Məhkəmə qərarları › İş №2(078)-69/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-69/2023

02.02.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-69/2023 02.02.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Ərizəçi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X4 iştirakları ilə, Ərizəçi Rzayev Fərəməz Rəşid oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 13 oktyabr 1995-ci il tarixində anadan olmuş Rzayev Fərəməz Rəşid oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi iddia ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, 05 noyabr 1994-cü il tarixdə həyat yoldaşı X8 ilə ailə həyatı qurmuşdur. Hazırda keçmiş həyat yoldaşı X8 ilə aralarındakı nikaha son qoyulmuşdur. Onların birgə nikahından iki övladları olmuşdur, onlardan 13 oktyabr 1995-ci il tarixində anadan olmuş Rzayev Fərəməz Rəşid oğlu anadangəlmə əlildir. O, xx.xx.2003-cü il tarixindən “anadangəlmə əqli zəiflik. Debillik səviyyəsində. Psixopatik şəxsiyyətlə” diaqnozu ilə Y.Budaqov adına Naxçıvan MR X2 qeydiyyatda dayanır. Oğlu Fərəməz özünü tam idarə edə bilmir. Hazırda ona özünün baxıb, qulluğunda durur. Fərəməz onların dediklərini başa düşsə də danışaraq tam şəkildə cavab verə bilmir, özü istədiyini onlara tam anlata bilmir, nitq qabiliyyəti elə də yaxşı deyil. İkinci qrup əlilliyə görə ömürlük təqaüd alır, lakin özünə aid heç bir sənəd hazırlaya bilmir, bütün sənədləri valideyni olaraq ərizəçi hazırlayır. Fərəməz fəaliyyət qabiliyyəti olmayan hesab edilərsə onun qəyyumu olaraq ərizəçi ona qulluq etməklə bərabər, onunla bağlı lazım olan sənədləşə işlərini apara bilər. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxsin səhhəti yol verirsə, məhkəmə iclasına çağırılması nəzərdə tutulduğundan 05 dekabr 2022-ci il tarixli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin olunmuş və ekspertin qarşısına Rzayev Fərəməz Rəşid oğlunun sağlamlıq vəziyyətinin onun məhkəmə iclasında iştirak etməsinə imkan verib-verməməsinin araşdırılması ilə bağlı sual qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X3 xx.xx.2023-cü il tarixli 02 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Rzayev Fərəməz Rəşid oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Bunu nəzərə alan məhkəmə Rzayev Fərəməz Rəşid oğlunu məhkəmə iclaslarına dəvət etməmiş və dindirməmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi izahatında izahatında 05 noyabr 1994-cü il tarixində həyat yoldaşı X8 ilə ailə həyatı qurduğunu, hazırda keçmiş həyat yoldaşı X8 ilə aralarındakı nikahlarına son qoyulduğunu, onların birgə nikahından iki övladının olduğunu, onlardan 13 oktyabr 1995-ci il ildə anadan olmuş oğlu Rzayev Fərəməz Rəşid oğlunun anadan gəlmə əlil olduğunu, onun xx.xx.2003-cü il tarixdən “anadangəlmə əqli zəiflik. Debillik səviyyəsində. Psixopatik şəxsiyyətlə” diaqnozu ilə Y.Budaqov adına Naxçıvan MR X2 qeydiyyatda dayandığını, oğlu Fərəməzin özünü tam idarə edə bilmədiyini, hazırda ona özünün baxdığını, onun qulluğunda durduğunu, Fərəməzin onların dediklərini başa düşsə də danışaraq tam şəkildə cavab verə bilmədiyini, özünün istədiyini onlara tam başa sala bilmədiyini, onun nitq qabiliyyətinin elə də yaxşı olmadığını, ikinci qrup əlilliyə görə ömürlük təqaüd aldığını, lakin özünə aid heç bir sənəd hazırlaya bilmədiyini, bütün sənədlərini valideyni olaraq onun hazırladığını, Fərəməz fəaliyyət qabiliyyəti olmayan hesab edilərsə onun qəyyumu olaraq o ona qulluq etməklə bərabər onunla bağlı lazım olan sənədləşmə işlərini apara biləcəyini, bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəldiyini bildirdi. Məhkəmə iclasında Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X6 mülki işlə əlaqədar olaraq komissiyanın nümayəndələrinin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs 13 oktyabr 1995-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş Rzayev Fərəməz Rəşid oğlunun yaşadığı ünvan 1ində yerləşən evdə olaraq onun həyat şəraitini müayinə etdiklərini, müayinə zamanı inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən və qonşulardan alınan məlumata görə Rzayev Fərəməz Rəşid oğlunun ailəsi və cəmiyyət üçün heç bir təhlükə törətmədiyini, araşdırma nəticəsində Rzayev Fərəməz Rəşid oğlunun anadangəlmə xəstə olduğunun, öz ehtiyaclarını ödəyə bilməməsinin, onun İİ qrup əlil olmasının müəyyən edildiyini, komissiyanın Rzayev Fərəməz Rəşid oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə hallarının olmamasını müəyyən etdiyini qeyd etdi. Mülki iş materiallarını tədqiq edən məhkəmə müəyyən edir ki, barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş Rzayev Fərəməz Rəşid oğlunun 13 oktyabr 1995-ci ildə Naxçıvan şəhərində anadan olması, onun hazırda ünvan 1ində yaşaması, Ərizəçi Rzayev Fərəməz Rəşid oğlunun atası olması, Rzayev Fərəməz Rəşid oğlunun ikinci qrup əlil kimi sosial müavinət alması, onun Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 qeydiyyatda dayanması mülki işin mübahisəsiz hallarıdır. Bunların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iş materiallarına əlavə edilmiş Babək rayon İcra Hakimiyyətinin Cavidabad Qaraxanbəyli kəndləri üzrə nümayəndəliyi tərəfindən xx.xx.1995-ci il tarixdə verilmiş XİX-ЖГ seriyalı, 319766 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Rzayev Fərəməz Rəşid oğlunun 13 oktyabr 1995-ci ildə Naxçıvan şəhərində Qaraxanbəyli kəndində anadan olması, atasının Ərizəçi, anasının isə X8 olması; -İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər ƏSMM tərəfindən verilmiş 11 mart 2020-ci il tarixli, 023245 nömrəli əlillik vəsiqəsinin təsdiq edilmiş surətindən Rzayev Fərəməz Rəşid oğlunun ikinci qrup əlil olması; -İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X5 tərəfindən verilmiş 21 oktyabr 2022-ci il tarixli, 736 nömrəli arayışdan 13 oktyabr 1995-ci il təvəllüdlü Rzayev Fərəməz Rəşid oğlunun xx.xx.2003-cü il tarixdən “Anadangəlmə əqli zəiflik. Debillik səviyyəsində. Psixopatik şəxsiyyətlə” diaqnozu ilə Y.Budaqov adına Naxçıvan MR X2 qeydiyyatda olması; -İş materiallarına əlavə olunmuş Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraxanbəyli kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 1345 nömrəli arayışdan Rzayev Fərəməz Rəşid oğlunun ünvan 1i ünvanında qeydiyyatda olması; -İş materiallarına əlavə olunmuş Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraxanbəyli kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 1344 nömrəli arayışdan Ərizəçi ünvan 1i ünvanında qeydiyyatda olması aydın olur. Mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində onları bir-biri ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Şəxsin ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını dərk etməsinin və ya öz hərəkətlərinə rəhbərlik edə bilməsinin müəyyən olunması isə xüsusi bilik tələb edən məsələ olduğundan məhkəmənin hazırlıq iclasında bunun müəyyən olunması üçün 05 dekabr 2022-ci il tarixli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X3 ambulator məhkəmə-psixiatriya ekspertizasının xx.xx.2023-ci il tarixli 02 saylı ekspert rəyində qeyd olunur ki, Rzayev Fərəməz Rəşid oğlu “Anadangəlmə əqli zəiflik, debillik səviyyəsində” xəstəliyindən əziyyət çəkir. Rzayev Fərəməz Rəşid oğlu öz hərəkətlərini dərk etmək və öz hərəkətlərini idarə edə bilmək iqtidarında deyil. Rzayev Fərəməz Rəşid oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qəbul ediləndir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi Rzayev Fərəməz Rəşid oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına dair ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, Rzayev Fərəməz Rəşid oğlunun əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin və Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsinin izahatları ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, Rzayev Fərəməz Rəşid oğlu əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən o, fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ərizə təmin olunmalı; - 13 oktyabr 1995-ci ildə Babək rayonu, Qaraxanbəyli kəndində anadan olan Rzayev Fərəməz Rəşid oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilməli; -ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 13 oktyabr 1995-ci ildə Babək rayonu, Qaraxanbəyli kəndində anadan olan Rzayev Fərəməz Rəşid oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar