Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-516/2024 08.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış və istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ünvan 1 ünvanından yaşayış və istifadə hüququna kompensasiya ödəmədən xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 29 may 2024-cü il tarixdə keçirilən məhkəmə baxış iclası zamanı iş üzrə İddiaçı vəkili və nümayəndəsi Vəkil1 ərizə təqdim edərək, ilkin iddia tələbində Cavabdeh1 qarşı iddia qaldırsa da, məhkəmə baxışında Cavabdeh2 da mübahisəli evə yaşayış və istifadə hüququ aldığı məlum olduğundan Cavabdeh2 da Cavabdeh1 ilə yanaşı cavabdeh qismində cəlb edilməsini xahiş etmiş və məhkəmənin müvafiq qərardadı ilə Cavabdeh2 cavabdeh qismində məhkəmə prosesinə cəlb olunmuşdur. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı vərəsəlik qaydasında ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka tam hissə olaraq mülkiyyət hüququ əldə edərək 12 sentyabr 2023-cü il tarixdən Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən qeydiyyatdan keçməklə daşınmaz əmlakın dövlət reyestrində 18/54 nömrəli reyestr kitabının 10695 nömrəli vərəqəsində qeydə alınmaqla tam hissə olaraq adına çıxarış verilmişdir. İddiaçı Cavabdeh2 ilə ailə həyatı qurmuşlar. Tərəflər arasındakı nikah qeydi 03 dekabr 1996-cı il tarixdə pozulmuş, 21 yanvar 1997-ci il tarixdə boşanma haqqında şəhadətnamə almışlar. Tərəflər arasındakı nikah qeydi pozulan zaman tərəflərin övladı- Cavabdeh1 bir yaşı olmuşdur. Nikah pozularkən uşaq anasının yanında saxlanılmış və iddiaçıdan aliment tutularaq Cavabdeh2 ödənilməsi qət edilmişdir. 1996-cı il tarixdən bəri İddiaçı Cavabdeh1 ilə heç bir əlaqəsi olmamış, Cavabdeh1 həmin ünvana necə qeydiyyata düşməsindən xəbəri olmamışdır. Cavabdeh1 sözügedən ünvanda bir gün belə yaşamamışdır. Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 məhkəməyə xx.xx.2024-cü il tarixli iddiaya etiraz göndərmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçı iddia ərizəsində işin faktiki hallarını qeyd etmiş, həyat yoldaşı ilə nikahının pozulduğunu, aliment təyin olduğunu qeyd etmişdir. Həmçinin cavabdehin həmin mənzildə yaşamadığını bildirmiş və hüquqi normalara istinad edərək nümayəndəsi olduğu şəxsə kompensasiya ödənilmədən yaşayış və istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı (vəkil və nümayəndə vasitəsilə) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli plenum qərarına istinad etmiş, eyni zamanda digər pelnum qərarına istinad edərək bu hüququn xitamını tələb etmişdir. İddiaçı onun müvəkkili, vəkili və nümayəndəsi olduğu şəxsin ünvan 1 ünvanının tərkib hissəsindən yaşayış və istifadə hüququnun olduğunu iddia ərizəsində və xahiş hissəsində açıq-aşkar etiraf edir. Belə ki, iddiaçı özü iddia ərizəsində bu hüququn mövcud olduğunu bildirsə də, lakin hansı əsaslarla bu hüququnun mövcud olmasına (yaranamasına) dair heç bir əsas gətirməmişdir. Məlum olduğu kimi “yaşayış və istifadə” hüququ bir neçə hüquqi əsasla yarana bilən hüquqdur ki, bu müqavilə ola bilər, ailə münasibətlərindən irəli gələn hallar ola bilər və “yaşayış sahəsinə köçürmə” halları ola bilər. Müvəkkilinin bu hüququ Babək Rayon Xalq Məhkəməsinin (əvvəlki adı ilə) 1997-cı il tarixli, 2-17 saylı məhkəmə qətnaməsi iıə yaranmışdır. Qeyd edilən qətnamə ilə Məmmıdova Nəsibə ilə birlikdə yaşayış və istifadə hüququ verilmişdir. İddiaçı isə bu hüquqi vəziyyəti (hüquqi faktı) öt' iddia ərizəsində qeyd etməmiş və bu hala toxunmamışdır. İddiaçı öz iddia ərizəsində (vəkil və nümayəndə vasitəsilə) cavabdehə kompensasiya ödənilmədən xitam verilməsini xahiş etmişdir. Lakin bunun hansı əsasla ola biləcəyinə dair istinad olunan hüquq normaları tamamilə yalnış istinad olunan maddi hüquq normaladır. İlk öncə onu nəzərə alamaq lazımdır ki, yuxarıda qeyd etdiyi kimi bu hüququ məhkəmə qətnaməsi ilə yaranmış olan bir hüquqdur. Bu məhkəmə qərarı ilə yaranmış olan (məhkəmə qətnaməsi ilə təsdiq olunmuş) hüquqa hüquqi baxımdan yalız və yalnız kompensasya ödənilməklə xitam vermək olar. Bu ona görədir ki, məlum olduğu kimi mülkiyyət hüquqları əsas hüquqlar siyahısındadır və qanunla mülkiyyət toxunulmazdır, dövlət tərəfindən müdafiə olunur. Ancaq onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində əmlak hüquqları sırasında asılı hüquq sayılan “yaşayış və istifadə” hüququ da yer almaqdadır. Xüsusən məhkəmə qətnaməsi ilə təsdiq olunmuş bu asılı hüququ “qarşılıqsız” xitam etməh qanunla düzgün və eyni zamanda ədalətli deyildir. Təsdiq olunmuş bu hüquq yalnız kompensasiya ödənilməklə “qarşılıqlı-əvəzli” yolu ilə xitam vermək olar. İkinci bir hal ondan ibarətdir ki, bu hüququ 1997-ci ildə yaranmış və o dövrdə də hal- hazırda qüvvədən düşmün (01 oktyabr 2009cu ilədək qüvvədə olmuş) Mənizi Məcəlləsinin müvafiq maddəsi (maddə -123) ilə yaranmışdır. Yəni hüququn yarandığı və eyni zamanda təsdiq olunduğu vaxt köhnə AR Mənzil Məcəlləsi qüvvədə idi. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenum qərarı da mövcuddur. Yəni yaşayış və istifadə hüququ o dövrüdə qüvvədə olan qanunverciliyə uyğun olaraq yarandığına görə və həmin dövrün maddi hüquq norması tətbiq olunduğuna görə mütləq şəkildə bu hüquqa kompensasiya ödənilməklə xitam vermək olar. Bununla bağlı AR Kostitusiya Məhkəməsinin 27 iyi 2001-ci il tarixli plenum qərarı da mövcuddur: 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə " əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Qeyd etmək lazımdır ki, bu qərarda həmçinin o da qeyd olunur ki, köhnə Mənzil Məcəlləsində istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi nəzərdə tutulmadığından, burada qanunun analogiyasını tətbiq etməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddəsini tətbiq etmək lazımdır. Yəni hər bir halda müvafiq məhkəmə qətnaməsi ilə təsdiq olunmuş yaşayış və istifadə hüququ mütləq şəkildə kompensasiya ödənilməklə xitam . verilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli plenum qərarında qeyd olunur: Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Yəni hər bir halda qeyd edilən şərhdən də aydın olur ki, bu zamanda yaranmış münasibət zamanı (əgər bu maddi hüquq norması tətbiq edilərsə-ailə münasibətlərinə xitam verilməni nəzərə alaraq) yenə də kompensasiya ödənilməklə xitam verilmədən söhbət gedə bilər. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi artıq analogiya üzrə yox, artıq birbaşa işə düşmüş olur. Nəticə etibarı ilə istinad olunan plenum qərarlarından və eyni zamanda maddi hüquq normalarının məzmunudnan aydın olur ki, xüsusən məhkəmə qətnaməsi ilə təsdiq olunmuş “yaşayış və istifadə” hüququna hər bir halda kompensasiya ödənilməklə xitam verilməlidir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmişdir. Onun vəkili və nümayəndəsi iddiaçının Bakı şəhərində yaşadığını və məhkəmə iclaslarına gəlməsinin mümkün olmadığını bildirib onun iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, hazırda evdə heç kim yaşamır. İddiaçıya məxsus kommunal xərclərin ödənilməsi ilə bağlı energetika xidmətinin məktubu məhkəməyə təqdim edilmişdir. Cavabdeh anası ilə birlikdə neçə illərdir həmin evdən çıxıb. Evə də faktiki sahibliyi iddiaçı edir. Nəsibə xanımın kompensasiya ilə bağlı aldığı 5000 manat dair yaşamaq hüququndan imtina ərizəsi də məhkəməyə təqdim edilib. İddiaçı dəfələrlə israrla deyir ki, Cavabdeh2 Vaqifin Azərin öz oğlu olmadığını ona deyib. Ona görə də iddiaçı qətiyyən nə kompensasiya verilməsi ilə bağlı nə də başqa razılaşmanı qətiyyən qəbul etmir. İddiaçı cavabdehi ümumiyyətlə görməyib. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh1 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmişdir. Vəkil və nümayəndə ilə təmsil olunmuşdur. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, 1997-ci ilin qətnaməsi ilə Vaqifin anası Cavabdeh2 ilə birlikdə orada yaşayış və istifadə hüququ verilmiş və həmin evə köçmüşdülər. Lakin həmin evdə çox az bir zaman içində qalıb həmin evdən ayrılmışlar. Vaqif həmişə nənəsinə məxsus evdə yaşayıb. Hazırda da Bakı şəhərində yaşayır. Əslinədə Vaqif anası ilə birlikdə öz istəkləri ziddinə yəni zorla çıxarılıblar. Həm Vaqif, həm də anası həmin evdə qalırdılar. Onların yaşamalarına maneə yaradılıb. Məhkəmə iclasında izahat verən Cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı onun keçmiş həyat yoldaşı olub. Onlar cəmi 1 il ailəli olub. 1994-cü ildə ailə qurublar. 1995-ci ildə Vaqif anadan olub. 1996-cı ildə rəsmi olaraq boşanıblar. Boşanma barədə İddiaçı məhkəməyə müraciət edib. Boşanmalarının səbəbi Azərin ona dəfələrlə şiddət göstərməsi olub. Onu təhqir və təhdid altında saxladığı üçün o da dayana bilməyib və uşağı da götürüb atasına məxsus evə qayıdıb. Azər heç vaxt oğlu Vaqiflə maraqlanmayıb. Cəmi o vaxtkı aliment məbləği ilə 20 manat aliment ödəyib. O, 2-3 dəfə həmin evə qayıtmaq istəyib. Ancaq qaynanası və iddiaçı onu təhqir edib qovublar. O, qaynanasına məxsus evdən 1 otağına dair yaşayış və istifadə hüququ ilə bağlı məhkəməyə müraciət etmiş və məhkəmənin qərarı ilə ona qaynanasına məxsus əvvəllər yaşadığı evin 1 böyük otağı verilmişdir. Onu həmin dövrdə icra məmuru Elman Qələndərov sözügedən evə aparıb otağa yerləşdirdi. 1-2 gün qalmış və otağı qaydalaşdırıb ayrıca bir qapı açıb oğlu ilə yaşamaq qərarına gəlmişdir. Ancaq qaynanasıgil qoymadılar və onu qovdular. Axırıncı dəfə 2013-cü ildə yenə qətnamə ilə verilmiş otağa yaşamaq üçün getdiyi zaman qaynanası ilə sözləşmiş, hətta onu təhqir edib bildirdilər ki, guya Vaqif Azərin öz doğma övladı deyil. İcra bölməsinin icra məmurunun yanında qaynanası ona 5000 manat təklif etdi ki, kompensasiya versinlər və o həmin evin 1 otağından imtina etsin. Elman Qələndərovun da vasitəsilə razılaşmış və 5000 manatı qəbul edərək həmin evdə yaşamaq hüququndan imtina etmişdir. O vaxt artıq oğlunun yetkinlik yaş dövrü idi. Ancaq o, özünə mübasibətdə 5000 manat pulu qəbul etmişdir. Başqa da indiyə kimi oğluna atası tərəfindən heç bir məbləğ verilməyib. Özünün sözügedən evdə qeydiyyata salındığı vaxtı xatırlamır. 5000 manat pulu alandan sonra evin qeydiyyatından çıxmışdır. Oğlunun 6-7 yaşı olan zaman qaynanası dəfələrlə nəvəsini görməyə gəlirdi. Qaynanasından 5000 manat kompensasiya alan zaman oğlu hələ məktəbli idi. Yetkinlik yaşına çatmamışdı. Oğlu hərbi xidməti başa vurduqdan sonra Bakı şəhərinə qardaşının marketində işləmək üçün getdi. Hazırda evlidir. Kirayə yaşayır. 6-7 ildir Bakı şəhərində yaşayır. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını, iş üzrə toplanmış sübutları, eyni zamanda işin bütün hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Naxçıvan şəhər Nikah evi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş çıxarışdan aydın olur ki, Cavabdeh1 xx.xx.1995-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur, atası İddiaçı, anası X5r. Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 21 yanvar 1997-ci il tarixli İİ-JQ 297246 nömrəli boşanma haqqında şəhadətnamənin surətindən aydın olur ki, İddiaçı ilə Cavabdeh2 arasındakı nikah qeydi xx.xx.1996-cı il tarixdə pozulmuş və bu barədə 46 nömrəli akt qeydi icra edilmişdir. Babək Rayon Xalq Məhkəməsinin 2-17/1997 nömrəli 07 yanvar 1997-ci il tarixli qətnaməsindən aydın olur ki, həmin qətnamə ilə X2 məxsus Babək rayonunun Xətai kəndindəki evində Cavabdeh2 oğlu Vaqiflə birlikdə yaşayış hüququ verilmişdir. 05 iyun 2013-cü il tarixdə ünvan 2 ünvanında tərtib olunmuş tələbkarın mənzilə köçürülməsi haqqında aktla Babək Rayon Xalq Məhkəməsinin 2-17/1997 nömrəli 07 yanvar 1997-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar olaraq Cavabdeh2 X2 məxsus Babək rayonunun Xətai kəndindəki evində Vaqiflə birlikdə yaşayış evində 5x4 ölçüdə yaşayış otağına köçürülmüşdür. 16 iyun 2008-ci il tarixdə Naxçıvan şəhər Xətai məhəlləsində tərtib edilmiş aktda qeyd olunmuşdur ki, Babək Rayon Xalq Məhkəməsinin 2-17/1997 nömrəli 07 yanvar 1997-ci il tarixli qətnaməsi ilə X2 məxsus Babək rayonunun Xətai kəndindəki yaşayış evində 5x4 ölçüdə yaşayış üçün yararlı otaqda akt tərtib olunmaqla xx.xx.1997-ci ildə Cavabdeh2 Vaqiflə birlikdə yaşayış və mənzildən istifadə hüququ verilmişdir. Cavabdeh2 akt tərtib olunduğu tarixdən bugünədək həmin mənzildə yaşamamış daimi yaşamaq üçün Naxçıvan şəhərinin mərkəzində yerləşən atasına məxsus yaşayış evində yaşamaqla yaşayış və mənzildən istifadə hüququndan istifadə etməmişdir. Bakı şəhər Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X3 xx.xx.2023-cü ildə beyin ödemi diaqnozu ilə Bakı şəhərində vəfat etmiş, bu barədə xx.xx.2023-cü il tarixdə 193 nömrəli akt qeydi icra edilmişdir. 07 sentyabr 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2023-cü il tarixdə vəfat etmiş X1 vərəsəsi İddiaçı miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASC-nin Naxçıvan filialında ******************** hesab nömrəli kartında olan 3446.22 manat vəsaitdən ibarətdir. Şəhadətnamə 2V-147 reyestr nömrəsi ilə qeydə alınmışdır. xx.xx.2009-cu ildə tərtib olunmuş 13862 inventar nömrəli Fərdi yaşayış evinin texniki pasportunun surətindən məlum olur ki, ünvan 2 X1 adına qeydiyyata alınmışdır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 1-də mülkiyyətdə olan 0.0965 ha torpaq sahəsində yerləşən 99.61 kv.m-dən ibarət 20 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/54 nömrəli reyestr kitabının 10695 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan Şəhər Qaz İstismar İdarəsi tərəfindən 12 mart 2024-cü il tarixdə verilmiş 09 nömrəli məktubda qeyd olunmuşdur ki, ünvan 2 ünvanında oktyabr 2015-ci il tarixdə G-4 markalı 26012792 nömrəli ön ödəməli Smart kart tipli qaz sayğacı quraşdırılmış və İddiaçı adına müqavilə bağlanmışdır. xx.xx.2016-cı il tarixdə İddiaçı adına 2 manat (20 kub.m) məbləğində ödəniş edilmişdir. Naxçıvan Şəhər Qaz İstismar İdarəsinin əməkdaşları tərəfindən mütəmadi sahəyə baxış keçirilən zamanlarda Xətai məhəlləsi döngə 1, ev 20 ünvanında qapı bağlı olduğu üçün baxış keçirilməmişdir. Naxçıvan MR Dövlət Energetika Xidməti tərəfindən 07 mart 2024-cü il tarixdə verilmiş 189/2024 nömrəli məktubda qeyd olunmuşdur ki, ünvan 2 ünvanında yaşayan İddiaçı ilə Naxçıvan Şəhər Elektrik Şəbəkəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi mövcud deyil. X9 sistemində İddiaçı adına heç bir elektrik sayğacı aşkar edilmədi. Naxçıvan Şəhər Elektrik Şəbəkəsi tərəfindən 04 mart 2024-cü il tarixdə verilmiş 114 nömrəli məktubda qeyd olunmuşdur ki, ünvan 2 ünvanının sakini İddiaçı adına Naxçıvan Şəhər Elektrik Şəbəkəsində bağlanmış enerji sərfiyyatına dair heç bir müqavilə aşkar olunmadı və həmin vətandaş tərəfindən ödənişlər aparılmamışdır. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçı cavabdehlərin yaşayış və istifadə hüququ əldə etdiyi ünvandan getməsini, həmin ünvanda yaşamadığını bildirərək kompensasiya verilmədən yaşayış və istifadə hüququna xitam verilməsini tələb edir. Cavabdeh isə həmin mənzildə yaşamasına maneə yaradıldığını bildirib iddianın kompensasiya veriləcəyi halda baxılmalı olduğunu bildirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi iddia tərəflərinin nəzərinə çatdırmaqdır ki, Babək Rayon Xalq Məhkəməsinin 2-17/1997 nömrəli 07 yanvar 1997-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Məhkəmə bununla bağlı gəldiyi nəticəni aşağıdakılarla əsaslanıdırır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə məhkəmə hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur. Mülki Məcəllənin 255.8-ci maddəsinin məzmununa görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir. Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyi-nəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər. Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Məhkəmə iddia tələbinə “hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir” prinsipi ilə yanaşaraq istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alaraq qeyd edir ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Belə ki, qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərhində dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, Plenum qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli Qərarında göstərilir: “Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır”. Məhkəmə hazırki iş üzrə hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarındakı hüquqi mövqelərindən yanaşaraq qeyd edir ki, mübahisəli fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində İddiaçıun adına dövlət qeydiyyatına alınmışdır. Xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı). Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarı). Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. İstər Cavabdeh2 qızının mübahisəli mənzildə yaşayış və istifadə hüququnun yarandığı dövrdə mövcud olan hazırda qüvvədə olmayan mənzil qanunvericiliyində, istərsə də hazırda qüvvədə olan mülki və mənzil qanunvericiliklərində mübahisə predmetini tənzimləyən hüquq normalarının təhlilindən belə nəticə çıxarmaq olur ki, yaşayış və istifadə hüququ şəxsin mənzilə ehtiyacı olduğu halda verilir və həmin ehtiyac aradan qaldırıldığı halda isə itirilmiş hesab edilir və ya xitam verilir. Yaşayış və istifadə hüququ verilmiş şəxsə kompensasiyanın verilməsi yalnız mənzildə yaşadığı və istifadə edildiyi təqdirdə mümkün hesab edilir. Hazırki işdə müəyyən edilmişdir ki, mənzilə istifadə hüququnu əldə etmiş şəxs Cavabdeh2 keçmiş mülkiyyətiçi tərəfindən 5000 manat kompensasiya ödənilmiş və razılıq əsasında evin qeydiyyatından könüllü çıxmışdır. Yəni Cavabdeh2 hazırki iddia qaldırlan zaman artıq yaşayış və istifadə hüququ mövcud olmamış, onun mövcud olan hüququna kompensasiya verilməklə xitam verilmişdir. Buna görə də iddia tələbi Cavabdeh2 münasibətdə əsaslı olmadığından təmin edilə bilməz. Cavabdeh1 münasibətdə isə məhkəmə hesab edir ki, bu halda mülkiyyətçinin mənafeyi nəzərə alınmalı və əsassız olaraq mülkiyyət hüququnun məhdudlaşdırılması aradan qaldırılmalıdır. Ona görə ki, cavabdehin ümumiyyətlə mənzildə yaşaması, yaşamadığı halda nə keçmiş mülkiyyətçidən, nə indiki cavabdehdən istifadəyə maneənin aradan qaldırılması barədə hər hansı müraciətinin olmaması işə baxılan zaman tərəflərin izahatı ilə müəyyən edilmişdir. Cavabdehin anası Cavabdeh2 5000 manat pul kompensasiyası ödənilən zaman Cavabdeh1 artıq 18 yaşına çatmışdır və bundan sonra o mülkiyyətçiyə qarşı hər hansı tələb irəli sürməmişdir. Cavabdeh1 müstəqil surətdə özünə yaşayış yeri seçmiş və mənzildə yaşamamışdır. Buna görə də iddiaçının Cavabdeh1 münasibətdə kompensasiya ödənilmədən yaşayış və istifadə hüququna xitam verilməsi barədə tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəlarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, "Yaşayış yeri olduğu yer haqqında” AR Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Buradan da belə hesab etmək olar ki, əgər şəxsin məhkəmə qətnaməsi ilə yaşayış və istifadə hüququ itirilmiş hesab olunursa və ya xitam verilərsə məhz həmin qətnamə əsasında şəxs pasport qeydiyyatından çıxarılmalıdır. İddiaçı yenidən ikinci dəfə qeydiyyatdan çıxarılma ilə bağlı məhkəməyə müraciət etməyəcəkdir. Bu həmçinin yenidən iddia qaldırılmasının qarşısını almaqla, həmçinin prosesssual qənaət prinsipinə xidmət etmiş olacaqdır. Nəticə: Beləliklə, yuxarıda qeyd olunan əsasları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış və istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi tələbinə dair iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalı, Cavabdeh1 İddiaçı məxsus yaşayış evindən istifadə hüququna kpmpensasiya ödənilməklə xitam verilməli, iddia tələbi Cavabdeh2 münasibətdə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2024-cü il tarixli 19059 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə Cavabdeh1 yaşayış və istifadə hüququna kompensasiya verilmədən xitam verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2024-cü il tarixli 19059 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-516/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-516/2024
08.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver