Məhkəmə qərarları › İş №2(078)-630/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-630/2025

08.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-630/2025 08.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Nağıyev Əkbər Əli oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun qəyyumu təyin olunmağı barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi verdiyi izahatında bildirmişdir ki, atası Nağıyev Əli Əkbər oğlu xx.xx.1993-cü ildə vəfat etmiş və vərəsələri bunlardır: 1. X3-arvadı (xx.xx.2006-cı ildə vəfat edib), 2. Ərizəçi xx.xx.1980, 3. X2 xx.xx.1982, 4. Nağıyev Əkbər Əli oğlu xx.xx.1983. Qardaşı xx.xx.1983-cü il təvəllüdlü Nağıyev Əkbər Əli oğlu 1-ci dərəcəli əlildir. Haliyyədə onunla eyni mənzildə yaşayır və ona qulluq etdiyinə görə hər ay dövlətdən 100 manat müavinət alır. Qardaşı ağıl zəifliyi nəticəsində ona aid hüquqi və mənafeyinin qorunması, sosial müdafiəsinə aid sənədlərin hazırlanması, bağlanmasında iştirak edə bilmədiyindən, onun qəyyum yardımına ehtiyacı var. Həmin ehtiyacı aradan qaldırmaq üçün məhkəməyə müraciət etməli olmuşdur. Nağıyev Əkbər Əli oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun qəyyumu təyin olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Məhkəmə-psixiatrik ekspertizasının rəyinə görə Nağıyev Əkbər Əli oğlunun səhhəti onun məhkəmə iclasında iştirakına imkan vermədiyindən, o, məhkəmə iclaslarına dəvət olunmamış və dindirilməmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında “Qəyyumluq və Himayə Komissiyası” nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: İş materiallarında olan 015649 nömrəli vəsiqənin surətinə əsasən, Nağıyev Əkbər Əli oğlu birinci qrup əlildir. Vəsiqə ömürlük verilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını dinləyib, eyni zamanda, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305-ci maddəsində müəyyən olunmuşdur ki, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 317.2-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. İş materiallarından Ərizəçi Nağıyev Əkbər Əli oğlunun bacısı olması müəyyən olunmuşdur. Həmin Məcəllənin 319-cu maddəsində qeyd olunmuşdur ki, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Qeyd olunan maddənin tələbinə uyğun olaraq Naxçıvan Şəhər Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 2(078)-630/2025 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası Psixi xəstəliklər Dispanserinin 30 may 2025-ci il tarixli, 252 nömrəli rəyinə əsasən, Nağıyev Əkbər Əli oğlunda "Orta dərəcəli əqli gerilik. Davranış pozuntusu" psixi xəstəliyi var. Nağıyev Əkbər Əli oğlu öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Nağıyev Əkbər Əli oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Məhkəmə araşdırması zamanı Ərizəçi məhkəməyə verdiyi izahatdan və iş üzrə toplanmış digər sübutlardan məlum olmuşdur ki, Nağıyev Əkbər Əli oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması ərizəçiyə həmin şəxs üzərində qəyyum təyin olunması üçün lazımdır. Mülki işin məhkəmə araşdırması zamanı 21 iyun 1983-cü il təvəllüdlü Nağıyev Əkbər Əli oğlunun həqiqətən ağıl zəifliyinin olması, bu səbəbdən öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi müəyyən olunmuşdur. Yuxarıda da qeyd olunduğu kimi, hazırda Nağıyev Əkbər Əli oğlu bacısı, yəni Ərizəçi himayəsində yaşayır, eyni zamanda onun bütün növ tələbatları ərizəçi tərəfindən qarşılanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 21 iyun 1983-cü ildə anadan olmuş Nağıyev Əkbər Əli oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 21 iyun 1983-cü ildə anadan olmuş Nağıyev Əkbər Əli oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar