Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-781/2020 12.11.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mirasdan məcburi pay almaq hüququndan məhrum etmə tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladı Cavabdeh övladlıq borcunu vicdanla yerinə yetirmədiyinə, bacı-qardaşına qarşı kobud rəftarına, ailə üzvlərini daim təhqir və təhdid etdiyinə görə xüsusi mülkiyyət hüquqlu Naxçıvan şəhəri, 2-ci məhəllə, ev 29-dan məcburi pay almaq hüququndan məhrum edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları bundan ibarətdir ki, iddiaçı və cavabdeh anaoğul münasibətlərindədir. Naxçıvan şəhəri 2-ci məhəllədə yerləşən üç otaq, ümumi sahəsi 125.4 kvadrat metr, o cümlədən, yaşayış sahəsi 47.4 kvadrat metr olan 29 nömrəli yaşayış evi Naxçıvan şəhər XDS İK-nin 526 nömrəli xx xxxxxxx 1988-ci il tarixli Qərarına əsasən İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı X4 ilə xx xxxxxx 2009-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçmişdir. X4 xx xxxxxx 2013-cü il tarixdə mədəcik fabriliyasiyası diaqnozu ilə vəfat etmişdir. İddiaçı ailə üzvləri 1975-ci il təvəllüdlü Cavabdeh Yaqub oğlu, 1980-ci il təvəllüdlü Cavabdeh və 1978-ci il təvəllüdlü X1r. İş üzrə İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, iki dəfə ailə həyatı qurmuş, birinci evliliyindən Şahin adlı oğlu, ikinci evliliyindən Ramin və Lalə adlı övladları vardır. Hazırda mülkiyyətində olan evi növbə yazılaraq torpaq alıb min bir əziyyətlə tikib yaşamışdır. Övladlarını həmin evdə böyütmüşdür. Mərhum əri ailəsinə baxıb onların qayğısına qalmamışdır. Bütün çətinlikləri o və böyük oğlu Şahin çəkmişdir. Mərhum əri Şahini yola vermədiyindən anası özünün bir otaqlı evini ona vermişdir. Lakin Şahin həmin evini satmaq məcburiyyətində qalmışdır. Şahin onun qayğısına qalan övlad olmuşdur. Bakı şəhərində kirayə yaşamasına baxmayaraq hər dəfə gəlib ona yaşamaq üçün şərait düzəltmiş, çətinlik çəkməsini istəməmişdir. Lakin digər övladı Ramin evləndikdən sonra ona bir valideyn olaraq baxmamış, heç bir qayğısı ilə maraqlanmamışdır. Dəfələrlə gəlini ilə söz-söhbət olmuş, lakin Ramin həmişə arvadının sözünü demişdir. Ərinin vəfatından sonra Raminə və ailəsinə evin bir otağını vermiş, sənədləşmə olmasa da həmin yerdə özlərinə şərait qurub yaşamışlar. Lakin yenə də onu yola verməmişdir. Məcbur qalıb oğlunu və gəlinini evdən çıxarmaq üçün iddia qaldırmışdır. Lakin məhkəmə gəlini evdən çıxarsa da oğlunun yaşayış hüququ olduğundan evdən çıxarmamışdır. Ondan sonra Ramin ailəsini də götürüb qayınatasının evində yaşamağa başlamışdır. 2015-ci ildən övladı Raminlə birlikdə yaşamır. Qızı Lalə 15 ildən artıq ailə həyatı qurub Lənkəranda yaşamışdır. Son vaxtlar nikahı pozulmuş və uşaqları ilə birlikdə onun yanında yaşayır. Anası da onunla yaşamışdır. Onun vəfatında Ramin yad kimi yas mərasimində iştirak etmişdir. Oğlu Ramin dəfələrlə onu təhqir etmişdir, onun səs yazıları telefonunda vardır. Oradan da görünür ki, oğlu ona hətta “it” sözü də demişdir. Belə bir övladı nə övlad olaraq qəbul edir, nə də gələcəkdə onun mirasından ona hər hansı pay çatmasına razılıq vermir. Oğlundan evin pasport qeydiyyatından çıxması ilə bağlı söhbəti olanda ona bildirmişdir ki, 15000 (on beş min) manat pul versin və evdən çıxsın. Onun oğluna verəcək heç bir pulu yoxdur. Nə evin düzəlməsində oğlunun heç bir əziyyəti olmayıbdır, nə də bir valideyn olaraq ona heç bir qayğı hörmət qoymayıbdır. Ona görə də iddianın təmin edilməklə cavabdehə çatacaq olan məcburi pay hüququndan onun məhrum edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə baxışı iclasında verdiyi izahatında iddianı qəbul etmədiyini, onun beş ildən artıqdır ki, ailəsi ilə birlikdə anasından ayrı yaşadığını, anasının onun arvadını və özünü mənzildən çıxarması ilə bağlı iddia qaldırdığını, lakin məhkəmənin ona və uşaqlarına yaşayış hüququ verdiyini, arvadını mənzildən məcburi çıxartdığına görə özü də uşaqlarla birgə evdən çıxdığını, üç uşaq olduqlarını, onun və bacısının doğma, Şahinin ögey olduğunu, ana bir ata ayrı olduğunu, hələ uşaqlıqdan işləyib ailəsinə kömək etmək üçün hər şey etdiyini, anası ilə arvadının yola getmədiyini, əvvəl evin bir otağını bölüb ona verdiyini, oranı təmir etdirib yaşadığını, 1000 (bir min) manatdan artıq xərc qoyduğunu, o evdən çıxdıqdan sonra anasının həmin otağa kirayə qoyduğunu, özünün isə kirayə yaşadığını, onun anasından pul tələb etmədiyini, onlara hər cür hörmət etdiyini, lakin nə anasının, nə bacısının bunu qiymətləndirmədiyini bildirib digər övladlar kimi onun da miras haqqı olduğunu nəzərə alıb iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh vəkili X5 iddianı qəbul etməyərək məhkəmə baxışı iclasında iddianın əsassız olduğunu, iddiaçının cavabdehi məcburi paydan məhrum etmək üçün bildirdiyi halları sübuta yetirə bilmədiyini, bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarı olduğunu, məcburi paydan məhrumetmənin vərəsəlik hüququnun məhrum etmə hallarının yəni ləyaqətsiz vərəsə hesab edilmə hallarının mövcud olduğu halda mümkün ola biləcəyini, həmin halların mülki qanunvericilikdə aydın göstərildiyini, cavabdehin iddiaçıya qarşı onun son iradə ifadəsinə mane olmaq üçün hər hansı cinayət əməli törətmədiyini, iddiaçıya qarşı əxlaqsız hər hansı hərəkət etmədiyini bildirib bu halların nəzərə alınmaqla iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkmədən xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində ifadə verən X3 ifadəsində iddiaçının anası, cavabdehin qardaşı olduğunu, cavabdehlə heç bir əlaqəsinin olmadığını, uzun müddət əvvəl ailə qurub Lənkəranda yaşadığını, cavabdehin anası ilə birlikdə anasının adına olan evdə yaşadıqlarını, o Lənkəranda ailəli olduğu müddətdə cavabdehin bir dəfə də onunla maraqlanmadığını, Naxçıvana yay tətili üçün gələndə cavabdehlə qarşılaşdığını, cavabdehin üzünü ondan döndərib getdiyini, qızını da cavabdehin görüb danışdırmadığını, bu halların ona və qızına pis təsir etdiyini, qonşuda onu görəndə başqalarını çağırıb nə isə dediyini, hər kəsin içərisində onu danışdırmadığını, cavabdeh öz qardaşı olsa da digər qardaşı Şahindən daha yaxın daha yaxşı münasibət gördüyünü, Şahini doğma qardaşı bildiyini, cavabdehin dəfələrlə onu və anasını təhqir etdiyini, səs yazılarının da telefonda qaldığını, özünün qızları ilə birlikdə anasının evində yaşadığını, tibb bacısı işlədiyini, kredit götürüb borc xərclə evi düzəltdirdiyini, qardaşı Şahinin də kömək etdiyini, cavabdehin isə onlara heç bir köməyi olmadığını, onun həmin evdə haqqı olmadığını bildirdi. Məhkəmənin qiymətləndirməsi: Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsidir. Həmin maddəyə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələrarasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən əmlak hüquq (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi şəxsi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2011-ci il tarixli Qərarına görə vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarında mirasda məcburi pay hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən mirasda məcburi pay sosial-iqtisadi və əxlaqi yükü olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Azərbaycan Respublikasının mülki qanunvericiliyi vərəsəlik hüququnda sosial ədalət prinsipindən çıxış edərək, dövlətlə fərd arasında münasibətləri, gender əlaqələrini, gənclə ahıl insan, sabit ailə və digər münasibətləri tarazlayaraq hüquq münasibətlərinin iştirakçısı olan müəyyən kateqoriyalı imtiyazlı şəxslərə (uşaqlar, qadınlar, fiziki qüsurlu insanlar) digərləri ilə nisbətdə bərabər hüquqi imkanlar yaradır. Mirasda məcburi pay hüququ olan şəxslərin dairəsi Mülki Məcəllənin 1193-cü maddəsində məhdud qaydada göstərilmişdir. Həmin maddəyə müvafiq olaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Məcburi pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil edir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə hər bir şəxs vəsiyyətnamə əsasında öz vərəsələrini mirasdan məhrum edə bilər. Mülki Məcəllənin 1176-cı maddəsində müəyyən olunmuş qaydaya görə vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Qeyd edilməlidir ki, vəsiyyət edənin qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi və bunu əsaslandırmağa borclu olmaması vəsiyyət azadlığı prinsipinə əsaslanır. Mülkiyyətçinin vəsiyyətnaməni hələ öz sağlığında qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib etməsi və vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi vəsiyyət edənin öz mülkiyyəti üzərində sərəncam vermək hüququnu təmin edən amillərdən biridir. Lakin vəsiyyətnamə ilə mirasdan məhrumetmə məcburi pay hüququ olan şəxslərə şamil edilmir. Belə ki, mülki qanunvericilik məcburi pay almaq hüququndan məhrumetmənin yalnız məhkəmə qərarı əsasında həyata keçirilməsini nəzərdə tutur. Qanunverici tərəfindən göstərilən norma ilə vəsiyyət edənə hələ öz sağlığında məhkəməyə müraciət edərək məcburi pay almaq hüququ olan şəxsləri bu hüquqdan məhrum etmək imkanının verilməsi vəsiyyət edənin öz mülkiyyəti üzərində sərəncam vermək hüququ ilə vərəsəlik hüququnda sosial ədalət prinsipi arasında tarazlığın yaranmasına xidmət edir. Mülki Məcəllənin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Göründüyü kimi, məcburi pay almaq hüququndan məhrumetmə, ümumi qaydada vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallarda həyata keçirilə bilər. Vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Mülki Məcəllənin 1203.1-ci maddəsinin vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İddia ərizəsindən, iş üzrə tərəflərin izahatlarından, şahidin ifadəsindən aydın olur ki, iş materiallarında iddianın uğurlu olması üçün hər hansı əsas yoxdur. Belə ki, toplanmış materiallar cavabdehin öz anasının-iddiaçının sağlığında son iradəsinə qarşı, həmçinin onun özünə qarşı hər hansı cinayət və ya əxlaqsız hərəkətlər etməsini sübuta yetirmir. Bu halların mövcudluğuna dair iddiaçı konkret və mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddiaçı Cavabdeh qarşı mirasdan məcburi pay almaq hüququndan məhrum etmə tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-781/2020
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-781/2020
12.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver