Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-663/2022 11.10.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ərizəçi və Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə komissiyasının nümayəndəsi X5 iştirakları ilə, Ərizəçi Hüseynzadə Hüseyn Yusif oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 13 oktyabr 1991-ci ildə ünvan 1 ünvanında yaşayan Hüseynzadə Hüseyn Yusif oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi iddia ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, oğlu Hüseynzadə Hüseyn Yusif oğlu 13 oktyabr 1991-ci il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. Uşaq travma ilə doğulmuş, ona görə də doğulandan iki ay sonra onu Naxçıvan şəhər Uşaq Xəstəxanasında həkim müayinəsindən keçirmiş, təxminən 4 ay orada müalicə olunmuş, lakin müalicənin müsbət nəticəsi olmadığından onlar oğlunu Bakı şəhərinə aparmış, orada bir neçə adlı sanlı nervropotoloq həkimlərinə göstərmiş, sonda tək fikir bu olmuşdur ki, müalicələrin heç bir müsbət nəticəsi olmayacaq, uşağınızı əbəs yerə əziyyət verməyin, qaytarıb evinizə aparın. Onlar da həkimlərin məsləhətlərinə qulaq asıb evlərinə qayıtmış, bir müddətdən sonra uşağa ömürlük 1-ci qrup əlillik təyin olunmuşdur. Oğlunun 18 yaşı tamam olandan sonra əlillik vəsiqəsi də verilmişdir. Bu il oğlunun pensiya kartı dəyişdirilərkən bankın əməkdaşı oğlunun əqli cəhətdən zəif olduğundan, kartın təqdim olunması mümkün olmadığından onlara oğlunun fəaliyyət qabiliyyətsiz elan olunmalı olduğunu, ona qəyyum təyin edilməli olduğunu bildirmişdir. Haliyədə oğlu özünü idarə edə bilmir. Onun yeməyini, içməyini, geyinməyini hamısını onlar edir. Onlarsız onun yaşaması mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxsin səhhəti yol verirsə, məhkəmə iclasına çağırılması nəzərdə tutulduğundan 30 iyun 2022-ci il tarixli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin olunmuş və ekspertin qarşısına Hüseynzadə Hüseyn Yusif oğlunun sağlamlıq vəziyyətinin onun məhkəmə iclasında iştirak etməsinə imkan verib-verməməsinin araşdırılması ilə bağlı sual qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 xx.xx.2022-ci il tarixli 55 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Hüseynzadə Hüseyn Yusif oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Bunu nəzərə alan məhkəmə Hüseynzadə Hüseyn Yusif oğlunu məhkəmə iclaslarına dəvət etməmiş və dindirməmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi izahatında oğlu Hüseynzadə Hüseyn Yusif oğlunun 13 oktyabr 1991-ci il tarixdə Naxçıvan şəhərində doğulduğunu, uşağın travma ilə doğulduğunu, ona görə də doğulandan iki ay sonra onu Naxçıvan şəhər Uşaq Xəstəxanasında həkim müayinəsindən keçirdiklərini, təxminən 4 ay orada müalicə olunduğunu, lakin müalicənin müsbət nəticəsi olmadığından onların oğlunu Bakı şəhərinə apardıqlarını, orada bir neçə nevropatoloq həkimlərə göstərdiklərini, sonda müalicələrin heç bir müsbət nəticəsi olmayacağının, uşağa əbəs yerə əziyyət verməməyin onlara deyildiyini, onların da həkimlərin məsləhətlərinə qulaq asıb evlərinə qayıtdıqlarını, bir müddətdən sonra uşağa ömürlük 1-ci qrup əlillik təyin olunduğunu, oğlunun 18 yaşı tamam olandan sonra əlillik vəsiqəsi də verildiyini, bu il oğlunun pensiya kartı dəyişdirilərkən bankın əməkdaşının oğlunun əqli cəhətdən zəif olduğundan, kartın təqdim olunması mümkün olmadığından onlara onun fəaliyyət qabiliyyətsiz elan olunmalı ona qəyyum təyin edilməli olduğunu bildirdiyini, haliyədə oğlunun özünü idarə edə bilmədiyini, onun yeməyinin, içməyinin, geyinməsinin bütün ehtiyaclarının onlar tərəfindən edildiyini, onun özünü dərk etmədiyini, oğlunun Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 qeydiyyatda durduğunu bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və himayə komissiyasının nümayəndəsi X7 məhkəmə iclasında verdiyi izahatında mülki işlə əlaqədar olaraq komissiyanın nümayəndələrinin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs 13 oktyabr 1991-ci ildə Naxçıvan şəhərində doğulmuş Hüseynzadə Hüseyn Yusif oğlunun yaşadığı evdə olaraq onun həyat şəraitini müayinə etdiklərini, müayinə zamanı inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən və qonşulardan alınan məlumata görə Hüseynzadə Hüseyn Yusif oğlunun ailəsi və cəmiyyət üçün heç bir təhlükə törətmədiyini, araşdırma nəticəsində Hüseynzadə Hüseyn Yusif oğlunun anadangəlmə xəstə olduğunu, öz ehtiyaclarını ödəyə bilməməsi, onun İ qrup əlil olması, komissiyanın Hüseynzadə Hüseyn Yusif oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə hallarının olmamasını müəyyən etdiyini qeyd etdi. Mülki iş materiallarını tədqiq edən məhkəmə müəyyən edir ki, barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş Hüseynzadə Hüseyn Yusif oğlunun 13 oktyabr 1991-ci ildə Naxçıvan şəhərində anadan olması, onun hazırda Naxçıvan şəhəri, Hərbi şəhərcik 2 mənzil 57 ünvanında yaşaması, Ərizəçi Hüseynzadə Hüseyn Yusif oğlunun atası olması, Hüseynzadə Hüseyn Yusif oğlunun birinci qrup əlil kimi sosial müavinət alması, onun Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 qeydiyyatda dayanması mülki işin mübahisəsiz hallarıdır. Bunların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iş materiallarına əlavə edilmiş Naxçıvan şəhər VVAQ Şöbəsi tərəfindən xx.xx.1991-ci il tarixdə verilmiş XVİ-ЖГ seriyalı, 354821 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Hüseynzadə Hüseyn Yusif oğlunun 13 oktyabr 1991-ci ildə Naxçıvan şəhərində anadan olması, atasının Ərizəçi, anasının isə X6 olması; -İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər ƏSMM tərəfindən verilmiş 07 mart 2010-cu il tarixli, 260046 nömrəli əlillik vəsiqəsinin təsdiq edilmiş surətindən Hüseynzadə Hüseyn Yusif oğlunun birinci qrup əlil olması; -İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X3 tərəfindən verilmiş 09 iyun 2022-ci il tarixli, 358 nömrəli arayışdan 13 oktyabr 1991-ci il təvəllüdlü Hüseynzadə Hüseyn Yusif oğlunun xx.xx.2007-ci il tarixdən “USİ. Tetraplegiya. Əqli zəiflik. İdiotiya səviyyəsində” diaqnozu ilə Y.Budaqov adına Naxçıvan MR X2 qeydiyyatda olması; -İş materiallarına əlavə olunmuş AR Müdafiə Nazirliyi Naxçıvan Qarnizonu Mənzil İstismar İdarəsi tərəfindən 31 may 2022-ci il tarixdə verilmiş 1305 nömrəli arayışdan Hüseynzadə Hüseyn Yusif oğlunun Naxçıvan şəhəri, Hərbi şəhərcik 2 mənzil 57 ünvanında qeydiyyatda olması aydın olur. -İş materiallarına əlavə olunmuş AR Müdafiə Nazirliyi Naxçıvan Qarnizonu Mənzil İstismar İdarəsi tərəfindən 31 may 2022-ci il tarixdə verilmiş 1304 nömrəli arayışdan Ərizəçi Naxçıvan şəhəri, Hərbi şəhərcik 2 mənzil 57 ünvanında qeydiyyatda olması aydın olur. Mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində onları bir-biri ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Şəxsin ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını dərk etməsinin və ya öz hərəkətlərinə rəhbərlik edə bilməsinin müəyyən olunması isə xüsusi bilik tələb edən məsələ olduğundan məhkəmənin hazırlıq iclasında bunun müəyyən olunması üçün 30 iyun 2022-ci il tarixli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 ambulator məhkəmə-psixiatriya ekspertizasının xx.xx.2022-ci il tarixli 55 saylı ekspert rəyində qeyd olunur ki, Hüseynzadə Hüseyn Yusif oğlu “Anadangəlmə ağıl zəifliyi, idiotiya səviyyəsində” psixi xəstəliyindən əziyyət çəkir. Hüseynzadə Hüseyn Yusif oğlu öz hərəkətlərini dərk etmək və öz hərəkətlərini idarə edə bilmək iqtidarında deyil. Onun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qəbul ediləndir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi Hüseynzadə Hüseyn Yusif oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına dair ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, Hüseynzadə Hüseyn Yusif oğlunun əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin və Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsinin izahatları ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, Hüseynzadə Hüseyn Yusif oğlu əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən o, fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ərizə təmin olunmalı; - 13 oktyabr 1991-ci ildə Naxçıvan şəhərində anadan olan Hüseynzadə Hüseyn Yusif oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilməli; -Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 13 oktyabr 1991-ci ildə Naxçıvan şəhərində anadan olan Hüseynzadə Hüseyn Yusif oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №2(078)-663/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-663/2022
11.10.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver