Məhkəmə qərarları › İş №2(078)-94/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-94/2021

01.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-94/2021 01.03.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X7 və cavabdeh təşkilat Naxçıvan şəhər 2 saylı Notariat Ofisinin xüsusi notariusu X15 iştirakları ilə, İddiaçı cavabdeh təşkilat Naxçıvan şəhər 2 saylı Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin hesab edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Naxçıvan şəhər 2 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan şəhər 2-ci Dövlət Notariat Kontorunda qeydiyyata alınan 2-v-01-83 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək məhkəmə baxışı iclasında verdiyi izahatında göstərmişdir ki, o mərhum X16 arvadı və onun varisidir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun mərhum qayınatası X27 adına olmuşdur. Qayınatası 1990-cı ildə vəfat etmiş, həmin fərdi yaşayış evində qayınanası Gültac, o, həyat yoldaşı İbrahim və vəfat etmiş qaynının yoldaşı Bəsti və uşaqları yaşamışdırlar. Sözügedən ünvanda fərdi yşayaış evi qayınatasının adına olsa da, həmin evdən əlavə tikililər inşa edərək orada yaşamağa davam etmişlər. 1998-ci ildə qayınanası Gültac Sultanova onları və qaynı arvadı Bəstini evdən çıxarmaq istəmiş və mirasın bölünüb hər kəsin payını ayırıb vermək üçün məhkəməyə müraciət etmişdir. Naxçıvan Şəhər Məhkəməsində 1998-ci ildə işə baxılaraq qətnamə qəbul edilmiş qayınanası Gültac Sultanovanın onların mənzildən çıxarılmasına dair iddiası rədd edilmiş, lakin tikdikləri tikililər onların mülkiyyətinə verilmişdir. Qətnamədə də göstərilmişdir ki, sxem üzrə 7,8,9,13 saylı tikililər X17 mülkiyyətinə verilmiş, həyətin sol tərəfində yerləşən 154 kv.metr İ.Seyidovun istifadəsinə verilmiş, darvaza qapısından sol tərəfə həyətin torpaq sahəsinə qədər 2 metr 10 sm enində giriş üşün İbrahim Seyidovun istifadəsinə verilmişdir. Həmin qətnamə çıxdıqdan sonra icra edilməmiş, sadəcə olaraq həmin ünvanda yaşamışdırlar. Onların xəbəri olmadan qayınanası Gültac Seyidova 2007ci ildə notariat orqanına gedərək qətnamə ilə bölünmüş qaydanın əksinə olaraq vərəsəlik şəhadətnaməsi almış və həmin şəhadətnaməyə görə mərhum X27 adına olan ünvan 2 ünvanında yerləşən miras əmlakdan X1nın payı 8/10 hissə, əri X16 payı 1/10 hissə, mərhum qaynı Mirəyyub Seyidovun övladları X3, X4 və X9 payı 1/10 hissə olaraq bölünmüşdür. Halbuki bölgü 1998-ci il tarixli məhkəmə qətnaməsi əsasında aparılmalı idi. Sultanova Gültac qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında payına düşən 8/10 hissəni qeydiyyatdan keçirmiş və bu barədə daşınmaz əmlakdan çıxarış əldə etmişdir. Nə onun yoldaşı, nə də mərhum qaynının uşaqları öz paylarını daşınmaz əmlakda qeydiyyata aldırmamışlar. X1 2012-ci ildə, yoldaşı X28 2016-cı ildə vəfat etmişdir. Yoldaşının vəfatından sonra evi sənədləşdirmək istəyəndə qayınanasının məhkəmə qətnaməsinə uyğun olmayaraq mirası böldüyünü öyrənmişdir. Hesab edir ki, bölgü məhkəmə qətnaməsi əsasında aparılmalı idi. Ona görə də qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız sayılmalı olduğundan iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının vəkili X19 iddianı müdafiə edərək iddiaçının izahatına əlavəsinin olmadığını bildirib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh təşkilat Naxçıvan şəhər 2 saylı Notariat Ofisinin xüsusi notariusu X29 izahatında sənədləri araşdırdığını, qanun üzrə vərəsəlik şəhadətnaməsi verilərkən məhkəmə qətnaməsinin təqdim edilmədiyini hesab etdiyini, notarius tərəfindən hər hansı qanun pozuntusu olmadığını, düzgün rəsmiləşdirmə aparıldığını bildirib qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, həmin izahatları iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Mülki işin məhkəmə araşdırması zamanı iddiaçı tərəfin məhkəməyə sübut qismində təqdim etdiyi iş materiallarına əlavə olunmuş: Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilmiş ölüm haqqında akt qeydindən Çıxarışdan aydın olur ki, X35 xx xxx 1990-cı ildə ağciyər ürək çatışmazlığı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu barədə ölüm akt qeydləri kitabında xx.xx.1990-cı il tarixdə 115 nömrəli qeyd icra edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2-19 nömrəli 1998-ci il tarixli qətnaməsindən aydın olur ki, iddiaçı X8 miras evdən vərəsələrinin paylarının müəyyən edilib verilməsi və onların evdən çıxarılması tələbinə dair iddiası qismən təmin edilərək miras evin bölünməsi təmin, vərəsələrin çıxarılması tələbi isə rədd edilmişdir. Naxçıvan şəhəri Atatürk küçəsindəki 62 saylı ev vərəsələr arasında aşağıdakı qaydada bölünmüşdür.

1. Sxem üzrə 3,6,9, 10,11,12 saylı tikililər, hamam, tualet X8 mülkiyyətinə verilmiş, həyətin sağ tərəfində yerləşən 154 kv.m torpaq sahəsi G.Sultanovanın istifadəsinə verilmiş,

2. Sxem üzrə 1,2 və 4 saylı tikililər X20 mülkiyyətinə verilmiş və həyətin orta sahəsində yerləşən 154 kv.m torpaq sahəsi onun istifadəsinə verilmiş,

3. Sxem üzrə 7,8,9,13 saylı tikililər X17 mülkiyyətinə verilmiş, həyətin sol tərəfində yerləşən 154 kv.metr İ.Seyidovun istifadəsinə verilmiş, darvaza qapısından sol tərəfə həyətin torpaq sahəsinə qədər 2 metr 10 sm enində giriş üşün İbrahim Seyidovun istifadəsinə verilmiş,

4. Darvaza qapısından sağ tərəfi 2 m 10 sm enində həyətin torpaq sahəsinə qədər G.Sultanovanın və B.Hacıyevanın istifadəsinə verilmiş,

5. İ.Seyidovdan ******* manat, B.Hacıyevadan ******* manat alınıb X26, B.Hacıyevadan 11.090632 manat alınıb X11 verilmişdir. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən aydın olur ki, X28 ilə İddiaçı xx.xx.1984-cü ildə nikah bağlamış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 99 nömrəli akt qeydi icra edilmişdir. xx xxxxxx 2007-ci il tarixdə tərtib edilərək Naxçıvan şəhər İkinci Dövlət Notariat Kontorunda 2-v-01-83 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş qanun üzrə vərəsəli hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxx 1990-cı ildə vəfat etmiş X27 əmlakından miras üzrə ½ hissə və digər ½ hissənin 3/5 hissəsində X18, 1/5 hissəsində X28, 1/5 hissəsi isə X12, X13, X21 pay almalıdır. Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxxxx 2020-ci il tarixli 346 nömrəli məktubdan aydın olur ki, xx xxxxxx 2007-ci il tarixdə Naxçıvan şəhər 2-ci DNK-da qeydiyyata alınan 2-v-01-83 nömrəli vərəsəlik şəhadətnaməsi əsasında əmlakın 8/10 hissəsi X11, 1/10 hissəsi X22, 1/10 hissəsi isə X5, X6, X14 çatmışdır. X18 əmlak üzərində yaranan hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirtmişdir. Dögər hüquq sahiblərinin əmlak üzərində yaranan hüquqları dövlət qeydiyyatına alınmamışdır. Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilmiş ölüm haqqında akt qeydindən Çıxarışdan aydın olur ki, X18 xx xxxx 2012-ci ildə durğunluq pnevmaniyası diaqnozu ilə Bakı şəhərində vəfat etmiş, bu barədə ölüm akt qeydləri kitabında xx.xx.2012-cı il tarixdə 245 nömrəli qeyd icra edilmişdir. Naxçıvan şəhər X25 tərtib edilmiş xx xxx 2003-cü il tarixli vəsiyyətnamədən aydın olur ki, X2 şəhəri Atatürk küçəsi 5/62-də yerləşən şəxsi mülkünü oğlu SeyidovTeyyub Yaqub oğluna vəsiyyət etmişdir. Ölüm haqqında şəhadətnamədən aydın olur ki, X28 xx xxxxxx 2016-cı il tarixdə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə xx.xx.2016-cı il tarixdə 242 nömrəli qeyd aparılmışdır. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçını qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsızlığı tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki qanun üzrə vərəsəlik şəhadətnaməsi verilən zaman iddiaçının mərhum əri X10 olmuş, 2012-ci ildə anası Gültac Sultanova vəfat etdikdən sonra 2016-cı il tarixə qədər (vəfat edənə qədər) ona pay verilən mirasla bağlı öz hüquqlarını həyata keçirməmişdir. İddiaçının həyat yoldaşı X28 vərəsə olmuş, mirasdan pay almış, lakin istər anasının sağlığında, istərsə də anasının vəfatından sonra öz sağlığında miras əmlakla bağlı məhkəmə mübahisəsi mövcud olmamışdır. Belə olan halda məhkəmə hesab edir, mərhum X16 hələ sağlığında verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığını mübahisələndirmək üçün imkanı və vaxtı olmuş və onun vəfatından sonra hüquqi varisi olan iddiaçının qanun üzrə vərəsəlik şəhadətnaməsini mübahisələndirmək üçün subyektiv hüququ mövcud olmamışdır. İddiaçı mərhum ərinin zamanında məlumatının olmaması ilə bağlı mötəbər sübutlarını məhkəməyə təqdim edilməmişdir. Göstərilən hallara məhkəmə ümumi qiymət verərək belə nəticəyə gəir ki, iddiaçının iddia tələbini irəli sürmək üçün subyektiv hüququ olmamışdır. Ona görə də iddia əsassız olduğundan rədd edilməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı Naxçıvan şəhər 2 saylı Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar