Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1564/2025 02.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, Ərizəçi Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X6 və maraqlı şəxs Hüseynov Elşad Nəriman oğlunun iştirakı ilə, Ərizəçi Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı yanında “Qəyyumluq və Himayəçilik Komissiyası”-nın şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Əizəçi Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı yanında “Qəyyumluq və Himayəçilik Komissiyası” ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1969-cu ildə Naxçıvan şəhərində doğulmuş Hüseynov Elşad Nəriman oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı yanında “Qəyyumluq və Himayəçilik Komissiyası” ərizəsini əsaslandıraraq bildirmişdir ki, ünvan 1 ünvanında yaşayan X1 şəhər İcra Hakimiyyəti başçısı yanında "Qəyyumluq və Himayəçilik Komissiyası"na müraciət edərək ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 4 hissəsinin ona, hissəsinin isə əmisi oğlu, 5 avqust 1969-cu il təvəllüdlü Hüseynov Elşad Nəriman oğluna məxsus olduğunu, əmisi oğlunun səhhəti ilə bağlı onun himayəsində yaşadığını bildirmiş, səhhətində olan problemlərlə bağlı paylı mülkiyyətində olan əmlaka dair sənədləşmə işlərini apara bilmədiyindən Elşad Hüseynovun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir. Təqdim olunan sənədlərə baxış zaman məlum olmuşdur ki, Hüseynov Elşad Nəriman oğlu 5 avqust 1969-cu il tarixdə Naxçıvan şəhərində doğulub və o 28 sentyabr 2004-cü il tarixdən "Şizofreniya. paranoid forma" diaqnozu ilə Y.Budaqov adına Naxçıvan MR X4 qeydiyyata durur. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair 3 sentyabr 2025-ci il tarixli, forma 88 nömrəli məlumatında ümumi xəstəlik səbəbindən Hüseynov Elşad Nəriman oğluna "Şizofreniya. paranoid forma" diaqnozu qoyulması və əmək qabiliyyətsiz olması göstərilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq X14 Nəriman oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı qətnamə qəbul olunması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında ərizəçi Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X11 verdiyi izahatında bildirmişdir ki, Vüsalə xanımın şəxsin fəaliyyət qabiliyyətsiz hesab olunmasını istədiyini, Vüsalə xanımın ekspert rəyi ilə razılaşmadığını, bu barədə fikirlərinin dinlənilməsini istədiyini bildirərək qanuni qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı dindirilən maraqlı şəxs Hüseynov Elşad Nəriman oğlu məhkəməyə verdiyi izahatında göstərmişdir ki, 1969 təvəllüdlü olduğunu, subay olduğunu, tək yaşadığını, 20 ildir tək yaşadığını, özünün özünü dolandırıb, özünün özünə baxdığını, qonşusu ona yemək bişirib qablarını yuduğunu, 250 manat pensiya aldığını, evdə işıq pulunu, su pulunu qonşusunun ödədiyini, pensiyasını onun aldığını, yeməklərini onun bişirdiyini, qonşusunun özünə də pul verdiyini bildirmişdir. Məhkəmə iclası zamanı dindirilən şahid X8 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, maraqlı şəxsin əmisiqızı olduğunu, Elşadın içib anasını döydüyünü, Elşadı gətirib öz evlərində saxladıqlarını, qonşularının Elşadın pensiyasından istifadə etdiyini, problemlər olduqda onun üstünə göndərdiklərini, Elşadın işlək oğlan olduğunu, iş görən olduğunu, Elşadın qalmağa yerinin olmadığını, qonşuların ona qalmağa yer düzəltdiyini, Elşadın xəstələndiyi zaman həkimə özünün apardığını, dərmanlarını və yemək içməyini özü verdiyini, o qonşunun Elşadı özü ilə gəzdirdiyini, Elşadın 6 ay xəstəxanada qaldığını, Elşadın utanıb qonşusundan pul almadığını bildirmişdir. Məhkəmənin qiymətləndirməsi: Mülki işin materiallarında olan xx.xx.2025-ci il tarixdə Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş çıxarışdan məlum olur ki, Hüseynov Nəriman Həsənqulu oğlu ilə X13 arasında xx.xx.1960-cı il tarixdə nikah bağlanmış və bu barədə 15 nömrəli akt qeydi icra edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2025-ci il tarixdə Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş çıxarışdan məlum olur ki, Hüseynov Elşad Nəriman oğlu 05 avqust 1969-cu ildə anadan olmuşdur. İş materillarında olan xx.xx.1976-cı il tarixdə verilmiş AZ-İV seriyalı 338636 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X8 12 iyul 1976-cı ildə anadan olmuşdur. Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikası X7 tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 2269 nömrəli məktubda qeyd edilmişdir ki, ünvan 4 ünvanda qeydiyyatda olan 1969-cu il təvəllüdlü Hüseynov Elşad Nəriman oğlu xx.xx.2004-cü il tarixdən "Şizofreniya. Paranoid forma" diaqnozu ilə dispanserdə qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2025-ci il tarixdə verilmiş arayışdan məlum olur ki, Hüseynov Elşad Nəriman oğlu 2-ci qrup əlildir. Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 saylı İƏDN tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 470 nömrəli arayışa əsasən Hüseynov X10 Şəhər, 8-ci küçə, ev 9 ünvanında qeydiyyatdadır. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin və müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin izahatını dinləyib, eyni zamanda iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-ci maddəsində müəyyən olunmuşdur ki, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 317.2-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. İş materiallarından ərizəçi X3 X2 atası olması, həmçinin X2 hazıradək ailə qurmaması müəyyən olunmuşdur. Həmin Məcəllənin 319-cu maddəsində qeyd olunmuşdur ki, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Qeyd olunan maddənin tələbinə uyğun olaraq Naxçıvan Şəhər Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli, 2(078)-1564/2025 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilərək, ekspertizanın aparılması X17 MR X7nə tapşırılmış və ekspertiza rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Naxçıvan MR Səhyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X5 tərəfindən xx.xx.2025-ci il tarixdə 639 nömrəli Ambulator Məhkəmə Psixiatrik ekspertizasının rəyi məhkəməyə göndərilmişdir. Ekspertiza rəyi məhkəməyə xx.xx.2026-cı il tarixdə daxil olmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 09 yanvar 2026-cı il tarixli, 2(078)-1564/2025 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Naxçıvan MR Səhyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X5 verdiyi xx.xx.2025-ci il tarixli 639 nömrəli Ambulator Məhkəmə Psixiatrik ekspertizasının rəylərindən məlum olmuşdur ki, Hüseynov Elşad Nəriman oğlunda "Şizofreniya. Paranoid forma" psixi xəstəliyi vardır. Hüseynov Elşad Nəriman oğlu öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətindədir. Hüseynov Elşad Nəriman oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan verir. Psixiki vəziyyəti bələdliyi primitiv saxlanılıb. Xarici görünüşü baxımlıdır. Təmasa daxil olur. Sadə suallara uyğun cavablar verir. Anamnestik məlumatları bir qədər kasaddır. Nitqi anlaşılır. Hazırda hallüsinasiya və sayıqlama qevd edilmir. Mühüm hadisələrdən xəbəri yoxdur. Emosional ləbildir. Düşüncə patologiy ası müşahidə olunmur. Hal-hazırki vəziyyətinə tənqidi münasibəti formaldır. Məhkəmə araşdırması zamanı Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X6 məhkəməyə verdiyi izahatdan və iş üzrə toplanmış digər sübutlardan məlum olmuşdur ki, Hüseynov Elşad Nəriman oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsi üçün hə hansı əsas yoxdu. Ekspert rəyinə əsasən şəxs fəaliyyət qabiliyyətlidir. Maraqlı şəxs olaraq məhkəmə iclasında şəxsən iştirak etmiş, məhkəmə tərəfindən verilən suallara adekvat və düzgün cavablar verilmişdir. Məhkəmə ekpsert rəyini sübut qismində qiymətləndirir və ərizənin rədd edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsassız olduğundan rədd edilməli, 05 avqust 1969-cu il tarixdə doğulmuş Hüseynov Elşad Nəriman oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməməlidir. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı yanında “Qəyyumluq və Himayəçilik Komissiyası”-nın şəxsin-Hüseynov Elşad Nəriman oğlunun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizəsi əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-1564/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1564/2025
02.02.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver