Məhkəmə qərarları › İş №2(078)-1444/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1444/2023

06.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1444/2023 06.10.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsinə baxaraq, m ü ə y y ə n e t d i m: Ərizəçi məhkəməyə müraciət edərək, Naxçıvan şəhəri, 58-ci məhəllə 86 ünvanında yerləşən 600 kv.m həyətyanı torpaq sahəsinin Ərizəçi sahiblik və istifadəsində olması faktının müəyyən (təsdiq) olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizəçi ərizəsində Naxçıvan şəhəri, 58-ci məhəllə 86 ünvanında tikiti apardıqdan sonra sənədləşmə aparılması məqsədilə müvafiq dövlət qurumlarına və Naxçıvan MR Arxiv İdarəsinə müraciət etdiyini, lakin Naxçıvan MR Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 13/554 nömrəli arxiv arayışında Naxçıvan şəhər XDM İcrayyə Komitəsi tərəfindən 30 dekabr 1992-ci il tarixli 813 nömrəli qərara dair adlı siyahıda ona məlum olmayan səbəbdən səhvən onun adına 86 nömrə ilə verilmiş torpaq sahəsinin aşkar olunmadığını qeyd etmişdir. Ərizəyə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 07 iyul 2020-ci il tarixli, 13/554 nömrəli arayışda qeyd edilmişdir ki, Naxçıvan şəhər XDM İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 813 nömrəli qərarında Naxçıvan şəhərində yaşayan vətəndaşlara mənzil tikintisi üçün torpaq sahəsi verilməsi haqqında adlı siyahıda Ərizəçi adı çıxmadı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Məhkəmə, qanunvericiliyin qeyd olunan normalarını və Ali Məhkəmənin Plenumunun qərarını nəzərə alaraq hesab edir ki, Naxçıvan şəhər XDM İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 813 nömrəli qərarında Naxçıvan şəhərində yaşayan vətəndaşlara mənzil tikintisi üçün torpaq sahəsi verilməsi haqqında adlı siyahısında ərizəçinin adının olmaması verilmiş arxiv arayışı ilə öz təsdiqini tapdığından, qeyd edilən qərarın başqa qaydada əldə edilə bilməməsini əks etdirən hal mövcud olmadığından onun hazırki ərizəsinə məhkəmə qaydasında baxıla bilməz. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.3-cü bəndində qeyd olunur ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.2-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə dövlət rüsumu qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, Ərizəçi tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 05 sentyabr 2023-cü il tarixli, 15263 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1, 153.4, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin qəbulundan yolverilməzliyə görə imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər Ərizəçi qaytarılsın. Ərizə verilərkən Ərizəçi tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 05 sentyabr 2023cü il tarixli, 15263 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar