Məhkəmə qərarları › İş №2(078)-369/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-369/2021

26.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-369/2021 26.04.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X17 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı miras əmlakı faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsinə dair iddia ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxx 2006-cı il tarixdə vəfat etmiş X12 miras qalmış ünvan 1 ünvanında yerləşən yaşayış evinin və torpaq sahəsinin yalnız onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X13 və X9 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb olunmuşlar. Məhkəmə iclası zamanı izahat verən İddiaçı oğlu iddianı müdafiə edərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən əmlak anası X14 mülkiyyətindədir. Anası xx xxxx 2006-cı il tarixdə vəfat etmiş, onun sağ qalan vərəsələri o və X1, Cavabdeh və X5r. İddiaçı qeyd etmişdir ki, anasının ölümündən sonra sözügedən miras əmlakı faktiki olaraq qəbul etmiş və haliyyədə də həmin mirası özü idarə edir, mirasın bütün kommunal xərclərini ödəyir, evə kirayə qoyur və kirayə haqqını alır. X1 və X9 ailə quraraq başqa ünvanda yaşayır və mirasdan onun xeyrinə imtina edib. Lakin digər bacısı-iş üzrə Cavabdeh mirasın onun adına sənədləşməsinə razılıq vermir. Notariat orqanına müraciət etdikdə qanunla nəzərdə tutulmuş müddət keçdiyindən məhkəməyə müraciət etmək hüququnun olması ona bildirilmişdir. Ona görə də məcbur qalıb məhkəmədə iddia qaldırmışdır. İddiaçı sonda qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili X25 iddianı müdafiə edərək izahatında iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin o, xx xxxx 2021-ci il tarixdə məhkəmənin ünvanına ərizə göndərək səhhəti ilə əlaqədar olaraq məhkəmə prosesində iştirak edə bilməyəcəyini, özünün də ata-anasından qalmış miras əmlakdan payını istədiyini bildirmiş və sonda qətnamə qəbul edilərkən ərizəsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 və X6 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin X13 xx.xx.2021-ci il tarixdə, X9 isə xx.xx.2021-ci il tarixdə məhkəmənin ünvanına teleqram göndərərək xx xxxx 2006-cı il tarixdə vəfat etmiş X12 miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakdan ona düşən paydan qardaşı İddiaçı xeyrinə imtina etdiyini, mirasın qardaşı İddiaçı tərəfindən qəbul edildiyini, gələcəkdə hər hansı tələbinin olmadığını bildirmişdirlər. Məhkəmə işə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7 və X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X34 ifadəsində göstərmişdir ki, o hələ X2 Naxçıvan şəhəri, 5-ci küçə, 1-də ailəsi ilə birlikdə kirayə yaşamışdır. Təxminən 2001-ci ildən 2004-cü ilə kimi həmin evdə kirayə yaşamışdır. Evin bir otağında mərhum Fatma xala yaşamış, digərlərini onlara kirayə vermişdir. Həmin evə gedib-gələn Məmməd müəllim olmuş, kirayə haqqını da ona vermişdir. Sonra başqa ünvana köçüb getmişdir. Təxminən 1-2 il keçdikdən sonra Fatma xalanın vəfat etdiyini eşitmiş və dəfnində də iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X31 ifadəsində bildirmişdir ki, Naxçıvan şəhəri, 5-ci küçə, 1-də ailəsi ilə birlikdə 2011-2013-cü illərdə kirayə qalmışdır. Məmməd müəllimlə kirayə haqqını danışıb 130 manat aylıq ona kirayə pulu vermişdir. Evin açarlarını da Məmməd müəllim ona vermişdir. Evin iki otağı bağlı olmuş, orada Məmməd müəllimin və anasının əşyaları olmuşdur. Qalan iki otağında o ailəsi ilə yaşamışdır. Məhkəmə iclasında dindirilmiş şahid X32 ifadəsində bildirmişdir ki, Məmməd müəllim onun iş yoldaşıdır. Hər ikisi X20 Bölməsində elmi işçi olaraq işləyirlər. O işə düzəldikdən sonra Şərur rayonundan köçüb Naxçıvan şəhərinə gəlmiş və kirayə yaşamışdır. 2015-2017-ci illərdə Məmməd müəllimlə danışıb anasında qalan evdə kirayə yaşamışdır. Həmin ev 5-ci küçədə ev 1 –də yerləşir. Evin şəraiti normal idi. Aylıq 190 manat kirayə haqqı vermişdir. Daha sonra özlərinə ev aldıqdan sonra kirayədən çıxmışdır. Məhkəmə iclasında dindirilmiş şahid X15 ifadəsində bildirmişdir ki, Naxçıvan şəhəri 5-ci küçə ev 10-da yaşayır. Məmməd müəllimin anası Fatma xanım onun qonşusu olmuşdur. Fatma xanım vəfat etdikdən sonra Məmməd müəllim evə kirayə qoymuşdur. Yaşar, Arzu, Vüqar adlı şəxslərin orada kirayə qaldıqlarını görmüşdür. Məmməd müəllim tez-tez evə gəlib baş çəkibdir. Həyəti düzəldib ağaclara baxıbdır. Məmməd müəllimin bacıları hələ anaları sağ olanda gəlib ona baş çəkibdirlər, lakin Fatma xanımın vəfatından sonra qızların həmin evə gəldiyini görməmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, iddiaçının, onun vəkilinin və şahidlərin ifadələrini, cavabdehin ərizəsini və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin teleqramlarını tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.1990-cı il tarixdə verilmiş İV-JQ seriyalı, 257266 №-li ölüm haqqında şəhadətnamənin surətindən məlum olmuşdur ki, X8 xx xxxxxx 1989-cu il tarixdə ağ ciyərürək çatışmazlığı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə xx.xx.1990-cı il tarixdə 25 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən xx xxxxx 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 163722 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən məlum olmuşdur ki, X22 xx xxxx 2006-cı il tarixdə miokard infarkt diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə həmin tarixdə 125 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş çıxarışdan aydın olur ki, X18 xx xxx 1981-ci il tarixdə qara ciyərin blastoması diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə xx.xx.1981-ci il tarixdə 99 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 01/4483 nömrəli arayışdan aydın olur ki, mərhum X3 şəhəri, 1 May küçəsi ev 1-də yaşayıb və onun aşağıdakı vərəsələri vardır. -X8-həyat yoldaşı-vəfat edib; -X11-qızı-vəfat edib; - X13-qızı-1944; - Cavabdeh-qızı -1947; - X9-qızı -1950; -İddiaçı-oğlu-1952. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli “Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən məlum olmuşdur ki, ünvan 2 ünvanında yerləşən 97.44 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi və 0.0575 ha olan torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X14 adına daşınmaz əmlakın dövlət reyestrində 18/40 nömrəli reyestr kitabının 7903 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan MR Ədliyyə Nazirliyi Naxçıvan şəhər 1 nömrəli Notariat Ofisinin notariusu tərəfindən İddiaçı xx xxxxxx 2020-ci il tarixli məktubuna xx xxxxxx 2020-ci il tarixdə verilmiş 250 nömrəli cavab məktubundan məlum olur ki, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət buraxıldığından iddiaçıya aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan su təhcizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilədən aydın olur ki, ünvan 2 ünvanı üzrə “xxxx” ASC ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə müqavilə bağlanmışdır. İş materiallarında olan əhali istehlakçılarının təbii qazla təmin edilməsi, istismar və istifadə qaydaları haqqında müqavilədən aydın olur ki, ünvan 2 ünvanı üzrə “Naxçıvanqaz” İB ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə müqavilə bağlanmışdır. İş materiallarında olan Energetika Xidməti ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqı birtipli müqaviləsindən aydın olur ki, ünvan 2 ünvanı üzrə Naxçıvan Energetika Xidməti ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə müqavilə bağlanmışdır. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən formalaşdırılmış hüquqi mövqeyə görə insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun, ədalət bərpa edilsin (Konstitusiya Məhkəməsi Plenumunun S.Mahmudovanın şikayəti üzrə 1noyabr 2013-cü il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddənin məzmunundan da göründüyü kimi Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: formal və qeyri-formal üsulunu. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur. 1.Miras əmlaka sahiblik etmək üsulu. 2.Miras əmlakı faktiki idarə etmək üsulu. Miras əmlaka faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirib və ona sahib durur, onun üzərində fiziki “ağalıq edir”. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakın faktiki idarə edilməsi dedikdə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımi vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək və s. «G.Q şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2014- cü il tarixli Qərarında qeyd etmişdir ki, “Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mülki işin materiallarına əlavə edilmiş sənədlərdən aydın olur ki, sözügedən mənzilin qaz, su təhcizatı ilə bağlı müqavilələri iddiaçı ilə bağlanmış və zəruri kommunal xərclər onun tərəfindən ödənilmişdir. Həmçinin məhkəmədə ifadə verən şahidlər müxtəlif vaxtlarda miras evdə kirayə yaşadıqlarını, kirayə haqqını da iddiaçıya ödədiklərini bildirmişdir. İddiaçı tərəfindən miras əmlakın faktiki olaraq qəbul edilməklə idarə edilməsi iş üzrə toplanmış sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iddia tələbinin mirasın yalnız İddiaçı tərəfindən qəbul eidlməsi faktının tanınması olmasını nəzərə alaraq digər vərəsələrin mirası qəbul edib-etməməsi məsələsini araşdırıb onalara da hüquqi qiymət verilməsini zəruri hesab edir. Cavabdeh və cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 və X6 bütün məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş və iddia tələbinə öz münasibətlərini bildirməsi, tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirmək təklif edilmişdir. Cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X13 xx.xx.2021-ci il tarixdə, X9 isə xx.xx.2021-ci il tarixdə məhkəmənin ünvanına teleqram göndərərək xx xxxx 2006-cı il tarixdə vəfat etmiş X12 miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakdan ona düşən paydan qardaşı İddiaçı xeyrinə imtina etdiyini, mirasın qardaşı İddiaçı tərəfindən qəbul edildiyini, gələcəkdə hər hansı tələbinin olmadığını bildirmişdirlər. Həmçinin Cavabdeh Hüsynəli qızı məhkəməyə ərizə göndərərək onun da payının verilməsini xahiş etmişdir. Məhkəmə göndərilmiş teleqramlarla bağlı bildirir ki, mirasdan başqa şəxsin xeyrinə imtina o halda mümkün ola bilər ki, vərəsə mirası qanunla müəyyən edilmiş müddətdə qəbul etmiş olsun. Lakin iş üzrə toplanmış sübutlara mövcud mirasın X13 və X9 tərəfindən qəbul edilməsi öz təsdiqini tapmır. Belə olan halda qəbul edilməyən miras barəsində başqa şəxsin xeyrinə imtina etmək qanunla nəzərdə tutulmadığından məhkəmə X13 və X4 mövcud miras əmlakı ümumiyyətlə qəbul etmədikləri qənaətinə gəlir. Eyni zamanda X13 və X9 teleqramlarında miras əmlakın qardaşları İddiaçı Hüsyenalı oğlu tərəfindən qəbul edildiyini göstərmişlər. Məhkəmə Cavabdeh miras əmlakdan onun da payının müəyyən edilməsi məsələsini müzakirə edərək hesab edir ki, ilk öncə cavabdehin həmin miras əmlakı qəbul edibetmədiyi məsələsi araşdırılmalıdır. Belə ki, qəbul edilməyən miras əmlak üzrə pay müəyyən edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Qeyd edilən maddi hüquq normalarından göründüyü kimi, vərəsəlik hüququ yalnız o halda yarana bilər ki, miras açılandan sonra onu qəbul etməyə hüququ olan vərəsələr mövcud olsun və həmin vərəsələr ya qanun və yaxud da vəsiyyətnamə əsasında miras əmlakın qəbul olunması ilə əlaqədar müəyyən hərəkətlər etmiş olsunlar. Yuxarıda qeyd edildiyi kimi, miras qoyan X22 xx xxxx 2006-cı il tarixdə il tarixdə vəfat etmişdir. Mülki Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Belə olan halda, xx xxxx 2006-ci il tarix mirasın açıldığı vaxt hesab olunur. Məhkəmə tərəfindən müəyyən edilir ki, mirasın açıldığı vaxt Cavabdeh qanunla müəyyən olunmuş mirasın qəbulu üsullarından istifadə etməklə mirası qəbul etmək üçün müəyyən hərəkətləri etməyə imkanı olmuşdur. Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qeyd edilən maddi hüquq normalarının müzakirə edilən məsələnin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, Cavabdeh anasının ölümündən sonra 3 ay müddətində mirasın qəbulu ilə əlaqədar qanunla müəyyən olunmuş hərəkətləri yerinə yetirməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İşə məhkəmədə baxılan zaman Cavabdeh miras əmlakın onun tərəfindən formal və ya qeyri-formal qaydada qəbul edilməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, X12 qalan ünvan 2 ünvanında yerləşən 97.44 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi və 0.0575 ha olan torpaq sahəsindən ibarət olan mirasın yalnız İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. X12 qalan ünvan 2 ünvanında yerləşən 97.44 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi və 0.0575 ha olan torpaq sahəsindən ibarət olan mirasın yalnız İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar