Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-420/2024 02.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ərizəçi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X5 iştirakları ilə, Ərizəçi Qasımov Elxan Akif oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab olunması tələbinə dair mülki işə açıq məhkəmə baxış iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Qasımov Elxan Akif oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi iddia ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, həyat yoldaşı Qasımov Elxan Akif oğlu, xx.xx.1965-ci il tarixində Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində anadan olmuşdur. Qasımov Elxan Akif oğluna 26 dekabr 2019-cu il tarixində birinci qrup əlillik vəsiqəsi verilmişdir. Elxanın bütün hərəkətləri onun iştirakı ilə mümkündür. O, Elxanın adına olan torpaq sahəsini satmaq üçün “ASAN xidmətdə” olmuşdur. Həyat yoldaşı Elxan notariat kontorunda özünü ifadə edə bilmədiyindən, alqı-satqı işlərini apara bilməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Elxan Çernobıl əlilidir. Bu səbəbdən öz hərəkətlərini və nitqini tam ifadə edə bilmir. 2012-ci il tarixində beyin qanaması keçirmiş sağ nahiyəsi hərəkətsiz vəziyyətdədir. Hal-hazırda həyat yoldaşı onunla birlikdə yaşayır. Bundan başqa sənədləşdirmə işini apara bilmədiyindən qəyyumluğun ona verilməsi üçün fəaliyyət qabilliyyətinin olmaması barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxsin səhhəti yol verirsə, məhkəmə iclasına çağırılması nəzərdə tutulduğundan 27 fevral 2024-cü il tarixli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin olunmuş və ekspertin qarşısına Qasımov Elxan Akif oğlunun sağlamlıq vəziyyətinin onun məhkəmə iclasında iştirak etməsinə imkan verib-verməməsinin araşdırılması ilə bağlı sual qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 29 mart 2024-cü il tarixli, 114 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Qasımov Elxan Akif oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Bunu nəzərə alan məhkəmə Qasımov Elxan Akif oğlunu məhkəmə iclaslarına dəvət etməmiş və dindirməmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi izahatında Qasımov Elxan Akif oğlunun anadangəlmə qüsuru olmadığını, 6-7 il əvvəl beyin qansızması keçirdiyini, ondan sonra belə olduğunu, danışıq qabiliyyətini itirdiyini, əlinin tutmadığını, ancaq şüurunun yerində olduğunu, onu harasa aparanda əziyyət çəkdiyini, onun köməyi olmadan onun özünü idarə edə bilmədiyini, Qasımov Elxan Akif oğlunun Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikası X3 qeydiyyatda dayanmadığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X1 Qasımov Elxan Akif oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə hallarının olmamasını müəyyən etdiyini, ekspert rəyindən də şəxsin həqiqətən fəaliyyət qabiliyyəti olmadığının göründüyünü bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarını tədqiq edən məhkəmə müəyyən edir ki, barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş Qasımov Elxan Akif oğlunun 16 dekabr 1965-ci il tarixdə Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində anadan olması, onun hazırda Naxçıvan şəhər, Qaraxanbəyli kəndində yaşaması, Ərizəçi Qasımov Elxan Akif oğlunun arvadı olması, Qasımov Elxan Akif oğlunun birinci dərəcə əlil kimi sosial müavinət alması mülki işin mübahisəsiz hallarıdır. Bunların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -İş materiallarına əlavə edilmiş Naxçıvan MSSR, Babək rayonu, Cavidabad kənd İcraiyə Komitəsi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, V-ЖГ seriyalı, 296454 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X6 ilə Qasımov Elxan Akif oğlu arasında xx.xx.1990-cı il tarixdə nikah bağlanması, həmin tarixdə bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 2 nömrə ilə qeyd edilməsi və nikah bağlandıqdan sonra iddiaçının özünə cavabdehin soyadını yəni, “Qasımova” soyadını seçməsi; -İş materiallarına əlavə olunmuş Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraxanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 105 nömrəli arayışdan Qasımov Elxan Akif oğlunun Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olması; -İş materiallarına əlavə olunmuş Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraxanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 112 nömrəli arayışdan Ərizəçi Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olması; - İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 26 dekabr 2019-cu il tarixdə verilmiş əlillik vəsiqəsindən Qasımov Elxan Akif oğlunun ümumi xəstəlikdən ömürlük birinci dərəcə əlilliyinin olması aydın olur. Mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində onları bir-biri ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Şəxsin ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını dərk etməsinin və ya öz hərəkətlərinə rəhbərlik edə bilməsinin müəyyən olunması isə xüsusi bilik tələb edən məsələ olduğundan məhkəmənin hazırlıq iclasında bunun müəyyən olunması üçün 27 fevral 2024-cü il tarixli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 29 mart 2024-cü il tarixli, 114 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Qasımov Elxan Akif oğlunda “Damar demensiyası” psixi xəstəliyi vardır. Qasımov Elxan Akif oğlu öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Qasımov Elxan Akif oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qəbul ediləndir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi Qasımov Elxan Akif oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına dair ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, Qasımov Elxan Akif oğlunun əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin və Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsinin izahatları ilə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, Qasımov Elxan Akif oğlu əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən o, fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - ərizə təmin olunmalı; - 16 dekabr 1965-ci il tarixdə Naxçıvan rayonu, Qaraxanbəyli kəndində anadan olan Qasımov Elxan Akif oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilməli; - ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 16 dekabr 1965-ci il tarixdə Naxçıvan rayonu, Qaraxanbəyli kəndində anadan olan Qasımov Elxan Akif oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №2(078)-420/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-420/2024
02.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver