Məhkəmə qərarları › İş №2(078)-825/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-825/2024

23.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-825/2024 23.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh, cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh yaşayış və istifadə hüququna 5000 (beş min) manat kompensasiya ödənilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Naxçıvan şəhəri, 2-ci məhəllə, ev 29 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Mülkiyyət hüququ üzrə ona məxsus olan Naxçıvan şəhəri, 2ci məhəllə, ev 29 ünvanında yerləşən fərdi yaşayış evinin pasport qeydiyyatında xx.xx.1975-ci il təvəllüdlü X6, xx.xx.1978-ci il təvəllüdlü X1 və xx.xx.1980-cı il təvəllüdlü Cavabdeh Zeynalabdin oğlu durur. Həyat yoldaşı X2 18 yanvar 2013-cü il tarixdə vəfat etmişdir. Övladları isə hər biri ailə qurub, ondan ayrılaraq ayrı-ayrı ünvanlarda yaşadıqlarından həmin evdə tək yaşayır. Ağır xəstə olduğu üçün bir neçə yerindən əməliyyat olunmalıdır. Lakin burada əməliyyat olunmağı qeyri-mümkün olduğundan Türkiyədə əməliyyat olunacaq, bu səbəbdən də, həkimlər əməliyyat üçün yüksək məbləğdə pul istəyir. Həmin əməliyyat pulunu əldə edib verə bilmədiyi üçün məcburiyyət qarşısında qalıb mülkiyyətində olan Naxçıvan şəhəri, 2-ci məhəllə, ev 29 ünvanında yerləşən fərdi yaşayış evini satmaq istəyir ki, həm əməliyyat olunmaq üçün tələb olunan pulu versin, həm də əldə qalacaq pulla ucuz qiymətə bir ev alıb orada yaşasın. Lakin buna sözügedən evdə qeydiyyatda olan övladları Şahin ilə Lalə notarial qaydada razılıq ərizəsi versələr də, qayınatasının həyətində 2015-ci il tarixdən ev tikib orada ailə üzvləri ilə birlikdə yaşayan oğlu Ramin razılıq ərizəsi vermir. Əməliyyatı gecikdiyi üçün ağrıları daha da şiddətlənir. Bu baxımdan da onun həmin evin tərkib hissəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsini mülkiyyətçi olaraq istəyir. Hazırda 5000 manat kompensasiya təklif edir. Başqa imkanı yoxdur. Özü də xəstədir. Əməliyyata getməlidir. Məhkəməyə müraciət etməzdən əvvəl Raminlə danışmışdır. Ramin ondan 15000 manat pul istəmişdir. Sonra isə o 10000 manat təklif etmişdir. Ramin 12000 manat tələb etmişdir. Ramin evdən çıxanda ev təmirsiz yararsız vəziyyətdə idi. Şahin və Lalə evi düzəldib təmir etmişdir. Bu gün onun 10000 (on min) manat kompensasiya ödəmək üçün maddi imkanı yoxdur. Evinə yeni çıxarış almaq üçün daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət etmiş, ona cavab verilmişdir ki, həmin evin üzərindən yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyi bildirilmiş və ərizənin icrasından imtina edilmişdir. Bu gün evini də sata bilmir. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddianı müdafiə edərək izahatında iddiaçının izahatına əlavəsinin olmadığını, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında izahat verən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddia əsassızdır. Neçə illər həmin evdə yaşamışdır. Anası yoldaşını məhkəmə qaydasında evdən çıxartmışdır. Ailəsi dağılmasın deyə məcbur qalıb evdən çıxmışdır. Bir neçə vaxt kirayə yaşamışdır. Hazırda qayınatasına məxsus həyətdə balaca ev tikib orada yaşayır. Maddi imkanı yaxşı deyil. Həmin evi sənədləşdirə bilmir. Anasına demişdir ki, ağlabatan bir kompensasiya miqdarı təklif etsin. Anası ilə danışmışdır. 12000 manat kompensasiya verərsə razılaşacağını bildirmişdir. O da qəbul etməmişdir. 5000 manat az bir miqdardır. İddianın rədd olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında izahat verən cavabdehin vəkili Vəkil2 iddianı qəbul etməyərək izahatında cavabdehin izahatına əlavəsinin olmadığını, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə izahatları, iş üzrə toplanmış sübutları, eyni zamanda, işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İş materiallarında olan Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun təsdiqlənmiş surətindən göründüyü kimi, Naxçıvan şəhəri, 2-ci məhəllə, ev 29 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Naxçıvan Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 04 iyul 2024-cü il tarixli, 898 nömrəli məktubuna əsasən, Naxçıvan şəhəri, 2-ci məhəllə ünvanında yerləşən fərdi yaşayış evlərinin kirayə haqları 150 (yüz əlli) manatdan 350 (üç yüz əlli) manatadək, alqı-satqı müqavilələri isə 50000 (əlli min) manatdan 120000 (yüz iyirmi min) manatadək qiymətləndirilir. Naxçıvan şəhər 3 saylı Notariat Ofisinin 08 iyul 2024-cü il tarixli, 159 nömrəli məktubuna əsasən, Naxçıvan şəhəri, 2-ci məhəllə ünvanında yerləşən fərdi yaşayış evlərinin kirayə haqları 200-400 manat, alqı-satqı müqavilələri isə 80000-100000 manat arasında dəyişir. Naxçıvan MR-in İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 04/994 nömrəli, 08 oktyabr 2024-cü il tarixli məktubuna əsasən, Naxçıvan şəhəri, 2-ci məhəllə, ev 29 ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan, faktiki vəziyyətdə ümumi sahəsi 201.08 m2 olan fərdi yaşayış evinin qiymətləndirilməsi aparılmışdır. Qiymətləndirmənin nəticəsinə əsasən fərdi yaşayış evinin hazırki bazar qiyməti 71000 (yetmiş bir min) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin mənasına görə, mülkiyyətçinin ödəməli olduğu kompensasiya mənzil istifadəçisinin itirdiklərinin ədalətlə əvəzi kimi çıxış etməlidir. Belə hallarda həmin şəxsin məhrum olduğu hüquq qismində mənzil tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən ödənilən kompensasiya da başqa yerdə yaşamaq və yeni yaşayış sahəsindən istifadə etmək hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Məhkəmənin kompensasiyanın hüquqi təbiəti haqqında yürütdüyü bu mülahizə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında nümayiş etdirdiyi prinsipial mövqeyə əsaslanır. Belə ki, Konstitusiya Məhkəməsi 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, “Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onunla elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin”. Bu isə o deməkdir ki, kompensasiya istifadəçiyə mənsub olmayan mülkiyyət hüququnun əvəzi kimi çıxış etmədiyindən, onun ədalətliliyi kompensasiya məbləğinin mülkiyyətə mənzil əldə etmək üçün kifayət edib-etməməsinə görə deyil, ümumiyyətlə şəxsin yaşayış sahəsində olan hüququnu nə dərəcədə təmin edə bilməsinə görə müəyyən edilməlidir. Məsələyə bu cür yanaşdıqda, təklif olunan kompensasiya eyni yaşayış məntəqəsində mülkiyyətdə mənzilin əldə edilməsi üçün yetərli olmayıb, onun dəyərinin əhəmiyyətli hissəsini təşkil etdiyi hallarda da həmin məbləğ itirilmiş istifadə hüququnun ədalətli əvəzi kimi qəbul edilə bilər. Çünki bu halda şəxsin itirdiyi mənzildən istifadə hüququ əvəzinə birbaşa mülkiyyətinə ev (mənzil) əldə etmək üçün real və əhəmiyyətli maddi dəstək qazanır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenum Qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. İş üzrə İddiaçı iddia ərizəsindən və izahatından belə məlum olur ki, o, Cavabdeh ümumilikdə 5000 (beş min) manat məbləğində kompensasiya ödəməyi təklif etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, .... kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki-Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.”. Konstitusiya Məhkəməsinin bu mövqeyinə uyğun olaraq işə məhkəmə tərəfindən baxılarkən bazar qiymətinə uyğun kompensasiya məbləği 10000 (on min) manat müəyyən edilmiş, həmin məbləğ iddiaçıya təklif edilmiş, bu isə iddiaçı tərəfindən qəbul edilməmiş və 10000 (on min) manat kompensasiya ödəmək üçün iddiaçı maddi imkanının çatmadığını, 5000 (beş min) manat kompensasiya ödəmək üçün maddi imkanının çatdığını, daha artıq məbləğdə kompensasiya ödəyə bilməyəcəyini qeyd etmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarında o da vurğulanmışdır ki, “Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğinin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar...”. Beləliklə, Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. İstifadə hüququnun kompensasiya verilməklə xitam olunması zamanı digər diqqətəlayiq hallarla yanaşı, həmçinin istifadə hüququna malik olan şəxslərin istifadə hüququnun yaranması əsasları, mənzildə hansı müddətdə yaşamaları, ailə və maddi vəziyyətləri, uzun illər ərzində təsərrüfatın idarə olunmasında iştirak dərəcəsi və digər diqqətəlayiq məqamlar da nəzərə alınmalı, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüquqları arasında ədalətli tarazlığa nail olunmalıdır. Göstərilən amillər nəzərə alınmadan təklif olunan kompensasiyanın istifadə hüququna xitam verilməsi üçün yetərli olub-olmaması barədə qənaətə gəlmək qanunun məqsədləri baxımından əsaslı hesab edilə bilməz. Cavabdeh yalnız 12000 (on iki min) manat kompensasiya müqabilində hüquqlarına xitam verilməsinə razılıq verilə biləcəyi tələbi ilə əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda da qeyd edilən Qərarlarında ifadə olunmuş hüquqi mövqe nöqteyi-nəzərindən yanaşılarsa Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu deyil, ona yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanının təmin edilməsini nəzərdə tutur. O da qeyd olunmalıdır ki, mənzildən istifadə hüququ şəxsin həmin mənzildə mülkiyyətçi kimi paya sahib olması və həmin payı tələb etməsi və ya həmin pay müqabilində kompensasiya ödənilməsini tələb etməsi kimi qəbul edilə bilməz. İstifadə hüququna görə ödənilməli kompensasiya məhkəmə tərəfindən hesablanarkən mənzilin şəraiti, həmin ərazidə kirayə haqlarının miqdarı, mülkiyyətçinin və mənzildən istifadə edən şəxsin maddi imkanı nəzərə alınmaqla mövcud bazar qiyməti ilə ağlabatan həddə təyin edilir. Bu səbəbdən istifadə hüququna xitama görə ödənilməli məbləğ həddən artıq şişirdilmiş olmamalıdır. Məhkəmə hesab edir ki, istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Cavabdeh Naxçıvan şəhəri, 2-ci məhəllə, ev 29 ünvanında yerləşən fərdi yaşayış evindən yaşayış və istifadə hüquqlarına xitam verilməsi müqabilində ona 5000 (beş min) manat məbləğində kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilməz. Naxçıvan Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 04 iyul 2024-cü il tarixli, 898 nömrəli məktubuna əsasən, Naxçıvan şəhəri, 2-ci məhəllə ünvanında yerləşən fərdi yaşayış evlərinin kirayə haqları 150 (yüz əlli) manatdan 350 (üç yüz əlli) manatadək, alqı-satqı müqavilələri isə 50000 (əlli min) manatdan 120000 (yüz iyirmi min) manatadək qiymətləndirilir. Naxçıvan şəhər 3 saylı Notariat Ofisinin 08 iyul 2024-cü il tarixli, 159 nömrəli məktubuna əsasən, Naxçıvan şəhəri, 2-ci məhəllə ünvanında yerləşən fərdi yaşayış evlərinin kirayə haqları 200-400 manat, alqı-satqı müqavilələri isə 80000-100000 manat arasında dəyişir. Naxçıvan MR-in İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 04/994 nömrəli, 08 oktyabr 2024-cü il tarixli məktubuna əsasən, Naxçıvan şəhəri, 2-ci məhəllə, ev 29 ünvanında yerləşən, Xəlilova Ər'ruz Yusif qızının mülkiyyətində olan, faktiki vəziyyətdə ümumi sahəsi 201.08 m2 olan fərdi yaşayış evinin qiymətləndirilməsi aparılmışdır. Qiymətləndirmənin nəticəsinə əsasən fərdi yaşayış evinin hazırki bazar qiyməti 71000 (yetmiş bir min) manat təşkil edir. Bu isə təklif olunan 5000 (beş min) manat kompensasiya məbləği ilə uzun, ağlabatan bir müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanının təmin edilə biləcəyi qənaətinə gəlməyə əsas vermir. İstər notariat ofisləri tərəfindən kirayə qiymətləri ilə bağlı məktublardan, istərsə də daşınmaz əmlakın qiymətləndirilməsinə dair ekspert rəyindən də göründüyü kimi, cavabdehə iddiaçı tərəfindən təklif olunan 5000 (beş min) manat məbləğində kompensasiya hazırki iş üzrə cavabdehin mülkiyyətinə mənzil əldə etmək və ya Konstitusiya Məhkəməsinin qərarında da qeyd olunduğu kimi, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən ağlabatan məbləğ deyil. Belə olan halda da məhkəmə İddiaçı Naxçıvan şəhəri, 2-ci məhəllə, ev 29 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehə təklif etdiyi bu məbləği yaşayış və istifadə etmək hüquqlarına xitam verilməsini mümkün edən ədalətli və qaneedici əvəz kimi qəbul etmir. Beləliklə, yuxarıda qeyd olunan əsasları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Məhkəmə məsrəflərinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar