Məhkəmə qərarları › İş №2(078)-681/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-681/2021

02.06.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-681/2021 02.06.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsinə baxaraq, müəyyən e t d i m: Ərizəçi məhkəməyə müraciət edərək, X1 fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin formasına və məzmununa riayət edilmədən verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş etdiyi şəxslə qohumluq əlaqəsini təsdiq edən sənədləri ərizəyə əlavə etməmişdir. 13 mart 1986-cı il təvəllüdlü X1 doğum haqqında şəhadətnaməsi ərizəyə əlavə edilmədiyindən ərizəçinin həqiqətən də onun anası olub-olmamasını müəyyən etmək olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Yuxarıda qeyd olunan hüquq normaları baxımından məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizəçiyə izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, Ərizəçi tərəfindən “xxxx” ASC Naxçıvan filialına 21 may 2021-ci il tarixdə, 12597 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151, 152.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldım: Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən “xxxx” ASC Naxçıvan filialına 21 may 2021-ci il tarixdə, 12597 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Ərizəçi izah olunsun ki, ərizənin geri qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar