Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-810/2021 24.08.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehlər Cavabdeh1, X1, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X4 ölümündən sonra Naxçıvan şəhəri, Tumbul kəndində yerləşən miras əmlakın onun tərəfindən qəbul edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, mərhum atası X7, anası Cavabdeh1 ilə 27 iyun 1969-cu il tarixində ailə həyatı qurublar. Həmin evlilikdən 6 övladları dünyaya gəlmişdir. Mərhum atası X7 05 mart 2018-ci il tarixdə vəfat etmişdir. Mərhum atası X4 ölümündən sonra Naxçıvan şəhəri, Tumbul kəndində yerləşən torpaq sahəsi və onun üzərindəki yaşayış evi miras qalmışdır. Mərhum atası X4 ölümündən sonra həmin mirasda faktiki olaraq anası Qətibə və iddiaçı ailə üzvləri ilə birlikdə yaşamışdır və hal-hazırda həmin mirasda yaşamaqla iddiaçı qəbul etmişdir. Bunu qonşuları da təsdiq edə bilər. Digər cavabdehlər bacı və qardaşları hərəsi öz evində yaşayırlar. Atasının ölümündən sonra həmin mülkdə yaşamadıqlarından mirası faktiki qəbul etməmişlər. Mərhum atası X4 vərəsələri həyat yoldaşı Cavabdeh1, qızı Cavabdeh2, oğlu X6, qızı Cavabdeh4, oğlu Cavabdeh5, oğlu Cavabdeh6 və oğlu İddiaçıdur. Mərhum atası X4 ölümündən həm əvvəl, həm də sonra yaşamaqla mirası faktiki olaraq iddiaçı qəbul etmişdir. İddiaçı 2021-ci il tarixində mərhum atası X4 adına olan Naxçıvan şəhəri, Tumbul kəndində yerləşən miras əmlakını adına keçirmək istəmişdir. İddiaçı bundan sonra Naxçıvan şəhər 1 saylı notariat ofisinə müraciət etmişdir. Digər vərəsələrin razılıq ərizələri tələb olunmuşdur. İddiaçı cavabdehlərlə əlaqə saxlasa da hərəsi bir bəhanə gətirmiş və bundan sonra 1 saylı notariat ofisi vərəsəlik şəhadətnaməsi verməkdən rəsmi olaraq imtina edərək məhkəməyə müraciət etməli olduğunu tövsiyə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh4 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş, 24 avqust 2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək ərizəsində ailə vəziyyəti ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilməyəcəyinə görə üzürlü sayılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Cavabdeh4 ərizəsini nəzərə alıb onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında mərhum atası X4 05 mart 2018-ci il tarixdə vəfat etdiyini, atası X4 ölümündən sonra Naxçıvan şəhəri, Tumbul kəndində yerləşən torpaq sahəsi və onun üzərindəki yaşayış evinin miras qaldığını, onun ölümündən sonra həmin mirasda faktiki olaraq anası Qətibə və ailə üzvləri ilə özü birlikdə özünün yaşadığını, bacı və qardaşlarının hərəsinin öz evində yaşadığını, atasının ölümündən sonra həmin mülkdə yaşamadıqlarından mirası faktiki qəbul etmədiklərini, mərhum atası X4 vərəsələrinin özü, Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 olduğunu, atası Firudinin adına olan Naxçıvan şəhəri, Tumbul kəndində yerləşən miras əmlakını adına keçirmək istədiyini, digər vərəsələrin razılıq ərizələrinin tələb olunduğunu, onların razılıq ərizəsi verməkdən imtina etdiklərini, buna görə də məcbur qalaraq məhkəməyə müraciət etdiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil izahatında hüquqlarını müdafiə etdiyi İddiaçı mərhum atası X4 05 mart 2018-ci il tarixdə vəfat etdiyini, onun ölümündən sonra Naxçıvan şəhəri, Tumbul kəndində yerləşən torpaq sahəsi və onun üzərindəki yaşayış evinin miras qaldığını, həmin mirası faktiki olaraq anası Cavabdeh1 və Raminin qəbul etdiyini, X4 digər vərəsələri Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 mirası notarial qaydada qəbul etmədiyini və orada yaşamadıqlarını, iddiaçının 2021-ci il tarixində mərhum atası X4 adına olan Naxçıvan şəhəri, Tumbul kəndində yerləşən miras əmlakını adına keçirmək istədiyini, onun bundan sonra Naxçıvan şəhər 1 saylı notariat ofisinə müraciət etdiyini, digər vərəsələrin razılıq ərizələri tələb olunduğunu, onların da razılıq vermədiklərini, buna görə də 1 saylı notariat ofisinin vərəsəlik şəhadətnaməsi verməkdən rəsmi olaraq imtina etdiyini, iddiaçıya məhkəməyə müraciət etməli olduğunun tövsiyə edildiyini bildirərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh1 izahatında mərhum həyat yoldaşı Firudinin 05 mart 2018-ci il tarixdə Tumbul kəndində öldüyünü, ərinin ölümündən sonra ondan miras qalmış evdə özü, oğlu Ramin və onun ailəsinin yaşadığını, mərhum həyat yoldaşı Firudinin hələ sağ ikən özünə məxsus olan torpağı və onun üzərinə yerləşən evi qızı Nərgizə vəsiyyət etdiyini, bu barədə vəsiyyətnamə də olduğunu, Raminin həmin evi miras kimi qəbul etməsinə etiraz etdiyini, Raminlə bir evdə yaşamaq istəmədiyini, Raminin həyat yoldaşı ilə yola getmədiyini bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh2 izahatında atası Firudinin ölümündən sonra ondan miras qalmış evdə anası Qətibə, qardaşı Ramin və onun ailəsinin yaşadığını, atası sağ ikən özünə məxsus olan torpağı və onun üzərində yerləşən evi ona vəsiyyət etdiyini, bu barədə notarial qaydada təsdiqlənmiş vəsiyyətnamə olduğunu, atasının ölümündən sonra atasından miras qalmış əmlakın qəbul edilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmədiyini və ya gəlib həmin miras əmlakda yaşamadığını, Türkiyə Respublikasında yaşadığından, sağlamlığı ilə əlaqədar problemləri olduğundan atasının vəsiyyətnamə üzrə ona vəsiyyət etdiyi miras əmlakı onun ölümündən sonra qəbul etmək üçün notariat orqanına müraciət edə bilmədiyini, qardaşının həmin miras əmlakda yaşamasına ilk başlarda etiraz etmədiyini, lakin son dövrlər Raminin anası Qətibə ilə yola getmədiyini, ona görə də Raminin həmin əmlakı miras kimi qəbul etməsinə razı olmadığını bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X6 izahatında atası Firudinin 05 mart 2018-ci il tarixdə Tumbul kəndində öldüyünü, onun ölümündən sonra ondan miras qalmış evdə anası Qətibə, qardaşı Ramin və onun ailəsinin yaşadığını, atasının ölümündən sonra özünün həmin evdə yaşamadığını, miras əmlakın qəbulu üçün notariat orqanına ərizə vermədiyini, anası ilə Raminin yola gedə bilmədiklərinə görə onun həmin evi miras kimi qəbul etməsinə razı olmadığını, həmin evdə övladların hamısının haqqı olduğunu bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 izahatında atası Firudinin ölümündən sonra ondan miras qalmış evdə anası Qətibə, qardaşı Ramin və onun ailəsinin yaşadığını, atasının ölümündən sonra özünün həmin evdə yaşamadığını, miras əmlakın qəbulu üçün notariat orqanına ərizə vermədiyini, həmin evin Raminin haqqı olduğunu, onun tərəfindən miras əmlakın qəbul olunduğunu bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.. Məhkəmə iclasında iştirak edən Cavabdeh6 izahatında atası Firudinin ölümündən sonra ondan miras qalmış evdə anası Qətibə, qardaşı Ramin və onun aliəsinin yaşadığını, atasının ölümündən sonra həmin evdə yaşamadığını, miras əmlakın qəbulu üçün notariat orqanına ərizə vermədiyini, Raminin anası Qətibə ilə yola getmədiyini, Raminin anasını incitdiyini, Raminin həmin evi miras kimi qəbul etməsinə razı olmadığını, həmin evdən özünün də payı olduğunu, həmin payını istədiyini bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh4 izahatında atası Firudinin ölümündən sonra ondan miras qalmış evdə anası Qətibə, qardaşı Ramin və onun aliəsinin yaşadığını, atasının ölümündən sonra həmin evdə yaşamadığını, atasıəndan qalan mirasın qəbulu üçün notariusa ərizə vermədiyini, həmin evdə övladların hamısının payı olduğunu, Raminin anası Qətibəni incitdiyinə görə onun ansası ilə birlikdə yaşamasını istəmədiklərini, Raminin həmin əmlakı miras kimi qəbul etməsinə razı olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində 36 ildir ki Qətibəgillə qonşu olduğunu, Qətibənin həyat yoldaşının 4 ildir ki, rəhmətə getdiyini, onun ölümündən sonra Qətibə və Qətibənin oğlu Raminin ailəsi ilə miras qalmış evdə yaşadıqlarını, Qətibənin həyat yoldaşının ölümündən sonra digər övladlarının orada yaşamadığını bildirdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyən məhkəmə müəyyən edir ki, mərhum X4 İddiaçı atası olması, miras qoyanın Cavabdeh1 ilə rəsmi nikah münasibətlərindən Cavabdeh2, X6, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və İddiaçı adlı uşaqlarının dünyaya gəlməsi, onların X4 vərəsələri olması, ünvan 1 ünvanında yerləşən 2802 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 153.22 kv.metr olan 2 otaqlı fərdi yaşayış evinin X4 mülkiyyətində olması, İddiaçı mərhum atası X2 qalmış miras əmlakın vərəsəlik yolu ilə ona çatan payı qəbul etmək barədə Naxçıvan şəhər 1 saylı Notariat Ofisinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün ərizə ilə müraciət etməsi, Naxçıvan şəhər 1 saylı Notariat Ofisi tərəfindən onun xahişinin təmin olunmaması mülki işin mübahisəsiz hallarıdır. Bunların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə edilmiş Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 aprel 2021-ci il tarixli, İ-İE seriyalı, 278385 nömrəli çıxarışdan X7 ilə X9 arasında 27 iyun 1969-cu il tarixdə nikah bağlanması və bu barədə nikah kitabının 07-ci səhifəsində qeydiyyatının aparılması; - iddia ərizəsinə əlavə edilmiş Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 aprel 2021-ci il tarixli, AZ-İ seriyalı, 496393 nömrəli çıxarışdan X4 05 mart 2018-ci ildə sümüklərin və oynaq qığırdaqlarının və digər bədxassəli törəməsi səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə 27 mart 2018-ci il tarixdə ölüm kitabının 100-cü səhifəsində qeydiyyatın aparılması; - iddia ərizəsinə əlavə edilmiş Babək qəsəbə XDSİ Komitəsi tərəfindən verilmiş 02 iyul 1979-cu il tarixli, Vİ-ЖГ seriyalı, 321200 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X7 və Cavabdeh1 birgə nikahından X7 adlı övladlarının olması; -iddia ərizəsinə əlavə edilmiş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 16 may 2021-ci il tarixli, 04/304 nömrəli məktubdan Naxçıvan MR daşınmaz əmlakın dövlət reyestrində X4 adına 22.08.2014-cü il tarixdə JN- 119A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında ünvan 2 ünvanında 2802 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 153.22 kv.metr olan 2 otaqlı fərdi yaşayış evinin qeydiyyata alınması; - iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti Tumbul kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 26 aprel 2021-ci il tarixli, 561 nömrəli arayışdan mərhum X4 həqiqətən 05.03.2018-ci ildə vəfat etməsi, vərəsələrinin arvadı 1956-cı il təvəllüdlü Cavabdeh1, qızı 1970-ci il təvəllüdlü Cavabdeh2, oğlu 1972-ci il təvəllüdlü X6, qızı 1971-cı il təvəllüdlü Cavabdeh4, oğlu 1973-cü il təvəllüdlü Cavabdeh5, oğlu 1976-cı il təvəllüdlü Cavabdeh6 və 1979-cu il təvəllüdlü İddiaçı olması; -iş materiallarına əlavə olunmuş 01 sentyabr 2014-cü il tarixli vəsiyyətnamədən Babək rayon Tumbul kəndində yaşayan X4 harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən gündə özünə məxsus olan bütün əmlakını, o cümlədən Tumbulda yerləşən yaşayış evini və torpaq sahəsi ilə birlikdə qızı Cavabdeh2 vəsiyyət etməsi aydın olur. İddiaçı mərhum X2 miras qalmış Naxçıvan şəhər, Tumbul kəndində yerləşən daşınmaz əmlakın sonuncunun ölümündən sonra özünün qəbul etməsi faktının müəyyən edilməsini tələb etməsi isə mülki işin mübahisəli halıdır. Məhkəmə mülki işin mübahisəli halının araşdırılması ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan X7 tərəfindən vəsiyyətnamə tərtib edildiyi müəyyən edilmişdir. 01 sentyabr 2014-cü il tarixli vəsiyyətnamədən məlum olur ki, X7 ölən gündə özünə məxsus olan bütün əmlakını, o cümlədən Tumbulda yerləşən yaşayış evini və torpaq sahəsi ilə birlikdə qızı Cavabdeh2 vəsiyyət etmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh2 vəsiyyətnamə ilə miras əmlakın vəsiyyət edilməsi, iddiaçı tərəfindən sözü gedən mirasın qəbulu faktının müəyyən edilməsini istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-ci maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinin tələbinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qeyd olunan normaların tələbindən də göründüyü kimi İddiaçı, Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 X4 qanun üzrə vərəsələridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” 18.07.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; -mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; -mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Məhkəmə iş üzə tərəflərin izahatlarını, şahid ifadəsini, mülki iş materiallarını bir-biri ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, İddiaçı mərhum X4 vəfatından sonra ondan qalmış miras əmlakı mərhumun öldüyü gündən faktiki cəhətdən ələ keçirməklə ona sahib durmuş, bununla da faktiki sahiblik etmək üsulu ilə mirası qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -İddia tələbi təmin edilməli; -05 mart 2018-ci il tarixdə ölən X2 miras qalmış ünvan 2 ünvanında yerləşən 2802 m2 torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 153.22 m2 olan 2 otaqlı fərdi yaşayış evinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli; -iddia təmin edildiyindən 10 (on) manat miqdarında dövlət rüsumu iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 05 mart 2018-ci il tarixdə ölən X2 miras qalmış ünvan 2 ünvanında yerləşən 2802 m2 torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 153.22 m2 olan 2 otaqlı fərdi yaşayış evinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. İddia təmin edildiyindən 10 (on) manat miqdarında dövlət rüsumu iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-810/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-810/2021
24.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver