Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-650/2021 22.09.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçılar Məmiyeva (Konyar) Təranə Salman qızının və İddiaçı1 vəkili və nümayəndəsi Vəkil və cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X8 iştirakları ilə, İddiaçılar Məmiyeva (Konyar) Təranə Salman qızının və İddiaçı1 cavabdeh Cavabdeh qarşı 03 mart 2003-cü il tarixdə vəfat etmiş X2 miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakın X23 tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi, Naxçıvan şəhər 1 saylı notariat ofisində qeydiyyata alınan 2/V-55 nömrəli 14.06.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və şəhadətnamədən doğan hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçılar Məmiyeva (Konyar) Təranə Salman qızı və İddiaçı1 cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 03 mart 2003-cü il tarixdə vəfat etmiş X2 miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakın X23 tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 13 iyul 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddiaçılar Məmiyeva (Konyar) Təranə Salman qızının və İddiaçı1 vəkili və nümayəndəsi Vəkil iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək ilkin tələblə yanaşı Naxçıvan şəhər 1 saylı notariat ofisində qeydiyyata alınan 2/V-55 nömrəli 14.06.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və şəhadətnamədən doğan hüquqi nəticələrin ləğv edilməsi tələbi daxilində işə baxılması və iddia tələbinin bütövlükdə təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdmişdir. Məhkəmənin 13 iyul 2021-ci il tarixli qərardadı ilə iddiaçılar Məmiyeva (Konyar) Təranə Salman qızının və İddiaçı1 vəkili və nümayəndəsi Vəkil iddia tələbinin həcminin artırılması barədə ərizəsi nəzərə alınaraq iddia tələbinə həcmin artırılması çərçivəsində baxılması barədə qərardad qəbul edilmişdir. Naxçıvan Şəhər 1 saylı Notariat Ofisi və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti iddiaçıların vəkili və nümayəndəsinin razılığı ilə cavabdeh qismində prosesə cəlb olunmuşlar. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iddiaçılar Məmiyeva (Konyar) Təranə Salman qızına və İddiaçı1 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, nümayəndə və vəkil vasitəsilə məhkəmədə təmsil olunmuşlar. Buna görə də məhkəmə iddiaçılar Məmiyeva (Konyar) Təranə Salman qızının və İddiaçı1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı izahat verən iddiaçılar Məmiyeva (Konyar) Təranə Salman qızının və İddiaçı1 vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək iddiaçının izahatında bildirmişdir ki, iddiaçılar Məmiyeva (Konyar) Təranə və İddiaçı1 mərhum X9 övladlarıdır. İddiaçıların atası Salman Məmiyevlə anası X10 1991-ci ildə dini kəbin kəsdirərək evlənmiş, həmin evlilikdən 1992-ci ildə Təranə, 1994-cü ildə İlkin adlı övladları doğulmuşdur. İddiaçıların valideynləri nikahlarını 1993-cü ildə rəsmiləşdirmişlər. Hazırda miras hesab edilməli olan əmlak Naxçıvan şəhəri Qaraçuq kəndindən yerləşən torpaq sahəsi iddiaçıların nənəsi mərhum X39 istifadəsində olmuş, 1998-ci ildə nənə vəfat etdikdən sonra torpaq sahələri sənədləşdirilmiş və iddiaçıların bibisi X3 adına sənədləşdirilmiş, bununla bağlı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə olmuşdur. Mübahisəli miras əmlakda iki tikili olmuşdur. “A” tikilisində cavabdeh-yəni iddiaçıların əmisi Cavabdeh ailəsi və bibiləri Nubarla birlikdə yaşamış, “B” tikilisində isə iddiaçıların atası Salman Məmiyev öz ailəsi ilə birlikdə yaşamışdır. İddiaçıların bibisi X15 2003-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra da mövcud vəziyyət dəyişməmişdir. Yenə də iddiaçıların atası Salman Məmiyev ailəsi ilə birlikdə “B” tikilisində, Cavabdeh ailəsi ilə birlikdə “A” tikilisində yaşamağa davam etmişdir. Hər iki fərdi yaşayış evinin ayrı işıq, qaz sayğacları olmuş və kommunal xərcləri də Salman öz yaşadığı evə aid hissədə özü ödəmişdir. İddiaçıların anası X10 2014-cü ildə vəfat etmişdir. İddiaçıların atası Salman Məmiyev isə 2018-ci ildə vəfat etmişdir. İddiaçıların atası Salman Məmiyev istər bacısı Nubarın sağlığında, istərsə də onun ölümündən sonra vəfat edənə qədər mübahisəli ünvanda yaşamışdır. Ağır xəstəliyi ilə əlaqədar Bakıda yaşayan qardaşı X45 yanına getmiş, orada da vəfat etmişdir. Daha sonra Cavabdeh təsərrüfatbaşına kitabda olan məlumatlara istinadən bacısı Nubar Məmiyevanın adına torpaq sahəsini və tikililəri sənədləşdirmiş və məhkəmədə iddia qaldıraraq bacısından qalan mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 14 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçının tələbi təmin edilmişdir. Cavabdeh Məhəmmədəli oğlu qətnaməni aldıqdan sonra torpaq sahəsi və üzərində olan bütün tikililəri öz adına sənədləşdirmişdir. Halbuki Cəfər digər tikilidə Salmanın yaşadığını bilmişdir. Qətnamədə mirasın yalnız Cavabdeh tərəfindən qəbul edilməsi faktı müəyyən edilməmişdir, buna baxmayaraq sənədləşdirilmə zamanı vərəsəlik şəhadətnaməsi verilərkən iddiaçılar vərəsəliyə çağırılmamış və onların məlumatı olmadan bütünlükdə əmlak cavabdehə verilmişdir. həmin şəhadətnamə əsasında cavabdeh miras əmlakı bütünlüklə öz adına daşınmaz əmlakın qeydiyyatından keçirtmişdir. Hazırki vəziyyətdən iddiaçılar Türkiyə Respublikasında olduqlarından gec məlumatları olmudşur. Belə ki, iddiaçılar ataları Salman Məmiyevin vəfatından sonra arada bir gəlib evə baxıb gedirlər, Təranə Məmiyeva ailə qurub ayrıldıqdan sonra ata evinə qayıdıb və atası ölənə qədər ona baxıbdır. Sonra da qardaşı ilə birlikdə qapını bağlayıb Türkiyəyə gediblər. hazırda ildə 2-3 dəfə gəlirlər, evə baş çəkirlər və gedirlər. Cavabdeh oğlu iddiaçılarla birlikdə Türkiyədə olarkən atasının torpaq sahəsini ə evi öz adına sənədləşdiriyini bildirdiyi vaxt onların bundan məlumatı olubdur. Daha sonra Naxçıvana gəldilər və məsələni əmisi ilə öz aralarında həll etməyə çalışdılar. İddiaçıla əmisinə bildirdilər ki, onların yaşadığı ev və torpaq sahəsinin yarısını onlara versin, lakin iddiaçıların əmisi və onun arvadı buna razı olmadılar. Onlar da məcbur qalıb məhkəməyə müraciət etdilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. 29 iyun 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, həqiqətən miras əmlak bacısı Nubar Məmiyevadan qalmış, ona da anası Xanım Məmiyevadan keçmişdir. Bacısı Nubar ailə həyatı qurmamış və ölənə qədər onunla yaşamışdır. Doğrudur ki, torpaq sahəsində iki yaşayış evi vardır. Həmin evlərin birində o ailəsi və bacısı ilə yaşamış, digərində qardaşı Salman və ailəsi yaşamışdır. Bacısının vəfatından sonra da əvvəlki kimi hər kəs öz evində yaşamağa davam etmişdir. 2018-ci ildə qardaşı Salman xəstəlikdən vəfat etmişdir. Qardaşı öldükdən sonra övladları Türkiyəyə getmişdirlər. Ondan sonra arabir evə gəlib baxıb gedirlər. Evin açarları da onlardadır. Onun qardaşı Salamanın qaldığı evdə heç bir məsələsi yoxdur. Həqiqətən Salman orada yaşayıbdır. Lakin Salman vəfat edib, digər qardaşı Oqtay da öz payından onun xeyrinə imtina edibdir. Buna görə də iddia qaldırıb və bacısından qalan mirasın onun tərəfindən qəbul edilməsi barədə qətnamə çıxıbdır. Həmin qətnaməni notariusa aparıbdır və şəhadətnamə, daha sonra evin qeydiyyatını əldə edibdir. Hazırda qardaşı uşaqları onunla razılaşmaq üçün deyirlər ki, torpağı iki hissəyə böl, üstündəki evi də ver. Lakin o sənədləşmə aparılmasına xərc çəkibdir. Əlavə olaraq bununla razılaşa bilməz. Dəfələrlə qardaşı uşaqlarına bildiribdir ki, gəlsinlər əvvəlki kimi yaşasınlar, lakin onlar sənədləşdirmək istəyir, buna isə o razı deyil. Torpaq da, üstündəki tikililər də hazırda ona məxsusdur. Növbəti məhkəmə iclalarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilsə də məktubların alınmasından imtina edilmişdir. Belə olan halda məhkəmə növbəti məhkəmə iclaslarını Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X24 izahatında göstərmişdir ki, Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Xidmətə müraciət etmiş və bunun nəticəsində şəhadətnaməyə müvafiq olaraq əmlak onun adına sənədləşdirilmişdir. Xidmət tərəfindən sənədləşdirmə aparılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Qeyd etdiklərinə əsasən qanuni qərar qəbul edilməsini məhkəmədn xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə cavabdeh Naxçıvan Şəhər 1 saylı Notariat Ofisinə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdeh Naxçıvan Şəhər 1 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid X5 ifadəsində göstərmişdir ki, iddiaçılar Təranə Məmiyeva və İddiaçı1 onun baldızının övladlarıdır. X1 1991-ci ildə X23 ilə evlənmişdir. Onların evliliklərindən Təranə və İlkin doğulmuşdur. Təranə ailə qurmuş və boşanmışdır. Övladı ilə birlikdə yenidən ata evinə qayıtmışdır. O Nubarı xatırlayır. Nubar Salmanın bacısı olubdur , ailəsi olmayıbdır. Qardaşları Salman və Cəfər ilə birlikdə yaşayıblar. Salmanın və ailəsinin yaşadığı həyət ata həyəti olubdur. Əvvəlcə Salmanın anasının adında olubdur, o vəfat etdikdən sonra isə qızı Nubarın adına sənədləşibdir. Nubar Cəfərin ailəsi ilə yaşayıbdır. Digər evdə Salman ailəsi ilə qalıbdır. Həyətdə iki ev vardır. Baldızı Qüdrət 2014-cü ildə vəfat edibdir. Onun vəfatından sonra Salman, boşanan qızı Təranə və oğlu İlkin orada yaşamağa davam ediblər. Salmanın xəstəliyi ilə əlaqədar onu digər qardaşı Oqtay Bakıya aparıbdır. Orada Salman ölübdür və Bakıda da dəfn edilibdir. Uşaqlar daha sonra qapını bağlayıb Türkiyəyə işləməyə getdilər. Hazırda ildə bir neçə dəfə Naxçıvana gəlirlər. Evə, həyətə baxırlar, bir-iki gün qalıb sonra yenə işləməyə gedirlər. Salmanın qızı Təranə orada ailə qurmağa hazırlaşır. Təxminən bir neçə ay olar ki, Təranə və İlkin eşidiblər ki, həyəti bütün tikililərlə birlikdə əmiləri Cəfər öz adına keçiribdir. Naxçıvana gəlib məsələni dəqiqləşdirdilər və aydın oldu ki, eşitdikləri həqiqətdir. Sonra onlar da baldızı uşaqları ilə birlikdə məsələni Cəfərlə yoluna qoymaq istədilər və bir neçə dəfə danışdılar. Uşaqlar əmiləri Cəfərə bildirdilər ki, onların qaldıqları evi və torpağın yarısını onların adına sənədləşdirsin, lakin Cəfərin arvadı buna imkan vermədi. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, işdə iştirak edən şəxslərin izahatını izahatını dinləyərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 13 yanvar 2020-ci il tarixli ******* nömrəli doğum akt qeydindən çıxarışdan aydın olur ki, X23 24 noyabr 1961-ci ildə anadan olmuş, atası X19, anası X33r. İş materiallarında olan Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 13 yanvar 2020-ci il tarixli ******* nömrəli doğum akt qeydindən çıxarışdan aydın olur ki, X28 30 oktyabr 1963-cü ildə anadan olmuş, atası X19, anası X33r. İş materiallarında olan Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 20 dekabr 2019-cu il tarixli 439603 nömrəli doğum akt qeydindən çıxarışdan aydın olur ki, X20 14 sentyabr 1956-cı ildə anadan olmuş, ata qrafası boş saxlanılmış, anası X33r. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən aydın olur ki, X21 ilə X10 22 fevral 1993-cü ildə nikah bağlamışdır. İş materiallarında olan Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16 yanvar 2020-ci il tarixli İİJQ333212 nömrəli ölüm akt qeydindən çıxarışdan aydın olur ki, X16 13.05.1982-ci ildə Babək rayonu Cavidabad kəndində alkoqolizmi xroniki panivmaniyası diaqnozu ilə vəfat etmiş, bu barədə ölüm kitabının 14.05.1982-ci il tarixində 06 nömrəli qeyd icra edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən aydın olur ki, X49 24 sentyabr 1998-ci ildə 66 yaşında miokard infarkt diaqnozu ilə vəfat etmiş və bu barədə 1998-ci ilin 25 sentyabr tarixində 35 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 13 yanvar 2020-ci il tarixli 011594 nömrəli ölüm akt qeydindən çıxarışdan aydın olur ki, X15 03 mart 2003-cü ildə Babək rayonu Qaraçuq kəndində beyin spazması psixonevrotik əlamətlər diaqnozu ilə vəfat etmiş, bu barədə ölüm kitabının 06.03.2003-cü il tarixində 24 nömrəli qeyd icra edilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16 yanvar 2020-ci il tarixli AZ İ495600 nömrəli ölüm akt qeydindən çıxarışdan aydın olur ki, X30 qızı 26 avqust 2014-cü ildə Naxçıvan şəhəri Qaraçuq kəndində uşaqlığın xərçəngi diaqnozu ilə vəfat etmiş, bu barədə ölüm kitabının 02.09.2014-cü il tarixində 318 nömrəli qeyd icra edilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 20 dekabr 2019-cu il tarixli AZ İ496347 nömrəli ölüm akt qeydindən çıxarışdan aydın olur ki, X23 20 fevral 2018-ci ildə Bakı şəhəri Nərimanov rayonunda kardiogen şok diaqnozu ilə vəfat etmiş, bu barədə ölüm kitabının 20 fevral 2018-ci il tarixində 57 nömrəli qeyd icra edilmişdir. İş materiallarında olan 1995-2000-ci illəri əhatə edən təsərüüfatbaşına kitabdan çıxarışdan aydın olur ki, kolxozçu X34 adının qeyd edildiyi təsərrüfat üzvlərinin siyahısında X29 və X6 adları qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraçuq İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 13 dekabr 2020-ci il tarixli 2073 nömrəli arayışdan aydın olur ki, Naxçıvan şəhəri Qaraçuq ərazisində qeydiyyatda olan mərhum X39 aşağıdakı vərəsələri vardır: -X12-həyat yoldaşı-vəfat edib; -Məmiyev (İbrahimov) Oqtay Məhəmmədəli oğlu-oğlu-1957; -X17-oğlu-vəfat edib; -Cavabdeh Məhəmmədəli oğlu-oğlu-1963; -X22-qızı-vəfat edib; İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraçuq İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 13 dekabr 2020-ci il tarixli 2072 nömrəli arayışdan aydın olur ki, Naxçıvan şəhəri Qaraçuq ərazisində qeydiyyatda olan mərhum X3 aşağıdakı vərəsələri vardır: -X12-atası-vəfat edib; -X49-anası-vəfat edib; -X13-qardaşı-1957; -X17-qardaşı-vəfat edib; -Cavabdeh Məhəmmədəli oğlu-qardaşı-1963; İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraçuq İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 14 yanvar 2020-ci il tarixli 77 nömrəli arayışdan aydın olur ki, Naxçıvan şəhəri Qaraçuq ərazisində qeydiyyatda olan mərhum X9 aşağıdakı vərəsələri vardır: -X35-arvadı-vəfat edib; -Məmiyeva (Konyar) Təranə Salman qızı- qızı-1992; -İddiaçı1-oğlu-1994; İş materiallarında olan Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 13 yanvar 2020-ci il tarixli 457907 nömrəli doğum akt qeydindən Çıxarışdan aydın olur ki, İddiaçı1 xx xxxxxx 1994-cü ildə Babək rayonu Şıxmahmud kəndində anadan olmuş, atası X23, anası X25r. İş materiallarında olan Naxçıvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 20 dekabr 2019-cu il tarixli 750494 nömrəli doğum akt qeydindən Çıxarışdan aydın olur ki, Məmiyeva (Konyar) Təranə Salman qızı xx xxxxxx 1992-ci ildə Babək rayonu Cavidabad kəndində anadan olmuş, atası X23, anası X18r. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraçuq İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 02 iyun 2020-ci il tarixli 775 nömrəli arayışdan aydın olur ki, Naxçıvan şəhəri Qaraçuq ərazisində qeydiyyatda olan mərhum X23 mərhum Məmiyeva (Məmmədova) Nubar Məhəmmədəli qızının adına olan “B” tikilidə ailəsi ilə yaşayıb. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraçuq İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 02 iyun 2020-ci il tarixli 774 nömrəli arayışdan aydın olur ki, Naxçıvan şəhəri Qaraçuq ərazisində qeydiyyatda olan Cavabdeh mərhum Məmiyeva (Məmmədova) Nubar Məhəmmədəli qızının adına olan “A” tikilidə ailəsi ilə yaşayır. İş materiallarında olan 14 iyun 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən aydın olur ki, 2(078)-464/2019 nömrəli 24 aprel 2019-cu il tarixli Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsi əsasında 03.03.2003-cü il tarixdə öımüş X3 vərəsəsi qardaşı Cavabdehdur. Şəhadətnamə verilən əmlak Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən 28.11.2018-ci il tarixdə X7 verilmiş **********81-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5-də 0.197 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 115.76 kv.m, yaşayış sahəsi 81.33 kv.m, yardımçı sahəsi 34.43 kv.m olan 3 otaqlı A və B tikililərindən ibarət fərdi yaşayış evindən ibarətdir. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin 20 dekabr 2019-cu il tarixli 632 nömrəli məktubundan aydın olur ki, ünvan 3 ünvanında 1970.30 kv.metr torpaq sahəsində yerləşən ümumi sahəsi 62.14 kv.metr olan “A” tikilisindən və ümumi sahəsi 53.62 kv.metr olan “B” tikilisindən ibarət fərdi yaşayış evi JN-141A nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında 28.11.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Məmiyeva (Məmmədova) Nubar Məhəmmədəli qızının adına qeydiyyata alınmışdır. 14.06.2019-cu il tarixdə Naxçıvan şəhər 1 saylı Notariat Ofisində qeydiyyata alınan 2-v-55 nömrəli vərəsəlik şəhadətnaməsi əsasında həmin əmlak 27.06.2019-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitısi tərəfindən verilmiş MH seriyalı ******* nömrəli Çıxarışdan aydın olur ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 115.76 kv.metr olan fərdi yaşayış evi və 0.197 ha ölçüdə olan torpaq sahəsi tam mülkiyyət hüququ ilə 28.11.2018-ci il tarixdə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 18/34 nömrəli reyestr kitabının 6714 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti Naxçıvan Şəhər Elektrik Şəbəkəsinin 19 may 2020-ci il tarixli 96 nömrəli məktubundan aydın olur ki, 2003-cü ildə Qaraçuq kəndi Babək rayonunun ərazisi olmuşdur. 2009-cu ilin iyul ayında isə Qaraçuq kəndi Naxçıvan şəhər inzibati ərazisinə verilmişdir. həmin tarixdən də enerji haqqı Qaraçuq kəndi 5-ci küçə döngə 1 ev 11 ünvanında yaşayan X23 tərəfindən iyul 2009-cu il tarixdən 09 dekabr 2017-ci il tarixədək ödənilmişdir. İş materiallarına əlavə edilmiş Energetika Xidməti ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən aydın olur ki, həmin müqavilə 21 avqust 2017-ci ildə X23 ilə bağlanmışdır. Həmçinin 21 avqust 2017-ci il tarixli Aktdan aydın olur ki, köhnə elektrik sayğacı yeni smartkart tipli sayğacla əvəz edilmişdir. İş materiallarında olan qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə 8 avqust 2015-ci il tarixli müqavilədən aydın olur ki, müqavilə X17 ilə bağlanmışdır. İş materiallarında olan su təhcizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qruplarına aid olan fiziki şəxslərlə bağlanan müqavilədən aydın olur ki, həmin müqavilə 04 oktyabr 2016-cı il tarixdə Salman Məmmədov ilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-141A kod 10304005 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən aydın olur ki, Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli 29 nömrəli Qərarı əsasında X14 0.20 hektar ölçüdə torpaq sahəsi verilmişdir. Naxçıvan şəhəri bir saylı Notariat Ofisi tərəfindən Məmiyeva (Konyar) Təranə Salman qızının və İddiaçı1 nümayəndəsi Vəkil 16.04.2021-ci il tarixli məktubuna 03 may 2021-ci il tarixdə verilmiş 93 nömrəli cavab məktubundan məlum olur ki, iddiaçıya aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 24 aprel 2019-cu il tarixli 2(078)-464/2019 nömrəli qətnaməsinin surətindən aydın olur ki, ünvan 5 ünvanında yerləşən mərhum X2 miras qalan fərdi yaşayış evinin Cavabdeh tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. İşin faktiki halları yuxarıda qeyd eidlmiş sənədlərlə müəyyən edilmiş hallardan ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1133.1-ci maddəsidir. Həmin maddəyə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyinə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz Məhkəmə iddia tələbinin hər bir hissəsinə ayrılıqda qiymət verilməsini məqsədəmüvafiq hesab edir.Belə ki, hazırki işdə ilk öncə mərhum X23 tərəfindən mərhum X2 miras qalmış əmlakın faktiki qəbul edilib-edilmədiyi araşdırılmalıdır. İddiaçıların atası mərhum X9 mirası qəbul etməsi müəyyən edildiyi təqdirdə vərəsəlik şəhadətnaməsinin verilməsinin qanuniliyinin digər əsaslar üzrə yoxlanmasına məsələsi araşdırıla bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsi iddia tələbini təsdiq edən sübutları təqdim etmə vəzifəsinin iddiaçının üzərində olduğunu müəyyən etmişdir. Belə olan halda mərhum X23 tərəfindən miras əmlakın faktiki olaraq qəbul edilməsi barədə mötəbər sübutlar iddiaçılar tərəfindən təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə iş üzrə toplanmış sübutları əhatəli şəkildə araşdırıb hesab edir ki, mərhum X23 tərəfindən mərhum X2 miras qalan əmlakın qəbul edilməsi öz təsdiqini tapır. Belə ki, X3 adına sənədləşdirilmiş və onun sağlığında və vəfatından sonra “A” tikilisində Cavabdeh ailə üzvləri ilə birlikdə yaşayması, “B” tikilisində isə mərhum X9 ailə üzvləri ilə yaşaması işin mübahisəsiz halıdır. X52 həmin tikilidə yaşamasını Cavabdeh özü izahatında təsdiq etmiş, şahid ifadəsi ilə yanaşı, iş üzrə toplanmış sübutlar da bu hal öz əksini tapmışdır. Buna görə də mərhum X3 vəfatından sonra ondan qalan miras əmlakın vərəsələri olan qardaşları Cavabdeh və X9 hər ikisinin faktiki olaraq qəbul edilməsi öz təsdiqini tapdığı halda vərəsəlik hüququ haqqında şəhadətnamənin yalnız Cavabdeh adına verilərkən “Notariat haqqında” Qanunun tələbləri pozulmuşdur. G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında müəyyən edilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 24 aprel 2019-cu il tarixli 2(078)-464/2019 nömrəli qətnaməsinin surətindən aydın olur ki, ünvan 5 ünvanında yerləşən mərhum X2 miras qalan fərdi yaşayış evinin Cavabdeh tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Həmin qətnamədə miras əmlakın yalnız Cavabdeh Məhəmmədəli oğlu tərəfindən qəbul edilməsi müəyyən edilməmişdir. Cavabdeh tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə alınarkən notarius tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası qanununun tələbləri və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 102-ci bəndinin tələbləri pozulmuşdur. Vərəsəlik hüququ haqqında şəhadətnamə verən notariat orqanı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə rəsmiləşdirən zaman məhkəmə qətnaməsini Cavabdeh münasibətdə əsas götürülməli, bununla yanaşı digər vərəsələrin olub-olmaması araşdırılmalı, onların miras əmlakı qəbul edib-etməmələri müəyyən edilməli və bundan sonra şəhadətnamə verməli idi. “Notariat haqqında” Qanunun 57-ci maddəsinə görə mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 58-ci maddəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. Notarius yetkinlik yaşına çatmamış və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədi ilə vərəsənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Miras əmlak dövlətə keçdikdə şəhadətnamə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına verilməlidir. Həmin Qanunun 59-cu maddəsinə görə notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. İş materiallarından aydın olur ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilən zaman müvafiq notariat orqanı tərəfindən miras əmlakın tərkibi ilə bağlı sübutlar toplanılmış, həmin sənədlərdə mərhum X4 miras əmlakda yaşaması və onun ailə tərkibivərəsələri qeyd edilmiş, sözügedən arayışın rəsmiləşdirilmə aparılması zamanı təqdim edilməsinə baxmayaraq mərhumun vərəsələri dəvət edilmədən, bütövlükdə şəhadətnamə Cavabdeh adına verilmişdir. Həmin şəhadətnamə nəticəsində Cavabdeh adına daşınmaz əmlak qeydiyyata alınmışdır. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, mərhum X2 miras qalan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh ilə yanaşı onun digər vərəsəsi olan qardaşı mərhum X23 tərəfindən də faktiki olaraq qəbul edilmişdir. Belə olan halda miras əmlak bütövlükdə Cavabdeh adına qanun üzrə vərəsəlik hüququ haqqında verilə bilməzdir. Ona görə də qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilməsi, eyni zamanda həmin şəhadətnamə əsasında Cavabdeh adına aparılmış hüquqların dövlət qeydiyyatı qismən ləğv edilməlidir. Həmçinin məhkəmə iddia tələbinin şəhadətnamənin bütövlükdə etibarsız sayılması və ondan doğan hüquqi nəticələrin bütövlükdə ləğv edilməsinə münasibətdə iddia tələbini rədd edilməsi nəticəsinə gəlir. Belə ki, miras əmlak üzrə cavabdehin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi və onun qeydiyyata alınması məhkəmə qətnaməsi əsasında həyata keçirilmişdir. Notariat orqanının səhvliyi həmin şəhadətnamə verilərkən miras qoyanın digər vərəsələrin olub-olmamasının araşdırılmaması və məhkəmə qətnaməsinin miras əmlakı yalnız bir vərəsəyə görə qəbul edilməsi kimi yalnış nəticəyə gəlməsi olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, 03 mart 2003-cü il tarixdə vəfat etmiş X2 miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakın X23 tərəfindən sağlığında faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməli, Naxçıvan şəhər 1 saylı notariat ofisində qeydiyyata alınan 2/V-55 nömrəli 14.06.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilməli və şəhadətnamədən doğan hüquqi nəticələr qismən ləğv edilməli, iddia qalan hissəsində rədd edilməlidir. İddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə belə hesab edir ki, iddiaçı Məmiyeva (Konyar) Təranə Salman qızı tərəfindən “Kapital Bank” Naxçıvan Filialına 06 may 2021-ci il tarixdə 4710 nömrəli qəbzlə ödənilmiş 10 (on) dövlət rüsumunun 5 (beş) manatı Cavabdeh tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçılar Məmiyeva (Konyar) Təranə Salman qızının və İddiaçı1 cavabdeh Cavabdeh qarşı 03 mart 2003-cü il tarixdə vəfat etmiş X2 miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakın X23 tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi, Naxçıvan şəhər 1 saylı notariat ofisində qeydiyyata alınan 2/V-55 nömrəli 14.06.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və şəhadətnamədən doğan hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair iddiası qismən təmin edilsin. 03 mart 2003-cü il tarixdə vəfat etmiş X2 miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakın mərhum X23 tərəfindən sağlığında faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin. Cavabdeh adına Naxçıvan şəhər 1 saylı notariat ofisində qeydiyyata alınan 2/V-55 nömrəli 14.06.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi qismən etibarsız hesab edilsin. Həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 27 iyun 2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Cavabdeh adına aparılmış qeydiyyat qismən ləğv edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı Məmiyeva (Konyar) Təranə Salman qızı tərəfindən “Kapital Bank” Naxçıvan Filialına 06 may 2021-ci il tarixdə 4710 nömrəli qəbzlə ödənilmiş 10 (on) dövlət rüsumunun 5 (beş) manatı Cavabdeh tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-650/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-650/2021
22.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver