Məhkəmə qərarları › İş №2(078)-97/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-97/2024

25.01.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-97/2024 25.01.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi Əliyev Yəhya Kamal oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab olunması tələbinə dair mülki işə açıq məhkəmə baxış iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu 24 avqust 2005-ci il tarixdə anadan olan Əliyev Yəhya Kamal oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun üzərində qəyyum təyin edilməsi üçün qəyyumluq və himayyəçilik orqanına bu barədə məlumat verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi iddia ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, xx.xx.2005-ci il tarixdə anadan olan Əliyev Yəhya Kamal oğlu onun oğludur və hal-hazırda o Naxçıvan şəhəri, 35-ci məhəllə, ev 16A ünvanda onlarla birlikdə yaşayır (o, həyat yoldaşı və üç övladları). Naxçıvan Muxtar Respublikasının Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli 7K07HR40003 nömrəli qərarından görünür ki, Əliyev Yəhya Kamal oğlunun orqanizmin funksiyalarının pozulması faizi: 90%, əlillik meyarı: 7.2.3.7.Psixi və davranış pozuntuları-Əqli gerilik-Ağır dərəcəli əqli gerilik. İQ 20-34: özünəxidmət, verbal əlaqə, sadə gündəlik vəzifələri yerinə yetirə bilməməsi və daimi qayğıya ehtiyacının olması göstərilmişdir. On səkkiz ildən artıq müddətdir ki (uşaqlıqdan) oğlu ağır xəstədir və onun xəstəliyi proqressiv şəkildə inkişaf edir. Oğlu onların himayəsində yaşayır və TSEK-in qərarına görə onun daima kənar şəxsin köməyinə və qulluğuna ehtiyacı vardır. Son vaxtlar oğlunun səhhəti daha da ağırlaşmış, o öz hərəkətlərinin mənasını başa düşmür, heç kimi tanımır və öz hərəkətlərinə rəhbərlik edə bilmir. Bu səbəbdən də onun üzərində qəyyumluq müəyyənləşdirilməlidir. Xəstə uşağın üzərində qəyyum təyin etmək üçün o Naxçıvan şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin həmin orqanda uşağın fəaliyyət qabiliyyəti olub-olmamasının müəyyən edilməsi üçün ona məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. 15 yanvar 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizəni məhkəməyə təqdim edərək, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, oğlu 24 avqust 2005-ci il tarixdə anadan olan Əliyev Yəhya Kamal oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun üzərində qəyyum təyin edilməsi üçün qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdiyini, hal-hazırda tələbini dəqiqləşdirərək, oğlu 24 avqust 2005-ci il tarixdə anadan olan Əliyev Yəhya Kamal oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 2(078)-97/2024 saylı qərardadı ilə Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin təmin edilməsi və iddia tələbinə 24 avqust 2005-ci il tarixdə anadan olan Əliyev Yəhya Kamal oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi həddində baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxsin səhhəti yol verirsə, məhkəmə iclasına çağırılması nəzərdə tutulduğundan 04 dekabr 2023-cü il tarixli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin olunmuş və ekspertin qarşısına Əliyev Yəhya Kamal oğlunun sağlamlıq vəziyyətinin onun məhkəmə iclasında iştirak etməsinə imkan verib-verməməsinin araşdırılması ilə bağlı sual qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 26 dekabr 2023-cü il tarixli 437 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Əliyev Yəhya Kamal oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Bunu nəzərə alan məhkəmə Əliyev Yəhya Kamal oğlunu məhkəmə iclaslarına dəvət etməmiş və dindirməmişdir. Mülki iş üzrə 25 yanvar 2024-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə Ərizəçi mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş,15 yanvar 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunması tələbinə dair ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyini, mülki iş üzrə məhkəmə baxış iclasının 25 yanvar 2024-cü il tarixə təyin edildiyini, Bakı şəhərində yaşadığından gedibgəlməkdə çətinlik çəkdiyini, iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə uyğun olaraq Ərizəçi iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclaslarında izahat verən Ərizəçi izahatında Əliyev Yəhya Kamal oğlunun anadangəlmə əqli qüsurunun olduğunu, öz ehtiyaclarını qarşılaya bilmədiyini, Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikası X3 qeydiyyatda olduğunu, onun ehtiyaclarını özünün qarşıladığını bildirmişdir. Məhkəmə iclasında Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X1 Yəhya Kamal oğlunun həqiqətən özünü dərk etmədiyini, bütün ehtiyaclarının anası-Ərizəçi tərəfindən qarşılandığını, komissiyanın Əliyev Yəhya Kamal oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı suiistifadə hallarının olmamasını müəyyən etdiyini qeyd etdi. Mülki iş materiallarını tədqiq edən məhkəmə müəyyən edir ki, barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş Əliyev Yəhya Kamal oğlunun 24 avqust 2005-ci il tarixdə ünvan 2 ünvanında yaşaması, Ərizəçi Əliyev Yəhya Kamal oğlunun anası olması, Əliyev Yəhya Kamal oğlunun birinci dərəcəli əlil kimi sosial müavinət alması, onun Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X3 qeydiyyatda dayanması mülki işin mübahisəsiz hallarıdır. Bunların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli, Vİİ ЖГ seriyalı, 318401 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Əliyev Kamal Telman oğlu ilə X7 arasında xx.xx.1998-ci il tarixdə nikah bağlanması; -İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, AZ-İ seriyalı, 627465 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Əliyev Yəhya Kamal oğlunun 24 avqust 2005-ci il tarixdə Naxçıvan şəhərində anadan olması, atasının Əliyev Kamal Telman oğlu, anasının isə Ərizəçi olması; -İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X6 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1901 nömrəli arayışdan 24 avqust 2005-ci il təvəllüdlü Əliyev Yəhya Kamal oğlu xx.xx.2012-ci il tarixdən “Anadangəlmə əqli gerilik. Davranış pozuntusu” diaqnozu ilə Y.Budaqov adına Naxçıvan MR X3 dispanser qeydiyyatda dayanması; - İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında elektron çıxarışdan Əliyev Yəhya Kamal oğlunun birinci dərəcə əlilliyinin olması, ona “Ağır dərəcəli əqli gerilik. Ağır dərəcəli əqli zəiflik” diaqnozunun qoyulması və əlillik və sağlamlıq imkanlarının məhdudluğunun müddətsiz olması; -İş materiallarına əlavə olunmuş Naxçıvan MR Naxçıvan şəhər İcra Hakimiyyəti 3 nömrəli inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 1771 nömrəli arayışdan Ərizəçi Naxçıvan şəhəri, 35-ci məhəllə, ev 16A ünvanında qeydiyyatda olması və əri-Əliyev Kamal Telman oğlu, oğlu-Əliyev Yəhya Kamal oğlu, oğlu-X9 və qızı-X11 adlı ailə üzvlərinin olması aydın olur. Mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində onları bir-biri ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Şəxsin ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını dərk etməsinin və ya öz hərəkətlərinə rəhbərlik edə bilməsinin müəyyən olunması isə xüsusi bilik tələb edən məsələ olduğundan məhkəmənin hazırlıq iclasında bunun müəyyən olunması üçün 04 dekabr 2023-cü il tarixli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 26 dekabr 2023-cü il tarixli 437 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Əliyev Yəhya Kamal oğlu “Ağır dərəcəli əqli gerilik. Davranış pozuntusu” psixi xəstəliyi var. Əliyev Yəhya Kamal oğlu öz hərəkətlərini dərk etmək və öz hərəkətlərini idarə edə bilmək iqtidarında deyil, sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qəbul ediləndir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi Əliyev Yəhya Kamal oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına dair ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, Əliyev Yəhya Kamal oğlunun əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin və Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsinin izahatları ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, Əliyev Yəhya Kamal oğlu əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən o, fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ərizə təmin olunmalı; - 24 avqust 2005-ci il tarixdə Naxçıvan şəhərində anadan olan Əliyev Yəhya Kamal oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilməli; -ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 24 avqust 2005-ci il tarixdə Naxçıvan şəhərində anadan olan Əliyev Yəhya Kamal oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar