Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-928/2024 29.08.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, iddiaçının nümayəndəsi X11 və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı miras əmlakın qəbul edilməklə payın müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı nümayəndə vasitəsilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X7 Naxçıvan şəhəri, 28 may küçəsində mülkiyyətində olan 410.1 kv.metr torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 47.2 kv.metr yaşayış, 44.8 kv.metr qeyri yaşayış, 51.2 kv.metr köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evinin miras əmlak olaraq onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək tələbin adının miras əmlakın qəbul edilməklə payın müəyyən edilməsi qoysa da xahiş etdi hissəsində səhvən mirasın qəbul edilməsi faktının müəyyən edilməsini göstərmiş, tələbinin dəqiqləşdirərək miras əmlakda payın müəyyən edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X12 ilə 22 sentyabr 1965-ci il tarixdə nikahı rəsmiləşdirib ailə qurmuşlar. Həmin nikahdan 4 nəfər övladı- Cavabdeh1, Hüseynova (Mustafayeva) Rəsmiyyə Aydın qızı, Cavabdeh4 və Qurbanova (Mustafayeva) Könül Aydın qızı doğulmuşdur. Aydın Mustafayev 12 oktyabr 2013-cü il tarixdə vəfat etmişdir. Mərhum əri X12 12 oktyabr 2013-cü il tarixdə öləndən sonra onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. Mərhum əri X1 Naxçıvan şəhəri, 28 may küçəsində mülkiyyətdə olan 410.1 kv.metr torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 47.2 kv.metr yaşayış, 44.8 kv.metr qeyri yaşayış, 51.2 kv.metr köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evini 30 aprel 2008-ci il tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində **********90-1032162 nömrəli reyestr və 8192 qeydiyyat nömrə ilə rəsmiləşdirib adına çıxarış almışdır. Mərhum əri X7 12 oktyabr 2013-cü il tarixdə vəfatından sonra qalan miras əmlakını faktiki olaraq özü qəbul etmişdir. Birinci növbəli vərəsə olaraq həmin torpaq sahəsini əkib-becərərək meyvə ağaclarına qulluq göstərməklə, evə baxıb sahiblənmişdir. Evin açarı əvvəl bir gündən olduğu kimi bu gün də ondadır. Hal-hazırda orada yaşayır. Qaz, işıq və suyun müqavilələri onunla bağlanıb, bunlardan istifadəyə görə bütün ödənişlər onun tərəfimdən aparılıb, bu günə kimi hər hansı bir borcu yoxdur. Övladları mərhum ərinin sağlığında ailə qurub onlardan ayrılıb ailələri ilə birlikdə yaşayırlar. Hal-hazırda qızları Cavabdeh1, Qurbanova (Mustafayeva) Könül Aydın qızı və Cavabdeh3 miras əmlakın qəbulundan imtina barədə notarial qaydada ərizə veriblər. Oğlu Cavabdeh4 uzun müddətdir ki, Bakı şəhərində yaşayır, atasının yas mərasiminə gəlib 3-4 gün burada qalandan sonra geri gedib sonuncu dəfə 2023-cü ilin dekabr ayında bura qayıdaraq 2 gün qalıb təkrar Bakı şəhərinə qayıdıb hal-hazırda orada da yaşayır. Cavabdeh4 digər vərəsələr kimi sözügedən miras əmlakla bağlı fikrini bildirmədiyindən xüsusi icraat qaydasında “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair” Naxçıvan Şəhər Məhkəməsinə ərizə ilə müraciət etmiş və Cavabdeh4 iş üzrə maraqlı şəxs qismində məhkəməyə dəvət olunaraq buna öz etirazını bildirdiyinə görə mülki iş baxılmamış saxlanılıb sənədlər ona geri qaytarıldığından iddia qaldırmaq məcburiyyətində qalmışdır və istəyir ki, məhkəmə qaydasında öz həllini tapsın. Miras əmlakı faktiki olaraq qəbul etdiyi üçün adına rəsmiləşdirmək istəmişdir. Buna görə də, mirasın qəbulu ilə bağlı müvafiq şəhadətnamə verilməsi üçün Naxçıvan Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Naxçıvan Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin 11 mart 2024-cü il tarixli, 319/2024 nömrəli məktubunda mirasın faktiki qəbulu məhkəmə tərəfindən müəyyən olunduğu üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, yoldaşı ilə 22 sentyabr 1965-ci il tarixdə ailə qurmuşlar. Həmin evə gəlin gəlmişdir. 4 uşaqları var. Yoldaşı 2013-cü ildə rəhmətə gedib. Ev yoldaşının adınadır. Həmin evdə yoldaşı rəhmətə getməmişdən qabaq da, rəhmətə gedəndən sonra da qızı Könül və nəvələri ilə birlikdə yaşayır. Başa salan olmadığı üçün sənədləşdirmə aparmalı olduğunu bilməmişdir. Digər qızları ərə gedib öz ailələri ilə yaşayırlar. Oğlu İlqar da çoxdan Bakı şəhərində yaşayır. Qızı Könül əri vəfat etdiyinə görə əvvəl qaynanasıgillə, sonra isə onlarla yaşamağa başlamışdır. Yoldaşının sağlığında ev təmir olunub. Yoldaşının vəfatından sonra kommunal xərcləri özü ödəyir. Oğlu bircə dəfə dekabrda ad günündə gəlib. Başqa vaxt gəlib anasını axtarmayıb. Oğlu təmirə kömək edib, onu deyir. Övladın borcudur ki, valideynə paltar alsın və ya bazarlıq etsin. İndi mal davası edirlər. Evi heç kimə bölmür. Evi adına keçirtmək istəyir. Nə oğlu, nə gəlini ilə problemi yoxdur, sözləri olmayıb, üz-üzə gəlməyiblər. Ancaq onunla maraqlanmırlar. Onların qapısını açmır. Hörmət görməyəcəyi yerə getmir. Əvvəllər yox, son zamanlar gəl deyirlər. Lakin getmir. Onu günahkar bilməsinlər. Yoldaşının evində onun haqqı var. O ev birinci ona çatmalıdır. Bu dəqiqə ölmür. Ev qalsın onun adında. Sonra vəziyyətə baxacaq.Kim ona baxarsa evi ona verəcəkdir. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi qismində izahat verən Vəkil izahatında iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi qismində izahat verən X16 izahatında bildirmişdir ki, babası rəhmətə getməmişdən qabaq nənəsi oğlugilə gedirdi. Gələndə ağlayırdı ki, məni evdə qoydular getdilər. Babası da bir-iki dəfə gedib. İnsan rahat olduğu yerə gedər. Babası rəhmətə getməmişdən qabaq çox mehriban olublar, bir-birlərinə gedib-gəliblər. 2013-cü ildə babası rəhmətə gedəndən sonra arada soyuqluq olub. Toya da çağıranda gəlmədi. Bir yazılmış qanun var, bir də yazılmamış. Nənəsinin 7 nəticəsi var, 5-ni görüb, 2-ni görməyib. Bu adam onları görməyib. Bir dəfə dayısı toya gəlmişdi, gəlib onları görmədi. Özü hamıya hörmətlə yanaşır. Cavana da hörmət qoymaq lazımdır. 01 avqust 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında cavabdeh qismində izahat verən Cavabdeh1 izahatında bildirmişdir ki, evin anasının adına keçməsi üçün mirasdan imtina etmişdir. O həmin evdə yaşamır. O ailəsi ilə yaşayır. 01 avqust 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında cavabdeh qismində izahat verən Cavabdeh2 izahatında bildirmişdir ki, bir qızın yoldaşı rəhmətə gedirsə atasının evinə getməlidir. Ora onun atası evidir. Yoldaşı rəhmətə gedəndə yaşı az idi. Onda işə də getmirdi. Qardaşının etdiyi söhbətlər ayıb hərəkətdir. Övlad atasına, anasına maddiyyat üçün baxmaz. Ataları rəhmətə gedəndən sonra qardaşlarını itirdilər. Onların dördünün də ata-anaya baxmaq borcudur. Övlad ata-anasına etdiklərini deyirsə bunu ayıb bilir. Atasının yasında qızıl dükanına brilyant komplekti satılsın deyə oğlunu göndərib. O satılandan sonra ətin pulunu verib. Atası rəhmətə gedəndə qardaşı da rəhmətə getdi. Onları sildi. Niyəsini bilmirlər. Bacı-qardaş arasında pul söhbətləri dilə gəlməz. Anasına məhkəmə zallarına gəlmək yaraşmazdı. Anası oğluna həsrətdi. Qardaşının oğlu burda əsgərlikdə olanda onun yanına öz övladı kimi gedib. Qardaşının qaynanasına bir kəlimə söz deyib. O vaxtdan onu silib. Aralarında düşmənçilik olub. Bir qaynana anadan, bacıdan dəyərli olub. O atasının sağlığında da, vəfatından sonra da orada yaşayıb. İndi anası ilə həmin evdə yaşayır. Miras əmlakdan atasının xeyrinə imtina edir, bu barədə ərizəsini də təqdim etmişdir. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh4 izahatında bildirmişdir ki, haqq-ədalətlə o evdə onun da haqqı var. Bacısının yoldaşı rəhmətə gedəndən sonra gəlib atasının evinə sığınıb. Gedib hardasa pul verib kira qalmır. Qəşəng evdi. Bütün xərci özü çəkib. Evin bir tərəfini kira veriblər. Etdikləri üçün peşman deyil. Hər nə edibsə halal xoşları olsun. Evdə haqqı var. Atasının evidi. Evin 50 faizi anasının olsun, 50 faizi də onun olsun. Evdəki kondisioner, xaladelnik, kuxna şkafı hər şey onun pulu ilə alınıb. Evdə hara baxılırsa onun pulu ilə alınıb. Atası rəhmətə gedəndən sonra iki il anasına, bacısına pul göndərmişdir. Ona çatan haqqı istəyir. Anasına bir söz deyəndə qızı ilə məsləhətləşir. Atası rəhmətə gedəndən sonra da həmin evdə yaşamayıb. Mirası qəbul etməyib. Lakin onlara baxıb. Anasını Məşhədə də göndərib. Anası Bakıda əməliyyat olub. Atası da Bakıda gözündən əməliyyat olunub. Onları özü edib. Anası Həccə gedib. Onu da özü edib. Ev babasından atasına keçib. Həmin evdə özü qeydiyyatdadır. İki oğlu da orda qeydiyyatdadır. Onun evdə haqqı vardır. O evin təmirinə 45000 manatdan çox pul qoyub. Onda atası sağ idi. Ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Uzun müddətdir Bakıda son bir neçə ildir Qəbələdə yaşayır. Öz adına ev yoxdur. Naxçıvanda telefon dükanı olub və uzun illər həmin dükandan pul götürüb yaşayıblar. Pul öz razılığı ilə götürülüb. Əvvəl hər ay 1000 manat daha sonra 300 manat pul götürülüb. Bu gün bildirilir ki, evlə maraqlanmır. Əvvəl çox maraqlanıb, sonra soyuqluq yaranıb, o pul kəsiləndən sonra bu cür münasibət yaranıbdır. Onun haqqını inkar edirlər. Anası ilə arasında soyuqluq yaradan Könüldür. Digər bacıları ilə narazılığı yoxdur. Dəfələrlə anasını yanına aparma qistəyib, anacaq getmir. Qızları ilə məsləhətləşir. Evin yarısı ona, yarısı anasına çatmalıdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə baxış iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə baxış iclası cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X15 bildirmişdir ki, iddiaçı ilə qonşudur. Həmin evdə Zəkiyə xala, qızı Könül və iki uşağı yaşayır. İlqarı isə atası öləndə görüb. Həmin evdə kişi öləndən sonra təmir işlərini qonşu kimi görməmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X21 bildirmişdir ki, iddiaçı ilə qonşudur. Həmin evdə Zəkiyə xala, qızı Könül və iki uşağı yaşayır. Oğlu İlqar Bakıda yaşayır. Çoxdandır onu görmür. Məhkəmənin qiymətləndirməsi: İş materiallarına əlavə olunmuş: İE 138405 nömrəli evlənmək haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X12 ilə X9 arasında 22 sentyabr 1965-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra qadına "Mustafayeva" soyadı verilmişdir. AZ-İ seriyalı, 494181 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X12 12 oktyabr 2013-cü il tarixdə vəfat etmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 06 oktyabr 2023-cü il tarixli, 1315 nömrəli arayışa əsasən, X7 aşağıdakı vərəsələri vardır:
1. İddiaçı arvadı 1946-cı il təvəllüdlü;
2. Cavabdeh1 qızı 1966-cı il təvəllüdlü;
3. Cavabdeh3 qızı 1969-cu il təvəllüdlü;
4. Cavabdeh4 oğlu 1971-ci il təvəllüdlü;
5. Cavabdeh2 qızı 1974-cü il təvəllüdlü. Naxçıvan MR-in Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın təsdiqlənmiş surətinə əsasən, Naxçıvan şəhəri, 28 may küçəsində 410.1 kv.metr torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 47.2 kv.metr yaşayış, 44.8 kv.metr qeyri yaşayış, 51.2 kv.metr köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 2162 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********90-1032162, qeydiyyat nömrəsi: 8192, qeydiyyat tarixi: xx.xx.2008). 06 noyabr 2023-cü il tarixli notarial təsdiqli ərizəyə əsasən, Cavabdeh1 bütün mirasdan imtina etdiyini bildirmişdir. 17 noyabr 2023-cü il tarixli notarial təsdiqli ərizəyə əsasən, Cavabdeh2 və Cavabdeh3 mirasdan imtina etdiklərini bildirmişlər. Naxçıvan Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin 11 mart 2024-cü il tarixli, 319 nömrəli məktubuna əsasən, İddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət edilə bilinəcəyi bildirilmişdir. Məhkəmə iddia ərizəsini, izahatları, şahid ifadələrini və toplanmış sübutları əlaqəli şəkildə təhlil edərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndində göstərilir ki, dövlət vərəsəlik hüququna təminat verir. İddia tələbi payın müəyyən edilməsi olduğundan məhkəmə ilk olaraq bütün vərəsələrin mirası qəbul edib-etməmələrini araşdırmalı və bu araşdırma nəticəsində qərar qəbul etməlidir. Belə ki, mirası qəbul etməyən vərəsələrə pay müəyyən edilə bilməz. «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1257.1-ci maddəsinə əsasən, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Məhkəmə qeyd edir ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, hüquqi nəticəyə gəlmək üçün konkret hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, sığorta tədiyəsini və miras əmlak üçün vergini ödəyir və s. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, X7 vəfatından sonra Naxçıvan şəhəri 28 may küçəsində yerləşən 410 kvadrat metr torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2otaqlı, 47.2 kv.metr yaşayış, 44.8 kv.metr qeyri yaşayış, 51.2 kv.metr köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evi miras qalmışdır. Həmin miras əmlak məhəmə tərəfindən iddiaçıya verilmiş suallara cavab olaraq müəyyən edilmişdir ki, ər-arvadın birgə nikahı dövründə əldə edilmiş əmlak olmamışdır. X8 vərəsəlik qaydasında keçmişdir. X12 12 oktyabr 2013-cü il tarixdə vəfat etmişdir. Mərhumun ailə üzvləri arvadı, üç qızı və bir oğlundan ibarətdir. Belə olan halda hazırki tələbə miras əmlakla bağlı hüquqi münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Plenum qərarı tətbiq edilə bilməz. Hazırki münasibətlər həmin vaxt qüvvədə olan Mülki Məcəlləsinin 1243-cü və 1246-cı və 1256-cı maddələrinin tələbləri əsasında həllini tapmalıdır. X7 vəfatından sonra miras əmlakı arvadı X5 və qızı Cavabdeh2 faktiki olaraq qəbul etmiş, həmin miras əmlakda yaşamış və yaşamaqda davam edirlər. Digər X3, Cavabdeh3 və Cavabdeh4 miras əmlakı qəbul etmələri işə baxılarkən sübuta yetirilməmiş, əksinə miras əmlakı qəbul etməmələri təsdiq edilmişdir. X3 və Cavabdeh3 miras əmlakdan imtina etdikləri barədə notarial qaydada ərizə təqdim etmişdir. Miras əmlak qəbul edildiyi halda ondan imtina edilə bilər. Qəbul edilməyən miras əmlakdan imtinanın hər hansı hüquqi əhəmiyyəti yoxdur. Lakin Cavabdeh2 miras əmlakı qəbul etməsi işə baxılarkən təsdiqini tapmışdır və bu halda onun miras əmlakdan imtinası nəzərə alınmalıdır. Vərəsə Cavabdeh4 miras əmlakı qəbul etməsi işə baxılarkən təsdiqini tapmamışdır. Belə ki, miras qoyan X7 vəfatından sonra Cavabdeh4 miras əmlakı faktiki və formal qəbul etməmiş, həmin əmlakda yaşamamış, onu sahiblənməmiş, mirasın sahibləndiyini nümayiş etdirən hərəkətlər etməmişdir. Bu hal işə baxılan zaman onu öz izahatı və digər izahatlarla sübuta yetirilmişdir. Miras qoyanın sağlığında həmin əmlaka xərc çəkilməsi, təmir etdirilməsi mirasın qəbulu hesab edilə bilməz. Miras şəxsin vəfat etməsi ilə açılır və bundan sonra həyata keçirilən hərəkətlər miras əmlaka dair faktiki və formal hərəkətlər hesab edilir. Cavabdeh4 atasının vəfatından sonra mirası qəbul etmədiyindən onun payı müəyyən edilə bilməz. Buna görə də X4 mərhum X6 miras qalan əmlakda payı mirası qəbul etmiş digər vərəsə Cavabdeh2 miras əmlakdan imtinası nəzərə alınmaqla bütün miras kütləsi olaraq müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarına mülki hüquq normaları əsasında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə, X2 mülkiyyətində olan Naxçıvan şəhəri, 28 may küçəsində 410.1 kv.metr torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 47.2 kv.metr yaşayış, 44.8 kv.metr qeyri yaşayış, 51.2 kv.metr köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evindən ibarət olan miras əmlak İddiaçı tərəfindən qəbul edildiyindən onun payı bütün miras kütləsi həcmində müəyyən müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. X2 mülkiyyətində olan Naxçıvan şəhəri, 28 may küçəsində 410.1 kv.metr torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 47.2 kv.metr yaşayış, 44.8 kv.metr qeyri yaşayış, 51.2 kv.metr köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evindən ibarət olan miras əmlak İddiaçı tərəfindən qəbul edildiyindən onun payı bütün miras kütləsi həcmində müəyyən edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva.