Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-786/2024 07.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil1, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi, ödənilmiş pulun qaytarılması, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ilə aralarında 05 yanvar 2023- cü il tarixdə Bakı şəhəri 43 salı notariat ofisində bağlanmış ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehə ödədiyi 10000 (on min) manat məbləğində pulun cavabdehdən alınıb ona qaytarılması, cavabdehdən onun xeyrinə 3000 (üç min) manat maddi və 5000 (beş min) manat mənəvi zərərin, habelə ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş dələduzluq cinayəti tərkibinin olmasını nəzərə alaraq bu barədə xüsusi qərardad çıxarmaqla, cinayətin törədildiyi yer üzrə prokurora xəbər verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri 43 saylı Notairat Ofisi cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində məhkəməyə cəlb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 05 yanvar 2023-cü il tarixdə Bakı şəhəri 43 salı notariat ofisində onunla Cavabdeh ilə arasında ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndində qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 1141/1 nömrəli sərəncamına əsasən satıcı Cavabdeh, ona Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində yerləşən, sahibkarlıq fəaliyyəti tikintisi üçün ayrılmış ümumi sahəsi 300 kv.m torpaq sahəsini özəlləşdirməyi, həbsdə və girovda olmaması barədə arayış aldıqdan sonra alıcı İddiaçı 40000 (qırx min) manata satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək bu müqaviləni bağladılar. Həmin Müqavilənin 2-ci bəndində isə göstərilmişdir ki, satılacaq torpaq sahəsi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 1141/1 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində yerləşən, sahibkarlıq fəaliyyəti tikintisi üçün ayrılmış, ümumi sahəsi 300 kv.m torpaq sahəsi Cavabdeh ayrılmışdır. Müqavilənin 3-cü bəndində qeyd edilmişdir ki, Cavabdeh satılacaq topaq sahəsini 40000 (qırx min) manata qiymətləndirir və gələcəkdə həmin qiymətə Alıcı İddiaçı ilə alqı-satqı müqaviləsi bağlayaraq satmağı öhdəsinə götürür. Alıcı İddiaçı isə torpaq sahəsini gələcəkdə 40000 (qırx min) manata almağı öhdəsinə götürür. Alıcı İddiaçı 10000 (on min) manatını notariusun depozit hesabı vasitəsi ilə satıcıya ödədi, satıcı isə həmin məbləği aldı. Qalan 30000 (otuz min) manat pul vəsaitini xx.xx.2023-cü il tarixdə ödəməyi öhdəsinə götürür. Müqavilənin 6-cı bəndinə əsasən bu Müqavilə üzrə öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində tərəflərdən hər- hansı birinə dəymiş zərərin əvəzinin ödənilməsi vəzifəsi təqsirli tərəfin üzərinə düşür. Müqavilənin 7-ci bəndində qeyd edilmişdir ki, tərəflər arasında mübahisələr qarşılıqlı razılıq əsasında, belə razılıq olmadıqda qanunvericiliklə nəzərdə tutulmuş qaydada həll edilir. Lakin cavabdehə 10000 (on min) manat pul vəsaitini ödədikdən sonra ona məlum olmuşdur ki, Cavabdeh ilkin müqavilə üzrə satdığı torpaq sahəsinin ona məxsus olmadığını bildiyi halda, onunla həmin torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlamaq yolu ilə onu aldadaraq 10.000 (on min) manat pulunu ələ keçirmişdir. Baxmayaraq ki, Cavabdeh satdığı 300 kv.metr torpaq sahəsinin ona məxsus olmamasını hələ 29 noyabr 2022-ci il tarixdə bilirmişdir. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində X2 qarşı həmin 300 kv.m torpaq sahəsi ilə bağlı «Torpaq sahəsindən çıxarılma, hasarın cavabdehin vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq qanuni sahibliyə qaytarılması tələbi»nə dair iddia qaldırmış və məhkəmə baxışında məhkəmə ekspertizası təyin edilərək rəy alınmışdır. İş üzrə alınmış Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyində göstərilmişdir ki, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 1141/1 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində ayrılmış 300 kv.metr torpaq sahəsinin yerləşmə sxemində miqyas, koordinat və hər-hansı bir istinad nöqtəsindən məsafə olmaması səbəbindən həmin torpaq sahəsinin hər-hansı hissəsinin cavabdeh X5 tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək mümkün olmamaşdır. Lakin Cavabdeh və onun vəkili X6 ekspertizanın nəticəsi ilə razılaşmadıqlarından, onların vəsatəti əsasında iş üzrə təkrar məhkəmə ekspertizası təyin edilərək rəy alınmışdır. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5506 nömrəli rəyinə əsasən tədqiqat zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 1141/1 nömrəli sərəncamı ilə Binəqədi qəsəbə ərazindən Cavabdeh mülkiyyətinə ayrılmış 300 kv.metr torpaq sahəsinin təqdim olunmuş cizgisi miqyassız, koordinatsız, hər-hansı istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən və eyni zamanda Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 360 saylı qərarı ilə Binəqədi-Biləcəri şossesinin sağ tərəfindən X2 ayrılmış 600 kv.metr torpaq sahəsinin hüquqmüəyyənedici və texniki sənədləri təqdim olunmadığından üst- üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Lakin tərəflərin naturada göstərdikləri, iddiaçının istifadəsində olan hasara alınmış 351 kv.metr torpaq sahəsi ilə cavabdehin istifadəsində olan hasara alınmış 663 kv.metr torpaq sahəsinin döngə nöqtələrinin təyin olunmuş koordinatlarına əsasən üst-üstə düşmə faktı qeydə alınmamışdır. Cavabdeh istifadəsində olan hasara alınmış 351 kv.metr torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən dövlət mülkiyyətində olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisinin («X8» Şirkətinin kontrakt ərazisinin) hüdudları daxilində yerləşir. Beləliklə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi qeyd edilənlərə əsaslanıb 29 noyabr 2022-ci il tarixli 2(001)-341/2022 nömrəli qətnaməsi ilə iddianı rədd etmişdir. Cavabdeh və X1 Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(001)-341/2022 nömrəli qətnaməsi ilə razılaşaraq, onu apellyasiya qaydasında mübahisələndirmədiklərindən həmin qətnamə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, Cavabdeh ilə aralarında 05 yanvar 2023-cü il tarixdə Bakı şəhəri 43 salı notariat ofisində, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 1141/1 nömrəli sərəncamı ilə ona Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində ayrılmış 300 kv.m torpaq sahəsinin alqı- satqısına dair ilkin alqı-satqı müqaviləsi bu Müqaviləyə haqq qazandıran qanuni əsas olmadan bağlanmışdır, yəni Cavabdeh hər-hansı hüquqla mənsub olmadığı və dövlət mülkiyyətində olan torpaq sahəsinə dair onunla qanunsuz müqavilə bağlayaraq 10000 (on min) manat pul vəsaitini ələ keçirməklə əsassız varlanmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş nümayəndə və vəkil vasitəsilə məhkəmədə təmsil olunmuşdur. Məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş nümayəndə və vəkil vasitəsilə məhkəmədə təmsil olunmuşdur. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil2 verdiyi izahatında bildirmişdir ki, təmsil etdiyi şəxs iddianı qəbul etmir. Belə ki, müqavilə əsasında beh verilib. Lakin bu işin perspektivi olmadığını düşünür. İddiaçı hər hansı yolla torpağı öz adına sənədləşdirməyə çalışıb. Bu alınmadıqda isə behlə yanaşı əsassız olaraq maddi və mənəvi ziyan tələb edir. Eyni zamanda iddiaçı tərəf cavabdehin hərəkətində cinayət tərkibinin olmasını əsas gətirərək onun barəsində xüsusi qərardad çıxarmaqla, cinayətin törədildiyi yer üzrə prokurora xəbər verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 04 dekabr 2023-cü il tarixli qərarı ilə Cavabdeh əməlində cinayət tərkibi olmadığından göstərilən xüsusatlar mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmişdir. İddianı qəbul etmir və rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 43 saylı Notairat Ofisinə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə gəlməmiş, 09 iyul 2024-cü il tarixdə notarius E.B.Qurbanov ərizə göndərərək işin çoxluğunu nəzərə alaraq nümayəndənin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 43 saylı Notairat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, həmin izahatları iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. İddiaçı ilə Cavabdeh arasında 05 yanvar 2023-cü il tarixdə Bakı şəhəri 43 salı notariat ofisində ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndində qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 1141/1 nömrəli sərəncamına əsasən satıcı Cavabdeh, xx.xx.2070-ci il tarixədək ona Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində yerləşən, sahibkarlıq fəaliyyəti tikintisi üçün ayrılmış ümumi sahəsi 300 kv.m torpaq sahəsini özəlləşdirməyi, həbsdə və girovda olmaması barədə arayış aldıqdan sonra alıcı İddiaçı 40000 (qırx min) manata satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək bu müqaviləni bağladılar. Həmin Müqavilənin 2-ci bəndində göstərilmişdir ki, satılacaq torpaq sahəsi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 1141/1 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində yerləşən, sahibkarlıq fəaliyyəti tikintisi üçün ayrılmış, ümumi sahəsi 300 kv.m torpaq sahəsi Cavabdeh ayrılmışdır. Müqavilənin 3-cü bəndində qeyd edilmişdir ki, Cavabdeh satılacaq topaq sahəsini 40000 (qırx min) manata qiymətləndirir və gələcəkdə həmin qiymətə Alıcı İddiaçı ilə alqı-satqı müqaviləsi bağlayaraq satmağı öhdəsinə götürür. Alıcı İddiaçı isə torpaq sahəsini gələcəkdə 40000 (qırx min) manata almağı öhdəsinə götürür. Alıcı İddiaçı 10000 (on min) manatını notariusun depozit hesabı vasitəsi ilə satıcıya ödədi, satıcı isə həmin məbləği aldı. Qalan 30000 (otuz min) manat pul vəsaitini xx.xx.2023-cü il tarixdə ödəməyi öhdəsinə götürür. Mülki işlə bağlı araşdırılma aparılması zərurəti yarandığından Naxçıvan Şəhər Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli məktubu ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə və Bakı İnzibati Məhkəməsinə sorğu verilmişdir. Verilmiş sorğuya cavab olaraq: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən göndərilmiş 29 noyabr 2022-ci il tarixli 2(001)-341/2022 saylı qətnaməsindən məlum olmuşdur ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh X2 qarşı torpaq sahəsindən çıxarılma, hasarın cavabdehin vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq qanuni sahibliyə qaytarılması tələbinə dair iddia ərizəsi rədd edilmiş, tərəflər qətnamədən apellyasiya şikayəti verilmədiyindən 06 yanvar 2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. Bakı İnzibati Məhkəməsi tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli, 2-1(112)- 14444/2022 saylı qərardadından məlum olmuşdur ki, həmin qərardadla iddiaçı “X9” şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinə qarşı (üçüncü şəxs Cavabdeh) “1141/1 saylı, 30 dekabr 2005-ci il tarixli Sərəncamın qanunsuzluğunun tanınması” tələbinə dair iddiası mümkün sayılmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1459/2023 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-14444/2022 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-14444/2022 saylı qərardadı xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarında qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Buna görə də məhkəmə qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(001)-341/2022 saylı qətnaməsi preyudisial əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.1-ci maddəsinə görə ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(001)-341/2022 saylı qətnaməsindən məlum olmuşdur ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh X2 qarşı torpaq sahəsindən çıxarılma, hasarın cavabdehin vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq qanuni sahibliyə qaytarılması tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Qətnamə ilə müəyyən olunur ki, iddiaçı Cavabdeh iddia etdiyi torpaq sahəsi dövlət mülkiyyəti olmaqla ARDNŞ-nin (X9” Şirkətinin hüdudları daxilində yerləşir. Hazırki vəziyyətdə iddiaçının mübahisələndirdiyi torpaq sahəsinə hər hansı hüququnun olmasını iş materiallarına əsasən müəyyən etmək mümkün deyil. Məhkəmə qətnaməsi 29 noyabr 2022-ci il tarixdə qəbul edilmiş, həmin qətnamədən apellyasiya şikayəti verilməmiş və qanuni qüvvəsini almışdır. Yəni İddiaçı ilə Cavabdeh 5 yanvar 2023-cü il tarixdə ilkin alqı-satqı müqaviləsi bağlayarkən cavabdeh onun müvafiq qətnamə əsasında sözügedən torpaq sahəsinin onun qanuni sahibliyində olmadığını, əksinə ARDNŞ-nin mülkiyyətində olmasını, yəni gələcəkdə həmin torpaq sahəsinin özəlləşdirilməsinin, həbsdə və girovda olmasına dair arayış alınmasının ona münasibətdə mümkün olmamasını bildiyi halda sözügedən müqaviləni bağlayaraq 10000 (on min) manat pul vəsaitini əldə edilmişdir. Məhkəmə tərəflərin izahatlarını, təqdim edilmiş sənədləri araşdırıb belə hesab edir ki, tərəflər arasında bağlanmış ilkin alqı-satqı müqaviləsi etibarsızdır. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh ilə aralarında 05 yanvar 2023- cü il tarixdə Bakı şəhəri 43 salı notariat ofisində bağlanmış ilkin alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və ödənilmiş 10000 (on min) manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır. Məhkəmə iddia tələbində göstərilən maddi və mənəvi zərərin ödənilməsi tələbini əsassız hesab edir və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. İddiaçı 3000 (üç min) manat maddi, 5000 (beş min) manat mənəvi zərər tələb edir. İddiaçının nümayəndəsi və vəkili maddi zərərin vurulmasını iddiaçı həmin pul məbləğini verdiyi vaxtdan keçən müddət ərzində adi mülki dövriyyədə əldə edəcəyi gəlirlə əlaqələndirmiş, hər hansı mötəbər sübut təqdim etməmişdir. Buna görə də iddiaçının maddi zərər çəkməsini təsdiq edən hər hansı mötəbər sübut olmadığından tələb əsassız hesab edilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 saylı 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hər bir şəxsin hüququ qanunla mühafizə edilir. Qanunla müdafiə edilən sağlamlıq və digər hüquqa edilən birbaşa və ya dolayısı ilə hüquqa zidd əməl nəticəsində zərər vuran təqsirli şəxs, həmin zərərin əvəzinin ödənilməsi üçün məsuliyyət daşıyır. Mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdır. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən, hər üç əlamətin birgə mövcud olması nəticəsində mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən dəymiş zərərin ödənilməsi tələb edilə bilər. Çünki delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmişdir. Həmçinin həmin Qərarda qeyd olunur ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri -əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan mənəvi zərərin ödənilməsi tələbi aşağıdakı şərtlər hamısı birlikdə mövcud olduqda əsaslı sayıla bilər: - iddiaçı fiziki və mənəvi sarsıntılar keçirməli; - bu sarsıntı cavabdehin iddiaçıya qarşı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli; - cavabdehin təqsiri müəyyən edilməlidir. Qeyd edilənləri sübut etmək vəzifəsini isə fiziki və ya mənəvi sarsıntı keçirməsini iddia edən şəxsin üzərinə düşür. Yuxarıda qeyd edilən şərtlərin mövcudluğunun yoxlanılması ilə bağlı məhkəmə qeyd edir ki, ilkin şərtin, yəni şəxsin fiziki və mənəvi sarsıntı keçirməsinin mövcud olması digər şərtlərin mövcudluğundan asılı olduğunu üçün ilk olaraq İddiaçı qarşı cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizlik edib-etməməsi müəyyən edilməlidir. Bu isə işin halları ilə öz təsdiqini tapır, yəni onunla ilkin alqı-satqı müqaviləsinin etibarsızlığı ilə sübuta yetirilir. İddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi şərtin yoxlanılmasına gəldikdə İddiaçı iddia tələbinin qeyd edilən hissəsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Göstərilən halları nəzərə alaraq məhkəmə iddiaçıya mənəvi zərərin vurulmasına dair hər hansı sübut təqdim edilmədiyindən həmin hissədə də tələbin rədd edilməsi nəticəsinə gəlir. Məhkəmə Cavabdeh əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsində nəzərdə tutulmuş dələduzluq cinayəti tərkibinin olmasını nəzərə alaraq bu barədə xüsusi qərardad çıxarmaqla, cinayətin törədildiyi yer üzrə prokurora xəbər verilməsi ilə bağlı iddia tələbinə münasibətdə məhkəmə tələbi əsassız hesab edir və qeyd edir ki, Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 04 dekabr 2023-cü il tarixli qərarından aydın olur ki, İddiaçı müraciəti əsasında Cavabdeh əməlində cinayət tərkibi olmadığından göstərilən xüsusatlar mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmişdir. Yəni iddia tələbində qeyd edilən ikinci bəndlə bağlı iddiaçı müvafiq polis orqanına müraciət etmiş və qərar qəbul edilmişdir. İddiaçı tərəfin həmin qərardan şikayət vermək hüququnu qanunvericilik tənzimləmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, İddiaçı ilə Cavabdeh arasında 05 yanvar 2023- cü il tarixdə Bakı şəhəri 43 salı notariat ofisində bağlanmış ilkin alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və ödənilmiş 10000 (on min) manat cavabdehdən alınıb iddiaçıya qaytarılmalı, iddia tələbi maddi və mənəvi zərərin ödənilməsi və cinayət tərkibi olması əsası ilə cavabdeh barəsində xüsusi qərardad çıxarmaqla cinayətin törədildiyi yer üzrə prokurora xəbər verilməsinə dair hissədə rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq belə hesab edir ki, İddiaçı tərəfindən "xxxx" ASC Bravo 4 filialına xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 120 manat və xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 24 manat olmaqla ümumilikdə 144 manat dövlət rüsumundan iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 120 (bir yüz iyirmi) manatı Cavabdeh alınaraq iddiaçıya qaytarılmalı, qalan hissədə iddiaçının özünə aid edilməlidir. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin olunsun. İddiaçı ilə Cavabdeh arasında 05 yanvar 2023-cü il tarixdə Bakı şəhəri 43 saylı notariat ofisində bağlanmış ilkin alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh 10000 (on min) manat pul alınaraq İddiaçı qaytarılsın. İddia tələbi maddi və mənəvi zərərin ödənilməsi və cavabdeh barəsində xüsusi qərardad çıxarmaqla cinayətin törədildiyi yer üzrə prokurora xəbər verilməsinə dair hissədə rədd edilsin. İddiaçı tərəfindən "xxxx" ASC Bravo 4 filialına xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 120 manat və xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 24 manat olmaqla ümumilikdə 144 manat dövlət rüsumundan iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 120 (bir yüz iyirmi) manatı Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qalan hissədə dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1(bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-786/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-786/2024
07.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver