Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-570/2022 28.07.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Ərizəçi və Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə komissiyasının nümayəndəsi X5 iştirakları ilə, Ərizəçi Əliyeva Şəfiqə Oktay qızının fəaliyyət qabiliyyəti olmayan hesab olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 13 yanvar 1991-ci il tarixində anadan olmuş Əliyeva Şəfiqə Oktay qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi iddia ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, 26 oktyabr 1989-cu il tarixində həyat yoldaşı X6 ilə ailə həyatı qurmuş, onların birgə nikahlarından üç övladı olmuşdur. Onlardan 13 yanvar 1991-ci il tarixində anadan olmuş qızı Əliyeva Şəfiqə Oktay qızı anadan gəlmə əlildir. O, 10 yanvar 2008-ci il tarixdən "Mikroçefaliya əqli və fiziki geridə qalması” diaqnozu ilə Y.Budaqov adına X2 dispanser qeydiyyatında dayanır. O, özünü idarə edə bilmir. Qızına o baxıb, o qulluq edir. Şəfiqə özünü idarə edə bilmədiyindən təkbaşına yemək yeməyi, çimməyi, paltarlarını geyinib-çıxarmağı müstəqil edə bilmir. O, digər təbii ehtiyaclarını ödəyə bilmədiyi üçün onun köməkliyinə ehtiyacı vardır. O, özü təkbaşına bunları etmək iqtidarında deyildir. Şəfiqə onların dediklərini başa düşmür, özü istədiyini onlara danışa bilmir, ağıl zəifliyindən əziyyət çəkir. Birinci qrup əlilliyə görə ömürlük təqaüd alır, lakin özünə aid heç bir sənəd hazırlaya bilmir, bütün sənədləri valideyni olaraq o hazırlayır, Şəfiqə fəaliyyət qabiliyyəti olmayan hesab edilərsə onun qəyyumu olaraq o, ona qulluq etməklə bərabər, onunla bağlı lazım olan sənədləşmə işlərini apara bilər. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxsin səhhəti yol verirsə, məhkəmə iclasına çağırılması nəzərdə tutulduğundan 09 iyun 2022-ci il tarixli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin olunmuş və ekspertin qarşısına Əliyeva Şəfiqə Oktay qızının sağlamlıq vəziyyətinin onun məhkəmə iclasında iştirak etməsinə imkan verib-verməməsinin araşdırılması ilə bağlı sual qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X3 28 iyun 2022-ci il tarixli 48 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Əliyeva Şəfiqə Oktay qızının sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Bunu nəzərə alan məhkəmə Əliyeva Şəfiqə Oktay qızını məhkəmə iclaslarına dəvət etməmiş və dindirməmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi izahatında 26 oktyabr 1989-cu il tarixində həyat yoldaşı X6 ilə ailə həyatı qurduğunu, onların birgə nikahlarından üç övladlarının doğulduğunu, onlardan 13 yanvar 1991-ci il tarixində anadan olmuş qızı Əliyeva Şəfiqə Oktay qızının anadan gəlmə əlil olduğunu, onun 10 yanvar 2008-ci il tarixdən "Mikroçefaliya əqli və fiziki geridə qalması” diaqnozu ilə Y.Budaqov adına X2 dispanser qeydiyyatında dayandığını, onun özünü idarə edə bilmədiyini, qızına onun və arvadının baxdığını, ona özlərinin qulluq etdiyini, Şəfiqənin özünü idarə edə bilmədiyindən təkbaşına yemək yeməyi, paltarlarını geyinib-çıxarmağı müstəqil edə bilmədiyini, onun digər ehtiyaclarını ödəyə bilmədiyi üçün onun köməkliyinə ehtiyacı olduğunu, onun özünün təkbaşına bunları etmək iqtidarında olmadığını, Şəfiqənin onların dediklərini başa düşmədiyini, öz istədiyini onlara başa sala bilmədiyini, ağıl zəifliyindən əziyyət çəkdiyini, birinci qrup əlilliyə görə ömürlük pensiya aldığını, lakin özünə aid heç bir sənəd hazırlaya bilmədiyini, bütün sənədləri valideyni olaraq onun hazırladığını, Şəfiqə fəaliyyət qabiliyyəti olmayan hesab edilərsə onun qəyyumu olaraq onun ona qulluq etməklə bərabər, onunla bağlı lazım olan sənədləşmə işlərini apara biləcəyini, bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəldiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və himayə komissiyasının nümayəndəsi X8 məhkəmə iclasında verdiyi izahatında mülki işlə əlaqədar olaraq komissiyanın nümayəndələrinin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs 13 yanvar 1991-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş Əliyeva Şəfiqə Oktay qızının yaşadığı ünvan 1ünvanında yerləşən evdə olaraq onun həyat şəraitini müayinə etdiklərini, müayinə zamanı inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən və qonşulardan alınan məlumata görə Əliyeva Şəfiqə Oktay qızının ailəsi və cəmiyyət üçün heç bir təhlükə törətmədiyini, araşdırma nəticəsində Əliyeva Şəfiqə Oktay qızının anadangəlmə xəstə olduğunu, öz ehtiyaclarını ödəyə bilməməsi, onun İ qrup əlil olması, komissiyanın Əliyeva Şəfiqə Oktay qızının fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı suiistifadə hallarının olmamasını müəyyən etdiyini qeyd etdi. Mülki iş materiallarını tədqiq edən məhkəmə müəyyən edir ki, barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş Əliyeva Şəfiqə Oktay qızının 13 yanvar 1991-ci ildə Naxçıvan şəhərində anadan olması, onun hazırda ünvan 1 ünvanında yaşaması, Ərizəçi Əliyeva Şəfiqə Oktay qızının atası olması, Əliyeva Şəfiqə Oktay qızının birinci qrup əlil kimi sosial müavinət alması, onun Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 qeydiyyatda dayanması mülki işin mübahisəsiz hallarıdır. Bunların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iş materiallarına əlavə edilmiş Naxçıvan şəhər VVAQ Şöbəsi tərəfindən 19 avqust 1996-cı il tarixdə verilmiş XİX-ЖГ seriyalı, 418701 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Əliyeva Şəfiqə Oktay qızının 13 yanvar 1991-ci il tarixdə Naxçıvan şəhərində anadan olması, atasının Ərizəçi, anasının isə X6 olması; - iş materiallarına əlavə edilmiş Naxçıvan şəhər VVAQ Şöbəsi tərəfindən 26 oktyabr 1989-cu il tarixdə verilmiş V-ЖГ seriyalı, 325027 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Ərizəçi ilə X6 arasında 26 oktyabr 1989-cu il tarixdə nikah bağlanması, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 334 nömrə ilə qeyd edilməsi və nikah bağlanması zamanı ərizəçinin özünə “Əliyeva” soyadını seçməsi; -İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər ƏSMM tərəfindən verilmiş 10 yanvar 2008-ci il tarixli, 118139 nömrəli əlillik vəsiqəsinin təsdiq edilmiş surətindən Əliyeva Şəfiqə Oktay qızının birinci qrup əlil olması; -İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X4 tərəfindən verilmiş 21 may 2022-ci il tarixli, 306 nömrəli arayışdan 13 yanvar 1991-ci il təvəllüdlü Əliyeva Şəfiqə Oktay qızının xx.xx.2007-ci il tarixdən “Uşaq serebral iflicinin qalığı. Əqli zəiflik. İdiotiya səviyyəsində. Mikrosefaliya” diaqnozu ilə Y.Budaqov adına Naxçıvan MR X2 qeydiyyatda olması; -İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər İcra hakimiyyətinin 3 saylı Mənzil- İstismar İdarəsi tərəfindən 06 may 2022-ci il tarixdə verilmiş 1072 nömrəli arayışdan Əliyeva Şəfiqə Oktay qızının ünvan 1 ünvanında qeydiyyatda olması aydın olur. Mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində onları bir-biri ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Şəxsin ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını dərk etməsinin və ya öz hərəkətlərinə rəhbərlik edə bilməsinin müəyyən olunması isə xüsusi bilik tələb edən məsələ olduğundan məhkəmənin hazırlıq iclasında bunun müəyyən olunması üçün 09 iyun 2022-ci il tarixli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X3 ambulator məhkəmə-psixiatriya ekspertizasının xx.xx.2022-ci il tarixli 48 saylı ekspert rəyində qeyd olunur ki, Əliyeva Şəfiqə Oktay qızı “Uşaq serebral iflici. Anadangəlmə əqli zəiflik. İdiotiya səviyyəsində” psixi xəstəliyindən əziyyət çəkir. Əliyeva Şəfiqə Oktay qızı öz hərəkətlərini dərk etmək və öz hərəkətlərini idarə edə bilmək iqtidarında deyil. Onun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qəbul ediləndir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi Əliyeva Şəfiqə Oktay qızının fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına dair ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, Əliyeva Şəfiqə Oktay qızının əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin və Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsinin izahatları ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, Əliyeva Şəfiqə Oktay qızı əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən o, fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ərizə təmin olunmalı; - 13 yanvar 1991-ci il tarixdə Naxçıvan şəhərində anadan olan Əliyeva Şəfiqə Oktay qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilməli; -Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 13 yanvar 1991-ci il tarixdə Naxçıvan şəhərində anadan olan Əliyeva Şəfiqə Oktay qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №2(078)-570/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-570/2022
28.07.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver