Məhkəmə qərarları › İş №2(078)-70/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-70/2021

15.03.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-70/2021 15.03.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, iddiaçının vəkili Vəkil, cavabdeh Abbasova (İsmayılova) Ceyran Cahangir qızının nümayəndəsi X4, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abbasova (Rəcəbova) Xoşqədəm Əli qızının, cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Abbasova (İsmayılova) Ceyran Cahangir qızının qanunsuz tikilinin sökülməsi və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Abbasova (İsmayılova) Ceyran Cahangir qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus olan fərdi yaşayış evinin hasar divarının üstündə tikilmiş Cavabdeh məxsus olan fərdi yaşayış evinin ikinci mərtəbəsinin hasar divarının üstündə olan hissəsinin sökülməsi, hasar divarının üstündə olan hissə söküldükdən sonra bu söküntü nəticəsində dəyə biləcək ziyanın cavabdeh tərəfindən qarşılanması və hasarın əvvəlki vəziyyətə gətirilməsi, hasar divarın üstündə tikilmiş tikilinin sökülməsi xərclərinin cavabdeh tərəfindən qarşılanması, Cavabdeh məxsus olan fərdi yaşayış evinin novdanlarından axıdılan sular nəticəsində İddiaçı məxsus hasar divara və həyətdəki daş döşəmələrə dəymiş 5000 manat məbləğində pulun-ziyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, xx xxxxxx 2020-ci il tarixli 04/389 saylı hüquqi yardım üzrə xidmət müqaviləsi əsasında və 003958 nömrəli qəbzlə ödənilmiş 500 manat vəkil üçün xidmət haqqının və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi ilə birlikdə müvafiq fərdi yaşayış evini 1995-ci ildə almışdır. Həmin fərdi yaşayış evi köhnə tikili olduğundan 1997-1998-ci ildən başlayaraq həyətin digər tərəfində özünı yeni fərdi yaşayış evi tikməyə başlamışdır. 2003-cü ildə yeni tikdiyi fərdi yaşayış evinə köçmüş və köhnə tikilini sökərək hasar divarlarını da çəkməyə başlamışdır. Hətta qonşu ilə problem yaşamasın deyə 1 metrə yaxın özünə məxsus torpaq sahəsini çöldə saxlayaraq qonşu torpaq sahəsi ilə olan ara məsafəsini daha da artırmış və özü təkbaşına öz həyətində hasar divarı çəkmişdir. Ümumi daşınmaz əmlak hasar da daxil olmaqla 2019-cu ildə daşınmaz əmlakda qeydiyyata aldıraraq çıxarış almışdır. 2016cı ildə cavabdeh boş torpaq sahəsində ev tikməyə başlamış və evin bir divarının onun tikdyi hasar divarından istifadə edilməsi barədə ona müraciət edilmiş, lakin o birmənalı olaraq buna razılıq verməmiş və ara məsafəsi gözlənilməklə ev tikilməli olduğunu bildirmişdir. Özü Türkiyə Respublikasına tələbələr aparmış, həyat yoldaşı Bakı şəhərinə övladlarının yanına getmişdir. Bundan istifadə edən cavabdeh o Naxçıvana qayıdana qədər evi tikib qutarmış, hətta evin bir divarının onun hasar divarının üstündə qoymuş, evin pəncərələrini də onun evinə istiqamətdə qoymuşdur. Naxçıvana qayıdanda mövcud vəziyyəti görüb buna etiraz etmiş və onun etirazlarının sadəcə pəncərələrinin istiiqaməti dəyişilmiş, evin divarı isə sökülməmişdir. Cavabdehin qayınanası və həyat yoldaşı onun evin gələrək evin divarını söküb hasardan geri çəkmək üçün möhlət istəmiş, lakin o möhlət versə də sökülməmiş, daha sonra əmlakı daşınmaz əmlakda qeydiyyata aldıraraq çıxarış aldığını bilmişdir. Bir neçə ildir ki, cavabdehin fərdi yaşayış evinin novdanlarından axan qar, yağış suları onun həyətinə axıdılmış və bunun nəticəsində məcbur qalaraq iki dəfə həyətin daşlarını dəyişmiş və təmir işləri aparmışdır. Həmin təmir işlərinə 7000 manat pul xərcləmişdir və cavabdehin ümumi vurduğu ziyan 5000 manat təşkil edir. Cavabdeh evin divarını sökməmiş, hətta həmin evə xarici tələbələri kirayə yerləşdirmiş və müəyyən narahatçılıqları da onlar yaratmışdır. 2016-cı ildən başlayaraq bütün orqanlara şifahi olaraq müraciətlərini etmiş, sonradan məlum olmuşdur ki, cavabdeh hətta sözügedən qanunsuz tikiliyə qeydiyyat sənədi də almışdır. Cavabdehin tikdiyi fərdi yaşayış evinin ikici mərtəbəsinin divarı onun hasar divarının üstündə tikilmişdir və ara məsafəsi də gözlənilməmişdir. Həmin hasarı o öz torpaq sahəsində çəkmişdir və bu ortaq divar deyildir. Hasar divarı özü tikmiş, bütün xərcləri də özü qarşılamışdır. Öz evində səs-küydən otura bilmir, üstəlik cavabdehin anası onları nalayiq söyüşlərlə təhqi etmiş, bu barədə polis orqanına da müraciət etmişdir. Bütün bu işləri həyata keçirmək üçün vəkillə hüquqi yardım müqaviləsi bağlamışdır. Hesab edir ki, cavabdehin hərəkətlərinə görə məhkəməyə müraciət etmək məcburiyyət qarşısında qaldığından vəkilə ödədiyi xidmət haqqı olaraq 500 manat pul da cavabdehdən alınmalıdır. Qeyd etdiklərinə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında izahat verən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddiaçının-atasının izahatına əlavəsi olmadığını bildirib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək izahatında İddiaçı izahatında işlə bağlı bütün məlumatları verdiyini, əlavəsi olmadığını bildirib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh Abbasova (İsmayılova) Ceyran Cahangir qızının nümayəndəsi X7 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tələbində göstərilənlər həqiqətə uyğun deyil. Belə ki, cavabdeh onun arvadı olduğundan mübahisəli fərdi yaşayış evinin tikilməsinə o nəzarət etmişdir. Həmin evin bir divarının ikinci mərtəbəsinin iddiaçıya məxsus olan hasar divarının üstündə tikilməsi doğrudur. Lakin onlar bu tikilini aparan zaman iddiaçı bunu görmüş və heç bir etirazını bildirməmiş, hətta xeyir-dua da vermişdir. Fərdi yaşayış evi bir ay ərizndə deyil 6 ay ərzində tikilmiş, tikildiyi müddətdə iddiaçı, onun həyata yoldaşı, hətta oğlu Nicat da evdə olmuşdur. İddiaçı tərəfindən heç bir etiraz olmadığından tikintini başa çatdırmışdır. Hətta həmin əmlakı qeydiyyata alan zaman mütəxəssislər ölçü aparmaq üçün iddiaçıdan icazə alaraq onun həyətindən bir hissəni ölçmüşlər. Evin novdanlarının vurulmasında şəxsən özü iddiaçıdan icazə almış və onun həyətindən iskələlər qurmuşdur. Bütün bunlar iddiaçının gözü önündə olarkən o susmuş, qeydiyyat sənədi aldıqdan sonra evi əcnəbi tələbələrə kirayə verən zaman həkim problem yaratmışdır. Daha sonra ona evin divarını sökməsini və ara məsafəsini gözləməklə divar qoymasını bildirmişdir. Özü anası ilə həkimin evinə gedərək ondan evin divarının sökülməsi üçün möhlət istəmiş, lakin ondan sonra düzgün tikili apardığından sökməmişdir. Bu gün də hesab edir ki, səhv təktərəfli deyil. Yəni o evin divarının iddiaçının hasarı üstündə qoymaqla səhv etmiş, iddiaçı da buna göz yumaraq, razılaşaraq ev hazır olduqdan sonra onun sökülməsini tələb etməsi də səhv hərəkətdir. Buna görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdehin vəkili X14 izahatında cavabdehin nümayəndəsinin mübahisə ilə bağlı geniş izahat verdiyini, əlavə olaraq hazırki işdə mülki qanunvericiliyin norma və prinsiplərindən yanaşılmasının daha ədalətli olacağını, iddiaçının vaxtıda cavabdeh evi tikiən zaman xəbərdarlıq etmədiyini və onun hasarı üstündə tikili aparılmasına razılıq verdiyini, həmin razılıq yazılı olmasa da iddianın susmaqla razılaşdığının inkar edilməz olduğunu, fərdi yaşayış evinin tikintisinin qısa müddətdə deyil altı aydan artıq davam etdiyini, bu müddətdə də iddiaçının tikilinin davam etməsinə etirazının olmadığını, əgər üst tikili əsassızdırsa buna dair tikilini aparmış şəxsin şəraitin haqq qazandırdığı halda ağlabatan əvəz ödəməklə həmin tikiliyə mülkiyyət hüququ əldə etməsinin mülki qanunvericilikdə təsbit edildiyini, hasar divarın ortaq divar olduğunu, artıq fərdi yaşayış evinə 2016-cı ildə qeydiyyat sənədi verildiyini, onun qanunsuz tikili hesab edilməsinin yolverilməz olduğunu, iddiaçının tikili aparılan müddətdə cəmi bir ay Naxçıvanda olmadığını, həmin müddətdə də tikilinin başa çatmasının qeyrimümkün olduğunu bildirib qeyd edilənləri, cavabdehin fərdi yaşayış evinə mülkiyyət hüququ əldə etdiyini nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Abbasova (Rəcəbova) Xoşqədəm Əli qızı iddianı qəbul etməyərək izahatında cavabedhin onun qızı olduğunu, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin onun mülkiyyətində olduğunu və cavabdehə-qızına bağışlama müqaviləsi əsasında bağışladığını, min bir əziyyətlə qızına kömək edib ev tikdiklərini, iddiaçının zamanında heç bir etirazının olmadığını, hasarın üstünə iki tuğla qoyulan zaman iddiaçı etirazını bildirsəydi həmin evi məsafə qoyub tikəcəklərini, lakin razılıq olduğundan tikilinin baş çatdığını və qızına həmin evə dair qeydiyyat sənədi verildiyini, həmin tikilinin sökülməsini tələb etməkdə iddiaçının məqsədinin evin kirayə verilməsinə və kirayəkeşlərin orada qalmasına etirazı olduğunu, hazırda kirayəkeşləri də evdən çıxardıqlarını bildirib qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X8 izahatında bildirmişdir ki, işlə bağlı Xidmətdə müvafiq araşdırma aparılaraq həm iddiaçının, həm də cavabdehin texniki pasportlarına baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, mübahisə hasar divarı həm iddiaçının texniki pasportuna işlənmiş, həm də cavabdehin fərdi yşayaış evinin texniki pasportunda qeyd edilmişdir. Bu hal Xidmətin mütəxəssislərin səhvi hesab edilir. Sadəcə olaraq əməkdaşlar mübahisə olmadığında ölçü-biçi apararaq qeydiyyat sənədləri təqdim etmişdir. Xidmət olaraq səhvin onlarda olduğu aşkardır. İddiaçının yeni texniki pasportu 2019-cu ildə verilmiş və bütün tikililər hasar da daxil orada qeyd edilmişdir. Cavabdehin texniki pasport 2016-cı ildə verilmişdir. Hasarın iddiaçının öz torpaq sahəsində tikdiyinə dair mübahisə yoxdur. Lakin Xidmətin əməkdaşları daşınmaz əmlakldardan birini texniki pasportun verilməsini dayandırmalı və məhkəmə qərarını gözləməli idilər. Qeyd etdiklərinə əsasən qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında mütəxəssis Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X9 ziahatında yerində müayin və tədqiq aparıldığını, baxış zamanı müəyyən edilmiş faktların arxiv sənədlərində göstərilənlərlə müqayisəsinin aparıldığını, iddiaçıya məxsus olan torpaq sahəsinin arxiv sənədlərindən həmin torpaq sahəsində 2001-ci ildə iddiaçı tərəfindən köhnə tikili sökülərək yerində sanitar qovşaq, hamam tikdiyini məlum olduğunu, cavabdehə məxsus arxiv sənədi araşdırılan zaman orada hasar tikilinin qeyd edilmədiyini, cavabdehin adına olan texniki pasportda iddiaçıya məxsus olan hasarın üstündə eni 0.30 sm, uzunluğu 9 metr olan tikilinin aparıldığının müəyyən edildiyini bildirdi. Məhkəmə baxışı iclasında şahid qismində ifadə verən X17 bildirmişdir ki, Səbuhinin göstərişi ilə evə alçı çəkmiş, təxminən bir ay evdə usta olaraq işləmişdir. Ona nəzarət edən Səbuhi və Xoşqədəm olmuşdur. Həmin vaxt qonşulardan heç kim ona öz etirazını bildirməmiş, heç bir narazılıq eşitməmişdir. Daha sonra əl haqqı olaraq 600 manat pul alıb getmişdir. Məhkəmə baxışı iclasında şahid qismində ifadə verən X13 bildirmişdir ki, Səbuhinin göstərişi ilə evin hörgü işini aparmış, birinci və ikinci mərtəbəni hörmüşdür. Təxminən yaz ayından başlayaraq 4 ay ərizəndə hörgünü bitirmişdir. Qonşulardan heç kim ona narazılığını bildirməmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə cavabdeh İsmayılova (Abbasova) Ceyran Cahangiz qızına qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Lakin məhkəməyə iddia ərizəsinə etiraz göndərmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, 2014-cü ilin yay aylarının sonlarından başlayaraq Naxçıvan şəhəri İ.Məmməədov döngə 3, ev 8A-da yerləşən torpaq sahəsində ev tikməyə başlamış, həmin vaxt evin sağ tərəfində onların qonşusu İddiaçı və ailəsinin onların arasında orta divar üzərində aparılan tikintiyə heç bir etirazları olmamış və şikayət, narazılıq bildirməmişdir. Tikintini 2014-2016-cı illərdə aparmış, bu müddətdə iddiaçı həkim işləyirdi və qonşuluqda yaşayırdı. Hər dəfə divarın üstündə hörgü aparıldığını görürdü və heç bir etiraz etmirdi. Yoldaşı ona demişdir ki, hətta bir dəfə iddiaçının oğlu Nicat tikinti aparıldığı yerə gəlib xeyirli olsun da demişdir. Evin ikinci mərtəbəsi (mansardı) tikilən zaman iddiaçı evində olmuş, tikili onun gözü önündə aparılmışdır. İddia ərizəsi tamamilə yalnışdır. Çünki həkim cəmi 2 ay Naxçıvanda olmamış, evin tikilisi isə 2 il davam etmişdir. Əlavə olaraq onlar iddiaçıya tərəf pəncərə qoymamışdır ki, iddiaçının təkidi ilə söksünlər. Yoldaşı iki gün iddiaçının həyətinə keçib dəmir iskələlər quraraq evin novdanlarını vurmuş, bu vaxt da iddiaçı heç bir etirazını bildirməmişdir. 2016cı ildə fərdi yaşayış evini sənədləşdirən zaman iddiaçı buna etiraz etməmişdir. 9 ay ev boş qaldıqdan sonra kirayə verilmiş, ondan sonra iddiaçının və ailəsinin narazılıqları başlamışdır. Həm iddiaçı, həm də onun arvadı yoldaşı Səbuhiyə bildirmişlər ki, “get evi sök, sökməsən biz sökdürəcəyik”. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə cavabdeh İsmayılova (Abbasova) Ceyran Cahangir qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbinin hər bir hissəsini ayrı-ayrılıqdan qiymət verilməsi işin düzgün həlli baxımından daha məqsədəmüvafiqdir. Belə ki, iddiaçının iddia tələbinin birincisi ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus olan fərdi yaşayış evinin hasar divarının üstündə tikilmiş Cavabdeh məxsus olan fərdi yaşayış evinin ikinci mərtəbəsinin hasar divarının üstündə olan hissəsinin sökülməsi tələbidir. Məhkəmə iddia tələbinin həmin hissəsini mülki işin materialları ilə əlaqəli şəkildə araşdırıb tələbin həmin hissədə təmin edilməsi qənaətinə gəlir və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Mülki iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 227/20 nömrəli rəyindən aydın olur ki, rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən baxış zamanı əldə olunmuş məlumatları və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ünvan reyestri sektronun baş məsləhətçisi K.Quliyevin imzası ilə təsdiq edilmiş mütəxəssis rəyinin məlumatlarına əsasən ünvan 2 ünvanı ilə ünvan 3 ünvanı arasında olan hasarda Abbasova (İsmayılova) Ceyran Cahangir qızı evi tikən zaman evin 0.30 enində 9.00 uzunluğunda (2.70 kv.metr) hissəsini X10 məxsus hasarın üzərində inşa etdiyi müəyyən edilmişdir. ünvan 4A ünvanında hasarın üzərində tikilmiş fərdi yaşayış evinin ikinci mərtəbəsi (mansarda) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddəsinin tələblərinə riayət edilməməklə inşa edildiyi müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilən məsələ ilə bağlı qeyd olunur ki, ünvan 4 ünvanında tikilən fərdi yaşayış evinin tikintisi, hasar ilə mövcud tikili arasında Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4 və 69.5.2-1-ci bəndlərinin tələblərinə uyğun olaraq 1.41 metr (4.7x0.3)ara məsafəsi qoyulmaqla tikintinin aparılması Tikinti Norma və Qaydalarına uyğun hesab edilir. ünvan 3 ünvanında tikilən iki mərtəbəli fərdi yaşayış evinin novdanlarından axıdılan sular nəticəsində ünvan 5 ünvanında yerləşən cavabdehə məxsus hasar divarında və həyətindəki daş döşəməsində hər hansı qüsurların (deformasiyaya uğraması, çökməsi, dağılması, uşması, qopması və.s) olmadığı müəyyən edilmişdir. Mülki işin materiallarından aydın olur ki, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan aydın olur ki, Naxçıvan şəhər İdris Məmmədov küçəsi döngə 3, ev 15-də yerləşən 0.05 ha torpaq sahəsi və 139.58 kv.metr sahəsi olan fərdi yaşayış evi İddiaçı adına xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 18/36 nömrəli reyestr kitabının 7094 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan İddiaçı adına tərtib edilmiş xx xxxx 2019-cu il tarixli 4088 inventar nömrəli daşınmaz əmlakın texniki pasportundan aydın olur ki, yaşayış evlərinin texniki göstəricilərinin əks olunması ilə yanaşı həyətyanı tikililərin və qurğuların texniki göstəriciləri də qeyd olunmuş, həmin tikili və qurğuları naves, hovuz, hasar və darvazadan ibarətdir. Mülki işin materiallarında olan Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 8/190 nömrəli məktubdan aydın olur ki, ünvan 6 3. Ev 8A ünvanında yerləşən 2 mərtəbəli yaşayış evinin tikintisinə başlamazdan əvvəl həmin tikiliyə müvafiq icazənin, plan layihənin verilməsi ilə bağlı Komitəyə heç bir müraciət olunmamış və Komitə tərəfindən heç bir rəsmi sənəd verilməmişdir. Mülki işin materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 365 nömrəli məktubdan aydın olur ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində İsmayılova (Abbasova) Ceyran Cahangir qızının adına xx.xx.2016-cı il tarixdə Naxçıvan şəhər 1-ci DNK-nın xx.xx.2016-cı il tarixli 4ə-5M nömrəli bəxşiş müqaviləsi əsasında ümumi sahəsi 137.03 kv.metr olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 366 nömrəli məktubdan aydın olur ki, ünvan 7 ünvanında 452.17 kv.metr torpaq sahəsində yerləşən ümumi sahəsi 81.86 kv.metr olan 2 otaqlı fərdi yaşayış evi xx xxx 2003-cü il tarixdə Naxçıvan şəhər 1-ci DNK-da qeydiyyata alınan 4ə-187 nömrəli alqı-satqı müqaviləsi əsasında xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Abbasova (Rəcəbova) Xoşqədəm Əli qızının adına qeydiyyata alınmışdır. xx.xx.2016-cı il tarixdə Naxçıvan şəhər 1-ci DNK-da qeydiyyata alınan 4ə-574 nömrəli bağışlama müqaviləsi əsasında Xoşqədəm Abbasova fərdi yaşayış evinin torpaq sahəsindən 139.95 kv.metr hissəsini X3 bağışlamışdır. əmlakın qalan hissəsi Xəşqədəm Abbasovanın öz adınadır. Mülki işin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli 04/389 nömrəli hüquqi yardım üzrə xidmət müqaviləsindən aydın olur ki, İddiaçı hüquqi yardım göstərilməsi üçün Vəkil Bahdur oğluna təyin edilmiş qonorarın cəmi məbləği 500 (beş yüz) manat təşkil edir və bu məbləğ həmin tarixdə 003958 nömrəli qəbzlə hesaba köçürülmüşdür. Mülki işin materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan aydın olur ki, Naxçıvan şəhər İ.Məmmədov küçəsi döngə 3, ev 8A-da yerləşən 0.0139 ha torpaq sahəsi və 137.03 kv.metr sahəsi olan fərdi yaşayış evi X1 adına xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 18/27 nömrəli reyestr kitabının 5239 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan X1 adına tərtib edilmiş xx xxxxxx 2016-cı il tarixli 17785 inventar nömrəli daşınmaz əmlakın texniki pasportundan aydın olur ki, yaşayış evlərinin texniki göstəricilərinin əks olunması ilə yanaşı həyətyanı tikililərin və qurğuların texniki göstəriciləri də qeyd olunmuş, həmin tikili və qurğuları naves və hasardan ibarətdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Naxçıvan” X6 xx xxxxxxx 2020-ci il tarixli 33/889 nömrəli məktubundan aydın olur ki, İddiaçı 2014-2016-cı illərdə il ərzində ölkə ərazisinə giriş-çıxışları xx.xx.2015-ci ildən xx xxxxxxx 2015-ci ilə qədər, xx xxxxxx 2015-ci ildə və xx xxxx 2016-cı ildən xx xxxxxx 2016cı ilə qədər müddəti əhatə edir. Mülki işin materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 461 nömrəli məktubdan aydın olur ki, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2016-cı il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində İsmayılova (Abbasova) Ceyran Cahangir qızının adına qeydiyyata alınmışdır. Fərdi yaşayış evi qeydiyyata alınan zaman yaşayış evinin qeydiyyatı ilə bağlı Xidmətə hər hansı etiraz, şikayət daxil olmamışdır. Lakin yaşayış evi qeydiyyata alındıqdan sonra İddiaçı tərəfindən qeydiyyata etirazla bağlı Xidmətə müraciətlər olmuşdur. İddiaçı müraciəti əsasında xx xxxxxx 2020-ci il tarixdə Xidmətin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə əmlaklara yerində baxış keçirmiş və tərəflərə qanunvericiliyin tələbləri barədə müfəssəl məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Həmin Məcəllənin 152.1-152.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ subyеktin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, təbiətin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən isə ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Nəqliyyat yollarında, ümumi istifadədə olan yaşıllıqlarda və su sahələrində də ara məsafələrinin olmasına yol verilir. Hər iki tərəfdən becərilə bilən torpaq sahələrində isə ara məsafələri yalnız həmin torpaq sahələrinin ortasına qədər nəzərdə tutulur. Həmin Məcəllənin 69.7-ci maddəsinə əsasən isə tikinti obyektinin layihələndirilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır: -69.7.1-ci maddəsinə əsasən mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması: Müvafiq Məcəllənin 71-ci maddəsinə əsasən ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. Tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddəsinə əsasən qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 72 saylı Qərarının 2-ci bəndinə əsasən bu qaydalar yaşayış məntəqələrinin baş və müfəssəl planlarının layihələrinin hazırlanması, həm yeni, həm də tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə tikintiyə icazə verilməsi zamanı binalar arasında, binalarla tikinti ərazilərinin sərhədləri arasında saxlanılmalı olan məsafələri müəyyən edir. Həmin Qərarın 3-cü bəndinə əsasən isə tikinti ərazisinin sərhədləri daxilində binanın xarici divarlarından ərazinin sərhədinə qədər ara məsafəsi saxlanılmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Həmin Qərarın 5-ci bəndinə əsasən ara məsafəsi hər bir ayrılmış torpaq sahəsinin öz sərhədləri çərçivəsində olmalıdır. Şəhər və bələdiyyə avtomobil yollarının torpaq sahələri, ümumi istifadədə olan yaşıllıqlar və su sahələri ara məsafələri kimi istifadə olunur. Tikinti obyektlərinin yerləşdiyi torpaq sahələrinin sərhədindəki hər iki tərəfdən becərilə bilən torpaq zolağında isə ara məsafələri yalnız həmin torpaq sahələrinin ortasına qədər nəzərdə tutulur. Həmin Qərarın 7-ci bəndinə əsasən isə ara məsafəsi binanın xarici divarının hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə ara məsafəsini təşkil edir. Əgər relyefə əsasən hündürlük dəyişərsə, bu zaman divarın orta hündürlüyü əsas götürülür. Məhkəmə iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2020ci il tarixli 227/20 nömrəli rəyini sübut kimi qiymətləndirir və qeyd edir ki, rəydən aydın olur ki, ünvan 2 ünvanı ilə ünvan 3 ünvanı arasında olan hasarda Abbasova (İsmayılova) Ceyran Cahangir qızı evi tikən zaman evin 0.30 enində 9.00 uzunluğunda (2.70 kv.metr) hissəsini X10 məxsus hasarın üzərində inşa etdiyi müəyyən edilmişdir. ünvan 4A ünvanında hasarın üzərində tikilmiş fərdi yaşayış evinin ikinci mərtəbəsi (mansarda) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddəsinin tələblərinə riayət edilməməklə inşa edildiyi müəyyən edilmişdir. ünvan 4 ünvanında tikilən fərdi yaşayış evinin tikintisi, hasar ilə mövcud tikili arasında Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4 və 69.5.2-1-ci bəndlərinin tələblərinə uyğun olaraq 1.41 metr (4.7x0.3) ara məsafəsi qoyulmaqla tikintinin aparılması Tikinti Norma və Qaydalarına uyğun hesab edilir. Məhkəmə işin yuxarıda sadalanmış faktiki və hüquqi hallarını qeyd olunan hüquq normalarına uyğun təhlil edib hesab edir ki, cavabdeh tərəfindən fərdi yaşayış evi tikilən zaman həmin qanunvericilik normaları pozulmuşdur. İşin mübahisələndirilməyən halı bundan ibarətdir ki, İddiaçı özünə məxsus torpaq sahəsi içərisində sərhəddən 1 metr məsafə saxlamaqla hasar inşa etmişdir. İşin bu halı iddiaçı və cavabdeh tərəfindən təsdiq edilməklə yanaşı mütəxəssis rəyi ilə öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, həmin hasar iddiaçının öz mülkiyyətində inşa edildiyindən və torpaq sahəsinin sərhədində deyil, sərhəddən məsafə saxlanılmaqla inşa edildiyindən ortaq divar sayıla bilməz. Bu halda cavabdehin istər ortaq divar hesab edərək apardığı tikili, istərsə də iddiaçının hasar divarı hesab edərək onun üzərində apardığı tikili qanuni tikili hesab edilə bilməz. Eyni zamanda yerində müayinə və tədqiq aparılarkən müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evinin ikinci mərtəbəsinin (mansardı) sağ tərəfi iddiaçıya məxsus olan hasar divarının üstündə 0.30 enində 9 metr uzunluğunda inşa edilmişdir. Həmin sahə ümumilikdə 2.70 kv.metr təşkil edir. Tərəflər arasında bununla bağlı hər hansı bir razılaşma (istər şifahi, istərsə də yazılı formada) olmamış, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bu halda isə iddiaçının sərbəst şəkildə öz mülkiyyət hüququnu həyata keçirməsi cavabdeh tərəfindən məhdudlaşdırılmış və iddiaçının mülkiyyət hüququna müdaxilə olunmuşdur. Həmçinin cavabdehin ortaq divar hesab edərək tikili aparması ilə bağlı iddiaçının notarial qaydada razılığı olmasına dair mötəbər sübut təqdim edilməmişdir. Cavabdeh Abbasova (İsmayılova) Ceyran Cahangir qızı sözügedən fərdi yaşayış evini isə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirmişdir. “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1 -ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə qeydiyyatdan imtina edilə bilər. Lakin mübahisəli fərdi yaşayış evi qanunvericiliyin tələbinə uyğun olmayan şəkildə inşa edilsə də qeydiyyat orqanı həmin əmlakı qeydiyyata almışdır. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Məhkəmə o hala diqqət yetirir ki, göstərilən normalar nəinki fərdi mülkiyyəti təşkil edən əmlaklarla bağlı, hətta ümumi mülkiyyətdə olan əmlaklara dair mülkiyyətçilərin malik olduqları hüquqlarının üstünlüyünü tamamilə inkar edir. Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, mülkiyyət hüququ müəyyən əsasların mövcud olduğu halda məhdudlaşdırılmaya məruz qala bilər. İlk növbədə buna qanuni əsas, mülkiyyətçinin razılıqla ifadə olunan iradəsi, cəmiyyətin və dövlətin mühüm mənafeyi mövcud olmalıdır. Hazırkı işin halları baxımından belə bir zərurətin mövcud olmasını əsaslandıra biləcək heç bir hal müəyyən edilməmişdir. Məhkəmə bu baxımdan hesab edir ki, cavabdehin iddiaçının razılığı olmadan onun mülkiyyətində olan hasar divarının üzərində inşa etdiyi fərdi yaşayış evinin ikinci mərtəbəsinin hasarın üstündə tikilmiş hisəsi qanuni olmamış və bu baxımdan qanuni olmayan hərəkəti dəstəkləyən cavabdehin mövqeyi əsaslı hesab edilə bilməz. Məhkəmə belə nəticəyə gəlir ki iddiaçı mülkiyyət hüququna müdaxilə təşkil edən tikilinin sökülməsini tələb etməkdə haqlıdır. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək məhkəmə belə hesab edir ki, İddiaçı məxsus ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinin hasar divarının üstündə inşa edilmiş cavabdeh Abbasova (Ceyran) Cahangir qızına məxsus olan ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsinin (mansardın) 0.30 metr enində 9 metr uzunluğunda olan hissəsi sökülməlidir. Məhkəmə cavabdeh tərəfin həmin tikiliyə münasibətdə mülki qanunvericiliyin 173.3cü maddəsinin tətbiq olunması barədə gətirdiyi arqumenti əsassız hesab edir. Belə ki, cavabdeh üst tikilini ucaldan şəxs olaraq şəraitin ona haqq qazandırdığı halların təsdiqi üçün məhkəməyə mötəbər sübut təqdim etməmiş, eyni zamanda üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququnun verilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə iddia tələbinin ikinci hissəsini təşkil edən hasar divarın üstündə olan hissə söküldükdən sonra bu söküntü nəticəsində dəyə biləcək ziyanın cavabdeh tərəfindən qarşılanması və hasarın əvvəlki vəziyyətə gətirilməsini tələbini işin yuxarıda şərh olunmuş hallarına əsasən hüquqi qiymət verərək qeyd edir ki, həmin tələbdə gələcəkdə vurula biləcək ziyanın cavabdeh tərəfindən qarşılanması qeyd edilir ki, bu cür tələb qeyri-müəyyən olmaqla onun gələcəkdə baş verə biləcək ehtimala əsaslanaraq irəli sürüldüyündən təmin edilməməlidir. Mülki qanunvericiliyə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olmas və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində ıldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddia tələbinin üçüncü hissəsini təşkil edən hasar divarının üstündə tikilmiş tikilinin sökülməsi xərclərinin cavabdeh tərəfindən qarşılanması tələbini işin yuxarıda şərh olunmuş hallarına əsasən hüquqi qiymət verərək qeyd edir ki, həmin tələb əsaslı olduğundan təmin edilməli, tikilinin sökülməsi cavabdehin vəsaiti hesabına həyata keçirilməlidir. Məhkəmə iddia tələbinin dördüncü hissəsini təşkil edən Cavabdeh məxsus olan fərdi yaşayış evinin novdanlarından axıdılan sualr nəticəsində İddiaçı məxsus hasar divara və həyətdəki daş döşəmələrə dəymiş 5000 manat məbləğində pulu-ziyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbini işin yuxarıda şərh olunmuş hallarına əsasən araşdırıb hüquqi qiymət verərək qeyd edir ki, həmin tələb əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halı sübut etməlidir. İddiaçı tələbində cavabdehin hərəkətləri nəticəsində əmlakına ziyan vurulduğunu qeyd etsə də bununla bağlı mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Eyni zamanda mülki iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 227/20 nömrəli rəyindən aydın olur ki, ünvan 3 ünvanında tikilən iki mərtəbəli fərdi yaşayış evinin novdanlarından axıdılan sular nəticəsində ünvan 5 ünvanında yerləşən cavabdehə məxsus hasar divarında və həyətindəki daş döşəməsində hər hansı qüsurların (deformasiyaya uğraması, çökməsi, dağılması, uşması, qopması və.s) olmadığı müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin sonuncu hissəsinə-xx xxxxxx 2020-ci il tarixli 04/389 saylı hüquqi yardım üzrə xidmət müqaviləsi əsasında və 003958 nömrəli qəbzlə ödənilmiş 500 manat vəkil üzrə xidmət haqqının və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə tələbini iş materialları ilə əlaqəli şəkildə tədqiq edib aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflər sırasına vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 221.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə 500 manat vəkil xərci, 30 manat dövlət rüsumuna münasibətdə məsrəflərin qismən təmin edilməsi qənaətinə gəlir və bu nəticəni onunla əsaslandırır ki, məhkəmənin presedent hüququna uyğun olaraq, xərc və məsrəflər yalnız onların həqiqətən və zəruri olaraq çəkildiyi və məbləğin əsaslandırılmış olduğunun müəyyən edildiyi halda təyin oluna bilər (İHAM-nin qərarları X2rşı (№ 1) (50-ci maddə), xx xxxxxx 1980-ci il, A Seriyaları, № 38, s. 13, § 23). İddia tələbinin qaldırılması cavabdehin qismən təqsirli hərəkəti nəticəsində olduğundan bu tələblə bağlı iddiaçının vəkillə müqavilə bağlayıb hüquqi yardım alması üçün çəkdiyi xərci zəruri olaraq çəkdiyindən iddianın qismən təmin edilməsi nəzərə alınaraq həmin məsrəflərin də qismən yəni 250 (iki yüz əlli) manat vəkil üzrə xidmət haqqının və 15 (on beş) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsini məhkəmə qanuni və ədalətli hesab edir. Nəticə: Beləliklə işin yuxarıda şərh olunan hallarını ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, İddiaçı məxsus ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinin hasar divarının üstündə inşa edilmiş cavabdeh Abbasova (İsmayılova) Ceyran Cahangir qızına məxsus olan ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsinin (mansardın) 0.30 metr enində 9 metr uzunluğunda olan hissəsi cavabdehin öz hesabına sökülməli, iddia qismən təmin edildiyindən hüquqi yardım üzrə xidmət müqaviləsi əsasında 500 manat vəkil üçün xidmət haqqının 250 (iki yüz əlli) manat hissəsi və 30 manat dövlət rüsumunun 15 (on beş) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya qaytarılmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. ünvan 9 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin hasar divarının üstündə inşa edilmiş ünvan 10 ünvanında yerləşən cavabdeh Abbasova (İsmayılova) Ceyran Cahangir qızına məxsus olan fərdi yaşayış evinin ikinci mərtəbəsinin (mansardın) 0.30 metr enində 9 metr uzunluğunda olan hissəsi cavabdehin öz vəsaiti hesabına sökülsün. İddia qalan hissədə rədd edilsin. İddia qismən təmin edildiyindən hüquqi yardım üzrə xidmət müqaviləsi əsasında 500 manat vəkil üçün xidmət haqqının 250 (iki yüz əlli) manat hissəsi və 30 manat dövlət rüsumunun 15 (on beş) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar