Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-616/2025 30.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 07 iyul 1985-ci il tarixdə anadan olmuş oğlu Orucov Ağəli Faiq oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi verdiyi izahatında bildirmişdir ki, oğlu Orucov Ağəli Faiq oğlu 07 iyul 1985-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, İİ qrup əlildir və Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Naxçıvan şəhər şöbəsində 2-ci dərəcə əlilliyi olan şəxs kimi qeydiyyatda dayanır. Onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. Orucov Ağəli Faiq oğlu özünü idarə etmək qabiliyyətində deyildir. Yəni onun sayəsində özünü idarə edir. Bundan başqa mülkiyyət hüquqlarının, həmçinin onun öz hüquqlarının həyata keçirilməsi üçün imzası lazım olur ki, onun fəaliyyət qabiliyyətinin olmaması səbəbindən oğlu Orucov Ağəli Faiq oğlu həmin hüquqlarını həyat keçirə bilmir. 07 iyul 1985-ci il tarixdə anadan olmuş oğlu Orucov Ağəli Faiq oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Məhkəmə-psixiatrik ekspertizasının rəyinə görə Orucov Ağəli Faiq oğlunun səhhəti onun məhkəmə iclasında iştirakına imkan vermədiyindən, o, məhkəmə iclaslarına dəvət olunmamış və dindirilməmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında “Qəyyumluq və Himayə Komissiyası” nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmənin qiymətləndirməsi: İş materiallarında olan Naxçıvan Muxtar Respublikası X1 14 mart 2025-ci il tarixli arayışına əsasən, ünvan 1 ünvanda qeydiyyatda olan 1985-ci il təvəllüdlü Orucov Ağəli Faiq oğluna ondan ötəri ki, o, həqiqətən xx.xx.2024-cü il tarixdən “Anadangəlmə əqli zəiflik. İmbesillik səviyyəsində. Davranış pozğunluğu ilə" diaqnozu ilə Naxçıvan MR X3 dispanser qeydiyyatda dayanır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası X1 14 mart 2025-ci il tarixli, 2299 nömrəli arayışına əsasən, Orucova X4 MR X2 psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmır. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını dinləyib, eyni zamanda, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305-ci maddəsində müəyyən olunmuşdur ki, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 317.2-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. İş materiallarından Ərizəçi Orucov Ağəli Faiq oğlunun anası olması müəyyən olunmuşdur. Həmin Məcəllənin 319-cu maddəsində qeyd olunmuşdur ki, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Qeyd olunan maddənin tələbinə uyğun olaraq Naxçıvan Şəhər Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 2(078)-616/2025 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 06 may 2025-ci il tarixli, 211 nömrəli rəyinə əsasən, Orucov Ağəli Faiq oğlunda "Orta dərəcəli əqli gerilik. Davranış pozuntusu" psixi xəstəliyi var. Orucov Ağəli Faiq oğlu öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Orucov Ağəli Faiq oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Məhkəmə araşdırması zamanı Ərizəçi məhkəməyə verdiyi izahatdan və iş üzrə toplanmış digər sübutlardan məlum olmuşdur ki, Orucov Ağəli Faiq oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması ərizəçiyə həmin şəxs üzərində qəyyum təyin olunması üçün lazımdır. Ərizəçi Orucov Ağəli Faiq oğlunun üzərində qəyyum təyin olunmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanına müraciət etmiş və ona izah olunmuşdur ki, həmin şəxs üzərində onun qəyyum təyin olunması üçün müvafiq məhkəmənin qətnaməsi olmalıdır. Mülki işin məhkəmə araşdırması zamanı 07 iyul 1985ci il təvəllüdlü Orucov Ağəli Faiq oğlunun həqiqətən ağıl zəifliyinin olması, bu səbəbdən öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi müəyyən olunmuşdur. Yuxarıda da qeyd olunduğu kimi, hazırda Orucov Ağəli Faiq oğlu anası, yəni Ərizəçi himayəsində yaşayır, eyni zamanda onun bütün növ tələbatları ərizəçi tərəfindən qarşılanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 07 iyul 1985-ci ildə anadan olmuş Orucov Ağəli Faiq oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 07 iyul 1985-ci ildə anadan olmuş Orucov Ağəli Faiq oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-616/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-616/2025
30.06.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver