Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-648/2023 21.08.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ərizəçi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X5 iştirakları ilə, Ərizəçi Fətəliyev Şahsuvar Əli oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab olunması tələbinə dair mülki işə açıq məhkəmə baxış iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 14 aprel 2000-ci il tarixində anadan olmuş Fətəliyev Şahsuvar Əli oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi iddia ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, xx.xx.1997-ci il tarixdə həyat yoldaşı Fətəliyev Əli Şahsuvar oğlu ilə rəsmi nikah qeydindən keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan iki övladları doğulmuşdur. Onlardan xx.xx.2000-ci il tarixdə anadan olmuş oğlu Fətəliyev Şahsuvar Əli oğlu uşaqlıqdan əlildir. O, xx.xx.2009-cu il tarixindən “Anadangəlmə əqli zəiflik. Debillik səviyyəsində” diaqnozu ilə Y.Budaqov adına Naxçıvan MR X2 qeydiyyatda dayanır. Oğlu Şahsuvar özünü tam idarə edə bilmir. Hazırda ona özü baxaraq, qulluğunda durur. Oğlu danışmaqda çətinlik çəkdiyindən özü istədiyini onlara tam anlata bilmir. İİ dərəcəli əlilliyə görə ömürlük təqaüd alır, lakin özünə aid heç bir sənəd hazırlaya bilmir, bütün sənədləri valideyni olaraq özü hazırlayır. Şahsuvar fəaliyyət qabiliyyəti olmayan hesab edilərsə onun qəyyumu olaraq o, ona qulluq etməklə bərabər, onunla bağlı lazım olan sənədləşmə işlərini apara bilər. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxsin səhhəti yol verirsə, məhkəmə iclasına çağırılması nəzərdə tutulduğundan 08 may 2023-cü il tarixli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin olunmuş və ekspertin qarşısına Fətəliyev Şahsuvar Əli oğlunun sağlamlıq vəziyyətinin onun məhkəmə iclasında iştirak etməsinə imkan verib-verməməsinin araşdırılması ilə bağlı sual qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 xx.xx.2023-cü il tarixli 158 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Fətəliyev Şahsuvar Əli oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Bunu nəzərə alan məhkəmə Fətəliyev Şahsuvar Əli oğlunu məhkəmə iclaslarına dəvət etməmiş və dindirməmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi izahatında OĞLU Fətəliyev Şahsuvar Əli oğlunun xx.xx.2000-ci il tarixdə doğulduğunu, Şahsuvarın uşaqlıqdan əlil olduğunu, onun xx.xx.2009-cu il tarixindən “Anadangəlmə əqli zəiflik. Debillik səviyyəsində” diaqnozu ilə Y.Budaqov adına Naxçıvan MR X2 qeydiyyatda dayandığını, oğlu Şahsuvarın özünü tam idarə edə bilmədiyini, hazırda ona özünün baxaraq, qulluğunda durduğunu, oğlunun danışmaqda çətinlik çəkdiyindən özü istədiyini onlara tam başa sala bilmədiyini, İİ dərəcəli əlilliyə görə ömürlük təqaüd aldığını, lakin özünə aid heç bir sənəd hazırlaya bilmədiyini, bütün sənədləri valideyni olaraq özünün hazırladığını, Şahsuvar fəaliyyət qabiliyyəti olmayan hesab edilərsə onun qəyyumu olaraq o, ona qulluq etməklə bərabər, onunla bağlı lazım olan sənədləşmə işlərini apara biləcəyini qeyd edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X7 mülki işlə əlaqədar olaraq komissiyanın nümayəndələrinin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs xx.xx.2000-ci il tarixdə ünvan 1 ünvanında yerləşən evdə olaraq onun həyat şəraitini müayinə etdiklərini, müayinə zamanı inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən və qonşulardan alınan məlumata görə Fətəliyev Şahsuvar Əli oğlunun ailəsi və cəmiyyət üçün heç bir təhlükə törətmədiyini, araşdırma nəticəsində Fətəliyev Şahsuvar Əli oğlunun anadangəlmə xəstə olduğunun, öz ehtiyaclarını ödəyə bilməməsinin, onun İİ qrup əlil olmasının müəyyən edildiyini, komissiyanın Fətəliyev Şahsuvar Əli oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə hallarının olmamasını müəyyən etdiyini qeyd etdi. Mülki iş materiallarını tədqiq edən məhkəmə müəyyən edir ki, barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş Fətəliyev Şahsuvar Əli oğlunun xx.xx.2000-ci il tarixdə ünvan 2 ünvanında yaşaması, Ərizəçi Fətəliyev Şahsuvar Əli oğlunun anası olması, Fətəliyev Şahsuvar Əli oğlunun ikinci qrup əlil kimi sosial müavinət alması, onun Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 qeydiyyatda dayanması mülki işin mübahisəsiz hallarıdır. Bunların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iş materiallarına əlavə edilmiş Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 15 may 2000-ci il tarixli, İ AZ seriyalı, 113988 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Fətəliyev Şahsuvar Əli oğlunun xx.xx.2000-ci il tarixdə Naxçıvan şəhərində anadan olması, atasının Fətəliyev Əli Şahsuvar oğlu, anasının isə Ərizəçi olması; - iş materiallarına əlavə edilmiş Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli Vİİ-ЖГ seriyalı, 293469 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Ərizəçi ilə Fətəliyev Əli Şahsuvar oğlu arasında xx.xx.1997-ci il tarixdə nikah bağlanması; -İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 28 mart 2023-cü il tarixli, 03/553 nömrəli arayışdan Naxçıvan şəhəri, Y.Cabbarov, ev 25 ünvanında qeydiyyatda olan Fətəliyev Şahsuvar Əli oğlunun Əhalinin Sosial Müdafiəsi Mərkəzində qeydiyyatda durmaqla ona müddətsiz ikinci qrup əlil kimi sosial müavinət ödənilməsi; -İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X6 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 388 nömrəli məktubundan 14 aprel 2000-ci il təvəllüdlü Fətəliyev Şahsuvar Əli oğlunun xx.xx.2009-cu il tarixdən “Anadangəlmə ağıl zəiflik. Debillik səviyyəsində” diaqnozu ilə Y.Budaqov adına Naxçıvan MR X2 qeydiyyatda olması; - iş materiallarına əlavə edilmiş Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 015820 nömrəli vəsiqənin təsdiq edilmiş surətindən Fətəliyev Şahsuvar Əli oğlunun müddətsiz ikinci qrup əlil olması; -İş materiallarına əlavə olunmuş Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 381 nömrəli arayışdan Fətəliyev Şahsuvar Əli oğlunun Naxçıvan şəhəri, Y.Cabbarov, ev 25 ünvanında qeydiyyatda olması; -İş materiallarına əlavə olunmuş Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 382 nömrəli arayışdan Fətəliyev Əli Şahsuvar oğlunun Naxçıvan şəhəri, Y.Cabbarov, ev 25 ünvanında qeydiyyatda olması; -İş materiallarına əlavə olunmuş Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 383 nömrəli arayışdan Ərizəçi Naxçıvan şəhəri, Y.Cabbarov, ev 25 ünvanında qeydiyyatda olması; Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən mübahisəyə dair 18 avqust 2023-cü il tarixli müayinə aktı tərtib edilmişdir. Həmin aktda Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının üzvlərinin Naxçıvan şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına Naxçıvan Şəhər Məhkəməsindən daxil olmuş 03 iyul 2023-cü il tarixli 2(078)-648/2023 nömrəli məktubuna əsasən Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə mülki işlə əlaqədar ərizəçinın yaşadığı mənzilin həyat şəraitini müayinə etmək məqsədi ilə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində olduqları, Ərizəçi mərhum qaynatası X3 məxsus 1000 m2 torpaq sahəsi üzərində inşa edilmiş, 2 mərtəbəli fərdi yaşayış evinin 2-ci mərtəbəsində ümumi sahəsi 78 m2, yaşayış sahəsi 64 m2, qeyri-yaşayış sahəsi 14 m2 olmaqla salon, 2 otaq, mətbəx və sanitar qovşaqdan ibarət orta təmirli mənzildə yaşaması, Ərizəçi burada əri Fətəliyev Əli Şahsuvar oğlu və oğlu Fətəliyev Şahsuvar Əli oğlu ilə yaşaması, mənzildə normal ailə mühitinin olması qeyd olunmuşdur. Mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində onları bir-biri ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Şəxsin ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını dərk etməsinin və ya öz hərəkətlərinə rəhbərlik edə bilməsinin müəyyən olunması isə xüsusi bilik tələb edən məsələ olduğundan məhkəmənin hazırlıq iclasında bunun müəyyən olunması üçün 08 may 2023-cü il tarixli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 xx.xx.2023-cü il tarixli 158 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 “Anadangəlmə əqli zəiflik. Debillik səviyyəsində” diaqnozu ilə qeydiyyatda duran Fətəliyev Şahsuvar Əli oğlunda ağıl zəifliyi var, Fətəliyev Şahsuvar Əli oğlu öz hərəkətlərini dərk etmək və öz hərəkətlərini idarə edə bilmək iqtidarından məhrum etmişdir, sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qəbul ediləndir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi Fətəliyev Şahsuvar Əli oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına dair ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, Fətəliyev Şahsuvar Əli oğlunun əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin və Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsinin izahatları ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, Fətəliyev Şahsuvar Əli oğlu əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən o, fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ərizə təmin olunmalı; - xx.xx.2000-ci il tarixdə Naxçıvan şəhərində anadan olan Fətəliyev Şahsuvar Əli oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilməli; -ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.2000-ci il tarixdə Naxçıvan şəhərində anadan olan Fətəliyev Şahsuvar Əli oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №2(078)-648/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-648/2023
21.08.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver