Məhkəmə qərarları › İş №2(078)-962/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-962/2025

19.08.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-962/2025 19.08.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Ərizəçi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X5 iştirakları ilə, Ərizəçi Əhmədova İmmi Elşad qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə baxış iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1994-cü il tarixdə anadan olmuş övladı Əhmədova İmmi Elşad qızının fəaliyyət qabiliyyətli olmayan hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi iddia ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, övladı Əhmədova İmmi Elşad qızı xx.xx.1994-cü il tarixdə Naxçıvan şəhərində anadan olmuşdur. O, anadangəlmə əqli zəiflik xəstəliyindən əziyyət çəkir, buna görə də ona müddətsiz 2-ci dərəcəli əlillik təyin olunmuşdur. Sağlamlıq imkanları məhdud olduğundan yalnız onun köməyi ilə hərəkət edir. Qızının öz hüquqlarını həyata keçirilməsi üçün imzası lazım olur ki, onun sağlamlıq imkanları məhdud olduğu üçün həmin hüquqlarını həyata keçirə bilmir. Buna görə də məsələnin həllini məhkəməyə müraciət etməkdə görür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxsin səhhəti yol verirsə, məhkəmə iclasına çağırılması nəzərdə tutulduğundan 30 iyun 2025-ci il tarixli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin olunmuş və ekspertin qarşısına Əhmədova İmmi Elşad qızının sağlamlıq vəziyyətinin onun məhkəmə iclasında iştirak etməsinə imkan verib-verməməsinin araşdırılması ilə bağlı sual qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 23 iyul 2025-ci il tarixli, 350 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Əhmədova İmmi Elşad qızının sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Bunu nəzərə alan məhkəmə Əhmədova İmmi Elşad qızını məhkəmə iclaslarına dəvət etməmiş və dindirməmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi izahatında qızı Əhmədova İmmi Elşad qızının xəstə olduğunu, 2 sot torpağı olduğunu, onu sataraq uşağını müalicə etdirmək istədiyini, ancaq qızının razılığı tələb olunduğunu, qızının da özünü idarə edə bilmədiyini, bu səbəbdən onun qəyyumluğunun özünə verilməsini istədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X1 Əhmədova İmmi Elşad qızının fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə hallarının olmamasını müəyyən etdiyini, ekspert rəyindən də şəxsin həqiqətən fəaliyyət qabiliyyəti olmadığının göründüyünü bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarını tədqiq edən məhkəmə müəyyən edir ki, barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş Əhmədova İmmi Elşad qızının 29 noyabr 1994-cü il tarixdə Naxçıvan şəhərində anadan olması, onun hazırda ünvan 1 ünvanında yaşaması, Ərizəçi Əhmədova İmmi Elşad qızının anası olması, Əhmədova İmmi Elşad qızının ikinci dərəcə əlilliyə görə sosial müavinət alması mülki işin mübahisəsiz hallarıdır. Bunların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə edilmiş Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 21 iyun 2025-ci il tarixli, 477720 nömrəli çıxarışdan Əhmədova İmmi Elşad qızının 29 noyabr 1994-cü il tarixdə Naxçıvan şəhərində anadan olması, anasının X6, atasının isə X8 olması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 06 iyun 2013-cü il tarixdə verilmiş əlillik vəsiqəsindən Əhmədova İmmi Elşad qızının ümumi xəstəlikdən ikinci dərəcə əlilliyinin olması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X4 tərəfindən verilmiş 21 iyun 2025-ci il tarixli, 3-28-34-4/2-1621/2025 nömrəli arayışdan ünvan 2 ünvanda qeydiyyatda olan xx.xx.1994-cü il təvəllüdlü Əhmədova İmmi Elşad qızının xx.xx.2001-ci il tarixdən "Anadangəlmə əqli zəiflik. Debillik səviyyəsində. Emosional iradi pozğunluq" diaqnozu ilə dispanserdə qeydiyyatda olması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən 21 iyun 2025-ci il tarixdə verilmiş 376 nömrəli arayışdan Əhmədova İmmi Elşad qızının ünvan 1 ünvanında qeydiyyatda olması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən 21 iyun 2025-ci il tarixdə verilmiş 375 nömrəli arayışdan Ərizəçi ünvan 1 ünvanında qeydiyyatda olması aydın olur. Mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində onları bir-biri ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Şəxsin ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını dərk etməsinin və ya öz hərəkətlərinə rəhbərlik edə bilməsinin müəyyən olunması isə xüsusi bilik tələb edən məsələ olduğundan məhkəmənin hazırlıq iclasında bunun müəyyən olunması üçün 30 iyun 2025-ci il tarixli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 23 iyul 2025-ci il tarixli, 350 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Əhmədova İmmi Elşad qızında "Orta dərəcəli əqli gerilik" psixi xəstəliyi var. Əhmədova İmmi Elşad qızı öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Əhmədova İmmi Elşad qızının sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qəbul ediləndir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi Əhmədova İmmi Elşad qızının fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına dair ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, Əhmədova İmmi Elşad qızının əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin və Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsinin izahatları ilə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, Əhmədova İmmi Elşad qızı əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən o, fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - ərizə təmin olunmalı; - 29 noyabr 1994-cü il tarixdə Naxçıvan şəhərində anadan olan Əhmədova İmmi Elşad qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilməli; - ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 29 noyabr 1994-cü il tarixdə Naxçıvan şəhərində anadan olan Əhmədova İmmi Elşad qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar