Məhkəmə qərarları › İş №2(078)-839/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-839/2023

26.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-839/2023 26.05.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı iddiaçılar İddiaçı1 və İddiaçı2 miras əmlakı üzərində payların müəyyən edilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Naxçıvan şəhər 1 saylı notariat ofisinə qarşı miras əmlakı üzərinə payların müəyyən edilməsi öhdəliyinin qoyulması tələbinə dair ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək mirasın qəbul edilməsi üçün müəyənləşdirilmiş müddəti uzadaraq, cavabdeh Naxçıvan şəhər 1 saylı notariat ofisinin üzərinə miras əmlakın üzərinə payların müəyyən edilməsi öhdəliyinin qoyulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyən edilməsi zamanı notariat orqanları məsələyə formal yanaşmamalı, mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Notariat orqanlarının bu istiqamətdə fəaliyyəti uzunmüddətli məhkəmə çəkişmələrinin qarşısının alınmasına və məhkəmələrin artıq işlərlə yüklənməməsinə xidmət etmiş olar. O da qeyd olunmalıdır ki, müraciət edən şəxsin vərəsə olması mübahisə predmeti deyilsə, mübahisə sadəcə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariuslar vərəsəlik payının nisbətini göstərmədən vərəsəlik şəhadətnaməsini verməlidirlər. Beləliklə, vərəsələr arasında razılıq əldə edilmədiyi təqdirdə vərəsələrin dairəsinin və ya vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisənin həll olunması üçün məhkəməyə müraciət edilməlidir. İş materiallarından göründüyü kimi iddiaçılar məhkəməyə müraciət edərkən iddia tələbində notariat ofisinin üzərinə miras əmlak üzrə paylarının müəyyən edilməsi öhdəliyinin qoyulması tələbini göstərsələr də, iddia ərizəsinə payın müəyyən edilməsi ilə bağlı vərəsələr arasında narazılığın olmasını təsdiq edən sənədi əlavə etməmişlər. İddia ərizəsinə əlavə edilmiş notariat orqanının məktubunda da vərəsələr arasında paya dair narazılıq olması və ya həmin məsələ ilə bağlı notariat orqanına müraciət edilməsi qeyd olunmamışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdeh Naxçıvan şəhər 1 saylı notariat ofisinin üzərinə miras əmlakın üzərinə payların müəyyən edilməsi öhdəliyinin qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etsələr də miras əmlak üzrə paylarının müəyyən edilməsi ilə əlaqədar notariat orqanına müraciət etməmiş və mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barədə qanunla müəyyən edilmiş qaydaya əməl etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.6-cı maddələrinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Naxçıvan şəhər 1 saylı notariat ofisinə qarşı miras əmlakı üzərində payların müəyyən edilməsi öhdəliyinin qoyulması tələbinə dair ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçılara izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, İddiaçı1 tərəfindən "xxxx" ASC-nin Naxçıvan Filialına 23 may 2023-cü il tarixli, 3192 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Naxçıvan şəhər 1 saylı notariat ofisinə qarşı miras əmlakı üzərində payların müəyyən edilməsi öhdəliyinin qoyulması tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı1 tərəfindən "xxxx" ASC-nin Naxçıvan Filialına 23 may 2023-cü il tarixli, 3192 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçılara izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar