Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-53/2021 15.03.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh, onun vəkili X1, cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Naxçıvan Bələdiyyəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ümumi istifadədə olan yolda tikilmiş qanunsuz tikililərin sökülərək həmin yoldan istifadəyə maneənin aradan qaldırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Naxçıvan şəhəri, N.Naxçıvani küçəsi, döngə 3-də ümumi istifadədə olan yolda tikmiş olduğu qanunsuz yardımçı tikililərin (2.90 metr x 7 metr ölçülərdə) sökülərək həmin yoldan istifadəyə maneənin aradan qaldırılmasına son qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, o Naxçıvan şəhəri, N.Naxçıvani döngə 3 ev 11 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisidir. Onunla qonşuluqda Naxçıvan şəhəri, N.Naxçıvani döngə 3 ev 12 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh yaşayır. Ümumi gediş-gəliş yolu olsa da cavabdeh həmin yolun onun evinin qabaq tərəfindən keçən hissəsində 2.90 metr enində 7 metr uzunluğunda qanunsuz yardımçı tikili tikərək hasar çəkib qapı qoymuş və hasarı onun evinin divarına birləşdirmişdir. Cavabdehin həyətindən axıdılan bütün çirkab-qurunt suları onun evinin qapısından keçən yola ötürülərək evi su çəkdiyindən iy və nəmişlikdən evdə otura bilmir. Dəfələrlə cavabdehə bu xoşagəlməz vəziyyəti yaratdığına görə öz iradını bildirsə də, hər dəfə nalayiq sözlərlə onu söyüb təhqir etmişdir. Cavabdeh tərəfindən qanunsuz yardımçı tikililərin sökülməsi, qrunt sularının qarşısının alınması, gediş-gəliş yolunda yaradılmış maneənin aradan qaldırılması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nümayəndələrinə məlumat versə də və gəlib ölçərək bu barədə qarşı tərəfə xəbərdarlıq etsə də, cavabdeh öz qanunsuz hərəkətlərini davam etdirərək mülkiyyətindən istifadəyə maneə törətmişdir. Ona görə də cavabdehin torpaq sərhədlərinin yenidən ölçülərək müəyyən edilməsi, onun evinin önündən cavabdehin gediş-gəlişinə son qoyulması, həyətində cavabdeh tərəfindən tikilmiş hasarın sökülərək öz torpaq sahəsində qoyulması, bir hissəsi gediş-gəliş yolunda bir hissəsi isə onun torpaq sahəsində cavabdehin tikdiyi qanunsuz tikililərin sökülərək gediş-gəliş yoluna maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında iddiaçının izahatına əlavəsi olmadını bildirib iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini və yerləşdiyi torpaq sahəsini 2001-ci ildə X2 alqı-satqı yolu ilə satın almışdır. Həmin torpaq sahəsini alarkən iddiaçının qanunsuz dediyi tikililər mövcud olmuş, o həmin tikililəri sonradan inşa etməmişdir. Gediş-gəliş yolunu da o dəyişdirməmiş, əvvəldən keçmiş mülkiyyətçinin gedibgəldiyi yoldan hazırda o da istifadə edir. Yardımçı tikililərin inşa edildiyi torpaq sahəsinin də onun aldığı torpaq sahəsi olduğu ona alqı-satqı zamanı bildirilmiş, hətta gəlib yerində də göstərmişlər. Lakin iddiaçı nə həmin vaxt, nə də ondan sonra həmin torpaq sahəsinin ümumi gediş-gəliş yolu olduğunu, onun öz evinə gedib-gəldiyi yolun isə iddiaçının mülkiyyətində olduğunu bildirməmişdir. Onun həyətindən iddiaçının həyətinə axan qar, yağış suyunun həyətinə tökülməməsi üçün əlavə kanalizasiya xətti qoyub qarşısını almışdır. Yardımçı tikililərin keçmiş tikilisi olduğu kimi saxlanılmış, lakin içərisində 1.40 metr enində hamam tikmişdir. O həmin tikilini tikərkən də torpaq sahəsinin onun olduğunu bilmişdir. Çünki torpaq ona o cür satımışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı cavabdehin vəkili X5 cavabdehlə eyni məzmunlu izahat verərək əlavə olaraq bildirmişdir ki, həmin mübahisəli gediş-gəliş yolunda tikililər hələ cavabdeh torpaq sahəsini alarkən mövcud olmuş, iddiaçının cavabdehdən əvvəlki mülkiyyətçiyə qarşı bu cür tələbləri olmamışdır. Cavabdeh həmin tikilini söküb yerində yeni tikili inşa etməmiş, tikilinin içərisində özünə sanitar qovşaq düzəltmişdir. Həmin tikilini inşa edərkən köhnə tikilinin onun olduğunu bilmişdir. Mövcud tikili iddiaçının gediş-gəliş yoluna heç bir maneə törətmir. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sümrəyən üçüncü şəxs Naxçıvan Bələdiyyəsinin nümayəndəsi X6 məhkəmə baxışı izahatında uzun müddətdir ki, həmin ərazi üzrə vergi agenti olaraq Naxçıvan Bələdiyyəsində işlədiyini, iddiaçını və cavabdehi tanıdığını, lakin torpaq məsələsi ilə bağlı Bələdiyyəyə müraciət etmədiklərini, hər iki qonşunun gediş-gəliş yolu kimi istifadə etdikləri yolun xəritə üzrə bələdiyyənin mülkiyyətində olduğunu, Naxçıvan Bələdiyyəsinin ayrıca xəritəsi olmadığını, bələdiyyə mülkiyyətində olan torpaqların daşınmaz əmlakın reyestr xidmətində vətəndaşlara verilən topraq sahələrinin texniki pasportlarında göstərildiyini bildirib qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı mütəxəssis Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X7 verdiyi izahatında bildirmişdir ki, sözügedən mülki işlə bağlı xx xxxxxxx 2020-ci il tarixdə Naxçıvan şəhəri, N.Naxçıvani küçəsi, döngə 3, ev 12 və ev 12A ünvanında yerləşən həyətyanı torpaq sahələrinə yerində baxış keçirilmişdir. Yerində baxış zamanı müəyyən olunmuşdur ki, hər iki mülkiyyətçisinin gediş-gəliş üçün ümumi istifadədə olan yol vardır. Ümumi istifadədə olan yol üzərində Cavabdeh tərəfindən qanunsuz tikililər inşa edilmişdir. Həmin tikililərin evi 2.90 metr, uzunluğu 7 metrdir. Ümumi istifadədə olan yolun evi texniki pasportlarda 2.40 metr olaraq göstərilmişdir. Cavabdehin tikdiyi qanunsuz tikililərin 50 sm.eni iddiaçının mülkiyyətində olan torpaq sahəsinə düşür. Həmin tikililər ümumi istifadədə olan yolda inşa edildiyi üçün cavabdehin adına pasportlaşdırılmamışdır. Məhkəmə baxışı iclasında iş üzrə məhkəmə tikinti-texniki ekspertizasını icra etmiş ekpert X10 izahatında bildirmişdir ki, məhkəmənin müvafiq qərardadı üzrə ekspertizanın aparılması Ekspertiza Mərkəzi tərəfindən ona həvalə edilmişdir. Tərəflərin birgə istifadə etdikləri yolun mülkiyyətçisinin aydınlaşdırılması məqsədilə ekspertizanın aparılması zamanı Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mütəxəssisinin ekspertizaya cəlb edilməsi təşkil edilmiş və mütəxəssis rəyi əsasında həmin yolun bələdiyyə mülkiyyətində olması, həm ümumi istifadədə olan torpaq sahəsinin ölçüləri, həm də hər iki mülkiyyətçinin torpaq sahələrinin ölçüləri dəqiq şəkildə ölçülmüşdür. Aydın olmuşdur ki, hər iki mülkiyyətçinin mülkiyyətində olan torpaq sahəsi bütöv halda əvvəllər X4 mülkiyyətində olmuş, eni 2.90 metr, uzunluğu 7 metr olan yardımçı tikililər də Leylan Babayevanın xüsusi mülkiyyətində olmuş, torpaq sahəsi bütöv olduğu üçün hər hansı gediş-gəliş yolu olmamışdır. X8 torpaq sahəsini iki yerə bölüb iddiaçıya və cavabdehə satarkən əvvəllər xüsusi mülkiyyətdə olan eni 2.90 metr, uzunluğu 7 metr olan yardımçı tikililərin yerləşdiyi torpaq sahəsi ümumi istifadə üçün saxlanılmış və ümumi istifadədə olan yol müəyyən edilmişdir. Ümumi istifadə üçün saxlanılan yolun uzunluğu 15.80 metr, eni 2.45 metrdir. Daha sonra mübahisəli tikililərə baxış keçirmiş və müvafiq ölçülərin Tikinti Norma Qaydalarına uyğun olub-olmaması tərəfindən yoxlanılmışdır. Müəyyən edilmişdir ki, həmin tikililər piyadalar üçün yol baxımından İnşaat Norma və Qaydalarına uyğun inşa edilməsi, nəqliyyat üçün hərəkət baxımından isə İnşaat Noram və Qaydalarına riayət edilməməklə inşa edilməsi müəyyən edilmişdir. Həmin yolun nəqliyyat üçün gediş-gəliş yolu kimi saxlanılmasının mümkün olmadığını, belə ki, nəqliyyat üçün yolun eninin ən azı 2.75 metr müəyyən edilməli olduğunu, lakin yerdə ayrılmış ümumi istifadədə olan yolun eninin 2.45 metr olduğunu, həmin yolun ancaq piyadalar üçün gedişgəliş yolu olduğu təsdiq edildiyi bildirən ekpert Həsən Babayev həmin yolda inşa edilmiş tikililərin İnşaat Norma və Qaydalarına uyğun aparıldığını və iddiaçının öz evinə gediş-gəliş üçün heç bir maneə təşkil etmədiyini göstərmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin, onların vəkillərinin və nümayəndənin, cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsinin, mütəxəssisin, ekspertin izahatını dinləyib, həmçinin işin faktiki hallarını və toplanmış sübutları tədqiq edib, onları əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Mülki işin materiallarında olan İddiaçı adına verilmiş fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportundan aydın olur ki, ünvan 3 ünvanında yerləşən 20.85 sot torpaq sahəsində yerləşən ümumi sahəsi 34 kv.metr olan bir otaq, bir dəhliz, o cümlədən ümumi sahəsi olan 20 kv.metr yaşayış sahəsi iddiaçının adına xx xxxxxx 1991-ci il tarixdə pasportlaşdırılmışdır. Mülki işin materiallarında olan xx xxxxxx 2000-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsindən aydın olur ki, Naxçıvan şəhəri, N.Naxçıvani küçəsi döngə 3, ev 12-də yerləşən bir otaq, bir dəhlizdən ibarət olan ümumi sahəsi 26.3 kv.metr, o cümlədən yaşayış sahəsi 16.9 kv.metr olan fərdi yaşayış evi X11 tərəfindən Cavabdeh satılmışdır. Mülki işin materiallarında olan Cavabdeh adına verilmiş fərdi yaşayış fonduna aid yaşayış sahəsinin texniki pasportundan aydın olur ki, həmin pasport üzrə keçmiş mülkiyyətçilər X8, daha sonra vərəsəlik şəhadətnaməsi əsasında X11 olmuş, torpaq sahəsinin ölçüsü 362.4 kv.metr tikinti altı sahə 54.2 kv.metr olaraq qeyd olunmuşdur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixdə Naxçıvan MR DƏTMDX-nin əməkdaşı Həziyev İntizar Möhsün oğlu, Xidmətin Naxçıvan Şəhər idarəsinin baş məsləhətçisi X7, Naxçıvan Bələdiyyəsinin əməkdaşı X12, Naxçıvan Bələdiyyəsinin əməkdaşı X9 və Naxçıvan şəhəri, N.Naxçıvani küçəsi ev 12-də yaşayan İddiaçı iştirakları ilə tərtib edilmiş aktdan aydın olur ki, texniki pasportlarda göstərilən sərhəd ölçüləri yerində yoxlanılaraq müəyyən olunmuşdur ki, ünvan 4 ünvanında yaşayan Cavabdeh Fərəc qızı tərəfindən ümumi istifadədə olan yolda 7x2.94 metr ölçüsündə qeyri-qanuni yardımçı tikililər tikilmişdir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mütəxəssisi X7 tərəfindən tərtib edilən xx xxxxxx 2020-ci il tarixli 112 nömrəli və xx xxxxxx 2021-ci il tarixli 01 nömrəli mütəxəssis rəyindən aydın olur ki, ünvan 5 ünvanları üzrə Cavabdeh tərəfindən inşa edilmiş 2.90metrx7metr ölçüdə tikilinin aparıldığı torpaq sahəsi əvvəlki torpaq sahəsinin mülkiyyətçisi X4 mülkiyyətində olmuşdur. Nəcməddin Naxçıvani küçəsi döngə 3, ev 12-də yerləşən həyətyanı torpaq sahəsi Cavabdeh və İddiaçı satıldıqda 2.90x7 metr ölçüdə yerləşən torpaq sahəsi xüsusi mülkiyyətdə olsa da hər iki mülkiyyətçi tərəfindən gediş-gəliş üçün istifadədə saxlanılmışdır. Ümumi giriş qapısı tərəfdən başlayan hissədə yerləşən 15.80x2.45 ölçüdə torpaq sahəsi isə bələdiyyə mülkiyyətinə aid olmaqla hər ikisinin istifadəsindədir. Ümumi istifadədə olan yol mülkiyyətçilərə məxsus fevral 1991ci ildə tərtib olunmuş 4570 və 4670 inventar nömrəli texniki pasportlarda göstərilmişdir. Ümumi istifadədə olan yol üzərində Cavabdeh tərəfindən qanunsuz yardımçı tikililər (2.90metrx7 metr ölçüdə) inşa edilmişdir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərardadın icrasında dair Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli 210/20 nömrəli rəyindən aydın olur ki, Naxçıvan şəhəri, N.Naxçıvani küçəsi döngə 3, ev 12A ünvanları üzrə ümumi gediş-gəliş yolunda Cavabdeh tərəfindən inşa edilmiş tikili, piyadalar üçün nəzərdə tutulan yol baxımından İnşaat Norma və Qaydalarının 2.07.01.89-un 9 nömrəli cədvəlində tələblərinə riayət edilməklə aparıldığı müəyyən edilmişdir. Eyni zamanda qeyd olunur ki, iş üzrə iddiaçının mübahisələndirdiyi gediş-gəliş yolunda Cavabdeh tərəfindən inşa edilmiş tikili nəqliyyat üçün nəzərdə tutulmuş hərəkət baxımından isə İnşaat Norma və Qaydalarının 2.07.01.89-un 9 nömrəli cədvəlində göstərilən tələblərinə riayət edilməməklə aparıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, təbiətin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 3-cü bəndinə əsasən bələdiyyə mülkiyyətində ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. İddiaçı iddia ərizəsində ümumi istifadədə olan yolda inşa edilmiş qanunsuz yardımçı tikililərin sökülərək həmin yoldan istifadəyə yaranmış maneənin aradan qaldırılmasını tələb etsə yerində tədqiq və müayinə zamanı müəyyən edilmişdir həmin tikililərin mövcudluğu iddiaçının gediş-gəliş yoluna heç bir maneə yaratmır və ümumi istifadədə olan yoldan sərbəst şəkildə öz evinə giriş-çıxışını həyata keçirə bilir. Məhkəmə qeyd edir ki, iddia predmetini təşkil edən mövcud tikililər İddiaçı öz yaşayış evinə gediş-gəliş yolunda deyil, Cavabdeh fərdi yaşayış evinə gediş-gəlişin nəzərdə tutulduğu yerdə inşa edilmişdir. İddiaçının izahatında qeyd etdiyi cavabdehin torpaq sahəsinin sərhədlərinin yenidən ölçülərək müəyyən edilməsi, onun evinin önündən cavabdehin gediş-gəlişinə son qoyulması, həyətində cavabdeh tərəfindən tikilmiş hasarın sökülərək öz torpaq sahəsində qoyulması, yardımçı tikililərin onun mülkiyyətində olan torpaq sahəsində yerləşən hissəsinin sökülməsi baxılan iddianın predmetini təşkil etmədiyindən məhkəmə bu hallara hər hansı hüquqi qiymət vermir. İddiaçının izahatı və iddia ərizəsi arasında uyğunsuzluqla əlaqədar olaraq məhkəmə tərəfindən tələbin dəqiq ifadə edilməsi iddiaçı tərəfə təklif edilmiş, lakin tələbin dəqiq ifadə edilməsinə dair məhkəməyə ərizə ilə müraciət edilməmişdir. Həmçinin işə məhkəmədə baxılan zaman mütəxəssis rəyindən və cavabdehin izahatından aydın olmuşdur ki, mövcud yardımçı tikililər cavabdeh tərəfindən inşa edilməmiş, cavabdeh torpaq sahəsini alqı-satqı edən zaman həmin tikililər mövcud olmuşdur. Yerində müayinə aparılarkən müəyyən edilmişdir ki, cavabdeh yalnız mövcud tikililərin içərisində müəyyən təmir işləri aparılmışdır. Belə ki, yerində müayinə və tədqiq zamanı tərəflərin izahatları ilə və mütəxəssin rəyi ilə bir daha təsdiq edilmişdir ki, iddiaçıya və cavabdehə məxsus olan fərdi yaşayış evləri və torpaq sahələri bütöv halda əvvəllər X4 mülkiyyətində olmuş, X8 ilk olaraq torpaq sahəsini iddiaçıya, daha sonra isə onun qızı torpaq sahəsini cavabdehə satmışdır. Torpaq sahəsi satılmazdan əvvəl bir şəxsə məxsus olduğundan hər hansı gediş-gəliş yolu olmamış, hazırda iddia predmeti olan yardımçı tikililər də X4 xüsusi mülkiyyətində olmuşdur. Torpaq sahəsi iki yerə bölünüb satılan zaman hər iki yaşayış evinə gediş-gəlişi təmin etmək məqsədilə xüsusi mülkiyyətdə olan eni 2.90 metr, uzunluğu 7 metr olan yardımçı tikililərin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla uzunluğu 15.80 metr, eni 2.45 metr olan ümumi istifadədə olan yol ayrılmış və texniki pasportlarda həmin sahə ümumi istifadədə olan yol hesab edilmişdir. Hazırda ümumi istifadədə olan yol bələdiyyə mülkiyyəti hesab edilməklə həmçinin yerində müayinə və tədqiq zamanı müəyyən edilmişdir ki, iddiaçı ümumi giriş qapısından gediş-gəliş üçün ayrılmış torpaq sahəsindən sərbəst şəkildə istifadə edərək öz fərdi yaşayış evinə daxil olur, sözügedən yardımçı tikililərin mövcudluğu ümumiyyətlə onun gediş-gəliş yoluna maneə yaratmır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə olan halda məhkəmə yuxarıda qeyd olunan normalar baxımından belə nəticəyə gəlmişdir ki, iddiaçı ümumi istifadədə olan yolda cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikililərin sökülərək onun gediş-gəlişinə maneənin aradan qaldırılması iddia tələbi irəli sürsə də həmin tikililərin mövcudluğunun onun gediş-gəliş üçün heç bir maneə yaratmadığı işə baxılan zaman müəyyən edildiyi halda öz tələbinin əsası kimi həmin tikililərin mövcudluğunun onun gediş-gəlişi üçün hansı hüququna müdaxilə təşkil etdiyini sübut edə bilməmiş, bununla bağlı iddianın faktiki əsasını təşkil edən hüquqi marağına uyğun mötəbər dəlillərinin məhkəməyə təqdim etməmşdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, bütün yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı ümumi istifadədə olan yolda tikilmiş qanunsuz tikililərin sökülərək həmin yoldan istifadəyə maneənin aradan qaldırılması tələbinə dair iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı ümumi istifadədə olan yolda tikilmiş qanunsuz tikililərin sökülərək həmin yoldan istifadəyə maneənin aradan qaldırılması tələbinə dair iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-53/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-53/2021
15.03.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver