Məhkəmə qərarları › İş №2(078)-551/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-551/2025

12.03.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-551/2025 12.03.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin məcburi icrasının təsdiq edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, M-00133 nömrə ilə qeydiyyatdan keçmiş mediatorun iştirakı ilə Maraqlı şəxs ilə aralarında bağlanmış 18 noyabr 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, Maraqlı şəxs ilə 05 fevral 2007-ci il tarixdə, 26 nömrəli qeydlə Babək rayon VVADQ şöbəsində nikaha daxil olmaqla nikahlarını rəsmiləşdirmişlər. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-206/2025 nömrəli, 04 fevral 2025-ci il tarixli qətnaməsinə əsasən onunla Maraqlı şəxs arasında nikah pozulmuş, lakin qətnamə qanuni qüvvəyə minmədiyi üçün nikahın pozulması haqqında şəhadətnaməni ala bilməmişdir. Birgə nikahda yaşadıqları dövrdə 03 mart 2006-cı il təvəllüdlü X11, 15 fevral 2010-cu il təvəllüdlü X13 və 08 mart 2014-cü il təvəllüdlü X10 adlı 3 övladı doğulmuşdur. 03 mart 2006-cı il təvəllüdlü X11 yetkinlik yaşına çatmışdır. M-00133 nömrə ilə qeydiyyatdan keçmiş mediator X5 iştirakı ilə Maraqlı şəxs ilə 18 noyabr 2024-cü il tarixdə barışıq sazişi imzalamışlar. Barışıq sazişinin şərtlərinə əsasən uşaqlar- 15 fevral 2010-cu il təvəllüdlü X13 və 08 mart 2014-cü il təvəllüdlü X1 üçün ataları Maraqlı şəxs hər ayın 15-20 arası hər uşağa 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində vəsaiti Ərizəçi adına olan müvafiq bank kartına ödəyəcəyini öhdəsinə götürməklə tərəflər razılığa gəlirlər. Maraqlı şəxs barışıq sazişində göstərilən aliment məbləğini ödəmir. Barışıq sazişində qeyd olunan müddət keçmişdir və saziş üzrə 900 (doqquz yüz) manat aliment borcu yaranmışdır. Ərizəçi məhkəmə baxış iclasında 15 noyabr 2024-cü il tarixdə barışıq sazişi bağladıqlarını, Maraqlı şəxs hər ay bir uşaq üçün 150 manat olmaqla, ümumilikdə 2 uşaq üçün 300 manat aliment ödəməli olduğunu, bu günədək ödəniş etmədiyini, komunnalın 50 manat tutduğunu, alimenti ödəməsini istədiyini, komunnalı özünün ödəyəcəyini, uşaqlara özünün baxdığını, xadimə işlədiyini, bəzən istəsələr uşaqlara cips və s. aldığını, başqa heç bir köməklik göstərmədiyini, Maraqlı şəxs alimenti vaxtlı-vaxtında ödəməsini istədiyini bildirərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə baxış iclasında 15 noyabr 2024-cü il tarixdə barışıq sazişi bağladıqlarını, heç bir ödəniş etmədiyini, çünki komunnalları özünün ödədiyini, hal-hazırda eyni evdə yaşadıqlarını, böyük oğlunu oxutduğunu, bərbərlik oxuyub işlədiyini, evə qazanc apardığını, 19 yaşı olduğunu, bu səbəbdən də digər iki uşağa müəyyən edilmiş alimenti ödəmədiyini, tutulsa da alimenti ödəməyəcəyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarını tədqiq edən, tərəflərin izahatını qiymətləndirən məhkəmə müəyyən edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında 05 fevral 2007-ci il tarixdə Babək rayon VVADQ şöbəsində nikahın bağlanması, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-206/2025 nömrəli, 04 fevral 2025-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikahın pozulması, həmin nikahdan 03 mart 2006-cı il təvəllüdlü X11, 15 fevral 2010-cu il təvəllüdlü X13 və 08 mart 2014-cü il təvəllüdlü X10 adlı övladlarının olması, 03 mart 2006-cı il təvəllüdlü X7 artıq yetkinlik yaşına çatması və ərizəçi ilə maraqlı şəxsin arasında barışıq sazişinin imzalanması mülki işin mübahisəsiz hallarıdır. Bunların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -İş materiallarına əlavə olunmuş Babək rayon VVADQ şöbəsi tərəfindən verilmiş 05 fevral 2007-ci il tarixli, AZ-İ seriyalı, 255091 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X4 ilə Maraqlı şəxs arasında 05 fevral 2007-ci il tarixdə Babək rayon VVADQ şöbəsində nikahın bağlanması, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 26 nömrə ilə qeyd aparılması, nikah bağlanarkən iddiaçının özünə cavabdehin soyadını, yəni “Əliyeva” soyadını seçməsi; -İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 aprel 2010-cu il tarixli, AZ-İİ seriyalı, 501156 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Ərizəçi və Maraqlı şəxs birgə nikahlarından 15 fevral 2010-cu il təvəllüdlü X13 adlı övladlarının olması; -İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 may 2014-cü il tarixli, AZ-İİİ seriyalı, 079522 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Ərizəçi və Maraqlı şəxs birgə nikahlarından 08 mart 2014-cü il təvəllüdlü X10 adlı övladlarının olması; -İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-206/2025 nömrəli, 04 fevral 2025-ci il tarixli qətnaməsindən Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2007-ci il tarixdə Babək rayon Qeydiyyat Şöbəsində bağlanmış 26 nömrəli nikahın pozulmasının qət edilməsi aydın olur. -İş materiallarında olan 18 noyabr 2024-cü il tarixli barışıq sazişindən Ərizəçi ilə Maraqlı şəxs arasında həmin tarixdə mediator X5 iştirakı ilə barışıq sazişinin bağlanması, barışıq sazişinə əsasən tərəflər ailə münasibətlərinin korlandığını, tez-tez ailədə mübahisələrin və münaqişələrin olduğunu, aralarındakı nikahın formal xarakter daşıdığını və bir evdə yaşadıqlarına baxmayaraq küsülü olduqları, münasibətlərinin olmaması Ərizəçi və Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2007-ci il tarixli, 26 nömrəli nikahın bağlanması haqqında akt qeydləri kitabında qeyd edilmiş (AZ-İ 255091) nikah haqqında şəhadətnamənin ləğv olunması üçün tərəflər Ərizəçi və Maraqlı şəxs müvafiq aidiyyəti məhkəməyə müraciət edəcəyi üzrə öhdəlik götürərək razılaşmışlar. Tərəflərin birgə nikahdan olan övladları xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X8 anası Ərizəçi yanında saxlanılmasına və onun himayəsinə verilməsi üzrə tərəflər Ərizəçi və Maraqlı şəxs öhdəlik götürərək tam mediasiya prosesində razılaşmışlar. Tərəflərin birgə nikahdan olan övladları xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X2 üçün ataları Maraqlı şəxs hər uşağa 150 (bir yüz əlli) manat olmaqla, 300 (üç yüz) manat aliment pulunu hər ayın 15-20 arası olmaqla, xx.xx.2024-cü il tarixdən etibarən tərəf Ərizəçi məxsus müvafiq bank hesabına (bank kartına) ödənilməsi üzrə öhdəlik götürərək tərəflər Ərizəçi və Maraqlı şəxs tam mediasiya prosesində razılaşmışlar. Məhkəmə araşdırması zamanı Maraqlı şəxs alimentin ödənilməsinə dair barışıq sazişinin könüllü icrasından boyun qaçırdığı müəyyən olunmuşdur. Maraqlı şəxsə ərizənin surətinin göndərilməsinə baxmayaraq tələbə qarşı etirazı və etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla yalnız ərizəçinin təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakı hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin müvafiq bəndlərinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanunazidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Tərəflər aralarında bağlanmış barışıq sazişində alimentin hər ayın 15-20-si arası ödəniləcəyi barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə barışıq sazişinin bağlanmasından sonra könüllü icra müddətində icra edilmədiyini, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün əsasların mövcud olmadığını, barışıq sazişinin qanuna zidd olmadığını, uşaqların yüksək mənafeyinin təmin edilməsinin zəruriliyini nəzərə alaraq hesab edir ki, ərizə təmin olunmalı, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 18 noyabr 2024-cü il tarixli barışıq sazişi təsdiq edilməli, 18 noyabr 2024-cü il tarixli barışıq sazişi əsasında Maraqlı şəxs 15 fevral 2010-cu il təvəllüdlü X8 və 08 mart 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, iki uşaq üçün birlikdə 300 (üç yüz) manat məbləğində aliment 15 noyabr 2024-cü il tarixdən tutularaq uşaqların anası Ərizəçi ödənilməli, tələb alimentə dair hissədə dərhal icraya yönəldilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə ərizə təmin edilməli olduğundan ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu maraqlı şəxsdən alınaraq ərizəçiyə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında ərizə təmin olunmalı; -Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 18 noyabr 2024-cü il tarixli barışıq sazişi təsdiq edilməli; -Barışıq sazişinin şərtlərinə uyğun olaraq Maraqlı şəxs 15 fevral 2010-cu il təvəllüdlü X8 və 08 mart 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, iki uşaq üçün ümumilikdə 300 (üç yüz) manat məbləğində aliment 15 noyabr 2024-cü il tarixdən tutularaq uşaqların anası Ərizəçi ödənilməli; -Qətnamə alimentə dair hissədə dərhal icraya yöndəldilməli; -Ərizəçi tərəfindən ərizə verildiyi vaxt ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Maraqlı şəxs alınaraq Ərizəçi ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında ərizə təmin olunsun. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 18 noyabr 2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtlərinə uyğun olaraq Maraqlı şəxs 15 fevral 2010-cu il təvəllüdlü X8 və 08 mart 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, iki uşaq üçün ümumilikdə 300 (üç yüz) manat məbləğində aliment 15 noyabr 2024-cü il tarixdən tutularaq uşaqların anası Ərizəçi ödənilsin. Qətnamə alimentə dair hissədə dərhal icraya yöndəldilsin. Ərizəçi tərəfindən ərizə verildiyi vaxt ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar