Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-173/2025 03.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehlər Cavabdeh və X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, ona dair hüquqi nəticələrin ləğvi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə onunla Cavabdeh arasında bağlanmış 1416 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab olunması və həmin müqavilədən yaranan bütün hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105.51 kv.m olan fərdi yayayış evi mərhum həyat yoldaşından ona miras qalmışdır. 2023-cü ilin dekabr ayında oğlu, gəlini X12 və onun xalası Qənirə onu aldadaraq mülkiyyətində olan fərdi yaşayış evini oğlunun adına keçirməyini tələb etmişlər. Demişlər ki, əgər keçirtməsən evi dövlət əlindən alacaq, gəl keçirt oğlunun adına ki, gələcəkdə heç bir problem olmasın. Onların bu sözlərinə inanaraq 15 dekabr 2023-cü il tarixdə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105.51 kv.m olan fərdi yaşayış evini oğlu Cavabdeh hədiyyə edərək onun adına keçirmişdir. Oğlu və həyat yoldaşı onu aldadaraq bildirmişlər ki, narahat olma, biz səni saxlayacağıq. Onların şirin sözlərinə aldanib evi oğlunun adına bağışlamışdır. Oğlu isə 2024-cü ilin yanvar ayında həmin evi gəlini X4 adına keçirtmişdir. Bundan sonra oğlu, həyat yoldaşı və gəlininin valideynləri onu öz evindən qovub çölə atmışlar. Təqaüdçüdür, əlavə olaraq Naxçıvan MR Yaşıllaşdırma İdarəsində işləyir. Aylıq 330 manat maaş alır. Lakin oğlu onun əlindən pensiya və maaş kartını da alaraq özü xərcləyir. Aylıq 40 manat ona pul verir. Oğlundan pensiya və maaş kartını istədikdə ona şiddət göstərərək kartlarını özünə verməmişdir. Oğlu və gəlini onu çox incidir, təhqir edir və şiddət göstərirlər. Dəfələrlə oğlu və gəlini tərəfindən döyülərək evdən qovulmuşdur. Hər dəfəsində niyə belə edirsən deyə soruşduqda, ev mənimdir özüm bilərəm deyir. Namümkün qalaraq banka müraciət edib yeni kart almışdır. Sonuncu dəfə 2024-cü ilin noyabr ayının 7-də oğlu ondan yeni kartlarını tələb etmiş, lakin kartları onlara verməmişdir. Həmin vaxt oğlu, gəlini və gəlininin anası tərəfindən döyülərək evdən qovulmuşdur. Qalacaq başqa yeri yoxdur. Hazırda öz evi olsa da hərdən bir qohumunun evində yaşayır. Bu səbəbdən də məhkəməyə müraciət edərək bağışlanma müqaviləsinin ləğv edilməsini, mülkiyyətinin özünə qaytarılmasını istəyir. İddiaçının yazılı razılığı ilə cavabdeh X12 və Naxçıvan Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi cavabdeh qismində işə cəlb edilmişdir. Cavabdeh təşkilat Naxçıvan Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərinə dair məhkəməyə ərizə göndərmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, o evdə yaşamır, ona vəd etmişlər ki evi oğlunun adına keçirtsin ona baxacaqlar. Evi oğlunun adına keçirtdikdən sonra təxminən bir il o evdə yaşadığını, onlara daima 740 manat 800 manat pul verdiyini, oğlunun ona mənim yoldaşımın çörəyini yeyirsən burnundan gəlsin dediyini, ayaqqabı alması üçün belə ona pul vermədiklərini, pulunun olmadığını borc verdiyini söylədiyini, əlində pulu olmadıqda ev üçün ərzaq almağa görə borc aldığını, qonşu mağazalardan nisyə götürdüyünü, saat 5 yarısı özünün evə gəldiyini, 6 da gəlini və oğlunun gəldiyini, gülləri yuduğu üçün gəlinin deyindiyini, gülləri evə qoymaq istədiyini, gəlininin imkan vermədiyini, tozsoranın suyunu artıq etdiyi üçün suyun töküldüyünü, sonra oranı silib təmizləyib evi tozsoranladığını, gəlininin suyu işlətdiyinə görə onu danladığını, bu hadisədə oğlunun ləyəni onun başına çırpdığını, noyabr ayının 7-də pensiya kartını bağlatdığını, o zaman bankdan pul götürdüyünü hətta o pulu belə cavabdehlərə verdiyini, 2800 manat məbləğində kredit idi, 2023-cü ilin fevral ayında krediti təzələdiyini, yenə onlara verdiyini, ən sonda əlində qalan 146 manat pulu da onu döyərək əlindən aldığını, noyabr ayının 7-də onu döyüb evdən çıxardıqlarını, qızını çağırdığını, onu qurtarmalarını söylədiyini, oğlunun gəlininin və oğlunun qaynanasının birləşərək onu da qızını da döydüklərini, qızının epilepsiya xəstəsi olduğunu, evini geri almaq istədiyini, evi gəlinin adına keçirtdiyini sonralar bildiyini, əvvəl bilmədiyini, evi ona görə oğlunun adına keçirmişdir ki, ona baxsınlar, qayğısına qalsınlar, ancaq onlar ona gün vermədiyini, neçə aylardır, oğlu-qız, qardaşı. Bacı, qayın qapısında qaldığını, onlarla birgə yaşamaq istəmədiyini bildirmişdir. Məhkəmə iclasında izahat verən iddiaçının vəkili Vəkil izahatında iddiaçının izahatına əlavəsi olmadıını bildirib iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh verdiyi izahatında bildirmişdir ki, anası yalan danışır, şər atır, bacısı Bakıda olur heç burada deyildi. Anasının hər şeyi yalan dediyini, evi öz adına keçirtməyə anasını məcbur etmədiyini, atasının ilində anasının evi oğlumun yox gəlininin adına saldıcağını söylədiyini, Asan xidmət mərkəzində onun adına keçirdikdən 15 gün sonra evi yoldaşının adına keçirtdiyini, hər bir hadisənin yalan və şər olduğunu, öz qızının gəlib anasını evdən götürüb apardığını, onun adına kredit götürüb anasının öz kreditini bağladığını o səbəbdən anasından pul istədiyini, o pulu anasına verdiyi pulun kreditini bağlamaq istədiyini, dəfələrlə savaşıb barışdıqlarını, lakin birgə yaşadıqlarını, anasının onu və yoldaşını boşatdırmaq istədiyini, evə çoxlu pul xərclədiyini, o zamanlar heç evi onun adına keçirəcəyini bilmədiyini, yaşadığı üçün hər şeyi etdiyini, noyabr ayının 7-də qardaşı Hüsenə zəng edib anasının onları bezdirdiyini, gəlib çarə olmağı söylədiyini, bacısının zəng edib anasını bu səbəbdən danladığını, bacısının gəlib təhqir və söyüşlər söydüyünü özünün o səbəbdən bacısını qovduğunu, qardaşının da anasının paltarını yığıb gedək dediyini və hazırlanıb çıxdıqlarını, anasını döymədiyini, əl qaldırmadığını, şər atdığını, anasının dediklərinin yalan olduğunu, evdə bir otaq ayırdığını, oğlu Hüseyn gəlsin suyunu çəksin, düzəltsin, o da onlarla eyni qapıya çıxmamaqla yaşaya biləcəklərini, qapısını da ayırdığını, çünki bir yerdə qala bilmədiklərini bildirmişdir. Ona görə evi arvadına bağışlamıdşır ki, o ilk evliliyində uşaq mübahisəsi olmuşdur, uşaq onun olmamışdır. Bununla bağlı əlində rəsmi sənədi olmuşdur. Gələcəkdə ev mübahisəsi açmasınlar deyə evi arvadının adına keçirmişdir. O hələ anası evi onun adına keçirməzdən əvvəl evdə təmir işləri aparmış, öz evi bilmişdir. X27 ifadəsinə münasibət bildirərək anasını vurmaq istəmədiyini, süzgəci vurarkən Günelin barmağına zərbə dəydiyini və barmağının çıxdığını, həyətdəki ağacın da öz həyətidir, ağac qurumudşu, qırdığını, qardaşı Hüseynin ev tikdiyi vaxt gəlib onlarda qaldığını. Onlardan yeyib-içdiyini, arvadına dediyi nalayiq sözdən sonra evdə qalmasını istəmədiyini bildirmişdir. Məhkəmə iclası zamanı cavabdeh X12 verdiyi izahatında bildirmişdir ki, 2020-ci ildə onun o evdə olmadığını, 2023-cü ilin aprel ayının 17-də nikaha girdiyini, mart ayının 7-i hərilərinin olduğunu, 21-i nişanlarının olduğunu, iddiaçının dediyi saatlarda özünün evdə olmadığını, taksi parkda olduğunu, anasıgilə getdiyini, yolda kartı bankomata saldıqda işləmədiyini, Mehdiyə zəng etdiyini, orada gözləmək istəmədiyini, sonra evə döndüyünü, evdə iddiaçının kartı bağlatdığını söylədiyini, özünün isə ona heçnə demədiyini, ana ilə bala arasına girmək istəmədiyini, iddiaçının onu təhqir etdiyini, iddiaçı ilə birgə o evdə yaşamaq niyyətinin olmadığını, o evə gəlin gəldiyində evi pis vəziyyətda olduğunu, iddiaçının kartını oğlu Hüsendən aldığını, borcları ödədiyini, iddiaçının hər kəsə borcu olduğunu, nə qədər penir pulu verdiyini, krediti digər gəlini Könülün götürdüyünü, iddiaçıya krediti bağlayıb aşağı faizlə Mehdinin adına götürməyi təklif etdiyini, sentyabr ayında işləməyə başladığını özü kartı gətirdiyini, özünün qoca adam olduğunu siz gedin pulu çəkin dediyini, hər bir qayğısına baxdığını, işləməyinə yaşlı olduğu üçün razı olmadığını, öz atasının anasının Mehdinin atasının yasında gəlib iştirak etdiklərini yasın ərzağını aldığını, oğlu Əhmədin ocağı düzəltdiyini, özünün borc xərclə evi təmir etdiyini, 23 martda təmirə başladığını, bələdiyyə borclarını özünün ödədiyini evi iddiaçının adına keçirtməkdə kömək etdiyini, sonralar iddiaçının gedək evi saldıraq dediyini, Asan xidmətə getdikdə iddiaçının evi onun adına keçirtmək istədiyini, birbaşa özünün adına keçirtdikdə 1600 manat xərc çıxacağını bunun səbəbi vərəsə olmaması olduğunu, o səbəbdən evi ilkin olaraq Mehdinin adına keçirib sonra özünün adına keçirtdiklərini, öz razılığı ilə evi ona verdiyini, ona şər atdığını, kredit götürüb onun borclarını bağladıqlarını, 2300 manat onun Mehdinin adına pul götürüb digər banka kreditini bağladığını, iddiaçının hər bir xərcini özünün ödədiyini, ətrini geyimini aldığını, bunları iddiaçının öz maaşından etdiyini, yoldaşı Bakıda əməliyyat olunduqdan sonra bir dəfə belə zəng edib soruşmadığını, onlara qarğışlar etdiyini, söyüşlər söydüyünü, evi yandıracağını söylədiyini, o səbəbdən evin kilidini dəyişdiyini, o evə 32000 manat xərc çəkdiyini, xərci versin o da evi qaytarsın, ancaq bu şərtlə razılaşdığını, iddiaçının onu yola vermədiyini, onları ayırmaq istədiyini, özünün təmizkar olduğunu, iddiaçının isə təmizkar olmadığını, problemlərinin bundan da olduğunu, o evi tam təmir etdiyini, onun ailəsinin hər cü imkanı olduğunu, hər kəsin onları bildiyini, ancaq bundan sonra iddiaçı ilə bir evdə yaşamağın mümkün olmadığını bildirmişdir 11 mart 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilərək ifadəsi alınan X26 ifadəsində evin sənədləşməzdən də qabaq söz söhbətləri olduğunu amma yaxşı idi araları, anasının kartını aldıqlarından sonra aralarında münasibətlərin pisləşdiyini, anasının ona qardaşının onu döyüb çölə atdığını söylədiyini, evin sənədləşməsində ona məlumat verilmədiyini, anasının savadı məlumatı olmadığından evi adlarına keçirdiklərini bildirmişdir. 11 mart 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilərək ifadəsi alınan X21 ifadəsində iddiaçının oğlu Hüseynin yoldaşı olduğunu, qayınanasının evdən çıxma səbəbinin yola getmədikləri üçün savaşdıqlarını, suyun üstündə savaşdıqlarını, qaynanası və qaynının mübahisə etdiklərini, qaynının əsəbləşib qaynanasını yumruqla vurduğunu, başından dəydiyini, ikinci yumruğun özünün sol əlinə dəydiyini, ozünün yumruğun qabağına keçdiyini, əlinin şişdiyini, həmin gün barmağının qaynının vurduğu zərbədən çıxdığını, hadisənin evdə olduğunu, qaynanasının suyu açıb paltar yuduğunu, qaynının bunu problem etdiyini, qaynanasının da pulunu mən verirəm heçnə olmaz dediyini, yoldaşının qaynına yola ver anandı qadındı dediyini, dava etməmələrini, səs küylərinin qonşuya düşdüyünü, bir dəfə savaşdıqlarında qaynının atasının əkdiyi ağacı qırdığını, qaynanasının ərinin nişanəsi olduğunu ağacı qırmamasını söylədiyini, səs küyə övladlarının qorxduğunu ağladığını, o evdə uşaqların əmisi və nənələrinin hər gün savaşdıqlarını, qaynanasının ona dözə bilmədiyini dediyini, həyatdan bezdiyini söylədiyini, sonra gedib qızının evində qaldığını, sonra yoldaşının qardaşının evində qaldığını, evini istədiyini dediyini, yoldaşının öz evi ola ola gedib bibisi gildə qaldığını, qaynının yoldaşına haqqı olmadığını dediyini, yoldaşının ona anasının kartının qardaşında olduğunu, pulu onların çəkdiklərini dediyini, hadisədən sonra uşaqlarını götürüb evə getdiyini bildirmişdir. 14 aprel 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilərək ifadəsi alınan X22 ifadəsində anası və qardaşının problemlərinin pul üstündə olduğunu, ev üstündə olduğunu, evin atapleniya sistemini özünün çəkdiyini, suyu və kanalizasiyanı özünün cəkdiyini, parketi və aboyu özü ilə bərabər vurub, taxtanı özünün həyətindən götürdüyünü, sementi də öz həyətlərindən götürdüyünü, gəlinin gəlməzdən qabaq evin remont olunduğunu, atası rəhmətə getdikdən sonra evi anasının adına keçirtdiklərini, etirazının olmadığını, sonradan özünün o evdə qalmadığını, gəlinin deyindiyini, anasının gəlib ona Mehdinin onu vurduğunu söylədiyini, anasına elə et ki, qohum qonşu bilməsin səs küy çıxmasın söylədiyini, sonradan evi adına keçirdikdən sonra anasını döyüb çölə atdıqlarını, hadisə günü orada olduğunu, Mehdinin anasını dəfələrlə döydüyünü, bir dəfə öz yoldaşı araya girərəkən vurub yoldaşının da barmağını çıxartdığını, Mehdi və yoldaşının ikisi birgə hadisə günü anasını döydüklərini, evdən qovduqlarını, bacısını da həmin gün döydüklərini, Mehdinin evin anasının olmadığını söylədiyini bildirmişdir. 14 aprel 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilərək ifadəsi alınan X28 iddiaçının bibisi olduğunu, ifadəsində hadisələrdən sonra Mehdi ilə söhbət elədiyini, anasını çölə atmamasını söylədiyini, bibisinin Hüseyn Cavidin qabağında ona zəng etdiyini, onun Mehdinin qapısına getdiyini, onların onun üzünə baxa baxa nalayiq sözlər dediklərini, onu təhqir etdiklərini, əmicanısı və əmisi oğlu ilə Mehdigilə getdiyini, onlarla danışıb razılığa gətirməyə çalışdığını, bibisinin 75 yaşında qadın olduğunu, nəyinsə əlindən düşə biləcəyini, bunun normal olduğunu, mübahisənin su üstündə olduğunu, evin bibisinin olduğunu məsləhətin onda olduğunu, noyabr ayından bibisinin qapılarda qaldığını, onlarda da qaldığını bildirmişdir. 14 aprel 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilərək ifadəsi alınan X6 ifadəsində iddiaçının qaynı olduğunu, o evin nə Mehdinin dədisinin nə də Rəqsanənin dədəsinin olmadığını, evin Əntiqənin olduğunu, lap əzəldən Əntiqənin olduğunu, sonra ərinin adına keçirdiyini, sonra yeniden onun adına keçirildiyini, Əntiqənin gəlib onlarda da qaldığını, öz bacısı kimi qaynımın arvadı kimi qəbul elədiyini, qonaq etdiyini, narazılığının olmadığını, Mehdinin anasını döydüyü gün Əntiqənin onlara gəldiyini bildirmişdir. 14 aprel 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilərək ifadəsi alınan X7 ifadəsində 3-cü mikrorayonda Əntiqənin ev ilə təmin olunduğunu, sonralar evi satıb gedib həyət evi aldığını, Evi yoldaşı Həsənin adına keçirdiyini, yoldaşı rəhmətə gedəndən sonra evin təkrar Əntiqənin adına keçdiyini, oğlu Mehdinin evi onun adına keçirtməsi üçün təzyiq elədiyini, döydüyünü pis-pis sözlər dediyini, Mehdiyə anasının bugün var sabah olmayacağını söylədiyini, anasının qədrini bilməsini söylədiyini, onu təhqir elədiklərini, evi adına keçirdikdən sonra evi il yarımdı gətirdiyi arvadına verdiyini, evi adına keçirənə qədər bir problemlərinin olmadığını, bir dəfə onlara gələndə gözü bağlı gəldiyini, soruşduqda Mehdinin və qaynanasının onu döydüyünü söylədiyini, pensiya kartını əlindən aldıqlarını, hadisənin təxminən 3 ay qabaq baş verdiyini, Mehdiyə anasını küçələrdə qalmağa qoymamasını söylədiyini, Mehdinin anasının gəlib həyətdə qala biləcəyini, hamam tualet və kuxnadan istifadə edə bilməyəcəyini dediyini bildirmişdir. 05 may 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilərək ifadəsi alınan X29 ifadəsində Əntiqənin bir dəfə evdən çıxarıldıqdan sonra onlara gəldiyini, hadisə günü orada olmadığını, həmin gün onlara gəlmədiyini bildirmişdir. 05 may 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilərək ifadəsi alınan X13 ifadəsində 2-3 dəfə barışmaq üçün Mehdigilə getdiyini, nalayiq sözlər dediklərini, bibisinin oradan çıxıb onlara getdiyini, evə gəldikdə bibisinin döyülüb gəldiyini, ilk dəfə bisinin döyüldüyündə Hüseynin bibisini apardığını, ikinci dəfə döyüləndə evə döndüyündə bibisini evdə gördüyünü, uzun müddətdir bibisinin maaş kartının və pensiya kartının onlarda olduğunu, 700, 800 manat pulu hər ay xərclədiklərini, evin bibisinin adında olduğu zaman Mehdi və bibisinin münasibətlərinin yaxşı olduğunu, evi adına keçirtdikdən sonra Mehdinin münasibətinin pisləşdiyini bildirmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini dinləyib, həmin izahatları və ifadələri iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan: Naxçıvan MR-in Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 08 may 2007-ci il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və 10 iyul 2017-ci il tarixdə verilmiş 9364 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportunun surətindən məlum olur ki, Naxçıvan şəhəri 54-cü məhəllədə 600.0 kv.m torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 86.0 kv.m yaşayış, --- kv.m qeyri-yaşayış, 20.0 kv.m köməkçi sahədən ibarət 14 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X10 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 1032 nömrəli vərəqində qeydiyyata alınmışdır. 01 dekabr 2023-cü il tarixdə bağlanmış miras payın bağışlanması müqaviləsinin surətindən aydın olur ki, Cavabdeh öz adından və X14 əvəzindən ataları X8 miras qalmış ünvan 1 ünvanında 0.0457 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 105.51 kv.m olan fərdi yaşayış evini İddiaçı bağışlamışlar. 15 dekabr 2023-cü il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən aydın olur ki, Əliyeva X11 şəhəri, 54-cü məhəllə, döngə 8, ev 5 ünvanında 0.0457 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 105.51 kv.m olan fərdi yaşayış evini Cavabdeh bağışlamışdır. 28 dekabr 2023-cü il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən aydın olur ki, Əliyev X16 şəhəri, 54-cü məhəllə, döngə 8, ev 5 ünvanında 0.0457 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 105.51 kv.m olan fərdi yaşayış evini X9 bağışlamışdır. 14 dekabr 2023-cü il tarixli notarial təsdiqli ərizələrin surətinə əsasən, Cavabdeh öz adından və X14 əvəzindən İddiaçı adına olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin bağışlanmasına heç bir etirazının olmadığını bildirmişdir. 26 oktyabr 2023-cü il tarixli notarial təsdiqli ərizənin surətinə əsasən, X26 atası X8 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsindən ona düşən paydan anası İddiaçı xeyrinə imtina etmişdir. AZ-İİ 513945 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən, Cavabdeh ilə X12 arasında 17 aprel 2023-cü il tarixdə nikah bağlanmışdır. Naxçıvan ŞİH 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 29 sentyabr 2023-cü il tarixli arayışın surətinə əsasən, X10 aşağıdakı vərəsələri vardır:
1. İddiaçı arvadı;
2. X18 qızı;
3. X19 qızı;
4. X26 oğlu;
5. X22 oğlu;
6. X20 qızı;
7. Cavabdeh oğlu. AZ 211949 nömrəli evlənmək haqqında şəhadətnamənin surətinə əsasən, X23 ilə X15 arasında 24 may 1973-cü il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına “Əliyeva” soyadı verilmişdir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 16 yanvar 2024-cü il tarixdə verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və 10 iyul 2017-ci il tarixdə verilmiş 9364 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportunun surətindən məlum olur ki, ünvan 1 ünvanında 0.0457 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 105.51 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 18/29 nömrəli reyestr kitabının 5729 nömrəli vərəqində qeydiyyata alınmışdır. 15 dekabr 2023-cü il tarixli notarial təsdiqli ərizənin surətinə əsasən, X1 Əhməd Həsən oğlunun adından ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin bağışlanmasına heç bir etirazının olmadığını bildirmişdir. İddiaçı ünvan 1 ünvanında 0.0457 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 105.51 kv.m olan fərdi yaşayış evinə dair 01 dekabr 2023-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi bağışlama müqaviləsinin etibarsızlığı və hüquqi nəticələrinin ləğvi ilə bağlı olduğundan, ümumilikdə əqdlərin bağlanması və etibarsızlığı ilə əlaqədar qanunvericilik müddəalarının təhlilinin aparılması zəruridir; belə ki, mülki qanunvericiliyə əsasən əqd, mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bağışlama müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla, əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin məcəllənin 666.2-ci maddəsinə əsasən, bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırımış iradə ifadəsi zəruridir. Həmin məcəllənin 337-ci maddəsinə əsasən: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarında qeyd olunmuşdur ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir (Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı). Həmçinin həmin qərarda göstərilmişdir ki, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə biləbilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Mülki Məcəllənin mülkiyyət hüququnu tənzimləyən müddəaları mülkiyyətçinin öz hüquqlarını sərbəst və maneəsiz istifadə etməsinin hüquqi əsaslarını müəyyən etməklə, mülki əşya hüquq münasibətlərinin iştirakçısı kimi çıxış edən mülkiyyətçiyə münasibətdə öz hüquqlarının həyata keçirilməsində lazımi davranış hüdudlarını müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2015-ci il tarixli qərarı). Göründüyü kimi, mülki hüquq münasibətlərinin yaranması əsaslarından biri olan əqdin etibarlı hesab olunması üçün əqdin bağlanması zamanı həmin əqdin iştirakçısı olan şəxslərin iradə ifadəsi olması və əqdin mülki qanunvericiliyin tələblərinə uyğun bağlanması zəruridir. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Məhkəmə sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib qeyd edir ki, hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdlər iradə ifadələri nəticəsində əmələ gəldiklərinə görə, bir əqdin etibarlı olması üçün onu əmələ gətirən iradə ifadəsinin də sağlam olması, başqa sözlə iradə və onun bildirilməsi arasında vahidliyin mövcudluğu lazımdır. Bu vahidlik həm iradənin formalaşmasında, həm də onun bildirilməsi anında mövcud olmalıdır. Belə ki, iradə formalaşdığı anda sağlam olmalı və buna uyğun olaraq bildirilməlidir. Bu uyğunluğun (vahidliyin) olmadığı hallarda iradə ifadəsinin zədələnmiş olduğunu demək olar. İradə ifadəsinin sağlamlığına təsir edən, daha doğrusu onu (iradə ifadəsini) zədələyən ümumi hallar bunlardır: 1- vacib əhəmiyyətli yanılma, 2- aldatma, 3-təhdid edilmə (hədələnmə). Aldatma, əqdin tərəflərindən birində qəsdən səhv bir qənaət və təsəvvür əmələ gətirərək, ya da ondakı səhv qənaət və təsəvvürü davam etdirərək onun həmin bu səhv təsəvvürə görə əqd bağlamasına səbəb olmaqdır. Göründüyü kimi, aldatma əslində əqdin bir tərəfinin qəsdən yanılmasına səbəb olmaqdır. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 390.5-ci maddəsinə görə, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən isə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alıb qeyd edir ki, tərəflər qohumluq münasibətlərində olmaqla, iddiaçı cavabdehlərin anası və qayınanasıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli Qərarında göstərmişdir ki, mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 aprel 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Ailə Məcəlləsinin 1.3-cü maddəsinə əsasən, ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Göstərilənlər baxımından nəzərə alınmalıdır ki, ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir. Beləliklə, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir. Qanunvericilikdə ailə hüquq münasibətlərindən irəli gələn vəzifələr sırasında aşağıdakılar təsbit edilmişdir: - valideynlərin uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək borcu (Konstitusiyanın 34-cü maddəsinin İV hissəsi); - uşaqların valideynlərə hörmət etmək, onların qayğısına qalmaq borcu, 18 yaşına çatmış əmək qabiliyyətli uşaqların əmək qabiliyyəti olmayan valideynləri saxlamaq borcu (Konstitusiyanın 34-cü maddəsinin V hissəsi, Ailə Məcəlləsinin 82.1-ci maddəsi); Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Bu vəzifələrin pozulması həm hərəkət, həm də hərəkətsizliklə baş verə bilər. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan hal qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olub-olmaması konkret işin hallarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, istər tərəflərin izahatlarından, istərsə də şahidlərin ifadələrindən aydın olmuşdur ki, iddiaçı və cavabdehin-oğlunun münasibətləri əmlak bağışlanana qədər normal olmuşdur. Tərəflər arasında inam, etibar olmuşdur. Bunun müqabilində-qarşılıqlı inam və etibar nəticəsində iddiaçı ərindən miras qalan evini öz adına sənədləşdirib cavabdehə bağışlamışdır. Tərəflərin izahatları ilə müəyyən edilir ki, cavabdehin daha sonra evi arvadına-digər cavabdehə bağışlanmasından iddiaçı münasibətləri pisləşəndən sonra məlumatlı olmuşdur. İddiaçı yaşlı olmaqla yanaşı, işləyir və pensiya alır. İddiaçının əmək haqqı kartı cavabdeh olan gəlinində olmuşdur. Lakin şahidlərin ifadələrindən aydın olmuşdur ki, ev sənədləşdiriləndən sonra cavabdehlərlə iddiaçının münasibətləri pisə doğru dəyişmiş və dəfələrlə evdə narazılıqlar olmuşdur. Hətta cavabdehin öz anasına əl qaldırması, digər qardaşı arvadının anasının önünə keçən zaman yumruq zərbəsindən barmağının çıxması-zədələnməsi şahidlərin ifadəsi ilə təsdiq edilmiş, tərəflər də bu halın düzgünlüyünü qeyd etmişlər. Sonuncu dəfə isə iddiaçı öz əmək haqqı kartını bağlatdırıb yeni kart aldıqdan sonra cavabdehlərlə mübahisəsi olmuş və nəticədə evdən çıxmaq məcburiyyətində qalmışdır. İddiaçı cavabdehlərin onu evdən qovduğunu bildirmiş, cavabdehlər isə anasını qızının apardığını qeyd etmişdir. Lakin hər bir halda iddiaçı evi tərk etmək məcburiyyətində qalmışdır. İddiaçı həmin vaxtdan sonra evdə yaşamaq imkanından məhrum olmuşdur. Hazırki vəziyyətdə cavabdehlər iddiaçı ilə bir evdə yaşamağın ancaq ona aid otağın əlavə qapısını açaraq və zəruri digər şəraiti özü yaratmaq şərtilə mümkün olduğunu bildirmişlər. Digər tərəfdən isə bildirirlər ki, evi qaytarmağa bir şərtlə razıdırlar ki, onların evin təmirinə çəkdikləri xərci iddiaçı qarşılasın. Lakin bununla bağlı cavabdehlər məhkəməyə qarşılıqlı iddia tələbi irəli sürməmişdir. Məhkəmə bu halda iddiaçının yaşını nəzərə alır, onun 2024-cü ilin noyabr ayından ayrı-ayrı ünvanlarda yaşamasını, yaşamaq üçün öz evi olmadığını nəzərə alır və qeyd edir ki, əqdin etibarsızlığı üçün mübahisələndirmə müddəti ərzində buna dair hüququndan istifadə edərək bağışlamaq müqaviləsinin etibarsız sayılmasını tələb etməkdə iddiaçının əsası olmuşdur. Belə ki, müqavilə bağlandıqdan sonra cavabdeh oğlunun iddiaçıya qarşı yaxşı münasibəti dəyişmiş, dəfələrlə mübahisələri olmuş, iddiaçının əmək haqqı kartı cavabdeh gəlinində olmuş, kartla bağlı mübahisədə isə iddiaçı evdən çıxmaq məcburiyyətində qalmışdır. Cavabdehin isə öz yaşlı anasına əl qaldırmasını (hansı ki, bu hal məhkəmə iclasında izahat və ifadələrlə təsdiqini tapır) məhkəmə valideynövlad münasibətlərinin tamamilə pozulması, sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkət kimi qiymətləndirir və qəbuledilməz hesab edir. Məhkəmə bu qənaətə gələrkən işin həqiqi hallarını eləcə də məhkəmə araşdırması zamanı müəyyən edilən faktiki vəziyyəti nəzərə alır və qanunun tələbi, Plenum Qərarında formalaşmış mövqe ilə yanaşı öz daxili inamını və vicdanını əsas tutub iddianın təmin edilməsini ədalətli və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalı, 15 dekabr 2023-cü il tarixdə İddiaçı ilə Cavabdeh arasında bağlanmış ünvan 1 ünvanında 0.0457 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 105.51 kv.m olan fərdi yaşayış evinə dair bağışlanma müqaviləsi etibarsız hesab olunmalı və həmin müqavilədən yaranan bütün hüquqi nəticələr ləğv edilməlidir. Məhkəmə etibarsız hesab edilən bağışlama müqaviləsi əsasında Cavabdeh adına daşınmaz əmlakın qeydiyyata alınmasına dair çıxarışın ləğv edilməsinin hazırki vəziyyətdə hər hansı əhəmiyyəti olmadığını nəzərə alır, belə ki, sözügedən çıxarış mövcud deyildir və digər hüquqi nəticələri yaratmaqla həmin hüquqi nəticələri bu gün qüvvədədir. Məhkəmə bağışlama müqaviləsinin etirbarsızlığı nəticəsinə gələrkən öz mövqeyini işin yuxarıda şərh olunmuş halları əsaslandırır. Əlavə olaraq qeyd edir ki, bağışlama müqaviləsinə əsaslanaraq 28 dekabr 2023-cü il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, Əliyev X16 şəhəri, 54-cü məhəllə, döngə 8, ev 5 ünvanında 0.0457 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 105.51 kv.m olan fərdi yaşayış evini X9 bağışlamışdır. İlkin bağışlama müqaviləsi eibarsız hesab edildiyindən onun nəticəsində bağlanmış sonuncu bağışlama müqaviləsi də və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 16 yanvar 2024-cü il tarixdə verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və 10 iyul 2017-ci il tarixdə verilmiş 9364 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportunun surətinə əsasən ünvan 1 ünvanında 0.0457 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 105.51 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 18/29 nömrəli reyestr kitabının 5729 nömrəli vərəqində qeydiyyata alınmasına dair daşınmaz əmlakın qeydiyyatı da ləğv edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia təmin olunduğundan İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 27 noyabr 2024-cü il tarixdə 12353 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh və X3 alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia təmin edilsin. 15 dekabr 2023-cü il tarixdə İddiaçı ilə Cavabdeh arasında bağlanmış ünvan 1 ünvanında 0.0457 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 105.51 kv.m olan fərdi yaşayış evinə dair bağışlanma müqaviləsi etibarsız hesab olunsun. 28 dekabr 2023-cü il tarixdə Cavabdeh ilə X12 arasında bağlanmış ünvan 1 ünvanında 0.0457 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 105.51 kv.m olan fərdi yaşayış evinə dair bağışlanma müqaviləsi ləğv edilsin. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən ünvan 1 ünvanında 0.0457 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 105.51 kv.m olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 18/29 nömrəli reyestr kitabının 5729 nömrəli vərəqində qeydiyyata alınmasına dair 16 yanvar 2024-cü il tarixdə verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” ləğv edilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 27 noyabr 2024-cü il tarixdə 12353 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh və X3 alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar.
Sədrlik edən: Gülnar Səfərəliyeva.