Məhkəmə qərarları › İş №2(078)-188/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-188/2022

30.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-188/2022 30.03.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya yolu ilə xitam verilməklə mənzildən çıxarılma tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya yolu ilə xitam verilməklə mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Muxtar oğlunun onun mülkiyyətində olan Naxçıvan şəhəri Nizami küçəsi bina 40, 4 saylı mənzilə olan yaşayış və istifadə hüququna 9000 (doqquz min) manat kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 14 mart 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclası zamanı İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, iddia tələbinə “Cavabdeh Muxtar oğlunun onun mülkiyyətində olan Naxçıvan şəhəri Nizami küçəsi bina 40, 4 saylı mənzilə olan yaşayış və istifadə hüququna 15000 (on beş min) manat müqabilində xitam verilməsi və mənzildən məcburi çıxarılması” tələbi çərçivəsində işə baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, məhkəmənin 14 mart 2022-ci il tarixli qərardadı ilə iddia tələbinin həcminin artırılması barədə ərizənin təmin edilməsinə qərar verilmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, 01.04.2004-cü il tarixində Naxçıvan şəhəri, Nizami küçəsidə istifadədə olan 0.072 ha toraq sahəsində yerləşən 40 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində, 40.79 lcv.m ümumi, 26.79 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 4 nömrəli mənzil tam mülkiyyət hüququna əsasən ona məxsusdur. O, Muxtər Vəliyevlə 1985-ci il tarixində ailə həyatı qurmuş, nikahlarından övladı olmamış, Muxtərın birinci həyat yoldaşından dörd övladı olub. Hər birinin özlərinə aid evi var, yalnız Mahmud uzun illər Rusiya Fedarasiyasında yaşamış, təxminən 2002-ci il tarixində Mahmud Rusiyadan gəlmiş və həmin ili Mahmudu evləndirdikdən sonra Naxçıvan şəhərində kirayə qalmışlar və bundan sonra Bərdə şəhərində kirayə qalmış, təxminən 2014-cü il tarixində 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Mahmud tutulandan sonra o, Mahmudun ailə və uşaqlarına sahib çıxaraq öz yanında saxlamışdır. Hazırda Mahmud cəzasını bitirmişdir. O, Mahmud və ailə üzvüləri ilə birlikdə yaşayır. Mənzil iki otaqdan ibarətdir buna görə də birlikdə yaşamaları çətinliklər törədir. İddiaçı qeyd etmişdir ki, mərhum həyat yoldaşı Muxtər 2012-ci il tarixində vəfat edib, həmin mənzili 01.04.2014-cü il tarixində vərəsəlik qaydasında onun adına qeydiyyata alınmışdır. Naxçıvan şəhəri, Nizami küçəsində yerləşən 2 otaqlı mənzillərin aylıq kirayə haqqının neçə manat olması barədə notariat ofisinə sorğu edilmiş və notariat ofisinin 22 dekabr 2021-ci il tarixli, N237 nömrəli məktubuna əsasən həmin məhəllədə yerləşən evlərin kirayə haqqının 200-300 manat arasında olması qeyd edilmişdir. Ona görə də onun mülkiyyətində olan mənzildə yaşayan Mahmuda 15000 (on beş min) manat kompensasiya ödəməklə cavabdehin mənzildən yaşayış və istifadə hüququna xitam verilməsi barədə məhkəməyə müraciət etmişdir. İddiaçı sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı dindirilən iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək verdiyi izahatında hüquqlarını müdafiə etdiyi şəxsin izahatını təsdiqlədiyini, heç bir əlavəsinin olmadığını bildirmiş və sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında izahat verən Cavabdeh iddianı qəbul edərək izahatında bildirmişdir ki, iddiaçı onların atasının ikinci həyat yoldaşı olmuşdur. İddiaçı tərəfindən ona 15000 (on beş min) manat kompensasiya ödənilməklə Naxçıvan şəhəri Nizami küçəsi bina 40-da yerləşən 4 nömrəli mənzilə yaşayış və istifadə hüququna xitam verilməsinə razıdır. Hazırda həmin məbləğdə pul ona verilmişdir. Cavabdeh sonda qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyən edilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya yolu ilə xitam verilə bilər. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 01.04.2014-cü il tarixlli ********** qeydiyyat nömrəli MH ******* nömrəli çıxarışından aydın olur ki, Naxçıvan şəhəri, Nizami küçəsidə istifadədə olan 0.072 ha toraq sahəsində yerləşən 40 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində, 40.79 lcv.m ümumi, 26.79 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 4 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/13 nömrəli reyestr kitabının 2534 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan şəhər 1 saylı Notariat Ofisinin N237 22.12.2021-ci il tarixli məktubundan aydın olur ki, Naxçıvan şəhər Nizami küçəsində yerləşən 2 otaqlı mənzillərin kirayə müqavilələri 200 (iki yüz) manatdan 300 (üç yüz) manat arasında qiymətləndirilmələr aparılmışdır. İş materiallarında olan Naxçıvan şəhər 1 saylı Notariat Ofisinin N41 03.03.2022-ci il tarixli məktubundan aydın olur ki, Naxçıvan şəhər Nizami küçəsi 40/4-də yerləşən 2 otaqlı mənzillərin alqı-satqı müqavilələri 45000 (qırx beş min) manatdan 60000 (altmış min) manat arasında qiymətləndirilmələr aparılmışdır. İş materiallarına cavabdeh tərəfindən təqdim edilmiş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 05.03.2022-ci il tarixli 04/132 nömrəli məktubundan göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına daşınmaz əmlak qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə iş üzrə Cavabdeh iş üzrə İddiaçı ona 15000 (on beş min) manat kompensasiya ödənilməklə Naxçıvan şəhəri Nizami küçəsi bina 40-da yerləşən 4 nömrəli mənzilə yaşayış və istifadə hüququna xitam verilməsinə razı olduğunu bildirməsi cavabdeh tərəfindən etiraf kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 209.1-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə tərəflərdən məhkəmə tədqiqatının materiallarını daha nə ilə tamamlamağı arzu etdiklərini soruşsa da, tərəflərin hər hansı başqa sübut növlərinin təmin olunmasına dair vəsatətləri olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd olunan əsasları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qızına, oğluna qarşı kompensasiya ödənilməklə yaşayış və istifadə hüququna xitam verilməklə mənzildən çıxarılma tələbinə dair iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına 21.12.2021-ci il tarixli 1275 nömrəli qəbzlə ödənilmiş 110 (bir yüz on) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Nəticə: Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya yolu ilə xitam verilməklə mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh xeyrinə 15000 (on beş min) manat kompensasiya ödənildiyindən mülkiyyətində olan Naxçıvan şəhəri Nizami küçəsi ev 40-da yerləşən 4 nömrəli mənzilə Cavabdeh yaşayış və istifadə hüququna xitam verilsin və o, mənzildən məcburi qaydada çıxarılsın. İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına 21.12.2021-ci il tarixli 1275 nömrəli qəbzlə ödənilmiş 110 (bir yüz on) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar