Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-874/2021 31.08.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Ərizəçi və Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə komissiyasının nümayəndəsi X4 iştirakları ilə, Ərizəçi Əliyeva Zeynəb Xudayar qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı 13 may 1964-cü il təvəllüdlü Əliyeva Zeynəb Xudayar qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi iddia ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, Əliyeva Zeynəb Xudayar qızı onun həyat yoldaşıdır. Onlar 22 sentyabr 1983-cü il tarixdə Naxçıvan şəhər VVAQ şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Əvvəllər həyat yoldaşının səhhətində heç bir problem olmasa da sonradan onda əqli cəhətdən müəyyən dəyişikliklər əmələ gəlmişdir. Y,Budaqov adına Naxçıvan MR X5 tərəfindən Zeynəbə 28 mart 2019-cu il tarixdə “Altsheymer xəstəliyi nəticəsində demensiya” diaqnozu qoyulmuş və həmin tarixdən Dispanserdə qeydiyyata dayanır. (Altsheymer xəstəliyi-demensiyanın geniş yayılmış müalicəsi mümkün olmayan neyrodegenerativ xəstəlikdir). Bu, ərizəyə əlavə etdiyi arayışda da öz əksini tapmışdır. Xəstəliyi ilə əlaqədar olaraq Zeynəbə Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 09.10.2019-cu il tarixdən İİ qrup əllilik dərəcəsi təyin olunmuşdur. Xəstəliyi ilə əlaqədar Zeynəbin daima diqqətə ehtiyacı var. Çünki o, özü-özünü idarə edəcək vəziyyətdə deyil və hər zaman qayğıya möhtacdır. Zeynəbin xəstəliyi anadangəlmə olmasa da müalicəsi mümkünsüzdür. Zeynəbin demək olar ki, bütün tələbatlarını ərizəçi qarşılayır. Ərizəçi həyat yoldaşının üzərində qəyyum təyin olunmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanına şifahi müraciət etmişdir və orada bunun üçün yalnız məhkəmənin müvafiq qərarının olması bildirilmişdir. Buna görə də ərizəçi məcbur qalaraq məsələnin həlli üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxsin səhhəti yol verirsə, məhkəmə iclasına çağırılması nəzərdə tutulduğundan 26 iyul 2021-ci il tarixli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin olunmuş və ekspertin qarşısına Əliyeva Zeynəb Xudayar qızının sağlamlıq vəziyyətinin onun məhkəmə iclasında iştirak etməsinə imkan verib-verməməsinin araşdırılması ilə bağlı sual qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 13 avqust 2021-ci il tarixli 59 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Əliyeva Zeynəb Xudayar qızının sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Bunu nəzərə alan məhkəmə Əliyeva Zeynəb Xudayar qızını məhkəmə iclaslarına dəvət etməmiş və dindirməmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi izahatında Əliyeva Zeynəb Xudayar qızı ilə 22 sentyabr 1983-cü il tarixdə nikaha daxil olaraq evləndiyini, əvvəllər arvadının səhhətində heç bir problem olmasa da, sonradan onda əqli cəhətdən müəyyən dəyişikliklər əmələ gəldiyini, Naxçıvan MR X5 tərəfindən 28 mart 2019-cu il tarixdə “Altsheymer xəstəliyi nəticəsində demensiya” diaqnozu qoyulduğunu, həmin tarixdən dispanserdə qeydiyyatda dayandığını, Zeynəbin ikinci qrup əlil olduğunu, pensiya aldığını, özü-özünü idarə edəcək vəziyyətdə olmadığını, onun köməyi olmasa heç bir ehtiyacını qarşılaya bilməyəcəyini, onun üzərində qəyyum təyin edilmək istədiyini, bütün bunları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul eduilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və himayə komissiyasının nümayəndəsi X7 məhkəmə iclasında verdiyi izahatında mülki işlə əlaqədar olaraq komissiyanın nümayəndələrinin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs 13 may 1964-cü il tarixdə Naxçıvan şəhərində doğulmuş Əliyeva Zeynəb Xudayar qızının yaşadığı ünvan 1 ünvanında yerləşən mənzildə olaraq onun həyat şəraitini müayinə etdiklərini, müayinə zamanı inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən və qonşulardan alınan məlumata görə Əliyeva Zeynəb Xudayar qızının ailəsi və cəmiyyət üçün heç bir təhlükə törətmədiyini, araşdırma nəticəsində Əliyeva Zeynəb Xudayar qızının öz ehtiyaclarını ödəyə bilməməsi, onun İİ qrup əlil olması, komissiyanın Əliyeva Zeynəb Xudayar qızının fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə hallarının olmamasını müəyyən etdiyini qeyd etdi. Mülki iş materiallarını tədqiq edən məhkəmə müəyyən edir ki, barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş Əliyeva Zeynəb Xudayar qızının 13 may 1964-cü il tarixdə Naxçıvan şəhərində anadan olması, onun hazırda ünvan 1 ünvanında yaşaması, Ərizəçi Əliyeva Zeynəb Xudayar qızının əri olması, Əliyeva Zeynəb Xudayar qızının İİ qrup əlil kimi sosial müavinət alması, onun Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 qeydiyyatda dayanması mülki işin mübahisəsiz hallarıdır. Bunların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən 27 sentyabr 2017-ci il tarixdə verilmiş AZE seriyalı 16882661 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən Əliyeva Zeynəb Xudayar qızının 13 may 1964-cü il tarixdə Naxçıvan şəhərində anadan olması, onun hazırda ünvan 1 ünvanında qeydiyyatda olması; -İş materiallarına əlavə olunmuş İİİ-ЖГ seriyalı, 282991 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Ərizəçi ilə X6 arasında 22 sentyabr 1983-cü il tarixdə nikahın bağlanması, bu barədə nikah akt qeydləri kitabında 333 nömrə ilə qeyd edilməsi, nikahın bağlanmasından sonra arvada “Əliyeva” soyadının verilməsi; -İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər ƏSMM tərəfindən verilmiş 22 iyun 2021-ci il tarixli, 042636 nömrəli əlillik vəsiqəsinin təsdiq edilmiş surətindən Əliyeva Zeynəb Xudayar qızının ikinci qrup əlil olması; -İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X5 tərəfindən verilmiş 22 iyun 2021-ci il tarixli, 385 nömrəli məktubun surətindən ünvan 1 ünvanında qeydiyyatda olan 1964-cü il təvəllüdlü Əliyeva Zeynəb Xudayar qızının 28 mart 2019-cu il tarixdən “Altsheymer xəstəliyi nəticəsində demensiya” diaqnozu ilə Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 qeydiyyatda dayanması aydın olur. Mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində onları bir-biri ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Şəxsin ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını dərk etməsinin və ya öz hərəkətlərinə rəhbərlik edə bilməsinin müəyyən olunması isə xüsusi bilik tələb edən məsələ olduğundan məhkəmənin hazırlıq iclasında bunun müəyyən olunması üçün 26 iyul 2021-ci il tarixli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 ambulator məhkəmə-psixiatriya ekspertizasının 13 avqust 2021-ci tarixli 59 nömrəli ekspert rəyində qeyd olunur ki, Əliyeva Zeynəb Xudayar qızı “Alsheymer xəstəliyi nəticəsində demensiya” xəstəliyindən əziyyət çəkir. Əliyeva Zeynəb Xudayar qızı öz hərəkətlərini dərk etmək və öz hərəkətlərini idarə edə bilmək iqtidarında deyil. Onun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qəbul ediləndir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi Əliyeva Zeynəb Xudayar qızının həyat yoldaşı olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, Əliyeva Zeynəb Xudayar qızının əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin və Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsinin izahatları ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, Əliyeva Zeynəb Xudayar qızı əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən o, fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ərizə təmin olunmalı; -13 may 1964-cü il tarixdə Naxçıvan şəhərində anadan olan Əliyeva Zeynəb Xudayar qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilməli; -Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. 13 may 1964-cü il tarixdə Naxçıvan şəhərində anadan olan Əliyeva Zeynəb Xudayar qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №2(078)-874/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-874/2021
31.08.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver