Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-90/2021 19.02.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh mülkiyyət hüququnun həyata keçirilməsinə maneənin aradan qaldırılması cavabdeh tərəfindən evinin arxasına çəkilmiş talvar və tavanın sökülməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mülkiyyət hüququnun həyata keçirilməsinə edilən maneələrin aradan qaldırılması, onun tərəfindən evinin arxasına çəkilmiş talvar və tavanın sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı dindirilən iddiaçı İddiaçı iddianı müdafiə edərək izahatında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi olduğunu, qonşusu Cavabdeh onun evinin arxa tərəfində talvar və tavan inşa etməklə mülkiyyət hüququnu pozduğunu, qışda evinin nəm çəkdiyini, yayda isə isti olmasına səbəb olduğunu, dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq qonşunun onun dediklərini nəzərə almayaraq öz işini davam etdirdiyini, 2020-ci ilin yay aylarında cavabdehin həyat yoldaşının onu çağıraraq öz həyətlərində tavan inşa etdiklərini, bir dənə mismarın onun evinin arxasına vuracaqarını bildirdiyini, içəriyə keçib baxanda bütün işlərin artıq qutardığını gördüyünü, nəyə görə onun evinə bitişik talvar və tavan inşa etdiklərini soruşduğunu, onların isə “həyət bizimdir, biz bilərik” dediyini, ondan heç bir razılıq alınmadığını, evdə səs-küydən dayanmağın mümkün olmadığını, bütün qumu, çınqılı onun divarının dibinə tökdüklərini, etiraz edəndə “sənin evini qoruyuram” dediklərini, sabah əgər evinin arxasına suvaq vuracaqsa bunun mümkün olmadığını, inşa edilən tavanın üstünə dolan qarın onun evinin şiferinə ziyan vurduğunu, divarının çatladığını, tək ailə başçısı olduğunu, övladlarını saxladığını, onun mülkiyyətini ondan başqa qoruyan olmadığını, qonşunun bir dəfə olsun onu dinləmədiyini, hər dəfə qapısına gedəndə gah fəhlənin yanında onu qovduğunu, gah da həyat yoldaşı ilə oğlunu qabağa verdiyini, qanuni qərar istədiyini bildirib iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qəbul etməyərək verdiyi izahatında Naxçıvan şəhəri 11-ci məhəllə ev 20-də yerləşən yaşayış evinin mülkiyyətçisi olduğunu, iddiaçı ilə qonşu olsalar da evlərin yerləşməsi vəziyyətinə görə ümumiyyətlə bir-birini görmədiklərinin, iddiaçının evinin arxasının onun həyətinə düşdüyünü, iddiaçının həyətində bir iş görməsinə imkan vermədiyini, həyətə usta gələn kimi gəlib narazılığını bildirdiyini, səs-küyün onları narahat etdiyini dediyini, öz həyətində talvar inşa etdiyini, darvaza tərəfdə isə tavan inşa etdiyini, bütün işləri öz həyətyanı torpaq sahəsində apardığını, qonşuya heç bir ziyan vurulmadığını və maneçilik törətmədiyini, buna görə də iddiaçıdan hər hansı razılıq alınmasına zərurət görmədiyini bildirib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı izahat verən mütəxəssis Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X1 verdiyi izahatında bildirmişdir ki, sözügedən mülki iş üzrə yerləşən torpaq sahəsinə naturada baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin şərq istiqamətində 11-ci məhəllə ev 20 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində 6.13x4.65 kvadrat metr ölçüdə naves və 11.95x4.65 kv.metr ölçüdə talvar quraşdırılmışdır. Araşdırma zamanı məlum olur ki, mübahisələndirilən sahədə quraşdırılmış talvar və naves Cavabdeh mülkiyyətində olan həyətyanı torpaq sahəsinin sərhədləri daxilindədir. H.Mahmudov bununla bağlı müvafiq sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin və mütəxəssisin izahatını dinləyib, həmçinin işin faktiki hallarını və toplanmış sübutları, ekspert rəyini tədqiq edib, onları əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 228/20 nömrəli rəyindən aydın olur ki, rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən mülki işin materiallarında olan və baxış zamanı əldə olunmuş məlumatları nəzərə alaraq Naxçıvan şəhəri, 11-ci məhəllə, döngə 1, ev 20-də yerləşən Cavabdeh mülkiyyətində olan torpaq sahəsində inaş edilmiş talvar və tavan tikilisinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddəsinin tələblərinə riayət edilməməklə inşa edildiyi müəyyən edilmiş, eyni zamanda qeyd olunur ki, Naxçıvan şəhəri, 11-ci məhəllə, döngə 1 ev 20-də yerləşən Cavabdeh mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş talvar və tavan tikilisinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1 və 79.1.1.-ci maddələrinin tələblərinə riayət edilməklə inşa edildiyi müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən mülki iş materiallarında olan və baxış zamanı əldə olunmuş məlumatları nəzərə alaraq göstərilən məsələ ilə bağlı qeyd olunur ki, iş üzrə iddiaçının mübahisələndirdiyi talvar və tavan tikilisi öz xüsusiyyətinə, konstruksiyalarına görə ara məsafəsinə aid olan bəndlərin tələblərinə uyğun tənzimlənməlidir, eləcə də yuxarıda göstərilən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin bəndlərinin tələblərinə uyğun olan qaydada aparılmalıdır. Mülki işin materiallarından aydın olur ki, Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan aydın olur ki, Naxçıvan şəhər 11-ci məhəllə, döngə 1-də 0.0353 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 34.45 kv.m yaşayış, 76.26 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/8 nömrəli reyestr kitabının 1487 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarından aydın olur ki, Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan aydın olur ki, Naxçıvan şəhər 11-ci məhəllə, döngə 1-də 607.68 kv.m torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 5 otaqlı, 119.2 kv.m yaşayış, 15.3 kv.m qeyriyaşayış sahəsindən ibarət 20 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 849 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Həmin Məcəllənin 152.1-152.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ subyеktin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, təbiətin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddəsinə əsasən qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Həmin məcəllənin 72.2-ci maddəsinə əsasən divarın mövcud qonşu divara paralel tikildiyi və yanaşı divarlar arasında boşluq qaldığı (divarlar arasındakı məsafə onların istismarına mane olduğu) hallarda, həmin boşluğun atmosfer yağıntılarından mühafizə olunması məqsədi ilə müəyyən tədbirlər görülməlidir. Məhkəmə iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2020ci il tarixli 228/20 nömrəli rəyini sübut kimi qiymətləndirir və qeyd edir ki, ekspert rəyindən aydın olur ki, Naxçıvan şəhəri, 11-ci məhəllə, döngə 1, ev 20-də yerləşən Cavabdeh mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş talvar və tavan tikilisinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddəsinin tələblərinə riayət edilməməklə inşa edildiyi müəyyən edilmişdir. Məhkəmə işin yuxarıda sadalanmış faktiki və hüquqi hallarını yuxarıda qeyd olunan hüquq normalarına uyğun təhlil edib hesab edir ki, cavabdeh tərəfindən talvar və tavan tikilərkən iddiaçının notarial qaydada təsdiq edilmiş yazılı razılığı olmasına dair mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin iddiaçı izahatında hər hansı yazılı razılıq olmadığını bildirmişdir. Eyni zamanda yerində müayinə və tədqiq aparılarkən, həmçinin ekspert rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli talvar və tavan tikilisi cavabdehin həyətyanı sahəsinin girişində yerləşir, həmin hasardan cavabdehin həyətyanı sahəsinə daxil olduqda girişdən sol hissədə təqribən 15.90 metr iddiaçıya məxsus bir mərtəbəli fərdi yaşayış evi cavabdehin həyətyanı sahəsində həmsərhəddə inşa olunmuşdur. İddiaçıya məxsus həmsərhəddə inşa olunmuş fərdi yaşayış evinin arxa fasad hissəsində təqribən 4.10 metr enində sağ tərəfə doğru digər qonşunun həyətyanı sahəsində köməkçi təyinatlı tikililəri inşa olunmuşdur. Həmin cavabdehə məxsus olan köməkçi təyinatlı tikililəri ilə iddiaçının bir mərtəbəli fərdi yaşayış evinin arxa fasadı arasında təqribən eni 4.10 metr, uzunluğu 6.10 metr, hündürlüyü isə 4 metr mübahisəli tavan, 11.95 metr uzunluğu və 4.65 metr enində talvar quraşdırılmışdır. Digər tərəfdən isə iddiaçının fərdi yaşayış evinin arxa fasad hissəsində müxtəlif istiqamətlərdə dəmir borular basdırılmış üzərləri isə bağlanmamışdır. Cavabdehin həyətyanı sahəsinə girişdə həmin talvarın qismən hissəsinin üstü şiferlə örtülmüş, alt hissəsinə isə “lambri” plastik təbəqələr vurulmuşdur. Cavabdeh tərəfindən həyətyanı sahəyə girişdə quraşdırılmış talvar tikilisi iddiaçının fərdi yaşayış evinin müəyyən hissəsindən qismən öz hissəsinə meyillənmiş eləcə də atmosfer çöküntülərinin (qar, yağış və s.) axıdılması üçün su müəyyən hissədə novları quraşdırılmış və həmin suların xaric olunması üçün isə müxtəlif tərəflərdən istiqamətləndirlmişdir. İş üzrə tərəflərin izahatlarından aydın olur ki, talvarın və tavanın inşa edilməsi ilə əlaqədar qonşular arasında mübahisə yaranmış, bu halda iddiaçının sərbəst şəkildə öz mülkiyyət hüququnu həyata keçirməsi cavabdeh tərəfindən məhdudlaşdırılmış və iddiaçının mülkiyyət hüququna müdaxilə olunmuşdur “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Məhkəmə o hala diqqət yetirir ki, göstərilən normalar nəinki fərdi mülkiyyəti təşkil edən əmlaklarla bağlı, hətta ümumi mülkiyyətdə olan əmlaklara dair mülkiyyətçilərin malik olduqları hüquqlarının üstünlüyünü tamamilə inkar edir. Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, mülkiyyət hüququ müəyyən əsasların mövcud olduğu halda məhdudlaşdırılmaya məruz qala bilər. İlk növbədə buna qanuni əsas, mülkiyyətçinin razılıqla ifadə olunan iradəsi, cəmiyyətin və dövlətin mühüm mənafeyi mövcud olmalıdır. Hazırkı işin halları baxımından belə bir zərurətin mövcud olmasını əsaslandıra biləcək heç bir hal müəyyən edilməmişdir. Məhkəmə bu baxımdan hesab edir ki, cavabdehin iddiaçının razılığı olmadan talvar və tavan inşa etməsi qanuni olmamış və bu baxımdan qanuni olmayan hərəkəti dəstəkləyən cavabdehin mövqeyi əsaslı hesab edilə bilməz. Məhkəmə belə nəticəyə gəlir ki iddiaçı mülkiyyət hüququna müdaxilə təşkil edən tavan və talvar tikilisinin sökülməsini tələb etməkdə haqlıdır. Beləliklə, bütün yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı məxsus evin arxa fasadı ilə Cavabdeh məxsus olan köməkçi təyinatlı tikililəri arasında təqribən eni 4.10 metr, uzunluğu 6.10 metr, hündürlüyü isə 4 metr mübahisəli tavan, 11.95 metr uzunluğu və 4.65 metr enində talvar Cavabdeh öz vəsaiti hesabına sökülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh məxsus torpaq sahəsinin girişində inşa edilmiş İddiaçı məxsus evin arxa fasadı ilə Cavabdeh məxsus olan köməkçi tikililər arasında eni 4.10 metr, uzunluğu 6.10 metr, hündürlüyü isə 4 metr mübahisəli tavan və 11.95 metr uzunluğu və 4.65 metr enində talvar Cavabdeh öz vəsaiti hesabına sökülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-90/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-90/2021
19.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver