Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-811/2021 18.08.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən е t d i: İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət edərək, mərhum X1nın mülkiyyətində olan Naxçıvan şəhər, Qaraçuq kəndində yerləşən miras qalmış daşınmaz əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, atası Mirəbdül Mirəsəd oğlu ilə X1 1965-ci ildə rəsmi nikah qeyd etdirmədən, faktiki nikah münasibətindən 2 övladları -xx xxx 1966-cı ildə İddiaçı və 15 iyul 1968-ci ildə Cavabdeh doğulmuşdur. X1 28 mart 2015-ci ildə vəfat etmişdir. Bacısı Leylan anasının vəfatından 17 il əvvəl türk vətəndaşı ilə evlənib Türkiyə Respublikasına gedərək orada yaşayır. 2015-ci ildə anasının vəfatından sonra onun mülkiyyətində olan miras qalmış, Naxçıvan şəhər, Qaraçuq kəndində yerləşən torpaq sahəsini və onun üzərində inşa edilmiş evi faktiki olaraq iddiaçı qəbul edib ailəsi ilə birlikdə orada yaşamış və əmlakı idarə etmişdir. Kommunal xərclərini, daşınmaz əmlakın icbari sığortasını və bələdiyyə ödənişləri iddiaçı və iddiaçının həyat yoldaşı tərəfindən ödənilmişdir. Hazırda həmin evə iddiaçı sahiblik edir və iddiaçının istifadəsindədir. Bunlar Naxçıvan şəhər Elektrik Şəbəkəsinin, Naxçıvan MR Qaz İstismar Xidmətinin və Naxçıvan şəhər su idarəsi ilə bağladığı müqavilələrdən də təsdiq olunur. Həmçinin mirasın iddiaçı tərəfindən qəbul edilib idarə olunmasını məhkəmədə şahidlər də təsdiq edə bilər. İddiaçı göstərilən mirası qəbul etsə də maddi durumu ilə bağlı müvafiq rəsmiləşdirmə aparıb miras qalmış torpaq sahəsini və evi adına rəsmiləşdirə bilməmişdir. İddiaçı miras paya dair vərəsəlik hüququ haqqında şəhadətnamə veriməsi üçün Naxçıvan Şəhər 1 saylı Notariat Ofisinə müraciət etmişdir. Notariat Ofisinin 20 aprel 2021-ci il tarixli, 77 nömrəli məktubunda mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət buraxıldığından iddiaçının məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. İddiaçı miras evi adına sənədləşdirmək üçün Türkiyədə yaşayan bacısı Leylan ilə telefon əlaqəsi saxlayıb evi adına keçirmək istədiyini bildirmişdir. Lakin Leylan buna qəti olaraq etiraz etdiyini bildirmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qaraçuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17 iyun 2021-ci il tarixli, 1416 nömrəli arayışından aydın olur ki, Cavabdeh Naxçıvan şəhəri, Qaraçuq kəndində rəsmi qeydiyyatdadır. Cavabdehə ünvanlanmış məhkəmə sənədləri onun həmin ünvanda yaşamaması səbəbindən poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər Cavabdeh qeydiyyatda olduğu yer üzrə Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qaraçuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Həmçinin cavabdehə telefonoqram verilərək ona qarşı qaldırılmış iddia tələbi barədə məlumat verilmiş, məhkəmə iclasınını vaxtı və yeri barədə məlumat verilməklə məhkəmə iclasında iştirak etməsi üçün dəvət edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.5-ci maddəsi və “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 240cı bəndinə əsasən yuxarıda qeyd edilən hallar məhkəmə sənədinin rəsmi qaydada verilməsi hesab edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən 10 avqust 2021-ci il tarixli məktubla iddia ərizəsi cavabdehin qeydiyyatda olduğu ünvana göndərilərək ona iddia ərizəsi üzrə rəy və ya etirazlarını və bu etirazlarını əsaslandıran sübutlarını Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim edə bilməsi, sübutların və etirazın təqdim edilməməsi işdə mövcud olan sübutlar əsasında işə baxılmasına mane olmaması izah olunsa da, cavabdeh iddia tələbinə dair öz etirazını və bunu əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə tərəfindən işə yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Məhkəmə iclaslında izahat verən İddiaçı izahatında atası Mirəbdül ilə anası Atikənin 1965-ci ildə rəsmi nikah qeyd etdirmədən evləndiklərini və faktiki nikah münasibətindən 2 övladları - yəni xx xxx 1966-cı il təvəllüdlü İddiaçı və 15 iyul 1968-ci il təvəllüdlü Cavabdeh doğulduqlarını, anası Atikənin 28 mart 2015-ci ildə vəfat etdiyini, bacısı Leylanın anasının vəfatından 17 il əvvəl türk vətəndaşı ilə evlənib Türkiyə Respublikasına gedərək orada yaşadığını, bacısına anasının öldüyü vaxt zəng vuraraq məlumat versə də onun anasının yasına gəlmədiyini, anası öldükdən sonra bacısının ümumiyyətlə Naxçıvana gəlmədiyini, bacısının ərə getdiyi vaxtdan cəmi bir dəfə Naxçıvana gəldiyini, həmin vaxt da anasının hələ sağ olduğunu, 2015-ci ildə anasının vəfatından sonra onun mülkiyyətində olan miras qalmış, Naxçıvan şəhər, Qaraçuq kəndində yerləşən torpaq sahəsini və onun üzərində inşa edilmiş evi faktiki olaraq özünün qəbul edib ailəsi ilə birlikdə orada yaşadığnı, kommunal xərclərini, daşınmaz əmlakın icbari sığortasını və bələdiyyə ödənişlərini özü və həyat yoldaşı tərəfindən ödənildiyini, hazırda həmin evə özünün sahiblik edtdiyini, göstərilən mirası qəbul etsə də maddi durumu ilə bağlı müvafiq rəsmiləşdirmə aparıb miras qalmış torpaq sahəsini və evi adına rəsmiləşdirə bilmədiyini, miras paya dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Naxçıvan Şəhər 1 saylı Notariat Ofisinə müraciət etdiyini, Notariat Ofisinin cavab məktubunda mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət buraxıldığından məhkəməyə müraciət etməli olduğunun izah edildiyini, miras qalmış torpağı və evi adına qeydiyyata aldırmaq üçün Türkiyədə yaşayan bacısı Leylan ilə telefon əlaqəsi saxlayıb evi adına qeydiyyata aldırmaq istədiyini bildirdiyini, lakin Leylanın buna qəti olaraq etiraz etdiyini, bacısının ona miras əmlakın satılaraq pulunun aralarında bölünməli olduğunu bildirdiyini, özünün anasından miras qalmış əmlaka çox böyük xərclər çəkdiyini, təmir etdirdiyini, həmin əmlakın satılmasına razı olmadığını bildirərək anası Atikənin mülkiyyətində olan Naxçıvan şəhər, Qaraçuq kəndində yerləşən miras qalmış daşınmaz əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən iddiaçının vəkili Vəkil izahatında hüquqlarını müdafiə etdiyi İddiaçı izahatına əlavəsi olmadığını bildirərək onun qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində iddiaçının onların qonşusu olduğunu, Atikənin Mirəsədin anası olduğunu, Atikənin Mirəsəd və Leylan adında iki övladı olduğunu, Leylanın uzun illər əvvəl hələ anası Atikə sağ olarkən Türkiyə vətəndaşı ilə evlənib Türkiyə Respublikasına getdiyini, o vaxtdan bəri onun Türkiyə Respublikasında yaşadığını, Leylanın evlənib Türkiyəyə getdikdən sonra uşaqları balaca olarkən 1 dəfə Naxçıvana gəldiyini, həmin vaxt da Atikənin sağ olduğunu, Atikə öldükdən sonra Leylanın onun yasına gəlmədiyini, iddiaçının ona anasının ölümü barədə məlumat verməsinə baxmayaraq onun anasının yasına gəlməkdən imtina etdiyini, Atikənin sağ olarkən Mirəsəd və onun ailəsi ilə birlikdə Atikəyə məxsus evdə qaldıqlarını, Atikənin ölümündən sonra həmin evdə yenə də Mirəsəd və onun ailəsinin yaşadığını, anasının dəfn və yas xərclərini Mirəsədin çəkdiyini, anası öldüyü vaxtdan bu günədək həmin evdə Mirəsəd və ailəsindən başqa heçkəsin yaşamadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində Mirəsəd və onun ailəsi ilə 1980-ci ildən bəri qonşu olduqlarını, Atikənin Mirəsədin anası olduğunu, Atikənin Mirəsəd və Leylan adında iki övladı olduğunu, Leylanın uzun illər əvvəl hələ anası Atikə sağ olarkən təxminən 1998-ci ildə Türkiyə vətəndaşı ilə evlənib Türkiyə Respublikasına getdiyini, o vaxtdan bəri onun Türkiyə Respublikasında yaşadığını, Leylanın evlənib Türkiyəyə getdikdən sonra uşaqları balaca olarkən 1 dəfə Naxçıvana gəldiyini, həmin vaxt da Atikənin sağ olduğunu, o vaxtdan sonra Leylanın kəndə gəlməsini görmədiyini, Atikə öldükdən sonra Leylanın onun yasına gəlmədiyini, Atikənin sağ olarkən Mirəsəd və onun ailəsi ilə birlikdə Atikəyə məxsus evdə qaldıqlarını, Atikənin ölümündən sonra həmin evdə yenə də Mirəsəd və onun ailəsinin yaşadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində iddiaçı Mirəsədlə qonşu olduğunu, evlərinin yan-yana olduğunu, Mirəsədin bir bacısı olduğunu, onun adınının Leylan olduğunu, Leylanın təxminən 20 il olar ki, evlənib Türkiyə Respublikasına getdiyini, uzun illər əvvəl evlənib getdikdən sonra 1 dəfə Naxçıvana gəldiyini, həmin vaxt da Atikənin sağ olduğunu, o vaxtdan sonra Leylanın kəndə gəlməsini görmədiyini, anası Atikə rəhmətə getdiyi zaman Leylanın onun yasında da iştirak etmədiyini, Atikənin sağ olarkən Mirəsəd və onun ailəsi ilə birlikdə Atikəyə məxsus evdə qaldıqlarını, Atikə rəhmətə getdikdən sonra həmin evdə yenə də Mirəsəd və onun ailəsinin yaşadığını bildirdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyən məhkəmə müəyyən edir ki, mərhum X7 İddiaçı anası olması, miras qoyanın Mirəbdül Mirəsəd oğlu ilə faktiki nikah münasibətlərindən İddiaçı və Cavabdeh adlı uşaqlarının dünyaya gəlməsi, onların X7 vərəsələri olması, X7 28 mart 2015-ci ildə ölməsi, ünvan 2 ünvanında yerləşən 0.1218 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 99.16 m2 fərdi yaşayış evinin X7 mülkiyyətində olması, İddiaçı mərhum X1ndan qalmış miras əmlakın vərəsəlik yolu ilə ona çatan payı qəbul etmək barədə Naxçıvan şəhər 1 saylı Notariat Ofisinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün ərizə ilə müraciət etməsi, Naxçıvan şəhər 1 saylı Notariat Ofisi tərəfindən onun xahişinin təmin olunmaması mülki işin mübahisəsiz hallarıdır. Bunların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə edilmiş Naxçıvan rayon zaks bürosu tərəfindən 25 iyun 1968-ci il tarixdə verilmiş, АЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən İddiaçı xx xxx 1966-cı il tarixdə anadan olması, anasının X9 olması; - iddia ərizəsinə əlavə edilmiş Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən 22 aprel 2021-ci il tarixdə verilmiş ******* nömrəli akt qeydindən çıxarışdan Cavabdeh 15 iyul 1968-ci ildə Naxçıvan rayonu, Qaraçuq kəndində anadan olması, anasının X9 olması; -iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraçuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 aprel 2021-ci il tarixli, 953 nömrəli arayışdan İddiaçı və Cavabdeh X7 vərəsələri olması; - iddia ərizəsinə əlavə edilmiş Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən 09 aprel 2015-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 554892 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X7 28 mart 2015-ci il tarixdə, Naxçıvan şəhər, Qaraçuq kəndində qaraciyər serrozu səbəbindən ölməsi, bu barədə ölüm haqqında akt qeydləri kitabında 132 nömrə ilə qeyd edilməsi; - iddia ərizəsinə əlavə edilmiş Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 27 aprel 2021-ci il tarixli, 59 nömrəli məktubdan X7 nikah akt qeydinin Naxçıvan şəhər Nikah evinin arxivində tapılmadığı; -iş materiallarına əlavə edilmiş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən 18 noyabr 2015-ci il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli “Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın təsdiq edilmiş surətindən ünvan 2 ünvanında yerləşən 0.1218 ha olan torpaq sahəsi və onun üzərində yerləşən 99.16 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 18/24 nömrəli reyestr kitabının 4590 nömrəli vərəqində qeydiyyata alınması; -iş materiallarına əlavə edilmiş Naxçıvan MR Ədliyyə Nazirliyi Naxçıvan şəhər 1 saylı Notariat Ofisinin notariusu tərəfindən İddiaçı 19 aprel 2021-ci il tarixli ərizəsinə 20 aprel 2021ci il tarixdə verilmiş 77 nömrəli cavab məktubundan mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət buraxıldığından iddiaçıya aidiyyatı üzrə məhkəməyə müraciət etməsinin tövsiyyə olunması; İddiaçı mərhum X5 miras qalmış Naxçıvan şəhər, Qaraçuq kəndində yerləşən daşınmaz əmlakın sonuncunun ölümündən sonra özünün qəbul etməsi faktının müəyyən edilməsini tələb etməsi isə mülki işin mübahisəli halıdır. Məhkəmə mülki işin mübahisəli halının araşdırılması ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan X9 tərəfindən vəsiyyətnamə tərtib edilmədiyi müəyyən edilmişdir. Buna görə də hazırkı vəziyyətdə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-ci maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinin tələbinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qeyd olunan normaların tələbindən də göründüyü kimi İddiaçı və Cavabdeh X7 qanun üzrə vərəsələridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” 18.07.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. İş materiallarına əlavə edilmiş su təhcizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilədən Naxçıvan şəhər, Qaraçuq kəndində yerləşən daşınmaz əmlak üzrə "xxxx" ASC ilə İddiaçı arasında 05.10.2016-cı il tarixdə müqavilənin bağlandığı aydın olur. İş materiallarına əlavə edilmiş Energetika Xidməti ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqı birtipli müqaviləsindən Naxçıvan şəhər, Qaraçuq kəndində yerləşən daşınmaz əmlak üzrə Naxçıvan Energetika Xidməti ilə İddiaçı arasında 13.09.2017-ci il tarixdə müqavilənin bağlandığı aydın olur. Həmçinin iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən aydın olur ki, iddiaçı anasından miras qalmış daşınmaz əmlak üzrə bələdiyyə ödənişlərini, kommunal xərcləri ödəyir. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini, mülki iş materiallarını bir-biri ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, İddiaçı mərhum X7 vəfatından sonra ondan miras əmlakı mərhumun öldüyü gündən faktiki cəhətdən ələ keçirməklə ona sahib durmuş, bununla da faktiki sahiblik etmək üsulu ilə mirası qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -İddia tələbi təmin edilməli; -28 mart 2015-ci il tarixdə ölən X5 miras qalmış ünvan 2 ünvanında yerləşən 0.1218 hektar torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 99.16 m2 fərdi yaşayış evinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli; - iddia təmin edildiyindən 10 (on) manat miqdarında dövlət rüsumu iş üzrə Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. 28 mart 2015-ci il tarixdə ölən X5 miras qalmış ünvan 2 ünvanında yerləşən 0.1218 hektar torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 99.16 m2 fərdi yaşayış evinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. İddia təmin edildiyindən 10 (on) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-811/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-811/2021
18.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver