Məhkəmə qərarları › İş №2(078)-484/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-484/2024

12.06.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-484/2024 12.06.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, Ərizəçi və Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında “Qəyyumluq və Himayə Komissiyası”nın nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 28 noyabr 2003-cü il tarixdə doğulmuş Hüseynzadə Nuray Amil qızının fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi verdiyi izahatında bildirmişdir ki, 07 yanvar 2002-ci il tarixdə X1 ilə Culfa rayon VVADQ şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Həmin nikahdan 28 noyabr 2003-cü il tarixdə qızı Hüseynzadə Nuray Amil qızı doğulmuşdur. Anadangəlmə xəstədir, ona serebral iflic diaqnozu qoyulmuşdur. Qızı Nuray İ qrup əlildir. Onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. Nuray özünü idarə etmək qabiliyyətində deyildir. Onun sayəsində özünü idarə edir. Bundan başqa, mülkiyyət hüquqlarının, həmçinin onun öz hüquqlarının həyata keçirilməsi üçün imzaları lazım olur ki, onun fəaliyyət qabiliyyətinin olmaması səbəbindən Nurayın həmin hüquqlarını həyata keçirə bilmir. Sonda Ərizəçi qeyd olunanların nəzərə alınaraq ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Məhkəmə psixiatrik ekspertizasının rəyinə görə Hüseynzadə Nuray Amil qızının səhhəti onun məhkəmə iclasında iştirakına imkan vermədiyindən o, məhkəmə iclaslarına dəvət olunmamış və dindirilməmişdir. Məhkəmə iclası zamanı dindirilən Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında “Qəyyumluq və Himayə Komissiyası”nın nümayəndəsi X7 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, mülki işlə əlaqədar olaraq komissiyanın nümayəndələri fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs 28 noyabr 2003-cü il tarixdə doğulmuş Hüseynzadə Nuray Amil qızının yaşadığı yerə baxış keçirmişdir. Hüseynzadə Nuray Amil qızının yaşadığı mənzil istismar idarəsindən və qonşulardan alınan məlumata görə Hüseynzadə Nuray Amil qızı ailəsi və cəmiyyət üçün heç bir təhlükə törətmir. S.Vəliyev araşdırma nəticəsində Hüseynzadə Nuray Amil qızının xəstə olduğunu, bu səbəbdən onun ailə həyatı qurmadığını, hazırda ərizəçinin yanında yaşadığını və onun qayğısının ərizəçi tərəfindən çəkildiyini bildirmiş və qeyd etmişdir ki, komissiya belə nəticəyə gəlmişdir ki, Hüseynzadə Nuray Amil qızının fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə hallarının olmaması müəyyən olunmuşdur. Məhkəmənin qiymətləndirməsi: xx.xx.2002-ci il tarixdə verilmiş AZ-İ 040673 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi ilə X1 arasında xx.xx.2002ci il tarixdə Culfa rayon VVADQ şöbəsində nikah bağlanmış və bu barədə 02 nömrəli akt qeydi icra edilmişdir. Nikah bağlandıqda sonra qadına “Hüseynova” soyadı verilmişdir. xx.xx.2004-cü il tarixdə verilmiş AZ-İ 382652 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən məlum olur ki, X5 ilə X3 xx.xx.1949-cu il təvəllüdlü Hüseynzadə Nuray Amil qızı adlı övladları vardır. Naxçıvan Muxtar Respublikası Xəstəxanası publik hüquqi şəxsinin 136 nömrəli, 03 fevral 2024-cü il tarixli tibbi arayışına əsasən, Hüseynzadə Nuray Amil qızı 03 fevral 2024cü il tarixdə Naxçıvan Muxtar Respublikası Xəstəxanası publik hüquqi şəxsinin Nevrologiya şöbəsində ambulator olaraq nevropatoloq müayinəsində olmuş, müvafiq müalicələr almışdır. 004411 nömrəli vəsiqəsinin təsdiqlənmiş surətinə əsasən, Hüseynzadə Nuray Amil qızına əlillik dərəcəsi verilib. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin və müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin izahatlarını dinləyib, eyni zamanda, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305-ci maddəsində müəyyən olunmuşdur ki, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 317.2-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. İş materiallarından Ərizəçi Hüseynzadə Nuray Amil qızının atası olması, həmçinin Hüseynzadə Nuray Amil qızının hazıradək ailə qurmaması müəyyən olunmuşdur. Həmin Məcəllənin 319-cu maddəsində qeyd olunmuşdur ki, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Qeyd olunan maddənin tələbinə uyğun olaraq Naxçıvan Şəhər Məhkəməsinin 27 mart 2024-cü il tarixli 2(078)-484/2024 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikası X4 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 153 nömrəli rəyə əsasən, Hüseynzadə Nuray Amil qızı “Orta dərəcəli əqli gerilik. Davranış pozuntusu“ psixi xəstəliyindən əziyyət çəkir. Hüseynzadə Nuray Amil qızı öz hərəkətlərini dərk etmək və öz hərəkətlərini idarə edə bilmək iqtidarında deyil. Hüseynzadə Nuray Amil qızının sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Məhkəmə araşdırması zamanı Ərizəçi məhkəməyə verdiyi izahatdan və iş üzrə toplanmış digər sübutlardan məlum olmuşdur ki, Hüseynzadə Nuray Amil qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması ərizəçiyə həmin şəxs üzərində qəyyum təyin olunması üçün lazımdır. Mülki işin məhkəmə araşdırması zamanı 28 noyabr 2003-cü il təvəllüdlü Hüseynzadə Nuray Amil qızının həqiqətən ağıl zəifliyinin olması, bu səbəbdən öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi müəyyən olunmuşdur. Yuxarıda da qeyd olunduğu kimi hazırda Hüseynzadə Nuray Amil qızı atası, yəni Ərizəçi himayəsində yaşayır, eyni zamanda onun bütün növ tələbatları ərizəçi tərəfindən qarşılanır. Mülki işin məhkəmə araşdırması zamanı Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında “Qəyyumluq və Himayə Komissiyası”nın nümayəndəsi X2 məhkəməyə verdiyi izahatından məlum olmuşdur ki, Ərizəçi tərəfindən Hüseynzadə Nuray Amil qızının fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə halları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 28 noyabr 2003-cü ildə anadan olmuş Hüseynzadə Nuray Amil qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 28 noyabr 2003-cü ildə anadan olmuş Hüseynzadə Nuray Amil qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar