Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-88/2022 12.01.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, cavabdehlər Cavabdeh1, X4, cavabdehlərin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X6 və X7 qarşı kompensasiya ödənilməklə yaşayış və istifadə hüququna xitam verilməklə mənzildən çıxarılma tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi üzrə cavabdehlər Cavabdeh1, X6 və X7 qarşı məhkəməyə müraciət edərək mülkiyyətində olan Naxçıvan şəhəri, İstiqlal küçəsi bina 87, 12 saylı mənzilə olan yaşayış və istifadə hüquqlarına hər birinə 7500 (yeddi min beş yüz) manat olmaqla ümumilikdə 22500 (iyirmi iki min beş yüz) manat kompensasiya ödənilməklə xitam verilməsi və cavabdehlərin mənzildən məcburi çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı qızına rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmişdir. Onun nümayəndəsi və vəkili iddiaçının Bakı şəhərində yaşadığını və məhkəmə iclaslarına gəlməsinin mümkün olmadığını bildirib onun iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Naxçıvan şəhəri İstiqlal küçəsi bina 87-də yerləşən 12 saylı 3 otaqlı mənzil tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. 1998-ci ildə Cavabdeh1 iddiaçının oğlu Məzahirlə ailə qurub həmin mənzilə gəlin köçmüşdür. İddiaçı gəlini ilə yola getmədiyindən bir müddət onlarla yaşamış, sonra qızının yanına Bakı şəhərinə getmişdir. Bakı şəhərinə getdikdən sonra pensiya kartını da oğluna vermişdir ki, normal şəkildə evdə yaşasınlar. 2021-ci ildə Məzahirlə cavabdeh boşanmışdır. Sonra iddiaçı eşitmişdir ki, nə Şəlalə, nə də uşaqları Məzahiri yola verməmiş, evə də qoymamışlar. O da məcbur qalıb Bakı şəhərinə anasının yanına getmişdir. İndi hamısı Bakıda kürəkən evində qalıblar. İddiaçı öz evinə qayıtmaq istəyir, lakin Şəlalə ilə yola gedə bilmədiyindən onların bir evdə yaşaması mümkün deyildir. Nəvələri Mirziya və Mirzaur artıq yetkinlik yaşına çatıblar. Həm Şəlaləyə, həm də uşaqların hər birinə kompensasiya ödəməklə iddiaçı onları mənzildən çıxartmaq istəyir. Həmin ərazidə kirayə haqqı 200-300 manat arasındadır. Sabiq gəlini və nəvələrinin hər birinə 7500 (yeddi min beş yüz) manat kompensasiya təklif edir. Hesab edir ki, üç nəfərə 22500 (iyirmi iki min beş yüz) manat kompensasiya məbləği başqa yerdə yaşamaq üçün yetərli məbləğdir. Ona görə də iddiaçının təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında izahat verən Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, 1998-ci ildə iddiaçının oğlu Məzahirlə ailə qurmuş, həmin evlilikdən Mirziya və Mirzaur adlı övladları doğulmuşdur. O gəlin gələndə 1998-ci ilin aprel ayı olmuş, həmin vaxt qayınanası və qayınatası Naxçıvan şəhərində Sabir küçəsində yerləşən həyət evində yaşayırdılar. Hazırki evdə o və Məzahirdən başqa heç kim yaşamamışdır. 1998-ci ilin avqustunda İddiaçı kürəkəni rəhmətə gedib və ondan sonra qayınanası və qayınatası qızları tək qalmasın deyə Bakıya köçüblər. X1 öz adına olan Sabir küçəsindəki evini sataraq qaynı Seyidov Müşfiqin adına Bakı şəhərində ev satın almışdır. Lakin digər övladları Məzahir üçün heç nə etməmişdirlər. Onun övladları Mirziya və Mirzaur hərbi xidmətdə olarkən İİ Qarabağ müharibəsi başlamış və uşaqları üçün hər gün göz yaşı tökərkən ataları Məzahir bir dəfə də olsun uşaqları ilə maraqlanmamışdır. 23 il ərzində uşaqlarına bir cüt corab belə almamışdır. Məzahirin övladları hərbi xidmətdə olarkən dediyi sözlərə görə daha artıq dözə bilməmiş, övladları da onun boşanmaq qərarını dəstəkləmişlər. Qeydiyyat Şöbəsinə ərizə verib boşanmışlar. Evli olduqları müddətdə işlədiyi müəllim əmək haqqısı ilə iki uşağını saxlamış, onların təhsil haqqını ödəmişdir. Ancaq bunları çatdırmışdır. Əlavə özlərinə hər hansı ev almaq imkanı olmamışdır. O Məzahirlə evləndikdən sonra bilmişdir ki, Məzahir bir dəfə də evlənib boşanmışdır, hətta həmin evlilikdən bir qız övladı da olmuşdur. Daha sonra uşağı ilə atası maraqlanmamış və buna görə də uşaq adını soyadını və ata adını dəyişdirmişdir. O təklif olunan kompensasiya məbləğini qəbul etmir. Çünki həmin məbləğə hər hansı ev tapmaq mümkün deyil. Ən azı 35-40 min manat kompensasiya verilərsə evi tərk edə bilərlər. Övladlarından biri işləyir və 250 manat əmək haqqı alır, digər övladı işsizdir. Özü müəllim işləyir, əmək haqqısı 400 manata yaxındır. Həmin əmək haqqı ilə özlərinə hər hansı əmlak ala bilməzlər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında izahat verən cavabdeh X8 iddianı qəbul etməyərək izahatında anası Cavabdeh1 izahatı ilə razılaşdığını, əlavəsi olmadığını bildirib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında izahat verən cavabdehlərin vəkili Vəkil2 cavabdehlərin qeyd etdiyi hallara əlavəsi olmadığını bildirib iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə cavabdeh X7 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməyinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdeh X5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyən edilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya yolu ilə xitam verilə bilər. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 27 oktyabr 2021-ci il tarixli 04/644 nömrəli məktubundan və qeydiyyat vəsiqəsindən göründüyü kimi, Naxçıvan şəhəri, İstiqlal küçəsi bina 87-də yerləşən 12 saylı mənzil 11.12.1996-cı il tarixdə Naxçıvan şəhər 1-ci DNK-da qeydiyyata alınan 3/M-175 nömrəli alqı-satqı müqaviləsi əsasında mənzil 08.06.1998-ci il tarixdə Naxçıvan MR DTİ və MHQ İdarəsində İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan şəhər 1 saylı Notariat Ofisinin N199 28 oktyabr 2021-ci il tarixli məktubundan aydın olur ki, Naxçıvan şəhər İstiqlal küçəsində yerləşən 3 otaqlı mənzillərin kirayə müqavilələri 200 (iki yüz) manatdan 300 (üç yüz) manat arasında qiymətləndirilmələr aparılmışdır. İş materiallarında olan Naxçıvan şəhər 1 saylı Notariat Ofisinin N233 18 dekabr 2021-ci il tarixli məktubundan aydın olur ki, Naxçıvan şəhər İstiqlal küçəsində yerləşən 3 otaqlı mənzillərin alqı-satqı müqavilələri 55000 (əlli beş min) manatdan 70000 (yetmiş min) manat arasında qiymətləndirilmələr aparılmışdır. İş materiallarına cavabdeh tərəfindən təqdim edilmiş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 30 dekabr 2021-ci il tarixli 04/773 nömrəli məktubundan göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1, X5 və X4 adına daşınmaz əmlak qeydiyyata alınmamışdır. İş materiallarına cavabdeh tərəfindən təqdim edilmiş Naxçıvan şəhər 2 saylı Notariat Ofisinin 71 nömrəli 21 dekabr 2021-ci il tarixli məktubundan aydın olur ki, Naxçıvan şəhər İstiqlal küçəsi 87 və onun ətrafında yerləşən binalarda təmirli və ya təmirsiz 3 otaqlı mənzillərin satış qiyməti 55000-80000 manat və həmin mənzillərin aylıq kirayə haqları 250-350 manat dəyərində olur. İş materiallarına cavabdeh tərəfindən təqdim edilmiş Naxçıvan şəhər 1 saylı Nikah Evi tərəfindən 21 dekabr 2021-ci il tarixdə verilmiş nikah akt qeydindən çıxarışdan aydın olur ki. X14 ilə Cavabdeh1 10 aprel 1998-ci ildə nikah bağlamış və 67 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarına cavabdeh tərəfindən təqdim edilmiş doğum haqqında şəhadətnamələrin surətindən aydın olur ki, X9 və X10 13 dekabr 1999-cu ildə anadan olmuşlar, atası X14, anası X15r. İş materiallarına cavabdeh tərəfindən təqdim edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən aydın olur ki, X14 ilə X13 nikahına 22 iyun 2021-ci ildə xitam verilmiş, bu barədə 79 nömrəli akt qeydi icra edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin mənasına görə, mülkiyyətçinin ödəməli olduğu kompensasiya mənzil istifadəçisinin itirdiklərinin ədalətlə əvəzi kimi çıxış etməlidir. Belə hallarda həmin şəxsin məhrum olduğu hüquq qismində mənzil tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən ödənilən kompensasiya da başqa yerdə yaşamaq və yeni yaşayış sahəsindən istifadə etmək hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Məhkəmənin kompensasiyanın hüquqi təbiəti haqqında yürütdüyü bu mülahizə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında nümayiş etdirdiyi prinsipial mövqeyə əsaslanır. Belə ki, Konstitusiya Məhkəməsi 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdi ki, “Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onunla elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin”. Bu isə o deməkdir ki, kompensasiya istifadəçiyə mənsub olmayan mülkiyyət hüququnun əvəzi kimi çıxış etmədiyindən, onun ədalətliliyi kompensasiya məbləğinin mülkiyyətə mənzil əldə etmək üçün kifayət edib-etməməsinə görə deyil, ümumiyyətlə şəxsin yaşayış sahəsində olan hüququnu nə dərəcədə təmin edə bilməsinə görə müəyyən edilməlidir. Məsələyə bu cür yanaşdıqda, təklif olunan kompensasiya eyni yaşayış məntəqəsində mülkiyyətdə mənzilin əldə edilməsi üçün yetərli olmayıb, onun dəyərinin əhəmiyyətli hissəsini təşkil etdiyi hallarda da həmin məbləğ itirilmiş istifadə hüququnun ədalətli əvəzi kimi qəbul edilə bilər. Çünki bu halda şəxsin itirdiyi mənzildən istifadə hüququ əvəzinə birbaşa mülkiyyətinə ev (mənzil) əldə etmək üçün real və əhəmiyyətli maddi dəstək qazanır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenum Qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. İş üzrə İddiaçı ərizəsində belə məlum olur ki, o, cavabdehlər Cavabdeh1, X6 və X7 hər birinə 7500 (yeddi min beş yüz) manat olmaqla ümumilikdə 22500 (iyirmi iki min beş yüz) manat kompensasiya ödəməyi təklif etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, .... kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.”. Konstitusiya Məhkəməsinin bu mövqeyinə uyğun olaraq işə məhkəmə tərəfindən baxılarkən bazar qiymətinə uyğun kompensasiya məbləği 27000 (iyirmi yeddi min) manat müəyyən edilmiş, həmin məbləğ iddiaçının nümayəndəsi və vəkilinə təklif edilmiş, bu təklif iddiaçı tərəfindən qəbul edilmiş və bu barədə ərizə vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarında o da vurğulanmışdır ki, “Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğinin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar...”. Beləliklə, Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. İstifadə hüququnun kompensasiya verilməklə xitam olunması zamanı digər diqqətəlayiq hallarla yanaşı, həmçinin istifadə hüququna malik olan şəxslərin istifadə hüququnun yaranması əsasları, mənzildə hansı müddətdə yaşamaları, ailə və maddi vəziyyətləri, uzun illər ərzində təsərrüfatın idarə olunmasında iştirak dərəcəsi və digər diqqətəlayiq məqamlar da nəzərə alınmalı, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüquqları arasında ədalətli tarazlığa nail olunmalıdır. Göstərilən amillər nəzərə alınmadan təklif olunan kompensasiyanın istifadə hüququna xitam verilməsi üçün yetərli olub-olmaması barədə qənaətə gəlmək qanunun məqsədləri baxımından əsaslı hesab edilə bilməz. Cavabdeh1 yalnız 35000-40000 (otuz beş min- qırx min) manat kompensasiya müqabilində və ya eyni məbləğdə mənzil təmin əldə etmək şərti ilə hüquqlarına xitam verilməsinə razılıq verilə biləcəyi tələbi ilə əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda da qeyd edilən Qərarlarında ifadə olunmuş hüquqi mövqe nöqteyi-nəzərindən yanaşılarsa Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu deyil, ona yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanının təmin edilməsini nəzərdə tutur. O da qeyd olunmalıdır ki, mənzildən istifadə hüququ şəxsin həmin mənzildə mülkiyyətçi kimi paya sahib olması və həmin payı tələb etməsi və ya həmin pay müqabilində kompensasiya ödənilməsini tələb etməsi kimi qəbul edilə bilməz. İstifadə hüququna görə ödənilməli kompensasiya məhkəmə tərəfindən hesablanarkən mənzilin şəraiti, həmin ərazidə kirayə haqlarının miqdarı, mülkiyyətçinin və mənzildən istifadə edən şəxsin maddi imkanı nəzərə alınmaqla mövcud bazar qiyməti ilə ağlabatan həddə təyin edilir. Bu səbəbdən istifadə hüququna xitama görə ödənilməli məbləğ həddən artıq şişirdilmiş olmamalıdır. Məhkəmə hesab edir ki, istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdehlər Cavabdeh1, X6 və X7 Naxçıvan şəhəri, İstiqlal küçəsi bina 87, 12 saylı mənzilə olan yaşayış və istifadə hüquqlarına hər birinə 9000 (doqquz min) manat olmaqla ümumilikdə 27000 (iyirmi yeddi min) manat kompensasiya ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilər. Həmin ərazidə eyni ölçülü və eyni şəraitli evlərin kirayə qiymətləri ortalama olaraq 200-350 manat həddində olduğu müəyyən edilmişdir. Bu isə 27.000 manat kompensasiya məbləği ilə uzun, ağlabatan bir müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanının təmin edilə biləcəyi qənaətinə gəlməyə əsas verir. Bazar qiymətlərinə uyğun olaraq kompensasiya məbləğinin düzgün müəyyən edilməsi məqsədilə iddiaçı tərəf və cavabdeh tərəf mübahisəli ünvanda yerləşən mənzillərin kirayə qiymətlərinin öyrənilməsi üçün Naxçıvan şəhərində fəaliyyət göstərən 1 saylı, 2 saylı Notariat Ofislərinə müraciət etmiş, həmin notariat ofisləri tərəfindən alınan cavabdan aydın olur ki, mənzillərin kirayə qiymətləri 200-350 manat arasında dəyişir. Eyni zamanda mübahisəli fərdi yaşayış evinin yerləşdiyi ərazidə mənzillərin alqı-satqısının 55000-80000 (əlli beş min manatdan səksən min manatadək) qiymətləndirilməsi aparılmışdır. İstər notariat ofisləri tərəfindən kirayə qiymətləri ilə bağlı istərsə də alqı-satqı qiymətləri ilə bağlı cavablardan göründüyü kimi, cavabdehlərə iddiaçı tərəfindən verilməsinə razılıq verilmiş 27000 (iyirmi yeddi min) manat məbləğində kompensasiya üç nəfərdən ibarət cavabdehlərin mülkiyyətinə mənzil əldə etmək və ya Konstitusiya Məhkəməsinin qərarında da qeyd olunduğu kimi, mülkiyyətçinin hesabına istifadəçilərə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən ağlabatan məbləğ hesab edilməlidir. Belə olan halda da məhkəmə iddiaçı X12 ünvan 2 ünvanında yerləşən mənzilindən cavabdehlərə təklif etdiyi bu məbləği yaşayış və istifadə etmək hüquqlarına xitam verilməsini mümkün edən ədalətli və qaneedici əvəz kimi qəbul edir. Beləliklə, yuxarıda qeyd olunan əsasları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, X6 və X7 qarşı kompensasiya ödənilməklə yaşayış və istifadə hüququna xitam verilməklə mənzildən çıxarılma tələbinə dair iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına 05.11.2021-ci il tarixli 31845 nömrəli qəbzlə ödənilmiş 157.5 (bir yüz əlli yeddi manat əlli qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, X2 və X3 müştərək qaydada alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, X6 və X7 qarşı kompensasiya ödənilməklə yaşayış və istifadə hüququna xitam verilməklə mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh1, X4 və X5 xeyrinə hər birinə 9000 (doqquz min) manat olmaqla ümumilikdə 27000 (iyirmi yeddi min) manat kompensasiya ödənilməklə mülkiyyətində olan Naxçıvan şəhəri İstiqlal küçəsi ev 87-də yerləşən 12 nömrəli mənzilə Cavabdeh1, X4 və X5 yaşayış və istifadə hüququna xitam verilsin və onlar mənzildən məcburi qaydada çıxarılsınlar. İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına 05.11.2021-ci il tarixli 31845 nömrəli qəbzlə ödənilmiş 157.5 (bir yüz əlli yeddi manat əlli qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, X2 və X3 müştərək qaydada alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-88/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-88/2022
12.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver