Məhkəmə qərarları › İş №2(078)-1459/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1459/2024

04.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1459/2024 04.12.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış və istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57.94 m2, 38.32 m2 isə yaşayış sahəsindən ibarət olan 3 otaqlı mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini əsaslandıraraq bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 57.94 kv.m, 38.32 kv.m isə yaşayış sahəsindən ibarət olan 3 otaqlı mənzilə tam mülkiyyət hüququ ilə sahibdir. Həmin fərdi yaşayış evi mərhum atası X6 miras qalıb. O, xx.xx.2014-cü il tarixdə 24-01-13 nömrəli vərəsəlik şəhadətnaməsi almış, xx.xx.2024-cü il tarixdə isə Naxçıvan MR Daşınmaz Əmlakın və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin ******* nömrəli çıxarışına əsasən həmin fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin mənzil onun tam mülkiyyətindədir. Həmin tarixdə daşınmaz əmlak dövlət reyestrində onun adına qeydiyyata alınmışdır. O, özünə tam mülkiyyət hüququ ilə məxsus olan mənzil barəsində müstəqil sürətdə sərəncam verə bilmir və bu hüququ asılı hüquq olan "yaşayış və istifadə hüququ" ondan asılı olaraq məhdudlaşmışdır. Belə ki, onun qardaşı olan Cavabdeh qeyd edilən mənzildə pasport qeydiyyatında dayanır. Əvvəllər dəfələrlə məhkum olunmuş, uzun illər həbsxanada yatmışdır. Lakin sonralar o Bakı şəhərinə getmişdir. Cavabdeh 2015-ci ildən qeyd edilən mənzildən (hazırki mübahisə predmeti olan mənzildən) çıxmış və bir daha həmin mənzilə geri qayıtmamışdır. Onun qeydiyyatı sadəcə formal xarakter daşıyır və o da həmin şəxs qeyd edilən ünvanda qeydiyyatda olduğu üçün mənzil barəsində sərəncam verə bilmir. O onun yaranmış, artıq itirilən və formal xarakter daşıyan yaşayış və istifadə hüququna kompensasiya verilmədən xitam verilməsini istəyir və bu xitam qərarı əsasında da həmin şəxsi mənzilin pasport qeydiyyatından çıxarmaq istəyir. Nəticə etibarilə əmlak formal olaraq yüklü qalmaqda davam edir ki, bu da onun sərəncam vermək hüququnu, dolayı yolla mülkiyyət hüququnun bir elementi sayılan sərəncam hüququnu məhdudlaşdırmış olur. Cavabdehin qeyd edilən mənzildən istifadə və yaşayış üçün də ehtiyacı yoxdur. O təxminən 2015-ci ildən həmin mənzildən Bakı şəhərində ünvanı məlum olmayan başqa yaşayış yerinə köçüb daimi olaraq getmişdir. İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Vəkil 20 noyabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ərizədə vəkil və nümayəndəsi olduğu İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57.94 m2, 38.32 m2 isə yaşayış sahəsindən ibarət olan 3 otaqlı mənzildən qardaşı Cavabdeh yaşayış və istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi tələbi ilə bağlı xx.xx.2024-cü il tarixdə iddia qaldırdığını, hazırda iddianı dəqiqləşdirərək Cavabdeh yaşayış və istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1459/2024 nömrəli, 20 noyabr 2024-cü il tarixli qərardadı ilə iddiaçının və iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin təmin edilməsi və iddia tələbinə Cavabdeh İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57.94 m2, 38.32 m2 isə yaşayış sahəsindən ibarət olan 3 otaqlı mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüququnun itirilməsi həddində baxılması qərara alınmışdır. 04 dekabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə İddiaçı mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İddiaçı vəkili və nümayəndəsi Vəkil iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı izahatında Cavabdeh qardaşı olduğunu, cavabdehin uzun müddətdir ünvan 1 ünvanında yerləşən mənzildə yaşamadığını, qardaşının əvvəllər məhkum həyatı yaşadığını, dəfələrlə narkotik vasitələrin istifadəsinə, daşınmasına görə tutulduğunu, sonra isə 2015-ci ildən daimi olaraq evdən çıxıb getdiyini, hazırda Bakı şəhərində yaşadığını, lakin onun evində qeydiyyatda olduğu üçün polislərin məlumat almaq üçün özünə zəng etdiklərini, bunun da ailəsində problemlərə səbəb olduğunu, evin anasından vərəsəlik qaydasında özünə keçdiyini, qardaşının da miras əmlakdan imtina etdiyini, özünün də qardaşının da ünvan 1 ünvanında yerləşən evdə doğulduğunu, qardaşının 1975-ci ildə həmin evdə doğulduğunu, lakin onun uzun müddətdir ki, həmin evdə yaşamadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil izahatında cavabdehin iddiaçının qardaşı olduğunu, 2013-cü ildə iddiaçının anası vəfat etdikdən sonra ünvan 1 ünvanında yerləşən mənzilin miras olaraq qaldığını, cavabdehin iddiaçının xeyrinə mirasdan imtina etdiyini, iddiaçının 2014-cü ildə şəhadətnamə aldığını, cavabdehin dəfələrlə məhkum olunduğunu, həbsdən çıxdıqdan sonra cavabdehin könüllü olaraq həmin evdən çıxıb getdiyini, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən yaşayış və istifadə hüququnun itirilməli olduğunu bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində Gülbəniz ilə qonşu olduqlarını, Gülbir xalanın onun anası olduğunu, onun təxminən 2013-cü ilin dekabr ayı rəhmətə getdiyini, Gülbənizin anasının yanına gəlib-getdiyini, Gülbənizin anasının evdə tək yaşadığını, öldüyünü, onların da bir gün sonra bildiklərini, Elnuru 15 ildən artıqdır ki, həmin mənzildə ümumiyyətlə görmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində Elnuru mübahisəli mənzildə neçə illərdir görmədiyini, 2000-ci ildən Gülbənizgillə qonşu olduqlarını, elə həmin vaxt da Elnurun məhkum olunduğunu eşitdiyini, həbsdən çıxdıqdan sonra anası öləndən ümumiyyətlə Elnuru həmin ünvanda görmədiyini bildirdi. Məhkəmə iddiaçının, iddiaçının vəkil və nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda, işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Naxçıvan şəhəri, İstiqlal küçəsində istifadədə olan torpaq sahəsində yerləşən 73 nömrəli, 5 mərtəbəli binanın 6-cı girişində, 5-ci mərtəbəsində, 58.00 kv.m ümumi, 38.32 kv.m yaşayış sahəsindən və 19.62 kv.m köməkçi sahədən ibarət 3 otaqlı, 68 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/11 nömrəli reyestr kitabının 2090 nömrəli vərəqində qeydiyyata alınmışdır. (reyestr nömrəsi: **********65-05101-093034, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2014). İddia ərizəsinə əlavə olunmuş Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki Pasportunun təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına qeydiyyata alınmışdır. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 21 sentyabr 2024-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, Əliyeva X4 şəhəri, İstiqlal küçəsi, ev 73, mənzil 68 ünvanında qeydiyyatdadır. X1, X9 və Cavabdeh da həmin ünvanda qeydiyyatdadırlar. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 27 sentyabr 2024-cü il tarixli, 430649 nömrəli çıxarışdan görünür ki, İddiaçı ilə X11 arasında 10 sentyabr 1994-cü il tarixdə Şahbuz rayon Sələsüz kənd İcra Nümayəndəliyində nikah bağlanmış və bu barədə nikah kitabında 06 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 16 noyabr 2024-cü il tarixli, 04/1799 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57.94 m2 olan 3 otaqlı mənzil Naxçıvan şəhər 2 saylı DNK-nın xx.xx.2014-cü il tarixli, 2/V-01-13 nömrəli vərəsəlik şəhadətnaməsi əsasında xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş 21 iyul 1972-ci il tarixli, A3 seriyalı, 211684 nömrəli evlənmək haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 ilə X14 arasında 21 iyul 1972-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın haqqında akt qeydləri kitabında həmin tarixdə 140 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 dekabr 2013-cü il tarixli, AZ-İ seriyalı, 494661 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 22 dekabr 2013-cü il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 25 dekabr 2013-cü il tarixdə 403 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 18 fevral 1997-ci il tarixli, İV-JQ seriyalı, 457769 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X14 12 yanvar 1997-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 12 fevral 1997-ci il tarixdə 44 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş 30 yanvar 2014-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçıdır. Şəhadətnamə verilən miras əmlak Naxçıvan şəhəri, İstiqlal küçəsində istifadədə olan torpaq sahəsində yerləşən 73 nömrəli, 5 mərtəbəli binanın 6-cı girişində, 5-ci mərtəbəsində, 58.00 kv.m ümumi, 38.32 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 68 nömrəli yaşayış evidir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 5 saylı Mənzil- İstismar İdarəsi tərəfindən verilmiş arayışın təsdiq edilmiş surətindən görünür ki, X3 həyat yoldaşı X14 (vəfat edib), oğlu Cavabdeh və qızı İddiaçı adlı ailə üzvləri var. Cavabdeh mübahisəli evdən istifadə ilə bağlı hüquq münasibətləri 1 sentyabr 2000-ci ilə qədər yarandığından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in 8 iyun 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə, mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Lakin bu maddə həmin şəxslər arasında razılaşmanın formasını və reallaşmasının şərtlərini müəyyən etməməklə məsələni tərəflərin öhdəsinə buraxmış, yaşayış sahəsindən istifadə qaydası və xərclərdə iştirakın məbləği haqqında əmələ gələn mübahisələrin məhkəmə yolu ilə həllini müyyənləşdirmişdir. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində (İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir) və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. “Respublika Məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 1992-ci il 16 oktyabr tarixli, 2 №-li qərarının (1994-cü il 20 may tarixli, 4 №-li və 1998-ci il 25 mart tarixli, 4 №-li qərarlarında edilmiş dəyişikliklərlə) 8-ci bəndində göstərilir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, qanunla daha uzun müddət nəzərdə tutulmamışdırsa, müvəqqəti olaraq başqa yerə getmiş kirayəçinin və onun ailə üzvlərinin yaşayış sahəsinə hüququ altı ay müddətinə saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, bununla əlaqədar mübahisə yarandıqda, maraqlı şəxslərin iddiaları üzrə məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmə kirayəçinin və onun ailə üzvünün üzrlü səbəblərdən müəyyən edildiyindən artıq müddətə başqa yerə getdiyini müəyyən etdikdə, iddianı təmin etmir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh 9 ildən artıq müddətdir ki, mübahisəli mənzili daimi əsaslarla tərk etmişdir. Qeyd edilənlərə əsasən müəyyən edildi ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir və cavabdeh 9 ildən çoxdur ki, mübahisəli mənzildə yaşamır, oranı daimi əsaslarla tərk etmişdir və onun qeydiyyatı formal xarakter daşıyır. Cavabdehin mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçıya mənzildən maneəsiz istifadə etməyə imkan vermir. Cavabdehin uzun müddətdir ki, mübahisəli mənzildə yaşamaması onun özünə başqa daimi yaşayış yeri seçməsi qənaətinə gəlməyə imkan verir. Cavabdehin mənzildə olan pasport qeydiyyatı hazırda formal xarakter daşımaqla “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsində təsbit edilmiş bu qanunun məqsədlərinin təmin edilməsinə xidmət etmir. Ona görə də, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz (dinc) istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia tələbi təmin edilməli; -Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən yaşayış və istifadə hüququ itirilmiş hesab edilməli; -iddia təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən yaşayış və istifadə hüququ itirilmiş hesab edilsin. İddia təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar