Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-215/2025 16.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Nəxşicahan Med MMC-yə, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ağır işkəncə verilərək notariat kontoruna gətirilərək zorla ona məxsus olan ünvan 1 ünvanında yerləşən 56.04 kv m mənzilin "xxxx"MMC ilə bağladığı 26 noyabr 2018-ci il taixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi və sözügedən mənzilə mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Naxçıvan şəhərində biznes fəaliyyəti ilə məşğul olur. 2017-ci ildə o özünə məxsus "Sadiq Market" mağazasında çalışarkən Maraqlı şəxs köməkçisi Həsən Əhmədov oraya gələrək həmin marketin qarşısında yeni inşa edilmiş binanın birinci mərtəbəsində yerləşən obyektin icarəyə verildiyini dedi, o isə öz mağazasında işləmək istədiyini bildirmişdir. Həsən Əhmədov onun mağazasının tezliklə bağlanacağını dedimişdir. O məcbur olaraq Maraqlı şəxsla görüşmüş yeni tikilinin birinci mərtəbəsində yerləşən obyektin aylıq 10.000(on min) manat icarə haqqı olmaqla götürüb işləməkdə razılığa gəlmişdir. O türk iş adamı olan şəriyi Əbdürrəzzaq adlı şəxslə həmin obyekti təmir etdirmiş, Türkiyədən bütün market avadanlıqları, soyuducular, alaraq gətirib obyektə quraşdırmışıdır. Tezliklə ərzaq şirkətləri ilə müqavilələr bağlayaraq "Sizin Market"adı ilə yeni ünvanda fəaliyyətə başlamışdır. İşlədikcə hər ay razılaşdığı qaydada obyektin icarə haqqını vaxtlı vaxtında ödəmişdir. 2 il 6 ay bu formada işlədikdən sonra Həsən Əhmədov gələrək mənim onlarla şərik işləməli olduğumu bildirdi. O onlara icarə haqqını ödədiyini onlarla şərik olması üçün onların da pul qoymalı olduğunu bildirmişdir. Lakin o bununla razılaşmamışıdır. O məcbur qalıb onlarla heç bir maya qoymadan şərik işləməyə razılıq vermişdir. 6 ay da bu minvalla işlədikdən sonra Həsən Əhmədov marketə gələrək özünün onları aldatdığını çox satış etdiyini onlara az pul ödədiyini və marketi Mübariz Ələkbərova təhvil verməli olduğunu qeyd etdi. Özü etiraz etsə də müxtəlif instansiyalara şikayətlər etsə də heç bir xeyri olmadı. Maraqlı şəxsla dəfələrlə görüşmək istəsə də mümkün olmadı. Ona məxsus olan "Sizin Market" qanunsuz şəkildə əlindən alındı.Tezliklə onu Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə çağırıb qanunsuz olaraq həbs etmişlər. Ona hər gün işkəncələr verərək nə qədər əmlakı varsa onlara məxsus şirkətin balansına verilməsini istəyirdilər. İşkəncələrə davam gətirə bilməyərək, 26 noyabr 2018-ci il tarixdə özünə məxsus olan ünvan 1 ünvanında yerləşən 56.04 kv m mənzilini Maraqlı şəxs məxsus Cavabdeh1 MMC-yə bağışlamağa məcbur olmuşdur. Qardaşı Familə məxsus ev, Familinin qayınatasının evi, kürvəsinin evinin üzərinə həbs qoyulmuşdur. Ona məxsus ferma, Toyota Prado markalı avtomobili qanunsuz olaraq əlindən alınmışdır. Təkcə “Sizin Market"-dən ona 450 000 manat ziyan dəymişdir. Bundan sonra onu həbsdən azad edərək ondan başqa yerə getməmək haqqında iltizam almışlar. Yuxarıda qeyd etdiklərindən də göründüyü kimi heç bir günahı olmadığı halda ona məxsus bütün əmlakları qanunsuz şəkildə əlindən alınaraq ona işkəncələr verilmiş, haqsız yerə borca düşmüş, bütün biznesi iflas etmişdir. Qanunsuz yerə həbs edilərək işkəncələrə məruz qalmış və məcburi olaraq əmlaklarının Seynur Talıbova məxsus olan Cavabdeh1 MMC-nə bağışlamağa məcbur edilmişdir. İddiaçı iddia tələbini maddi hüquq normaları olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci, 666.1-ci, 666.2-ci, 339.4-cü, 337.3-cü, 337.4-cü, 337.5-ci, 339.1-ci, 339.2-ci, maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. İddiaçı 10 mart 2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək "xxxx" MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi və mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Prortokol qaydasında tələbin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınmasına dair qərar qəbul edilmişdir. İddiaçı 10 mart 2025-ci il tarixli ərizəsi əsasında X2 əlavə cavabdeh qismində cəlb edilməsi barədə məhkəmə tərəfindən qərardad qəbul edilmişdir. İddiaçı nümayəndəsi Vəkil2 ərizəsi əsasında iddia tələbinin dəqiqləşdirilməsi və əlavə cavabdehin cəlb edilməsi barədə ərizə nəzərə alınaraq Cavabdeh3 MMC-nin əlavə cavabdeh qismində cəlb edilməsi və tələbə “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” çərçivəsində baxılması barədə məhkəmə tərəfindən qərardad qəbul edilmişdir. Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən xx.xx.2025-ci il tarixdə iddiaya etiraz ərizəsi göndərmişdir. Etirazda bildirmişdir ki, iddiaçı tələbini belə əsaslandırır ki mübahisə predmeti olan mənzil 2018-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri X1 Talıbovun və onun köməkçisi Həsən Əhnədovun birbaşa təzyiqi ilə həmin mənzili Cavabdeh1 MMC (VÖEN: 2********)-yə bağışlanması barədə 26 noyabr 2018- ci ildə bağışlama müqaviləsi bağlamış və həmin gündən ona məxsus olan mənzil ondan alınmışdır. Nəticədə o mülkiyyətindən məhrum olmuşdur. İddia tələbini tam əsassız sayırıq. Belə ki, 1. İddiaçının əmlakının hədə-qorxu yolu ilə alınması barədə dəlilləri tamamilə əsassızdır. Cavabdeh1 MMC ilə iddiaçı arasında 26 noyabr 2018-ci il tarixdə, notariat kontorunda daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. Müqavilədə iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilin cavabdehə bağışlanması barədə hər iki tərəfin iradə ifadəsi mövcuddur və hər iki tərəf müqaviləyə imza bu faktları təsdiq etmişlər. Digər tərəfdən, iddiaçı cavabdehi mülkiyyət əleyhinə cinayət törətməkdə ittiham edir. Belə ki, əmlakın hədə qorxu yolu ilə əldə edilməsi, xüsusən də notarial müqavilə bağlamağa məcbur edilməsi cinayət qanununa əsasən məsuliyyət nəzərdə tutulan hüquq pozuntusudur. AR Konstitusiyasının 61-ci maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. AR Mülki Prosessual Məcəllənin (MPM) 81-ci maddəsinə əsasən, Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Lakin iddiaçının cavabdehi ittiham etdiyi hüquq pozuntusunu törətməkdə təqsirli bilən hər hansı bir hökm və yaxud digər qanuni əsas yoxdur. 2. İddia müddəti keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin X5 Edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd olunub: Mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Mülki Məcəllənin 354.2-cü maddəsində qeyd olunub ki, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. İddiaçı özünün əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu günü də göstərə bilməmiş, bu halı heç bir sübutla əsaslandırmamışdır. Bu halda, əqdin etibarsız sayılmasına əsas verən halların, əgər beləsi vardırsa, məhz müqavilənin bağlandığı gün yaranmış ola bilərdi. Bu da bir illik iddia müddətinin keçdiyini təsdiq edir. İddiaçı isə 26 noyabr 2018-ci il tarixli əqdi 6 il sonra mübahisələndirərək əqdin etibarsızlığına dair iddia müddətini 6 dəfə ötürmüşdür. Məhkəmə mübahisəyə iddia müddətini tətbiq etməli, bu əsasla onun rədd edilməsi haqqında qərar qəbul etməlidir. 3. Bağışlama müqaviləsində əlavə öhdəliklər olmadığı üçün və bağışlamaqdan imtina edilmə müddəti ötürüldüyü üçün müqavilə etibarsız sayıla bilməz. Mülki məcəllənin Maddə 673cü və 674-cü maddələrində qeyd olunub: 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 673.2. Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: 673.2.1. bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; 673.2.2. vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; 673.2.3. vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda. 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. 674.1. Aşağıdakı hallarda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir: 674.1.1. bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda; 674.1.2. hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda. 674.2. Hədiyyə verən vaxtaşırı xidmətlər göstərməyi öhdəsinə götürdükdə, əgər ayrı şərt qoyulmayıbsa, bu öhdəliyə onun ölümü ilə xitam verilir. Yuxarıda göstərilən hallara əsaslanaraq məhkəmədən, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddianı müdafiə edərək izahatında cavabdeh şirkətlərinin hər birinin Maraqlı şəxs olduğunu, Cavabdeh3a satılan mülkün özünün olduğunu, cavabdehin Cavabdeh3dan qabaq ilkin olaraq müqavilənin bağlandığı "xxxx" olduğunu, mülkü Nəqşicahanın satdığını, vaxtilə ona hədə-qorxu gəldiklərini, bütün əmlaklarını əlindən aldıqlarını, Maraqlı şəxs köməkçisi Həsən Əhmədovun onun barəsində xüsusi ittiham qaydasında şikayətinə bu məhkəmədə baxıldığını, ona islah işləri cəzası verildiyini, Bakıya gedib hüquq mühafizə orqanlarına şikayət etdiyi üçün onu bütün əmlakları qaytaracaqları adı ilə Naxçıvana gətirib həbs etdirdiklərini, ona işgəncə verdiklərini, hakimiyyət dəyişildikdən sonra dövlət təhlükəsizliyi orqanına müraciət etdiyini, əlindən alınmış bütün əmlaların qaytarıldığını, bu evi ona görə qaytarmadılar ki, həmin şəxslər evi qaytardıqlarını dediyini, həmin dövrdə baş verən hadisələrə görə məhkəmədə vaxtında iddia qaldırmadığını bildirib iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi Vəkil2 iddianı müdafiə edərək izahatında iddiaçının sahibkarlıqla məşğul olduğunu, Maraqlı şəxsla köməkçisi Həsən Əhmədovun vasitəsilə əvvəlcə icarə müqaviləsi sonra şərikli fəaliyyətləri olduğunu, iş materiallarında çıxarışın ilk olaraq 2018-ci ildəki çıxarışın iddiaçının adına olduğunu, bağışlama müqaviləsi ilə bağışlandığını lakin cavabdehlə heç bir qohumluğunun olmadığını, müddətin keçirilməsi ilə bağlı dəfələrlə müraciət etsə də müraciətinə baxılmadığını, ümumilikdə məsələlərin çox olduğunu, lakin bu mənzilin bağışlanma müqaviləsində şəxsin iradəsinin olmadığını, iddia tələbinin Nəqşicahan MMC yə aid olduğunu, hal hazırda əmlakın başka birinə satılsa belə Nəqşicahanın maddi ziyanı ödəməli olduğunu bildirmişdir. Məhkəmə hazırlıq iclasında izahat verən Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil1 hazırki tələb üzrə mübahisələndirmə müddətinin ötürüldüyünü, iddiaçının ona təsir-təzyiqinin nədə ifadə olunmasına dair sübut təqdim etmədiyini nəzərə alıb etirazda bütün halları ətraflı qeyd etdiklərini, əmlakın hazırda təmsil etdiyi şrikətə məxsus olubolmaması barədə məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh2 və hüquqi şəxs Cavabdeh3 MMC-yə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh şəxs və hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, hər hansı üzürlü səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Məhkəmə işə Cavabdeh2 və cavabdeh hüquqi şəxs Cavabdeh3 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, həmin izahatları iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışdan aydın olur ki, ünvan 3 ünvanındakı yaşayış mənzilinin tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/21 nömrəli reyestr kitabının 4027 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2018-ci il tarixdə nötarial qaydada ərizə verərək adına olan ünvan 3 ünvanında yerləşən yaşayış mənzilini Cavabdeh1-MMC yə bağışlamışdır. xx.xx.2018-ci il Daşınmaz Əmlakın bağışlanması müqaviləsinin surətindən aydın olur ki, hədiyyə verən Orucov X3 şəhəri, İstiqlal küçəsi, bina 73, mənzil 2 ünvanlı yaşayış mənzilini hədiyyə alan Cavabdeh1-MMC yə bağışlanmışdır. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli sorğusuna Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən cavab olaraq bildirmişdir ki, Cavabdeh1 Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 17 aprel 2014- cu il tarixdə ********** nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin təsisçisinin 27 oktyabr 2023cü il tarixli ləğv qərarına əsasən hal-hazırda cəmiyyət ləğv prosesindədir. Cavabdeh1 MMC-nin 27 oktyabr 2023-cü il tarixli Qərara görə Cavabdeh1 MMC ləğv edilməsi, Cavabdeh2 təsviyəçi təyin edilməsi və ona qanuni təmsilçiyə dair bütün səlahiyyətlərin həvalə edilməsi qərara alınmışdır. İddiaçının vəkili və nümayəndasi Vəkil2 xx.xx.2025-ci il tarixdə ərizə verərək Cavabdeh2 cavabdeh qismində işə cəlb olunmasını xahiş etmişdir. İddiaçının vəkili və nümayəndasi Vəkil2 xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi İddiaçı cavabdeh NƏQŞİCAHAN MED MMC-yə qarşı bağışlanma müqaviləsinin ləğvi tələbi ilə məhkəməyə müraciət etmişdir. Sözü gedən mülki iş üzrə məhkəmənin növbəti hazırlıq iclası 10 iyun 2025-ci il tarixə təyin olunmuşdur. Həmin mülki iş üzrə iddia tələbini dəqiqləşdirdiyini və yuxarıda qeyd edilənlərə əsasən MPM-nin 53-cü maddəsinə əsasən yuxarıda qeyd edilənlərlə uyğun olaraq bağışlanma müqaviləsinin ləğvi və onun hüquqi nəticələri barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli sorğusuna cavab olaraq Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli məktubundan aydın olur ki, ünvan 3 ünvanında yerləşən yaşayış mənzilinin texniki pasportu 16 fevral 2018-ci il tarixdə Cavabdeh1-MMC-nin mülkiyyətində olmuşdur. xx.xx.2024-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ünvan 3 ünvanında yerləşən yaşayış mənzili satıcı Cavabdeh1-MMC tərəfindən alıcı Cavabdeh3-MMC-yə satılmışdır. ünvan 3 ünvanı yaşayış mənzili 18 aprel 2024-cü il tarixdən bəri Cavabdeh3-MMC nin adına mülkiyyətdədir. 01 aprel 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə görə Cavabdeh1 MMC adından Cavabdeh2 ilə Cavabdeh3 MMC-nin adından qanuni təmsilçi X4 arasında bağlanmış alqı-satqı əsasında ünvan 3 ünvanında yerləşən yaşayış mənzili 118000 (bir yüz on səkkiz min) manata satılmışdır. İddiaçının vəkili və nümayəndasi Vəkil2 xx.xx.2025-ci il tarixdə ərizə verərək mülki iş üzrə iddia tələbini dəqiqləşdirdiyini və yuxarıda qeyd edilənlərə əsasən MPM-nin 53-cü maddəsinə əsasən yuxarıda qeyd edilənlərlə uyğun olaraq bağışlanma müqaviləsinin etibarsız hesab edib və onun hüquqi nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edib, Cavabdeh3-MMC nin cavabdeh qismində işə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iddianı rədd edərkən gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin X5 edilməsinə dair “ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2 aprel 2021-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6-cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin əsaslar zərərçəkənin iradə ifadəsinin zədələnmiş olduğu hallardır və bu zaman Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən şəxsin əqdi mübahisələndirməsini qarşı tərəfə bildirməsi ilə əqd bağlandığı andan etibarsız hesab olunur. Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqdlər baxımından etibarsızlıq ümumi hal və nəticəni ifadə edir. Lakin belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Mülki qanunvericilikdə etibarsızlığa səbəb olan halların tabe olduğu hüquqi rejim və şərtlər də fərqli şəkildə tənzimlənir. Məsələn, əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisə edilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqdin bağlandığı andan etibarlı olan hüquqi vəziyyəti dəyişmir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələrinə görə, əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız əqd olaraq heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdəliklərin yaranmasına səbəb ola bilməz, bu zaman əhəmiyyətsiz əqd üzrə alınanların geri qaytarılması üçün iddia qaldırmaq hüququnun müddətlə məhdudlaşdırılmış olması haqlı olaraq mübahisəyə səbəb olur. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Məhkəmə işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı müvqavilənin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərədə tutulmuş müddəti ötürmüşdür və bu müddətin keçməsi onun qeyd edilən əqdləri mübahisələndirmək hüququnun xitamına səbəb olmuşdur. Hətta məhkəmə qeyd edir ki, iddiaçılar nəzərdə tutulan 1 illik müddəti keçirməsəydi belə öz tələblərinin əsasını istinad etdiyi halı-yəni əqdi hədə-qorxu, zor, yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və onların əmlakını tələf etməsi hədəsinə məruz qaldıqlarına dair hər hansı mötəbər sübut təqdim etməmişlər. İddiaçının mübahisələndirdiyi əqdlərlə bağlı müqavilələrdə mülki qanunvericiliyin normalarına uyğun olaraq bağlandığını müəyyən edir. Bunun əksi işə baxılan zaman iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Bütün bu hallar məhkəmə tərəfindən ümumiləşdirilərək iddiaçının hazırki tələblə bağlı əqdlərin etibarsızlığı üçün mülki qanunvericilikdə nəzərədə tutulan 1 il kəsici müddətin keçməsi nəticəsinə gəlməyə əsas vermişdir. Buna görə də məhkəmə bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair iddianın əsassız olduğundan rədd edilməsi nəticəsinə gəlir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya şamil edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh "xxxx" Med MMC-yə, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-215/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-215/2025
16.07.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver