Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-968/2021 11.10.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdeh təşkilat Naxçıvan şəhər 1 saylı Notariat Ofisinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və Naxçıvan şəhər 1 saylı Notariat Ofisinə qarşı bağışlanma müqaviləsinin etibarsız hesab olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh və Naxçıvan şəhər 1 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhər 1 saylı Notariat Ofisi tərəfindən aparılmış 01 sentyabr 2015-ci il tarixli, 4Ə-532 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab olunmasına dair qətnamə qəbul edilməsini хаhiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, 2013-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının keçmiş Daxili İşlər naziri Əhməd Əhmədovun qardaşı Abbas Əhmədovun onun yaşadığı evin həyətinə gələrək onun həyətyanı sahəsindən xoşunun gəldiyini və bu səbəbdən də ondan 300 kv.m torpaq sahəsini ona satmağını israrla tələb edib həmin torpaq sahəsində oğluna ev tikmək istədiyini bildirdiyini, ona satılası torpaq sahəsinin olmadığını bildirdiyini, lakin onun israrla ondan mülkiyyətində olan 1 moyka və 2 anbar binasının yerləşdiyi tikililərin olduğu sahəni ona verməyini tələb etdiyini, bir mülkiyyətçi kimi nə qədər torpaq satmaq istəmədiyini bildirsə də, onu fikrindən döndərə bilmədiyini, bu səbəbdən də məcbur olub onunla 100 kv.m torpaq sahəsi 15000 manatdan olmaqla, cəmi birlikdə ona 300 kv.m 45000 manat dəyərində torpaq sahəsi satmaq barədə razılığa gəldiyini, beləcə razılaşdıqlarını, onun getdiyini, təqribən üstündən 2 ay keçəndən sonra A.Əhmədovun öldüyünü, onun yas mərasimindən 3 gün sonra özünün və ailə üzvlərindən heç kimin evdə olmadığı vaxt keçmiş Daxili İşlər naziri Əhməd Əhmədovun onların xəbəri və razılığı olmadan həyətə gəlib göstəriş verərək ona məxsus fəaliyyətində olan obyektlərini sökdürdüyünü, bunu eşidib oraya getdiyini, Ə.Əhmədovun orada olduğunu gördüyünü, ona yaxınlaşıb “mən sizin mərhum qardaşınız A.Əhmədovla 300 kv.m torpaq razılaşmışıq, obyektlərimi niyə sökdürmüsünüz” dediyini, Ə.Əhmədovun ona “get işinlə məşğul ol” dediyini, onun mülkiyyətində olan moyka və anbarları sökəndən sonra orada olan moyka aparatını və digər ləvazimatları, o cümlədən də anbarda olan şifer və başqa söküntü materiallarını da yığıb apardıqlarını, hal-hazırda isə onlar tərəfindən həmin sökülülərin yerində isə ikimərtəbəli obyekt inşa edildiyini, keçmiş nazir Ə.Əhmədovun onun obyektlərini sökdürüb yerində ikimərtəbəli obyekt tikdirəndən sonra ona hədə-qorxu gələrək sökdürdüyü obyektlərinin yerləşdiyi torpaq sahəsinin onun iradə ifadəsi olmadan zorla qardaşı oğlu Cavabdeh mülkiyyətinə keçməsinə dair Naxçıvan şəhər 1 saylı Notariat Ofisində bağışlanma müqaviləsi imzalatdığını, lakin bu işdə keçmiş nazir Ə.Əhmədov olduğuna görə çəkinib qorxduğu üçün heç bir dövlət strukturuna müraciət edə bilmədiyini, sonda məcbur qalıb orada tikilmiş obyektə sahiblik edən Cavabdeh “mənim pulumu nəyə görə ödəmirsiniz” dediyini, Cavabdeh isə ona obyekt əmisi Əhməd Əhmədov tərəfindən ona hədiyyə olunduğundan pul məsələsinə qarışmadığını bildirdiyini, X8 İşlər naziri işlədiyindən ondan qorxub çəkindiyi üçün ona qarşı etdiyi qanunsuz hərəkətlərlə bağlı heç bir yerə müraciət edə bilmədiyini, son vaxtlar Ə.Əhmədovun işdən çıxarıldığını və məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum oldunduğunu eşitdiyini, indi onun işdən çıxarıldığını, həbs olunduğuna görə ona nəsə hədə-qorxu gəlib heç nə edə bilməyəcəyini, artıq o, həbsdə olduğuna görə əmlakının geri qaytarılmasını tələb edə biləcəyini, nəticə etibarilə ona hər hansı bir məvacib ödənilmədiyini, bu səbəbdən də, məcburiyyət qarşısında qaldığından məhkəməyə müraciət etdiyini, bunları nəzərə alaraq, Naxçıvan şəhər 1 saylı Notariat Ofisi tərəfindən aparılmış 01 sentyabr 2015-ci il tarixli, 4Ə-532 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab olunmasına dair qətnamə qəbul edilməsini хаhiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi qismində izahat verən Vəkil iddianı müdafiə etdiyini, iddiaçının izahatına əlavəsinin olmadığını, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə baxış iclaslarına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə müvafiq olaraq, məhkəmə baxış iclası Cavabdeh iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında cavabdeh təşkilat Naxçıvan şəhər 1 saylı Notariat Ofisinin nümayəndəsi X3 iddianı qəbul etmədiklərini, bağışlama müqaviləsinin qanuna müvafiq aparıldığını, qanuni qərar verilməsini xahiş etdi. İş materiallarında əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında 01 sentyabr 2015-ci il tarixdə bağlanmış AN-İ seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən, Həsənov X4 şəhəri, 21-ci məhəllə, ev 6 ünvanında 1020.0 kv.m torpaq sahəsində yerləşən yaşayış evinin həyətyanı torpaq sahəsindən ümumi sahəsi 312.14 kv.m olan torpaq sahəsini tam mülkiyyət üzrə Cavabdeh bağışlamışdır. Məhkəmə işin digər hallarını nəzərdən keçirib izahatları dinləyib iddianın dəlillərini, habelə iş materiallarını araşdırıb işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinə əsаsən, mülki işlər üzrə məhkəmə icrааtının vəzifələri hər bir fiziki və yахud hüquqi şəхsin Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsındаn, qаnunlаrındаn və digər nоrmаtiv hüquqi аktlаrındаn irəli gələn hüquq və mənаfelərinin məhkəmədə təsdiq оlunmаsıdır. 5.1 və 5.4-cü maddələrinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməklə, Naxçıvan şəhər 1 saylı Notariat Ofisində İddiaçı ilə Cavabdeh arasında 01 sentyabr 2015-ci il tarixdə bağlanmış AN-İ seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi etibarsız hesab edilməlidir. Belə ki, iddiaçı 01 sentyabr 2015-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsini məcburiyyət qarşısında qalaraq bağlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Naxçıvan şəhər 1 saylı Notariat Ofisində İddiaçı ilə Cavabdeh arasında 01 sentyabr 2015-ci il tarixdə bağlanmış AN-İ seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi etibarsız hesab edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-968/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-968/2021
11.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver