Məhkəmə qərarları › İş №2(078)-209/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-209/2021

26.11.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-209/2021 26.11.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh vərəsələri X2, X3, X4, X3 vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı onun mülkiyyətində olan torpaq sahəsində qanunsuz olaraq yəni zəbt edib orada apardığı tikintinin məcburi olaraq sökülüb aparılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan torpaq sahəsində qanunsuz olaraq yəni zəbt edib orada apardığı tikintinin məcburi olaraq sökülüb aparılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə məhkəmədə baxılarkən Cavabdeh 30 yanvar 2021-ci il tarixdə vəfat etdiyindən iş üzrə icraat dayandırılmış, 14 oktyabr 2021-ci il tarixdə icraat təzələnərək cavabdehin vərəsələri anası X10, həyat yoldaşı X11 və qızı X12 məhkəmə prosesinə cəlb edilmişlər. İddiaçı 15 noyabr 2021-ci il tarixdə iddia ərizəsinə əlavə gödərərək torpaq sahəsinin qanunsuz olaraq zəbt edildiyinə görə orta hesabla hər il 1000 manat zərər çəkmişdir. 12 il ərzində torpaq sahəsi zəbt edildiyindən hər ili 1000 manat olmaq şərtilə vurulmuş zərərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 26 noyabr 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinə əlavə barədə ərizə nəzərə alınaraq iddia tələbinə “İddiaçı Cavabdeh qarşı onun mülkiyyətində olan torpaq sahəsində qanunsuz olaraq yəni zəbt edib orada apardığı tikintinin məcburi olaraq sökülüb aparılması və 12 il ərzində torpaq sahəsi zəbt edildiyindən hər ili 1000 manat olmaq şərtilə vurulmuş zərərin ödənilməsi” çərçivəsində baxılmasına qərar verilmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, o Naxçıvan şəhəri B.Abbasov küçəsi döngə 7, ev 8-də yerləşən torpaq sahəsi və fərdi yaşayış evinin mülkiyyətçisidir. Onun torpaq sahəsi 1200 kv.metrdir. həmin torpaq sahəsində özünə aid tikili qeydiyyatdan keçmişdir. Onun evinə bitişik bacısı ev tikmiş, həmin evi daşınmaz əmlakda qeydiyyata aldırmaq üçün müraciət etmiş və müəyyən olunmuşdur ki, torpaq sahəsi yerində deyil. Reallıqda qardaşı Zalxanın adına torpaq olmamışdır. Torpaq bütövlükdə onun adına olmuşdur və sahəsi 1800 kv.metr idi. Daha sonra onun da razılığı ilə Zalxana 600 kv.metr torpaq sahəsi verilmişdir. həmin torpaq sahəsində Zalxanın evi olmuşdur, ayrıca bir otaq da köhnədən qalmışdır. X9 evləndirdikdən bir müddət sonra evdən çıxarıb həmin tək otağı vermişdir. Onun da qardaşı oğluna rəhmi gəlmişdir və ona özünə şərait yaratsın deyə 3 sot torpaq sahəsi vermişdir. Daha sonra qardaşı Zalxana münaqişələri olmuş və torpaq sahəsinin çox hissəsini almışdır, setka ilə sərhəd müəyyən etmişdir. Qalan torpağı da Vüqarda qalmışdır. Təxminən 1 il bundan əvvəl Vüqar onun verdiyi torpaqda otaq inşa etmiş, mətbəx, hamam-tualet tikmişdir. Onun yolunu da bağlamışdır. Düzdür uzun illərdir ki, o da digər qonşularla eyni yoldan istifadə edir. lakin Vüqarın inşa etdiyi hamam-sanitar qonsaq və mətbəx olmasaydı o öz həyətindən özünə yol açacaqdı. Çünki onun illərdir ki, istifadə etdiyi yol piyada yoludur, avtomobil üçün yolu yoxdur. Tikintinin aparılmasına qardaşı Zalxan başlasa da Vüqar tikintini davam etdirib başa çatdırmışdır. Dəfələrlə Vüqardan torpağını tələb etmiş, lakin Vüqar demişdir ki, torpağ alsa onun evini yandıracaqdır. O da təhdidlərə görə müraciət etməmişdir. Artıq onun yolu da tutulmuşdur. Vüqar vəfat etmişdir. Onun ailəsi həmin evdə yaşayır. Neçə illərdir ki, torpağını zəbt etmiş və ona ziyan vurmuşdur. Həmin torpaq sahəsini başqasına satmış olsaydı ən azından gəlir əldə edəcəkdi. Ona görə də ilini 1000 manatdan hesablanmaqla 12 il ərzində qanunsuz torpaq sahəsini tutduqlarına görə ona vurulmuş ziyanın ödənilməsi, tikilmiş tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında İddiaçı vəkili Vəkil izahatında qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında Cavabdeh vərəsəsi-anası X13 izahatında göstərmişdir ki, oğlu Vüqar 2021-ci ilin yanvar ayının 30-da vəfat etmişdir. Vüqar evləndikdən sonra həyətdə tikilən bir otaqlı evlə çıxarmış, məqsədi də onu evdən qovmaq yox digər oğlunu evləndirmək olmuşdur. Bir otaqlı evdə yaşadıqdan sonra Vüqar özünə şərait yaratmışdır. Əmisi Əzizxan ona torpaq sahəsi vermiş, orada özünə aid otaq və mətbəx yardımçı tikililər tikmişdir. Həmin tikililəri Vüqar inşa etmişdir. Onun əri Zalxan yataq xəstəsi olmuşdur və hər hansı tikili tikmək imkanı olmamışdır. Hazırda oğlu vəfat edibdir. Həmin tikilidə gəlini və iki övladı yaşayır. Əzizxan öz əli ilə verdiyi torpağı tələb edir. onun da etirazı vardır. Gəlini, nəvələri hara getməlidirlər?. Ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh vərəsəsi-həyat yoldaşı X11 izahatında göstərmişdir ki, iddianı qəbul etmir. Əri Vüqar 2021-ci ilin yanvar ayının 30-da vəfat etmişdir. Onlar evləndikdən bir neçə il sonra qayınanası və qayınatası həyətdə tikilən bir otaqlı evə onları köçürmüşdür. Həmin vaxt ərinin əmisi Əzizxan da onlara 3 sot torpaq vermişdi. Sonra qayınatası ilə Əzizxanın mübahisəsi olduğundan torpağın bir hissəsini geri almış, qalan hissəsini onlara vermiş, bu qədər torpaq bəsinizdir demişdir, hətta sərhəd üçün setka da çəkmişdir. Onlar yavaş-yavaş otaq, mətbəx, hamam-tualet inşa etmiş, qeydiyyata alınmasını dedikdə Əzizxanın arvadı demişdir ki, tikili qutarın gedin qeydiyyata aldırın. Ərinin vəfatından sonra heç bir tikili aparmamışdır. Nəyə görə Əzizxan onlara verdiyi torpağı geri istəyir bilmir. O torpağı pulu ilə satmayıbdır. Öz qardaşı oğluna pay veribdir. Heç kim onun torpağını zorla zəbt etməyibdir. Nə iddiaçıya bir ziyan vurublar, nə də ona borclu olublar. Bütün tikililər 10 il ərzində yavaş-yavaş aparılıbdır. Nə ərinin daimi bir işi qazancı olubdur, nə də özü daimi işdə işləyibdir. Tort bişirib satıbdır, əri fəhlə olubdur. Artırdıqlarından hər il yavaş-yavaş özlərinə ancaq güzəran edibdirlər. evi tam tikdikdən sonra bu gün sökülməsini tələb edirlər. bu neçə ildə iddiaçı hardaydı? Onun gözü önündə bu tikililər aparılıbdır, niyə etiraz etməyibdi?. İddia ilə razı deyil, ona görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında Cavabdeh vərəsəsi-qızı X12 izahatında anasının bildirdiklərini təsdiq etmişdir. Məhkəmə baxışı iclasında X3 vəkili X7 izahatında mərhum Cavabdeh hər hansı miras əmlak qalmadığından onun vərəsələrinin hazırki işdə hər hansı məsuliyyət daşımadığı əsas götürülərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında mütəxəssis olaraq Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələri üzrə Dövlət Xidmətinin nümayəndəsi X5 bildirmişdi ki, tərəflərin və məhkəmənin iştirakı ilə yerində müayinə və tədqiq aparılmış və müəyyən edilmişdir ki, İddiaçı adında olan torpaq sahəsinə dair texniki pasport 31 yanvar 1975-ci ildə 5/1327 nömrəli vərəsəlik şəhadətnaməsi əsasında verilmişdir. həmin texniki pasportda torpaq sahəsinin ölçüsü 1890 kv.metr göstərilsə də faktiki olaraq 931 kv.metr təşkil edir. X6 adına verilmiş 4228 inventar nömrəli texniki pasportda torpaq sahəsi 625.5 kv.mter göstərilsə də faktiki olaraq 548 kv.metr təşkil edir. Həmçinin müəyyən olunmuşdur ki, X8 verilən torpaq sahəsinə dair texniki pasport məhz İddiaçı adına verilmiş köhnə texniki pasportda göstərilən torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Bütün ölçülər, sxematik plan və dönüş nöqtələrinin koordinatları WGS-84 beynəlxalq koordinat sistemi ilə aparılmışdır. Torpaq sahəsində mübahisəli tikilinin inşa edildiyi sahənin 53 kv.metr hissəsi İddiaçı torpaq sahəsinə düşür. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən əsas tutulmalı qaydalar bunlardır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin sübutların qiymətləndirilməsinin məzmunu onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsindən ibarətdir. Məhkəmə sübutları müəyyən edərkən məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyinin kifayət edilməsini qiymətləndirir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri mülki iş üzrə toplanmış materiallalrala əlaqəli şəkildə tədqiq edib hesab edir ki, iddia tələbi əssassız olduğundan rədd edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən öz mövqeyini aşağıdakılarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarına əsasən vərəsələrin məsuliyyətinin həddi miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Həmçinin N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dairAzərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 dekabr 2018-ci il Qərarında göstərilmişdir ki, məhkəmələr miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti ilə bağlı işlərə baxarkən ilk növbədə mirasın həcmini araşdırmalı və yalnız bundan sonra miras aktivinə mütənasib surətdə onların məsuliyyətinin həddini müəyyən etməlidirlər. Eləcə də Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd edilir ki, Konstitusiyanın 60-cı maddəsinə, Mülki Məcəllənin 1243 və 1306.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Mülki prosesin dispozitivlik, çəkişmə prinsiplərindən və sübutetmə yükünün iddiaçının üzərində olmasından irəli gələrək miras qoyanın kreditoru öz hüquq və qanuni mənafelərinin müdafiəsi üçün hüquq varisliyini və ya digər tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli qərarında göstərmişdir ki, iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki iş 12 yanvar 2021-ci il tarixdə məhkəmənin icraatında qəbul edilərək məhkəmə hazırlıq iclası 26 yanvar 2021-ci il tarixə saat 09:30-a təyin edilmiş, həmin məhkəmə hazırlıq iclasında tərəflər iştirak etməmiş, məhkəmə baxışı iclası 22 fevral 2021ci il tarixə saat 15:30-a təyin edilmişdir. Həmin məhkəmə iclasında İddiaçı Cavabdeh vəfat etdiyini bildirdiyindən bununla bağlı müvafiq olaraq cavabdehin qeydiyyatda olduğu ünvan üzrə mənzil istismar sahəsinə sorğu verilmiş, cavabdan, eyni zamanda elektron sistemdən çıxarışdan müəyyən olunmuşdur ki, Cavabdeh 30 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. Bununla bağlı olaraq 05 mart 2021-ci il tarixdə müvafiq qərardadla iş üzrə icraat dayandırılmışdır. 16 sentyabr 2021-ci il tarixdə müvafiq notariat ofislərinə notariat işinin açılıb-açılmaması barədə sorğu verilmiş, Naxçıvan şəhəri 1 saylı Notariat Ofisinin 21 sentyabr 169 nömrəli, Naxçıvan şəhər 3 saylı notariat ofisinin 24 sentyabr 2021-ci il tarixli 99 nömrəli cavab məktublarından müəyyən olunmuşdur ki, mərhum Cavabdeh adına hər hansı vərəsəlik işi açılmamışdır. Bundan əlavə mərhumun adına daşınmaz əmlakın, avtomobilin olub-olmaması barədə 16 sentyabr 2021-ci il tarixdə müvafiq orqanlara sorğu verilmiş, Naxçıvan MR Daxili İşlər Nazirliyinin X25 İdarəsinin 20 sentyabr 2021-ci il tarixli 1/842 nömrəli, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 05 oktyabr 2021-ci il tarixli 04/594 nömrəli cavab məktublarından aydın olmuşdur ki, mərhum Cavabdeh adına hər hansı daşınmaz əmlak və ya avtomobil qeydiyyata alınmamışdır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 29 mart 2021-ci il tarixli 03/42 nömrəli məktubdan aydın olur ki, Cavabdeh vərəsələri X15-atası-vəfat edib, X10-anası-1956, X11-həyat yoldaşı-1984, X12-qızı-2001, X14-qızı-2009. Buna görə də məhkəmə cavabdehin vərəsələrini işə cəlb edərək iş üzrə icraatı təzələmişdir. İddiaçı Cavabdeh məxsus hər hansı miras əmlakın onun vərəsələri tərəfindən qəbul edilməsi, cavabdehdən hər hansı miras əmlak qalması barədə sübut təqdim etməmişdir. Belə olan halda isə miras əmlakın olması barədə sübut olmadığı halda onun vərəsələrinin öhdəlik daşıması da qanunauyğun hesab edilə bilməz. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin prosessual normanın məzmunundan da göründüyü kimi, həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasına görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları məhkəmədə sübut etməyə borcludur. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Bütün bunlara görə məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh vərəsələri-anası X13, arvadı X11, qızı X12 Cavabdeh heç bir mirasını qəbul etmədiklərindən onun borcları üçün də hər hansı öhdəlik daşıya bilməzlər. Buna görə də iddia rədd edilməlidir. Nəticə: Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi üzrə Cavabdeh hər hansı miras əmlakı olmadığından və onun vərəsələri-anası X13, arvadı X11, qızı X12 Cavabdeh münasibətdə məsuliyyət daşımadıqlarından iddia rədd edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı onun mülkiyyətində olan torpaq sahəsində qanunsuz olaraq yəni zəbt edib orada apardığı tikintinin məcburi olaraq sökülüb aparılması və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar