qiymətlərin 100-300 manat arasında müəyyən edilməsi qeyd edilmişdir. Notariat Ofisləri tərəfindən kirayə müqavilələri bağlanılarkən müəyyən edilmiş qiymətlər tərəflərə elan edilmiş, İddiaçı iddia tələbində qeyd etdiyi kompensasiyanın məbləğinin mövcud bazar qiymətlərindən az olması diqqətinə çatdırılaraq məhkəmə tərəfindən bazar qiymətinə uyğun kompensasiyanın təyin ediləsi ilə əlaqədar iddiaçının razılığının olub-olmaması soruşulmuş, iddiaçı cavabdehə 5000 manatdan artıq kompensasiya verməyəcəyini və daha artıq kompensasiya məbləğinin qeyd edilməsinə razılığının olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün iddiaçı tərəfindən təklif olunan 5000 manat kompensasiya məbləği ədalətli deyildir. Məhkəmə tərəflərin hüquqlarını nəzərə alaraq 5000 manat məbləğində cavabdehə kompensasiya verilməsini ədalətli və insaflı hesab etmir, belə ki, cavabdeh dörd nəfər ailə üzvü ilə birlikdə 5000 manat kompensasiya müqabilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə davamlı və müddətli olaraq yaşamaq imkanına malik olmur. Ona görə də məhkəmə mülkiyyətçi tərəfindən təklif edilmiş 5000 manatın qarşılığında cavabdehin istifadə hüququna xitam verilməsini işin faktiki hallarına, eləcə də məhkəmə iclasında tədqiq edilmiş sübutlara görə ədalətli və mümkün hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə yaşayış hüququna xitam verilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar