Məhkəmə qərarları › İş №2(078)-773/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-773/2021

07.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-773/2021 07.09.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məşədi qızına qarşı miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair iddia ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məşədi qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20 noyabr 1967-ci il tarixdə vəfat etmiş atası X2 miras qalmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, atası X13 anası X7 ilə evlənmişdir. Onların evliliklərindən altı övladları doğulmuşdur. Atası 20 iyun 1967-ci ildə, anası 13 yanvar 1998-ci ildə vəfat etmişlər. Bacı-qardaşlarından hazırda o, Cavabdeh1 və Cavabdeh2 sağdırlar. X1, X18 və X19 vəfat etmişlər. Qardaşlarının hər üçün hələ sağlıqlarında köçüb Bakı şəhərində getmiş, orada yaşamış və orada da vəfat etmişlər. Onların övladları Bakı şəhərində və xarici ölkələrdə yaşayır. Digər bacısı Həqiqət hazırda Sumqayıt şəhərində yaşayır. Şəfiqə isə Naxçıvanda yaşayır. Hər ikisi çox yaşlıdırlar, biri 1924-cü ildə, digəri 1928-ci ildə doğulmuşdur. X31 ünvan 1 ünvanında evi vardır. Ev çox köhnə olduğundan hazırda uçuq-sökük vəziyyətdədir. 1960-cı illərdə atası həmin evi əldə etmişdir. Uzun illər atasının vəfatından sonra anası həmin evdə yaşamış, digər bacı-qardaşları Bakı şəhərində yaşadıqlarından özü anasına baxmış, ona qulluq etmişdir. Hələ anası sağlığında evi adına keçirilməsini təkid etsə də, vaxt olmadığı üçün sənədləşmə aparmamışdır. Anasının vəfatından sonra ev baxımsız qalmasın deyə qonşuya nəzarət etməsi üçün tapşırmışdır. Daha sonra ev çox köhnə olduğu üçün uçmuş, sadəcə iki otaq qalmış və qonşu hin kimi həmin otaqları istifadə edib toyuqlarını saxlamışdır. Qardaşlarının vəfatından sonra bacıları ona evi sənədləşdirməyi təkid etmişdirlər. Daşınmaz əmlakın sənədini çıxaran zaman Komitənin nümayəndələri ölçü aparan zaman evin uçmasını görmüş və buna görə də sadəcə torpaq sahəsinə dair qeydiyyat sənədi vermişlər. Torpaq sahəsi 3 sota yaxındır. Özünün xəstə nəvəsi vardır və arada nəvəsinə baxmaq üçün Bakı şəhərinə getməli olur. Uzun illər sonra atasından qalan mirasını qəbul edərək buna görə şəhadətnamə verilməsi üçün notariat orqanına müraciət etmişdir. Lakin uzun müddət keçdiyi üçün ona şəhadətnamə verilməsindən imina edilmişdir. Bacıları notariat qaydasında ərizə verərək mirası qəbul etmədiklərini və onun xeyrinə mirasdan imtina etdiklərini bildirmişlər. iddiaçı H.Qasımov sonda qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək izahatında iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında işə baxılan zaman cavabdehlər Cavabdeh1 və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid X24 ifadəsində bildirmişdir ki, mərhum Əli Abdullayevlə qonşu olmuşdur. Əli Abdullayev arvadı Şaman xanımla miras əmlakda yaşamışdır. Onların üç qızı və üç oğlu olmuşdur. Uşaqlığını hazırki miras evdə keçirmişdir. Əli əminin oğlanları vəfat etmişdir. Qızlarında Rəfiqə tez-tez valideynlərinə baş çəkmişdir. Əli əmi vəfat etdikdən sonra Şaman xala miras evdə yaşamışdır. Ona Rəfiqə qulluq etmişdir. Şaman xalanın vəfatından sonra həyətin açarı Rəfiqə xanımda olmuşdur. Rəfiqə xanım açarı həyət sahibsiz qalmasın deyə qonşuya vermişdir. Evin çox hissəsi uçubdur, iki otağında hazırda qonşu hin olaraq toyuq saxlayır. Bildikləri bundan ibarətdir. Məhkəmə baxışı iclasında şahid X29 ifadəsində bildirmişdir ki, mərhum Əli Abdullayevlə qonşu olmuşdur. Əli Abdullayev arvadı Şaman xanımla ölənə qədər miras əmlakda yaşamışdır. Əvvəllər evin quruluşu başqa cür olmuşdur. Sonradan Şaman xala vəfat etdikdən sonra könhə tikili olduğundan uçmuş və yararsız hala düşmüşdür. Əli əminin oğlanları vəfat etmişdir. Qızlarında Rəfiqəni tez-tez miras evdə görmüşdür. Rəfiqə mirası sahibsiz qoymamışdır, tez-tez həyətə baş çəkmişdir. Rəfiqə xanım açarı həyət sahibsiz qalmasın deyə ona vermişdir. Evin çox hissəsi uçubdur, iki otağında hin olaraq toyuq saxlamışdır. Bildikləri bundan ibarətdir. Məhkəmə baxışı iclasında şahid X21 ifadəsində bildirmişdir ki, mərhum Əli Abdullayevlə qonşu olmuşdur. Ailəni yaxından tanıyır və Əli əminin oğlanları ilə vaxtını çox keçirtmişdir. Şaman xala vəfat etdikdən sonra uşaqlardan heç kim həyətə baxmamışdır. Sadəcə Rəfiqə həmin həyətə tez-tez baş çəkmişdir. Bildikləri bundan ibarətdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, iddiaçının, onun vəkili və nümayəndəsinin izahatını, şahidlərin ifadələrini, iş materiallarına olan sənədlərlə əlaqəli şəkildə tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş Arayışdan aydın olur ki, 1936-1968-ci illərə dair Naxçıvan şəhər Qeydiyyat Şöbəsinin arxivində X5 nikah akt qeydi tapılmamışdır. 06.12.1967-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən məlum olmuşdur ki, 1880-ci il təvəllüdlü X13 06 dekabr 1967-ci ildə ürək çatışmazlığı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir. İş materiallarında olan 10.03.1998-ci il tarixli mərhum X8 adına verilmiş arayışdan aydın olur ki, o ünvan 2 ünvanında yaşamış və 13.01.1998-ci ildə vəfat etmişdir. Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən 20 iyul 1999-cu il il tarixdə verilmiş AZ-İİ №158230 ölüm haqqında şəhadətnamənin surətindən məlum olmuşdur ki, X3 02 may 1999-cu il tarixində baş beyin toxumasına qansızma diaqnozu ilə Quba rayonunda vəfat etmiş və bu barədə həmin tarixdə 517 nömrəli akt qeydi icra edilmişdir. Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən 08 sentyabr 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 878103 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən məlum olmuşdur ki, X17 06 oktyabr 2010-cu il tarixdə vəfat etmiş və bu barədə 08.10.2014-cü il tarixdə 949 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən verilmiş 10 sentyabr 2002-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən məlum olmuşdur ki, Abdullayev Nadir M.Əli oölu 27 iyun 2002-ci ildə kəskin miokard infarktı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə 10 sentyabr 2002-ci il tarixdə 292 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 15 mart 2021-ci il tarixli 01/1686 nömrəli arayışdan aydın olur ki, mərhum Abdullayev M.X16 şəhəri, Firdovsi küçəsi ev 2 ünvanında qeydiyyatda olub və onun aşağıdakı vərəsələri vardır. -X9-həyat yoldaşı-vəfat edib; -X14-qızı-1928; -X10-qızı-1924; -X17-oğlu-vəfat edib; -X19-oğlu-vəfat edib; -İddiaçı-qızı-1943 -X18-oğlu-vəfat edib. Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 27 avqust 2021-ci il tarixli 02/503 nömrəli arayışdan aydın olur ki, X13 ilə X4 nikahı, X14, X10, X17, X19, X11 doğum haqqında akt qeydləri Naxçıvan şəhər Qeydiyyat Şöbəsinin arxivində tapılmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, İddiaçı xx xxxxxx 1943-cü ildə Naxçıvan şəhərində doğulmuşdur, atası X13, anası X6r. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən 19 may 2021-ci il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli “Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən məlum olmuşdur ki, ünvan 5 ünvanında yerləşən 0.028 ha olan torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 16/25 nömrəli reyestr kitabının 4677 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan MR Ədliyyə Nazirliyi Naxçıvan şəhər 1 nömrəli Notariat Ofisinin notariusu tərəfindən İddiaçı vəkili Vəkil 15 mart 2021-ci il tarixli məktubuna 15 mart 2021-ci il tarixdə verilmiş 57 nömrəli cavab məktubundan məlum olur ki, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət buraxıldığından iddiaçıya aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Cavabdeh2 tərəfindən verilmiş 03 iyun 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən aydın olur ki, 06.12.1967-ci il tarixdə vəfat etmiş atası X5 ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmaraq miras qalmış bütün əmlaklardan ona çatan payı qəbul etməmişdir, etmir və etmək niyyətində deyil. Payından imtina edir və adının vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmir, gələcəkdə əmlaka dair heç bir şikayət və tələbi olmayacaqdır. İş materiallarında olan Cavabdeh1 əvəzinə nümayəndə X22 tərəfindən verilmiş 03 iyun 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən aydın olur ki, 06.12.1967-ci il tarixdə vəfat etmiş atası X5 ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmaraq miras qalmış bütün əmlaklardan ona çatan payı qəbul etməmişdir, etmir və etmək niyyətində deyil. Payından imtina edir və adının vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmir, gələcəkdə əmlaka dair heç bir şikayət və tələbi olmayacaqdır. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki qanunvericilikdə vərəsəliyin açılması anı miras qoyan şəxsin ölümü ilə şərtləndirilmişdir. Miras qoyan X13 06 dekabr 1967-ci ildə vəfat etmişdir. Belə olan halda hazırki tələbə hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan qanun-yəni 11 sentyabr 1964-cü ildən 01 sentyabr 2000-ci ilə qədər qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının qüvvədən düşmüş Mülki Məcəlləsinin 527-ci maddəsinə görə vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə görə vərəsəlik miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 529-cu maddəsinə görə miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu vərəsəliyin açıldığı yer sayılır. Həmin Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirası yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Maddənin məzmunundan da göründüyü kimi qüvvədən düşmüş Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: formal və qeyri-formal üsulunu. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur. 1.Miras əmlaka sahiblik etmək üsulu. 2.Miras əmlakı faktiki idarə etmək üsulu. Miras əmlaka faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirib və ona sahib durur, onun üzərində fiziki “ağalıq edir”. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakın faktiki idarə edilməsi dedikdə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımi vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək və s. İş üzrə dindirilmiş şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, İddiaçı miras əmlakı X31 vəfatından sonra faktiki olaraq idarə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, X2 miras qalan Naxçıvan şəhəri, Firdovsi döngə 2, ev 4də yerləşən torpaq sahəsinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. X2 qalan Naxçıvan şəhəri, Firdovsi döngə 2, ev 4-də yerləşən 0.028 ha ölçüdə olan torpaq sahəsindən ibarət olan mirasın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar