Məhkəmə qərarları › İş №2(078)-143/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-143/2024

20.02.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-143/2024 20.02.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ərizəçi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X5 iştirakları ilə, Ərizəçi Hüseynova Zəhra Mehdi qızının fəaliyyət qabiliyyəti olmayan hesab olunması tələbinə dair mülki işə açıq məhkəmə baxış iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1953-cü il tarixdə anadan olmuş Hüseynova Zəhra Mehdi qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi iddia ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, bacısı Hüseynova Zəhra Mehdi qızı xx.xx.1953-cü il tarixdə Babək rayon, Sirab kəndində anadan olmuşdur. Bu günədək ailə həyatı qurmamışdır. Bacısı Zəhra “Dəqiqləşdirilməmiş demensiya” diaqnozu ilə Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X3 qeydiyyatda dayanır. Bacısı Zəhra özünü tam idarə etməkdə çətinlik çəkir. Hazırda ona o baxıb, o qulluğunda durur. Zəhra onların dediklərini başa düşmür və cavab verə bilmir, özü istədiyini onlara tam anlata bilmir, nitq qabiliyyəti yoxdur. Əlilliyə görə ömürlük təqaüd alır, lakin özünə aid heç bir sənəd hazırlaya bilmir, bütün sənədləri qardaşı olaraq o hazırlayır. Zəhra fəaliyyət qabiliyyəti olmayan hesab edilərsə onun qəyyumu olaraq o, ona qulluq etməklə bərabər, onunla bağlı lazım olan sənədləşmə işlərini apara bilər. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxsin səhhəti yol verirsə, məhkəmə iclasına çağırılması nəzərdə tutulduğundan 28 dekabr 2023-cü il tarixli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin olunmuş və ekspertin qarşısına Hüseynova Zəhra Mehdi qızının sağlamlıq vəziyyətinin onun məhkəmə iclasında iştirak etməsinə imkan verib-verməməsinin araşdırılması ilə bağlı sual qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 17 yanvar 2024-cü il tarixli, 21 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Hüseynova Zəhra Mehdi qızının sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Bunu nəzərə alan məhkəmə Hüseynova Zəhra Mehdi qızını məhkəmə iclaslarına dəvət etməmiş və dindirməmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi izahatında Hüseynova Zəhra Mehdi qızının onun bacısı olduğunu, anadangəlmə əqli qüsurunun olmadığını, sonradan belə olduğunu, təxminən 8 ildir xəstə olduğunu, bacısının ailə qurub ayrıldığını, özünü idarə edə bilmədiyini, Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikası X3 qeydiyyatda olduğunu, bacısının Naxçıvan şəhərində qeydiyyatda olduğunu, ancaq ona özünün baxdığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X1 Hüseynova Zəhra Mehdi qızının fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə hallarının olmamasını müəyyən etdiyini, ekspert rəyindən də şəxsin həqiqətən fəaliyyət qabiliyyəti olmadığının göründüyünü bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarını tədqiq edən məhkəmə müəyyən edir ki, barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş Hüseynova Zəhra Mehdi qızının 01 fevral 1953-cü il tarixdə Babək rayon, Sirab kəndində anadan olması, onun hazırda Babək rayon, Sirab kəndində yaşaması, Ərizəçi Hüseynova Zəhra Mehdi qızının qardaşı olması, Hüseynova Zəhra Mehdi qızının Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X3 qeydiyyatda dayanması mülki işin mübahisəsiz hallarıdır. Bunların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -İş materiallarına əlavə edilmiş Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 842326 nömrəli çıxarışdan Hüseynova Zəhra Mehdi qızının 01 fevral 1953-cü il tarixdə Babək rayon, Sirab kəndində anadan olması, atasının X7, anasının isə X10 olması; -İş materiallarına əlavə edilmiş Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan Ərizəçi xx xxxx 1961-ci il tarixdə Babək rayon, Sirab kəndində anadan olması, atasının X7, anasının isə X8 olması; -İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X6 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1540 nömrəli arayışdan 01 fevral 1953-cü il təvəllüdlü Hüseynova Zəhra Mehdi qızının “Dəqiqləşdirilməmiş demensiya” diaqnozu ilə Y.Budaqov adına Naxçıvan MR X3 dispanser qeydiyyatda dayanması; -İş materiallarına əlavə olunmuş Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 nömrəli inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 1425 nömrəli arayışdan Hüseynova Zəhra Mehdi qızının ünvan 1 ünvanında qeydiyyatda olması; -İş materiallarına əlavə olunmuş Naxçıvan MR Babək rayon İcra Hakimiyyəti Sirab kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 583 nömrəli arayışdan Hüseynova Zəhra Mehdi qızının Babək rayon, Sirab kəndində yaşaması; -İş materiallarına əlavə olunmuş Naxçıvan MR Babək rayon İcra Hakimiyyəti Sirab kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 582 nömrəli arayışdan Ərizəçi Babək rayon, Sirab kəndində yaşaması aydın olur. Mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində onları bir-biri ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Şəxsin ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını dərk etməsinin və ya öz hərəkətlərinə rəhbərlik edə bilməsinin müəyyən olunması isə xüsusi bilik tələb edən məsələ olduğundan məhkəmənin hazırlıq iclasında bunun müəyyən olunması üçün 28 dekabr 2023-cü il tarixli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 17 yanvar 2024-cü il tarixli, 21 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Hüseynova Zəhra Mehdi qızında “Dəqiqləşdirilməmiş demensiya” psixi xəstəliyi vardır. Hüseynova Zəhra Mehdi qızı öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Hüseynova Zəhra Mehdi qızının sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qəbul ediləndir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi Hüseynova Zəhra Mehdi qızının fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına dair ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, Hüseynova Zəhra Mehdi qızının əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin və Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsinin izahatları ilə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, Hüseynova Zəhra Mehdi qızı əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən o, fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - ərizə təmin olunmalı; - 01 fevral 1953-cü il tarixdə Naxçıvan rayon, Sirab kəndində anadan olan Hüseynova Zəhra Mehdi qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilməli; - ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 01 fevral 1953-cü il tarixdə Naxçıvan rayon, Sirab kəndində anadan olan Hüseynova Zəhra Mehdi qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar