Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-762/2022 06.10.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Ərizəçi və maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X6 şəxsin nümayəndəsi X1 iştirakları ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan MR Dövlət Arxivi tərəfindən 2000-2006-cı illərə aid 13/548 nömrəli xx.xx.2022-ci il tarixli əmək haqqı cədvəllərinə dair arxiv arayışının xx xxxxx 1957-ci ildə doğulmuş ünvan 1 ünvanında yaşayan Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini əsaslandıraraq bildirmişdir ki, o, xx xxxxx 1957-ci ildə Rusiya Federasiyasında doğulmuşdur. Sonra valideyinləri ilə birlikdə Naxçıvan şəhərinə köçmüşlər. Həmin vaxtdan da burada yaşayırlar. 1975-ci ildə əmək fəaliyyətinə başlamış, müxtəlif təşkilatlarda işləyib əmək haqqı qazanmışdır. Əmək kitabçasında işlədiyi təşkilatlar göstərilmişdir. 2000-2006-cı illərdə Naxçıvan Avtonəqliyyat müəssisəsində ekskvatorçu kimi işə qəbul olub işləmişdir. Həmin illər üzrə müəsissə tərəfindən dövlət arxivinə təhvil verilmiş sənədlərdə onun ata adı Nurəddin əvəzinə səhvən Nağı kimi yazılmışdır. Hazırda əmək pensiyasına çıxmaq üçün iş stajı nəzərə alındığından lazımi sənədləri toplayarkən Naxçıvan Muxtar Respublikası Dövlər Arxivi tərəfindən verilmiş 2000-2006-ci illərin əmək haqqı sənədlərində ata adında fərq müəyyən edilmişdir. Bu səbəbdən də təqaüdə çıxmaq istəyərkən həmin illərin aldığı əmək haqqları nəzərə alınmır. Bu isə onun alacağı təqaüdün miqdarına təsir göstərir. 22 sentyabr 2022-ci il tarixə təyin edilmiş mülki iş üzrə məhkəmə hazırlıq iclasında iştirak edən Ərizəçi məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin xahiş hissəsində səhvən arxiv arayışının tarixinin 16 aprel 2022-ci il tarixi göstərildiyini, hazırda həmin texniki səhvə düzəliş etdiyini qeyd edərək həmin tarixin 19 aprel 2022-ci il tarixi kimi nəzərə alınmasını məhkəmədən xahiş etdi. Naxçıvan Şəhər Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında ərizəçinin ərizəsi təmin olunaraq iddia ərizəsinin xahiş hissəsində arxiv arayışının tarixinin 19 aprel 2022-ci il tarixi kimi nəzərə alınması qərara alınmışdır. Məhkəmə iclası zamanı Ərizəçi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X6 şəxsin nümayəndəsi X2 həqiqətən də əmək haqqı cədvəllərinə dair arxiv arayışında Ərizəçi ata adının səhvən Nağı yazıldığını, bu səbəbdən də əmək haqqı cədvəllərinə dair arxiv arayışının nəzərə alınaraq ərizəçiyə pensiya müəyyən edilə bilmədiyini, həmin arxiv arayışı nəzərə alınmadan ərizəçiyə pensiya müəyyən olunduqda onun pensiyasının miqdarının az olacağını, ərizəçinin həmin arxiv arayışı nəzərə alınmaqla pensiya təyini üçün fonda müraciət etdiyini, lakin ona imtina verildiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində Ərizəçi ilə 2000-ci ildən bir yerdə işlədiklərini, onların Naxçıvan Mexanizasiya və Avtonəqliyyat müəssisəsində işlədiklərini, özünün 2020-ci ildə pensiya yaşına çatdığından işdən çıxdığını, ərizəçinin həmin müəssisədə ekskavatorçu işlədiyini, həmin müəssisədə 2000-2006-cı illər aralığında başqa Valeriy adlı şəxsin işləmədiyini, yalnız müəssisədə bir Valeriy işlədiyini onun da Ərizəçi olduğunu, ümumiyyətlə özünün pensiyaya çıxdığı vaxta qədər həmin idarədə başqa Valeriy adlı şəxsin işləmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində Ərizəçi ilə 2000-ci ildən bir yerdə işlədiklərini, onların Naxçıvan Mexanizasiya və Avtonəqliyyat müəssisəsində işlədiklərini, ərizəçinin həmin müəssisədə ekskavatorçu işlədiyini, həmin müəssisədə 2000- 2006-cı illər ərzində başqa Valeriy adlı şəxsin işləmədiyini, yalnız müəssisədə bir Valeriy işlədiyini onun da Ərizəçi olduğunu, 2013-cü ildə həmin müəssisənin Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə birləşdirildiyini, sonradan artıq həmin idarədə işlədiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində Ərizəçi ilə 2000-ci ildən bir yerdə işlədiklərini, onların Naxçıvan Mexanizasiya və Avtonəqliyyat müəssisəsində işlədiklərini, onun həmin müəssisədə 1983-cü ildən işlədiyini, Valeriyin 2000-ci ildə həmin müəssisəyə gəldiyini, ərizəçinin həmin müəssisədə ekskavatorçu işlədiyini, həmin müəssisədə 2000-2006-cı illər ərzində başqa Valeriy adlı şəxsin işləmədiyini, yalnız müəssisədə bir Valeriy işlədiyini onun da Ərizəçi olduğunu bildirdi. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.3-cü bəndinə əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Plenum qərarının 1.4-cü bəndinə əsasən lazimi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarın 6.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Qeyd olunan Qərarda nəzərdə tutulan halların araşdırılması üçün məhkəmə tərəfindən aşağıda sadalanan sübutlara istinad edilmişdir: -İddia ərizəsinə əlavə edilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxxx 1957-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuşdur. -İddia ərizəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 19 aprel 2022-ci il tarixli, 3/548 nömrəli arxiv arayışından görünür ki, həmin arayış Ərizəçi ondan ötəri verilmişdir ki, Naxçıvan Avtonəqliyyat müsəssisəsində işləmiş və 2000-ci ilin mart ayından 2006-cı ilin dekabr ayınadək müxtəlif məbləğlərdə əmək haqqı almışdır. Həmin arayışda qeyd olunmuşdur ki, 2000-2006-cı illərə dair əməkhaqqı cədvəllərində ata adı Nağı yazılmışdır. -İddia ərizəsinə əlavə edilmiş 02416 nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 1975-ci ildə əmək fəaliyyətinə başlamış, 05 mart 2000-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikası Naxçıvan MR Tikinti Quraşdırma Dövlət Şirkətinin Naxçıvan Tikinti Quraşdırmanın Mexanizasiya və Avtonəqliyyat müəssisəsində ekskavatorçu vəzifəsinə qəbul edilmiş, 11 fevral 2013-cü il tarixli 22 nömrəli əmrə əsasən həmin müəssisədən işdən azad edilmiş, 15 fevral 2013-cü il tarixli, 04 nömrəli əmrə əsasən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsində ekskavatorçu vəzifəsinə qəbul edilmiş, 01 aprel 2022-ci il tarixli, 19 nömrəli əmrə əsasən Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işdən azad edilmiş və idarə ilə olan əmək müqaviləsinə xitam verilmişdir. -İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X6 Şəxsin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş 02/1193 nömrəli məktubda ərizəçiyə idarəyə daxil olmuş ərizəsinin pensiya təminat şöbəsi tərəfindən nəzarət qaydasında araşdırıldığı, xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrü əhatə edən Naxçıvan Muxtar Respublikası Dövlət Arxivindən verilmiş 13/548 nömrəli əmək haqqı arayışında ata adının Nurəddin əvəzinə Nağı olaraq qeyd edildiyi üçün həmin dövrləri sığorta stajına daxil etməyin mümkün olmadığı qeyd edilmişdir. -İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəməyə göndərilmiş Naxçıvan Mexanizasiya və Avtonəqliyyat müəsissəsinin Əmək haqqının hesablanmasının uçotu kitabından və əmək haqqının hesablanmasının qeydiyyatı kitabından çıxarışlardan görünür ki, 2000-2006-cı illər ərzində Naxçıvan Mexanizasiya və Avtonəqliyyat müəssisəsində ekskavatorçu vəzifəsində yalnız Ərizəçi adlı bir nəfər şəxs işləmişdir, həmin şəxsin ata adı qismində Nağı qeyd edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Beləliklə, iş materiallarından görünür ki, ərizəçiyə verilmiş arxiv arayışında ərizəçinin adı düzgün yazılmamış, ona görə də ərizəçinin 2000-2006-cı illərə dair iş stajının pensiya təyin edilərkən nəzərə alınmasından imtina edilmiş, həmin səhvin hal-hazırda aradan qaldırılması mümkün deyil və bu səbəbdən ərizəçi pensiya təyin edilməsi üçün 2000-2006-cı illərə dair iş stajının nəzərə alınmasını həyata keçirə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6.3-cü bəndinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 13/548 nömrəli, xx.xx.2022-ci il tarixli arxiv arayışının xx xxxxx 1957-ci ildə Rusiya Federasiyasında doğulmuş Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-762/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-762/2022
06.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver