Məhkəmə qərarları › İş №2(078)-831/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-831/2024

18.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-831/2024 18.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X13 məhkəmə iclas katibliyi, İddiaçı Nümayəndə, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Zeynel oğlunun, cavabdehin vəkili və nümayəndəsi X5 və tərcüməçi X14 iştirakları ilə, İddiaçılar İddiaçı və Nümayəndə Cavabdeh Zeynel oğluna qarşı vəsiyyətnamə üzrə mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçılar İddiaçı və Nümayəndə Cavabdeh Zeynel oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 06 dekabr 2023-cü il tarixdə vəfatından sonra 09 aprel 1999-cu il tarixdə 2B-02-30 reyestr nömrəli vəsiyyətnamə ilə miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilin iddiaçılar tərəfindən vəsiyyətnamə əsasında mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət üzrlü olaraq buraxıldığından mirasın qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar İddiaçı və Nümayəndə iddia tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişlər ki, mərhumə bibiləri X6 ünvan 1 ünvanında yerləşən mənzil miras qalmışdır. X4 06 dekabr 2023-cü il tarixdə vəfat etmişdir. Onun atası X16, anası X18 və həyat yoldaşı X21 adlı vərəsələri vardır. X3 atası X16 xx.xx.1988-ci il tarixdə vəfat etmişdir. X3 anası X18 1979-cu il tarixində vəfat etmişdir. X4 həyat yoldaşı Cavabdeh Zeynel oğlu ilə xx.xx.1998-ci il tarixdə nikaha daxil olmuşdur. 09 mart 1993-cü il tarixli, 6796 inventar nömrəli mülkiyyət sənədinə əsasən ünvan 1 ünvanı X3 adına qeydiyyata alınmışdır. Həmin mülkiyyət 09 aprel 1999-cu il tarixdə 2B-02-30 reyestr nömrəsi ilə Naxçıvan şəhər 2 saylı Dövlət Notariat Kontorunun notariusu tərəfindən imzalanmış və möhürlənmiş vəsiyyətnamə əsasında iddiaçı X22 və iddiaçı Nümayəndə mərhumə bibiləri X15 tərəfindən vəsiyyət edilmişdir. Mərhumə bibiləri X15 tərəfindən vəsiyyət edilmiş əmlakı onun ölümündən 6 ay keçmədən qəbul etmək məqsədilə notariusa müraciət etmişdirlər. 18 aprel 2024-cü il tarixli, 537/2024 nömrəli Naxçıvan Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisi tərəfindən onlara verilmiş cavab məktubu əsasında üç ay ərzində miras əmlakın qəbul edilmədiyi üçün müddətin ötürülməsi əsasını qoyaraq miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Lakin qanunvericilikdə nəzərdə tutulmuş üç ay müddətində mirasın qəbul edilməsi və eləcə də, miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilməməsi qeyd olunmuşdur. X1 06 dekabr 2023-cü il tarixdə vəfatından 6 ay keçmədiyindən onlar tərəfindən müddət buraxılmadan müraciət etdiklərini düşünmüşdürlər. Məhz bu səbəbdən də 18 aprel 2024-cü il tarixdə notariusa müraciət etmişdirlər. Onlar tərəfindən anlaşılmazlıq və iddiaçı X2 problemlərə (cərrahi əməliyyatlar) səbəbindən 3 ay ərzində notariusa müraciət etməyərək üzrlü səbəbdən 3 aylıq müddəti buraxmışdırlar. Halhazırda 6 ay keçmədən iddiaçılar notariusa müraciət etmiş və hesab edirlər ki, onlar tərəfindən 3 aylıq müddət qısa müddət keçməklə üzrlü səbəbdən buraxılmışdır. Bu səbəbdən də, onlar məhkəmə tərəfindən vəsiyyətnamə üzrə buraxılmış müddətin bərpa olunmasını istəyirlər. Cavabdeh Zeynel oğlu 05 iyun 2024-cü il tarixdə məhkəməyə etiraz ərizəsi göndərmişdir. Ərizədə qeyd etmişdir ki, iddianı qəbul etmir. 02 aprel 1998-ci il tarixdə X15 ilə nikahlarını rəsmiləşdirib ailə qurmuşlar. Həmin nikahdan övladı olmayıb. Evli olduqları bu müddətdə, yəni Firəngizin öldüyü 06 dekabr 2023-cü il tarixədək birlikdə, Firəngizin ölümündən sonra isə yenə də onun mülkiyyətində olan ünvan 1 ünvanında yaşamışdır. Hal-hazırda da həmin mənzildə tək yaşayır. Miras əmlakın onun tərəfindən qəbul edilməsi ilə bağlı Naxçıvan Regional “ASAN Xidmət” Mərkəzinə qanunvericilikdə nəzərdə tutulmuş 3 ay müddətində ərizə yazaraq mirası qəbul etmişdir. Mərhum həyat yoldaşı uzun müddət xəstə olmuşdur. Onun bütün müalicə məsrəflərini, ölümündən sonra isə bütün dəfn xərclərini özü qarşılamışdır. İddiaçı 15 ildən artıqdır ki, Bakı şəhərində, Nümayəndə isə Naxçıvan şəhərində yaşayırlar. İddiaçı mərhumun dəfnində deyil, qırxında gəlib çıxmışdır. İstər Fizzəni, istərsə də Vüsalı onlar saxlayıb böyütmüşlər. Onlar qanunvericilikdə nəzərdə tutulmuş 3 ay müddətində mirası nə qanun üzrə, nə də ki, vəsiyyətnamə üzrə qəbul etməyiblər. İndi isə müddətin bərpası ilə bağlı məhkəmədə iddia qaldırırlar və onunla əsaslandırırlar ki, guya İddiaçı əməliyyat olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən də görünür ki, mərhum həyat yoldaşı Firəngiz 06 dekabr 2023-cü il tarixdə vəfat edib, lakin 6 gün sonra da 12 dekabr 2023-cü il tarixdə X7 İddiaçı “Keysəriyyə kəsiyi” əməliyyatı ilə doğuş etdirmişdir və ambulator müşahidə də olmuşdur. Vüsal isə bu müddətdə həmişə Naxçıvan şəhərində olmuşdur. Yuxarıda da qeyd etdiyi kimi, yəni əməliyyatdan sonra Fizzə Bakıdan Naxçıvan şəhərinə Firəngizin qırx mərasiminə gəlmişdir. Mütləq deyildir ki, onlar mirasın qəbulu ilə bağlı Notariat Ofisinə gəlsinlər, onlar elə evlərindən də mirasın qəbulu ilə bağlı Notariat Ofisinə ərizə yazıb poçtla göndərə bilərdilər, lakin həmin bu üç ay müddətində bunu etməyiblər, necə ki, 18 aprel 2024-ci il tarixdə etdikləri kimi. Qanunvericiliyin tələbinə görə mirasın istər qəbul, istərsə də, imtina olunması üçün 3 ay müəyyən olunmuşdur. Lakin iddiaçılar 4 ay 12 gündən sonra notariusa müraciət etdikləri üçün imtina verilmişdir. iddia tələbi əsassız olduğundan rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 18 iyul 2024-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə İddiaçı mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxış iclasına gəlməmiş, baxış iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İddiaçı vəkili və nümayəndəsi Vəkil iddiaçının iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən İddiaçı iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. 04 iyul 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bibisinin ölümündən sonra dəfələrlə notariusa müraciət etdiyini, bibisi X8 dekabr ayının 6-sı rəhmətə getdiyini, özünün isə dekabr ayının 12-də keysəriyyə əməliyyatı olunaraq uşaq dünyaya gətirdiyini, sağlamlığı ilə bağlı problemləri olduğunu, ürəyində problemi olduğunu, başında şiş olduğunu, həkim icazə vermədiyi üçün bibisinin yasına gələ bilmədiyini, bibisinin 40 mərasiminə gəldiyini, cavabdehin imkanı olmadığını bildirərək bibisinə 40 mərasimi keçirmədiyini, özünün mart ayı gələrək bibisinə qara bayram mərasimi keçirdiyini, bibisinin ölməmişdən əvvəl “sənə vəsiyyətnamə qoymuşam” dediyini, bibisi öldükdən sonra Bakı şəhərində notariusa müraciət etdiyini, ancaq Naxçıvan şəhərində yerləşən notariat ofisinə müraciət etməli olduğunun deyildiyini, Naxçıvan şəhərinə gəldikdən sonra Asan xidmətə müraciət etdiyini, hətta cavabdehin də onlarla gəldiyini, onun aşağıda gözlədiyini, ona vəsiyyətnamə qoyulmadığının deyildiyini, sonra 1987-ci ildən bu yana olanlara və 1-ci notariat ofisində olanlara baxmalarını dediyini, ona 1-ci notariat ofisində qoyulmuş vəsiyyətnamənin müdirdə olduğunu, onun da hal-hazırda orada olmadığının deyildiyini, ondan əlaqə nömrələri götürdüklərini, 2 gün ərzində əlaqə saxlayacaqlarını dediklərini, hələ də əlaqə saxlamadıqlarını, sonra Bakı şəhərində təkrar notariusa müraciət etdiyini, onların da Cavid müəllimlə əlaqə saxladıqlarını, onun özü ilə danışdığını və məlumat verəcəyini bildirdiyini, sonra ona zəng edərək bibisinin onun və qardaşının adına vəsiyyətnamə qoyduğunu bildirdiyini, qardaşının adına da vəsiyyətnamə qoyulduğunu ilk dəfə onda bildiyini, çox sevindiyini, ilk olaraq qardaşına dediyini, sonra ona 3 aylıq müddəti buraxdığının deyildiyini, halbuki ona 3 aylıq müddət haqqında heç nə deyilmədiyini, Naxçıvan şəhərinə gələrək rəsmi müraciət etdiyini, ancaq müddəti buraxdığı üçün məhkəməyə müraciət etməli olduğunun deyildiyini, öz səhlənkarlığına görə müddəti buraxmadığını, özünün dəfələrlə müraciət etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil izahatında cavabdehin özünün də qeyd etdiyi kimi iddiaçının “Asan Xidmət” Mərkəzinə müraciət etdiyini, iddiaçının mirasın qəbul edilməsi müddətini məqsədli şəkildə buraxmadığını, dəfələrlə müraciət etməsinə baxmayaraq ona vəsiyyətnamə olmadığı deyildiyi üçün müddətin buraxıldığını, iş materiallarından da iddianın əsaslı olduğunun göründüyünü bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı Nümayəndə izahatında anasının vəfat etdiyini, onu uşaqlar evinə qoyduqlarını, bibisinin dözməyib onu götürərək özünün baxdığını, atasının başqası ilə evləndiyini, ögey anasının onlara zülm etdiyini, özünün 11 yaşından işləməyə başladığını, bibisi öldükdən sonra bacısının əməliyyat olunduğunu, sağlamlığı ilə əlaqədar problemləri olduğunu, ondan sonra dəfələrlə notariat ofisinə müraciət etdiyini, Naxçıvana gələrək “Asan xidmət” Mərkəzinə də getdiyini, orada ona vəsiyyətnamə olmadığının deyildiyini, vəsiyyətnamə tapıldıqdan sonra bibisinin vəsiyyətnamədə onun da adını göstərdiyinin aşkar olunduğunu, bunu bacısının bilib ona dediyini, həmin vaxta kimi bundan məlumatları olmadığını, bildikdən sonra da notariat orqanına müraciət etdiklərini, müddəti buraxdıqlarını dedikləri üçün məhkəməyə müraciət etdiklərini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh Zeynel oğlu izahatında İddiaçı bibisi X8 40 mərasiminə gəldiyi zaman “bibim mənə vəsiyyətnamə qoyub” dediyini, onun da tapmasını dediyini, iddiaçı Fizzənin vəsiyyətnamənin tapılması üçün notariat ofisinə müraciət etdiyi vaxt özünün də onlarla birlikdə getdiyini, “Asan xidmət” Mərkəzinə müraciət edərkən özünün də orada olduğunu, ancaq içəri girmədiyini, aşağıda gözlədiyini, sonra Fizzənin gələrək “vəsiyyətnamə çıxmır, yoxdu” dediyini, X15 ilə 1998-ci ildə evləndiyini, o vaxtdan bu yana o evi 3 dəfə təmir etdirdiyini bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi X10 izahatında “vəsiyyətnamə sirri” deyilən bir mövhum olduğunu, bibisi cavabdehə ona vəsiyyətnamə qoyduğunu dediyi üçün vəsiyyətnamənin hüquqi qüvvəsini itirdiyini, qanunvericiliyə olan son dəyişikliklərə mirasın qəbul edilməsinə 3 ay vaxt müəyyən edildiyini, iddiaçının bibisi ölmədən bir neçə il əvvəl ona vəsiyyətnamə tərtib etdiyini bildiyini, bilə-bilə notariat orqanına müraciət edərək miras əmlakı qəbul etmədiyini bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını dinləyən məhkəmə müəyyən edir ki, X8 06 dekabr 2023-cü il tarixdə ölməsi, atası X9, anası X11 və həyat yoldaşı X17 X3 vərəsələri olması, ünvan 1 ünvanında yerləşən mənzilin X8 mülkiyyətində olması, mənzilin X4 tərəfindən vəsiyyətnamə ilə İddiaçı və Nümayəndə vəsiyyət edilməsi mülki işin mübahisəsiz hallarıdır. Bunların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə olunmuş 09 mart 1993-cü il tarixli fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportunun təsdiqlənmiş surətindən ünvan 2 ünvanında yerləşən mənzilin X8 adına qeydiyyata alınması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 5 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 301 nömrəli arayışdan Nümayəndə ünvan 1 ünvanında qeydiyyatda olması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 5 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 300 nömrəli arayışdan İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 5 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 309 nömrəli arayışda Cavabdeh Zeynel oğlunun ünvan 1 ünvanında qeydiyyatda olması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 449035 nömrəli çıxarışdan X9 xx.xx.1988-ci il tarixdə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 157 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 09 nömrəli arayışdan X8 06 dekabr 2023-cü il tarixdə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 47 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 5 saylı Mənzil- İstismar İdarəsi tərəfindən verilmiş 25 aprel 2024-cü il tarixli, 313 nömrəli arayışdan X8 atası X16 (xx.xx.1988-ci ildə vəfat edib), anası X18 (1979-cu ildə vəfat edib) və həyat yoldaşı X21 (1958-ci il təvəllüdlü) adlı vərəsələrinin olması; -iddia ərizəsinə əlavə olunmuş Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, Vİİ-JQ seriyalı, 330301 nömrəli çıxarışdan Cavabdeh Zeynel oğlu və X15 arasında xx.xx.1998-ci il tarixdə nikahın bağlanması və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 27 nömrə ilə qeyd edilməsi; -iddia ərizəsinə əlavə olunmuş xx.xx.1999-cu il tarixli vəsiyyətnamənin təsdiqlənmiş surətindən X8 ona məxsus olan ünvan 2 ünvanında yerləşən iki otaqdan ibarət şəxsi mənzilini və mənzilin içərisində olan bütün əşyaları qardaşının qızı İddiaçı və qardaşının oğlu Nümayəndə vəsiyyət etməsi; -iddia ərizəsinə əlavə olunmuş Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 181 nömrəli arayışa əsasən, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X15 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2023cü ilədək aparılmış və vətəndaşın ailə tərkibinin əri- Cavabdeh Zeynel oğlu (xx.xx.1958-ci il təvəllüdlü) olduğu müəyyən edilmişdir. -iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ərizədən Nümayəndə və İddiaçı Notariat ofisinə müraciət edərək xx.xx.2023-cü il tarixdə vəfat etmiş X8 ölümündən sonra onlara vəsiyyətnamə ilə miras qalmış bütün əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmələri; -iş materiallarına əlavə olunmuş Naxçıvan Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 537/2024 nömrəli məktubda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə biləcəyi, miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyi, 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada biləcəyinin bildirilməsi və müvafiq məhkəməyə müraciət etməyinin tövsiyə edilməsi aydın olur. İş materiallarına əlavə olunmuş X12 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 467 nömrəli arayışdan görünür ki, İddiaçı “X12”da 12 dekabr 2023-cü il tarixdə keysəriyyə kəsiyi əməliyyatı ilə doğuşu baş vermişdir. İş materiallarına əlavə olunmuş 12 dekabr 2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh Zeynel oğlu Notariat ofisinə müraciət edərək xx.xx.2023-cü il tarixdə vəfat etmiş arvadı X8 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras əmlakı qəbul etdiyini və buna dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı və Nümayəndə Cavabdeh Zeynel oğluna qarşı vəsiyyətnamə üzrə mirasın qəbul edilməsi müddətinin uzadılmasını tələb etməsi isə mülki işin mübahisəli halıdır. Məhkəmə mülki işin mübahisəli halının araşdırılması ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan X15 tərəfindən vəsiyyətnamə tərtib edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.2-ci maddəsinə əsasən, vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1168-ci maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Həmin Məcəllənin 1170.1-ci maddəsinə əsasən, vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Həmin Məcəllənin 1170.2-ci maddəsinə əsasən, əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə, lakin vəsiyyətnamədə yalnız bir vərəsənin payı müəyyənləşdirilmişdirsə, digər vərəsələr qalan əmlakı bərabər alırlar. Həmin Məcəllənin 1171-ci maddəsinə əsasən, əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə və vərəsələrdən birinə təyin edilmiş pay mirasın hamısından ibarətdirsə, vəsiyyət üzrə bütün vərəsələr bərabər paylar almalıdırlar. Həmin Məcəllənin 1179.1-ci maddəsinə əsasən, vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmin Məcəllənin 1179.2-ci maddəsinə əsasən, notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Qeyd olunan normaların tələbindən də göründüyü kimi, Cavabdeh Zeynel oğlu mərhum X8 qanun üzrə, İddiaçı və Nümayəndə vəsiyyət üzrə vərəsələridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 26 dekabr 2023-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir Məhkəmə yuxarıa qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Belə ki, işin hallarından da göründüyü kimi, iddiaçılar mərhum bibilərindən miras qalmış əmlakı notariusa ərizə verərək qəbul etmək niyyətində olsalar da, mirasın qəbulu üçün müəyyən edilmiş müddət buraxıldığından onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş X12 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 467 nömrəli arayışa əsasən, İddiaçı “X12”da 12 dekabr 2023cü il tarixdə keysəriyyə kəsiyi əməliyyatı ilə doğuşu baş vermişdir. Həmçinin sonradan notariat ofisinə müraciət etsə də ona vəsiyyətnamə olmadığını dediklərini, bunu cavabdehin də izahatında təsdiq edərək həqiqətən də İddiaçı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etdiyini, hətta özünün də orada olduğunu, aşağıda gözlədiyini, sonra iddiaçının gələrək ona vəsiyyətnamə olmadığını dediklərini bildirdiyini qeyd etmişdir. Yəni İddiaçı həmin müddət ərzində hərəkətsiz qalmamışdır, sadəcə olaraq ondan asılı olmayan səbəblərdən mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul edilməsi üçün müraciət edə bilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, İddiaçı vəsiyyət qoyanın birinci növbə vərəsəsi olmadığı üçün onun qeyd olunan vəsiyyətnaməni almadan mirasın qəbul edilməsinə dair şəhadətnamə verməsi üçün müraciət etməsi mümkün olmamışdır. Digər iddiaçı Nümayəndə isə bibisi-X8 vəsiyyətnamədə onun da adını göstərdiyini bilmədiyi, bacısı-İddiaçı öyrənib bu haqda məlumat verdiyi, bildikdən dərhal sonra isə mirasın qəbulu üçün notariat ofisinə ərizə ilə müraciət etdiyi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı Nümayəndə bibisi tərəfindən ona vəsiyyətnamə ilə mirasın vəsiyyət edildiyindən məlumatı olmadığı halda həmin vəsiyyətnamə üzrə mirasın qəbulu üçün şəhadətnamə verilməsi üçün notariat ofisinə müraciət etməsi həm hüquqi həm də məntiqi olaraq mümkün deyildir. Onun ona qoyulan vəsiyyətnamədən xəbəri olmadığından məhkəmə hesab edir ki, mirasın qəbulu üçün nəzərdə tutulmuş müddət onun tərəfindən üzürlü səbəbdən buraxılmışdır, yəni ondan asılı olmayan səbəblərdən mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətdə müraciət edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət iddiaçılar tərəfindən üzrlü səbəbdən ötürülmüşdür. Məhkəmə iddiaçıların mirasın qəbulu üçün müəyyən edilmiş müddət ərzində iddiaçıların üzrlü səbəbdən (İddiaçı əməliyyat olunduğundan və notarius tərəfindən vəsiyyətnamə olmadığı deyildiyindən, digər iddiaçı Nümayəndə isə vəsiyyətnamədə onun adının göstərildiyindən məlumatı olmadığından) notariusa müraciət etməmələrini nəzərə alaraq hesab edir ki, mirası qəbul etmək üçün müddət uzadılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən, məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda, hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına əsasən, mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki-Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia tələbi təmin edilməli; -06 dekabr 2023-cü il tarixdə ölən X6 qalmış mirasın İddiaçı və Nümayəndə tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət uzadılmalı; -iddia təmin edildiyindən 100 (yüz) manat miqdarında dövlət rüsumu iş üzrə Cavabdeh Zeynel oğlundan alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. 06 dekabr 2023-cü il tarixdə ölən X6 qalmış mirasın İddiaçı və Nümayəndə tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət uzadılsın. İddia təmin edildiyindən 100 (yüz) manat miqdarında dövlət rüsumu iş üzrə Cavabdeh Zeynel oğlundan alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar