Məhkəmə qərarları › İş №2(078)-967/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-967/2024

12.09.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-967/2024 12.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ərizəçi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X5 iştirakları ilə, Ərizəçi Hüseynov Rövnəq Nəriman oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab olunması tələbinə dair mülki işə açıq məhkəmə baxış iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, 23 sentyabr 1978-ci il tarixdə doğulmuş qardaşı Hüseynov Rövnəq Nəriman oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi iddia ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, qardaşı Hüseynov Rövnəq Nəriman oğlu 23 sentyabr 1978-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. O İ qrup əlildir və Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Naxçıvan şəhər şöbəsində əlilliyi olan şəxs kimi qeydiyyatda dayanır. Onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. Hüseynov Rövnəq Nəriman oğlu özünü idarə etmək qabiliyyətində deyildir. Yəni onun sayəsində özünü idarə edir. Bundan başqa mülkiyyət hüquqlarını, həmçinin onun öz hüquqlarını həyata keçirilməsi üçün imzaları lazım olur ki, onun fəaliyyət qabiliyyətinin olmaması səbəbindən Hüseynov Rövnəq Nəriman oğlu həmin hüquqlarını həyat keçirə bilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxsin səhhəti yol verirsə, məhkəmə iclasına çağırılması nəzərdə tutulduğundan 11 iyul 2024-cü il tarixli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin olunmuş və ekspertin qarşısına Hüseynov Rövnəq Nəriman oğlunun sağlamlıq vəziyyətinin onun məhkəmə iclasında iştirak etməsinə imkan verib-verməməsinin araşdırılması ilə bağlı sual qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 13 avqust 2024-cü il tarixli, 293 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Hüseynov Rövnəq Nəriman oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Bunu nəzərə alan məhkəmə Hüseynov Rövnəq Nəriman oğlunu məhkəmə iclaslarına dəvət etməmiş və dindirməmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi izahatında qardaşı Hüseynov Rövnəq Nəriman oğlu doğulduğu gündən ona özünün baxdığını, məktəbə də birlikdə getdiklərini, universitetə də onunla getdiyini, özünü ona qurban verdiyini, ailə həyatı qurmadığını, ancaq qardaşını evləndirdiyini, 2 uşağı olduğunu, qardaşının həyat yoldaşının onkoloji xəstəlikdən may ayının 20-də vəfat etdiyini, qardaşı fəaliyyət qabiliyyətsiz olduğu üçün onun sənədləşmə işləri apara bilmədiyini, onun adından sənədləşmə işləri aparmaq istədiyini, buna görə qəyyumluq təyin edilməsini istədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X1 Hüseynov Rövnəq Nəriman oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə hallarının olmamasını müəyyən etdiyini, ekspert rəyindən də şəxsin həqiqətən fəaliyyət qabiliyyəti olmadığının göründüyünü bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarını tədqiq edən məhkəmə müəyyən edir ki, barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş Hüseynov Rövnəq Nəriman oğlunun 23 sentyabr 1978-ci il tarixdə ünvan 1 ünvanında yaşaması, Ərizəçi Hüseynov Rövnəq Nəriman oğlunun bacısı olması, Hüseynov Rövnəq Nəriman oğlunun birinci dərəcə əlilliyə görə sosial müavinət və prezident təqaüdü alması mülki işin mübahisəsiz hallarıdır. Bunların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 23 noyabr 1978-ci il tarixli, V-ЖГ seriyalı, 496886 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Hüseynov Rövnəq Nəriman oğlunun 23 sentyabr 1978-ci il tarixdə Naxçıvan şəhərində anadan olması, atasının Hüseynov Nəriman Abbas oğlu, anasının isə X8 olması; -İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 17 sentyabr 1976-cı il tarixli, İV-ЖГ seriyalı, 338727 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Ərizəçi xx xxxxxxxx 1976-cı il tarixdə Naxçıvan şəhərində anadan olması, atasının Hüseynov Nəriman Abbas oğlu, anasının isə X8 olması; -İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Naxçıvan Şəhər Şöbəsi tərəfindən verilmiş 04 iyun 2024-cü il tarixli, 3-17-9-1/1-H-5319/2024 nömrəli arayışdan Hüseynov Rövnəq Nəriman oğlunun (FİN 2ZZ4MDR) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan 1-ci dərəcə əlilliyə görə 270.00 AZE (iki yüz yetmiş manat) məbləğində sosial müavinət, 200.00 (iki yüz manat) məbləğində Prezident təqaüdü alması; -İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X6 tərəfindən verilmiş 03 iyun 2024-cü il tarixli, 976 nömrəli arayışdan Hüseynov Rövnəq Nəriman oğlunun xx.xx.1981-ci il tarixdən “Anadangəlmə əqli gerilik. İmbesillik səviyyəsində. Epileptik tutmalarla” diaqnozu ilə Y.Budaqov adına Naxçıvan MR X3 dispanser qeydiyyatda dayanması; -İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 10 aprel 2008-ci il tarixdə verilmiş əlillik vəsiqəsindən Hüseynov Rövnəq Nəriman oğlunun ümumi xəstəlikdən ömürlük birinci dərəcə əlilliyinin olması; -İş materiallarına əlavə olunmuş 31 may 2024-cü il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən Ərizəçi ünvan 2 ünvanında qeydiyyatda olması; -İş materiallarına əlavə olunmuş 01 iyun 2024-cü il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən Hüseynov Rövnəq Nəriman oğlunun Naxçıvan şəhəri, məhəllə 54, ev 4 ünvanında qeydiyyatda olması aydın olur. Mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində onları bir-biri ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Şəxsin ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını dərk etməsinin və ya öz hərəkətlərinə rəhbərlik edə bilməsinin müəyyən olunması isə xüsusi bilik tələb edən məsələ olduğundan məhkəmənin hazırlıq iclasında bunun müəyyən olunması üçün 11 iyul 2024-cü il tarixli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 13 avqust 2024-cü il tarixli, 293 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Hüseynov Rövnəq Nəriman oğlu “Orta dərəcəli əqli gerilik” psixi xəstəliyindən əziyyət çəkir. Hüseynov Rövnəq Nəriman oğlu öz hərəkətlərini dərk etmək və öz hərəkətlərini idarə edə bilmək iqtidarında deyil. Hüseynov Rövnəq Nəriman oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qəbul ediləndir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi Hüseynov Rövnəq Nəriman oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına dair ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, Hüseynov Rövnəq Nəriman oğlunun əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin və Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsinin izahatları ilə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, Hüseynov Rövnəq Nəriman oğlu əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən o, fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ərizə təmin olunmalı; -23 sentyabr 1978-ci il tarixdə Naxçıvan şəhərində anadan olan Hüseynov Rövnəq Nəriman oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilməli; -ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 23 sentyabr 1978-ci il tarixdə Naxçıvan şəhərində anadan olan Hüseynov Rövnəq Nəriman oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar